:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Moderator.az saytında yerləşdirilmiş "Sapı özümüzdən olan baltaların Moskva xəyanətinin izində...” adlı məqalə ilə bağlı Azərbaycanın Rusiyadakı Səfirliyinin bəyənatı

Font

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi 6 fevral 2019-cu il tarixində moderator.az saytında yerləşdirilmiş "Sapı özümüzdən olan baltaların Moskva xəyanətinin izində...” adlı məqalə ilə bağlı aşağıdakıları bildirir.

"Məhəmməd Əmin Rəsulzadə Məclisi”nin sədri Füzuli Fərəcov 21 yanvar 2019-cu il tarixində Səfirliyə ünvanladığı məktubda Səfir Polad Bülbüloğlunu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illik yubileyi ilə əlaqədar Rusiyada fəaliyyət göstərən Azərbaycan ictimai birliklərinin təşkilatçılığı ilə 31 yanvar 2019-cu il tarixində Moskvada yerləşən Prezident oteldə keçirilməsi planlaşdırılan tədbirə dəvət etmişdir. Səfirin 31 yanvar tarixində Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə Kremldə Moskva və bütün Rusiyanın patriarxı Kirillin intronizasiyasının 10 illiyinə həsr olunmuş tədbirdə iştirakının nəzərdə tutulması səbəbindən, Polad Bülbüloğlu tərəfindən Səfirliyin müşavir səviyyəsində sözügedən yubiley tədbirində iştirakına dair göstəriş verilmiş və bu barədə təşkilatçılar məlumatlandırılmışdır. 29 yanvar tarixində təşkilatçılar tərəfindən Səfirliyə elektron poçt vasitəsilə göndərilmiş yeni məlumatda tədbirin yerinin dəyişdirildiyi və eyni tarixdə Aerostar otelində keçiriləcəyi, 30 yanvar tarixində Səfirliyə daxil olmuş növbəti məlumatda isə tədbirin texniki səbəblərdən ümumiyyətlə təxirə salındığı bildirilmişdir.
Məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını, o cümlədən ölkə rəhbərliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti tarixinə və başda Məhəmməd Əmin Rəsulzadə olmaqla onun qurucularının irsinin öyrənilməsinə və yaşadılmasına göstərilən xüsusi diqqəti rəhbər tutaraq, Səfirlik "Məhəmməd Əmin Rəsulzadə Məclisi” tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümumilikdə cümhuriyyətin tarixi və onun qurucuları ilə bağlı keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş və təşkilati məsələlərdə öz səlahiyyətləri çərçivəsində yaxından köməklik göstərmişdir.
Məqalə müəllifinin yuxarıda sadalananlardan məlumatsız şəkildə və təşkilatçıların mövqeyini öyrənmədən, bəzi "sapı özümüzdən olan baltaların” təhriki ilə əsassız şəkildə "soydaşlarımızın bir çox hallarda narazılıq etdiyi” Səfirliyin və Səfir Polad Bülbüloğlunun adının hallandırması tamailə qəbuledilməzdir və məqalənin sifarişçilərinin qərəzli münasibətindən xəbər verir.