:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Senatı növbəti dəfə büdcəni qəbul etmədi

Font

ABŞ Konqressinin yuxarı palatası Senat ötən günkü iclasda növbəti dəfə 2019-cu il üzrə büdcə qanun layihəsini müzakirə etməyib. Bununla da, maliyyə çatışmazlığı səbəbindən ABŞ federal hökumətinin bir sıra orqanlarının işinin dayandırılması prosesi ("şatdaun”) uzanıb.

Respublikaçı senat Pet Roberts 2 yanvarda Senatın yenidən toplanaraq məsələyə baxacağını deyib.

Nəticəsiz yekunlaşan iclasdan dərhal sonra bəyanat verən Ağ Ev isə yenə də ABŞ-ın gələn ilki dövlət büdcəsinin qəbul olunmamasında demokratları günahlandırıb. Bəyanatda qeyd olunur ki, prezident Donald Tramp"şatdaun” prosesinin uzanmasını istəməsə də, ölkənin təhlükəsizliyinin prioritet göstərilmədiyi büdcə layihəsini imzalamayacaq.

Qeyd edək ki, ABŞ hökumətinin bəzi nazirlikləri büdcə çatışmazlığından öz işini dayandırıb. "Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi ötən şənbə Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Tramp isə ümid edib ki, federal hökumətin işini dayandırması uzun sürməyəcək və demokratlar Meksika ilə sərhəddin möhkəmlənməsinə səs verəcəklər.

Xatırladaq ki, noyabrda Konqressə keçirilən aralıq seçkilər nəticəsində Nümayəndələr Palatasında demokratlar üstünlüyü ələ keçiriblər. Avtomatik olaraq yanvardan seçki nəticələri qüvvəyə minəcək və artıq Tramp ölkədaxili məsələlərdə, xüsusən də büdcənin qəbulunda tamamilə demokratlardan asılı olacaq. Bu səbəbdən də, yanvaradək Tramp respublikaçıların çoxluq təşkil etdiyi aşağı palatada büdcənin qəbuluna və cənub sərhəddində divar tikintisinə pul ayrılmasına nail olmaq istəyir. Lakin ABŞ Konqressinin hər iki palatasındakı demokratların liderləri bəyan ediblər ki, "şatdaun” prosesi davam edərsə, yanvarda hökumətin işinin bərpa edilməsinin lehinə səs verəcəklər.