:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pirallahıda şəhid ailələri ilə görüş keçirilib

Font

Son illər Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir. Bu gün Azərbaycanda ölkənin müdafiə potensialının gücləndirilməsi, ölkəmizdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi də daim diqqət mərkəzində saxlanılır.
Respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilmiş, onlarla daimi görüşlər keçirilmiş, problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.
5 fevral 2019-cu il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri ilə növbəti görüş keçirilmişdir. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimyyətinin başçısının I müavini Vəzir Səfixanov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirildi ki, ölkəmiz 30 ildir müharibə şəraitindədir. 1988-ci il fevral ayından başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkənin məkrli niyyəti üzündən hələ də həll olunmamış qalır. Atəşkəs elan olunsa da, Azərbaycan torpaqlarını 20 faizini işğal etmiş Ermənistan sülh danışıqlarından hər dəfə yayınır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərilir. Əminliklə deyə bilərəm ki, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən tam dəstəklənirlər. Ölkə başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsini nəzərdə tutur. Cənab Prezidentin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir, müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət və qayğı göstərilir. 28 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir.
Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirdi ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 1 yanvar 2019-cu il tarixinə 12779 şəhid ailəsi, 119 nəfər 20 yanvar şəhidi ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox-626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb.
Sonra söz şəhid ailələrinin nümayəndələrinə verilmişdir. Şəhid atası Rzayev Manaf, şəhid anaları Bağırova Svetlana, İbrahimova Çimnaz, Mirzəyeva Safa, həyat yoldaşları Quliyeva Səkinə, Rəhimova Natavan, Əliquliyeva Hafizə, Suvarova Cəmilə və başqaları çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısına minnətdarlıq etmiş, bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildirmişlər.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilib.