:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan bankları ötən il 7 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Font

Ötən il Azərbaycanın valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə uyğun formalaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar il ərzində valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların artması müşahidə edilib.

Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 25,4 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 83,3%-i dollarda, 16,7%-i isə digər valyutalarda aparılıb, 33%-i banklararası valyuta bazarında (BVB), 67%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

BVB-də dollarla aparılan əməliyyatların 53,5%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. Valyuta əməliyyatları üzrə dövriyyə əsasən "Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının dəyəri isə 17 milyard dollar ekvivalentində olub ki, bunun da 77%-ni dollarla əməliyyatlar təşkil edib. Valyuta əməliyyatlarının 93%-ni hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.

Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri isə 7 milyard dollar ekvivalentində olub. Bunun 5,4 milyard dollarını və yaxud 77%-ni dollarla aparılan əməliyyatlar təşkil edib.