:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xocalı faciəsi qurbanlarının xatirəsi Sidneydə anılıb

Font

Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın paytaxtı Sidney şəhərində anılıb.

Sidneydəki Azərbaycan icmasının üzvləri və ölkəmizin Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirə parlamentin deputatları, ictimai xadimlər, media təmsilçiləri, Sidneydə yaşayan həmyerlilərimiz və türk icmasının nümayəndələri qatılıblar.

Tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Asim Mollazadə də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sidneydəki Azərbaycan icmasının nümayəndəsi Nizami Cəfərov iştirakçıları salamlayıb. Bildirib ki, artıq 27 ildir Azərbaycan xalqının nüayəndələri erməni silahlıları tərəfindən Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilən faciə qurbanlarının xatirəsini yalnız ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda da qeyd edirlər. Bu faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayan N.Cəfərov bunun bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, beynəlxlaq ictimaiyyət birləşərək dünyada belə faciələrin bir daha baş verməməsinə çalışmalıdır.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı haqqında çəkilən film nümayiş etdirilib.

Çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsi barədə ətraflı məlumat verib. Bildirib ki, dünyanın bir çox ölkələri, eyni zamanda, ABŞ-ın bir neçə ştatı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərək onu soyqırım kimi tanıyıb.

E.Həbibzadə Avstraliyanın federal və ştat parlamentlərinin də bu faciəyə hüquqi-siyasi qiymət verəcəyinə inamını ifadə edib və onları tezliklə bu addımı atmağa çağırıb. Azərbaycan ərazilərinin hələ də işğal altında saxlanıldığını xatırladan diplomat, Xocalıda törədilmiş qətliamın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu vurğulayıb.