:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyevin Davos görüşləri davam edir

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Equinor” (keçmiş "Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə "Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la "Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlət başçısı "Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi.

Söhbət zamanı "Qarabağ”, "Əşrəfi”, "Dan ulduzu” perspektiv layihələri və "Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Metyu Piqas şirkətin 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə məsləhət xidmətləri göstərdiklərini vurğuladı. O, 2017-ci ildə şirkətin Azərbaycan Beynəlxalq Bankının borclarının şaxələndirilməsində iştirak etdiyini və bankın maliyyə məsləhətçisi olduğunu bildirdi. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının uğurla başa çatdığını və bunun beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunduğunu xüsusi vurğulayan Metyu Piqas respublikamızda yaradılan biznes mühitinin, sahibkarlara göstərilən dəstəyin və ölkəmizin iqtisadi uğurlarının "Doing Business 2019” hesabatında əks olunmasının Azərbaycanda investisiya məsələlərinə dair konfransların və digər tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaratdığını bildirdi. Qeyd olundu ki, qlobal şirkətlər və investorlar Azərbaycanda belə böyük tədbirlərin keçirilməsində çox maraqlıdır. Bu, həm də Azərbaycan Prezidenti tərəfindən xarici investorlara göstərilən dəstəyin, sərmayələrin cəlb olunması, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətlərində qəbul edilən qərarların və görülən tədbirlərin dəstəklənməsi baxımından çox əhəmiyyətlidir. Metyu Piqas maliyyə məsləhətçisi kimi öz xidmətlərini təklif edərək, Azərbaycanda bu sahədə fəal əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi.

Prezident İlham Əliyev "Lazard Freres” şirkətinin fəaliyyətindən razılığını bildirdi. Dövlətimizin başçısı şirkət ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğuladı.

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Erik Gebali "Suez Group”un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışdı. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev "Suez Group” ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğuladı, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə "VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.(trend)