:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev yenidən qurulan "Beyləqan-1" yarımstansiyasının açılışında iştirak edib

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan rayonunda yenidən qurulan 110/35/10 kV-luq "Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sektorda mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərdən olub. Geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

"Azərişıq” ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. Onlardan 20 min 728-i əhali, 1752-si qeyri-əhali kateqoriyasına aiddir. Rayonun elektrik enerjisi ilə təminatının və etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş və dispetçer əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq "Beyləqan-1” yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq 15 MVA yeni güc yaradılıb. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Beyləqan və Ağcabədi rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına, 110 kV-luq üç qovşaq yarımstansiyasının əlaqələndirilməsinə, eyni zamanda, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə xidmət edəcək. Yenidən qurulmuş yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak və Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda, şəhərdəki ictimai, sosial-mədəni, idman, müalicə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq və digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.

Bildirildi ki, "Beyləqan-1” yarımstansiyasında müasir tipli idarəetmə mərkəzi, 35-10 kv-luq qapalı paylayıcı qurğular məsafədən dispetçer idarəetmə sisteminə (SCADA) qoşulub. Yarımstansiyanın inzibati binasında işçilər üçün lazımi iş otaqları, yardımçı və texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında da iştirak edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu mədəniyyət ocağı 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. Ötən il yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1050 kvadratmetrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik "dəyirmi masa” zalı, bir texniki otaq var. Muzeydə həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. Bu eksponatlar turistlərdə böyük maraq doğuracaq, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına hərtərəfli imkan yaradacaq.

Bildirildi ki, burada 6087 adda eksponat mövcuddur. Muzeyin fondunda və kolleksiyasında ən qədim eksponat son tunc, ilk dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir. Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir.

Şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini bir daha nümayiş etdirir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması işi geniş vüsət alıb. Belə layihələrin icrası ölkəmizin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün müstəsna əhəmiyyətə malikdir.

Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşdü, onlarla söhbət etdi.

Rayon sakinləri dövlət başçısını hərarətlə qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Gənclər və idman naziri Azad Rəhimov Beyləqan Olimpiya İdman Kompleksində yaradılan şərait barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək.

Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Qırx yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur.

Qeyd edildi ki, Beyləqan Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Karate üzrə dünya çempionu Sahib Nəsibov və yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil Fərzəliyev göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.