:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazirlik övladlığagötürmə sahəsində ediləcək yenilikləri açıqlayıb

Font

"Valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün həmin ailələrə dəstək olunacaq".

Bunu "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb: "Fərmana əsasən övladlığagötürmə ilə bağlı bir sıra məsələlər, tənzimləmələr və əməliyyatlar, mexanizmlər üzrə səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Bura övladlığagötürmə ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqların, övladlığa götürülən uşaqların və övladığa uşaq götürmək istəyən şəxslərin uçotu da daxildir".

O əlavə edib ki, bu işlə bağlı artıq ötən müddət ərzində nazirlikdə yaradılmış xüsusi işçi qrup fəaliyyət göstərir: "Bu qrupun tərkibinə müxtəlif sahələrdən olan ekspertlər daxildir. Bu dövr ərzində həmin işçi qrup övladlığagötürmə ilə bağlı idarə sistemində iştirak edən dövlət qurumları, sırf yerlərdə işləyən dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirib. Bu prosesdə iştirak edən psixoloqlar, hüquqşünaslar, vəkillər ilə görüşlər keçirilib və onların fikirləri alınıb. Həmçinin mötəbər beynəlxalq məsləhətçi şirkətlə də məsləhətləşmələr aparılıb. Məqsədimiz hər bir uşağa layiqli bir ailənin tapılmasıdır. Əsas məqsəd həmin uşağı öz ailəsinə qaytarmaqdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsi üçün artıq bir sıra təkliflər, layihələr hazırlanıb".

Sabir Qocayev deyib bildirib ki, hazırda övladlığagötürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı - Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir: "Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da imzaladığı "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində alt sistem yaradılacaq. Çünki indiyə qədər hər üç qurumun özünün ayrıca qanunvericilik bazası var idi. Yeni alt sistem çərçivəsində bütün orqanlar üzrə vahid uçot aparılacaq. Həm övladlığa uşaq götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa uşaq götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq".

O əlavə edib ki, iyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur: "Eyni zamanda Ailə Məcəlləsinə təliflər hazırlanır, bu işlərin icrası üçün vahid qərar paketi Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir”.

Şöbə müdiri qeyd edib ki, uşaq övladlığa veriləndən sonra nəzarəti, övladlığagötürmə ilə bağlı qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək: "Övladlığa uşaq götürmək istəyən şəxslərin növbəsinin çatması əsas amil olmayacaq. Bu zaman valideyn olmağa uyğun olanlar seçiləcək. Eyni zamanda uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün uyğun olan valideyndən bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi olaraq uşağa nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.