:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir: Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyimiz dəstək davam edəcək

Font

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş seminar Azərbaycanın Pakistandakı Səfirliyi və Pakistanın Milli Elmlər və Texnologiya Universiteti (NUST) ilə birgə İslamabad şəhərində təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, Pakistanın əyalətlərarası koordinasiya üzrə federal naziri, Pakistan Milli Assambleyasının sabiq sədri xanım Fehmida Mirzənin ali qonaq kimi təşrif buyurduğu "Münaqişələr, soyqırımlar, müharibələr – Bir daha olmasın. Etimadla Sülh və Sabitlik” mövzusundakı seminarda Milli Elmlər və Texnologiya Universitetinin rektoru, ehtiyatda olan general-leytenant Navid Zaman, Pakistan XİN-nin nəznində olan İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin sədri, sabiq səfir Xalid Mahmud, bir sıra ölkələrin səfirləri, yüksək rütbəli diplomatları, media mənsubları, gənclər və universitet tələbələri, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Milli Elmlər və Texnologiya Universitetin rektoru Navid Zaman seminarı giriş sözü ilə açaraq, soyuq müharibənin bitməsi ilə dünyada sülhün bərqərar olacağına dair ümidlərin özünü doğrultmadığını, dünyanın müxtəlif yerlərində cəzasızlıqla müşayiət olunan müharibələrin və soyqırımların baş verdiyini, bunlardan birinin də Ermənistan tərəfindən Xocalıda törədildiyini bildirib. O, dünya ictimaiyyətinin, xüsusilə də region ölkələrinin soyqırım və bənzər cinayətlərə qarşı öz səsini yüksəltməsinin vacibliyini vurğulayıb.

Azərbaycana məxsus Dağlıq Qarabağda Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin önəmli təzahürlərindən birinin ermənilərin Xocalıda törətdiyi soyqırım olduğunu ifadə edən İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Xalid Mahmud BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini tələb etdiyini, lakin Ermənistanın buna məhəl qoymadığını diqqətə çatdırıb. O, beynəlxalq hüququn müəyyən etdiyi tərifə əsasən, heç bir fərqləndirmə aparılmadan Ermənistanın Xocalıda Azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsinin soyqırım olduğunu, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında "Böyük Ermənistan” xəyalları ilə ermənilərin həyata keçirdiyi soyqırım siyasətinin şahidi olduğunu qeyd edib. Direktor, həmçinin Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəklədiyini, Pakistan Milli Assambleyası və Senatının xarici işlər üzrə komitələrinin Xocalıda Ermənistanın soyqırım törətdiyini tanıyan və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən qətnamələr qəbul etdiyini iştirakçıların nəzərinə çatdırıb.

Dağlıq Qarabağ məsələsində Türkiyənin də qardaş ölkə Azərbaycanı tamamilə dəstəklədiyini, Ermənistanın Xocalıda törətdiyi kütləvi qırğını sərt şəkildə qınadığını bildirən Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycanın ərazi bötüvlüyünün bərpasını, Xocalıda və dünyanın digər bölgələrində türk və müsəlmanlara qarşı həyata keçirilən cinayətləri edənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb etdikərini vurğulayıb. Səfir Türkiyədə də Xocalını anma mərasiməri keçirildiyini, insanların bu hadisələri unutmasının problemləri həll etməyəcəyini, ona görə də xüsusilə ölkələrimizin gənc nəslinin bu məsələlərdə həmrəylik və məsuliyyət nümayiş etdirməli olduğunu ifadə edib.