:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Şikarov : 2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür

Font

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın, eyni zamanda yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür.
İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz Ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub və ölkəmizdə ilk dəfə Nəsiminin abidəsi ucaldılıb.
Azərbaycan poetik dilinin inkişafında böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri olan Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldırıb, öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etdirib, böyük Nizaminin Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları davam və inkişaf etdirərək öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkar olub. Nəsimi ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazmışdır. Nəsiminin əsərləri Azərbaycan dilində yaranan şerin inkişafında öz mütərəqqi xüsusiyyətləri ilə mühüm rol oynamışdır.
Çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçmiş olan istedadlı sənətkar Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şerin əsasını qoymuşdur. Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik şərq poeziyasına ciddi təsir göstərmişdir.
Prezident İlham Əliyevin 2019-cu ilin "Nəsimi ili” elan edilməsi barədə tarixi Sərəncamı ilə bir daha bütün dünya Nəsiminin hansı xalqa mənsub olduğunun şahidi olacaq.