:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda vergi ödəyiciləri üçün daha bir məqsədli güzəşt

Font

Azərbaycanda borca görə silinməsi nəzərdə tutulan vəsait yekun qərar çıxarılanadək depozit şəklində sahibkarın öz hesabında saxlanılacaq. Bu barədə Trend "Vergilər” qəzetinə istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycanda həyata keçirilən islahatların prioritetləri arasında sahibkarlığın inkişafının dəstəklənməsi və vergi sistemində apelyasiya institutunun səmərəliliyinin artırılması xüsusi yer tutur. Bu məqsədlərə nail olmağın üsul və vasitələrindən biri də vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası qaydalarının təkmilləşdirilməsidir. Vergi sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də müvafiq addımlar atılır. Vergi Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır.

Əvvəllər Vergi Məcəlləsinə və vergi borclarının alınmasına dair qaydalara əsasən, vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. İndiki halda isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılacaq və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq müraciət təmin ediləcək. Bunun nəticəsində vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Dəyişikliyin məqsədi sahibkarların hüquqlarının genişləndirilməsi, vergi qərarlarının inzibati qaydada mübahisələndirilməsi zamanı sahibkarın pul vəsaitlərinin toxunulmazlığının təmin edilməsi, apelyasiya institutunun səmərəliliyinin artırılmasıdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi əlavə hüquq əldə etmiş olur. Dəyişiklik bütün vergi ödəyicilərinə ünvanlanıb. Dəyişiklik müddət məhdudiyyəti nəzərdə tutmadığından, təsirləri uzunmüddətli qiymətləndirilə bilər.

Ekspertlər gələn ilin yanvarından tətbiq ediləcəyi gözlənilən bu dəyişikliyi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirir, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə pulun silinməsinə verilmiş sərəncamın icra müddətinin 5 iş günündən 30 iş gününədək uzadılmasının hər şeydən əvvəl sahibkarın maraqlarına xidmət etdiyini vurğulayırlar.

Mütəxəssislərin fikrincə, ümumilikdə bu dəyişiklik həm sahibkarların, həm də vergi orqanlarının maraqlarına uyğundur: borc mübahisələrinə görə sahibkarın bank hesablarındakı vəsaitlərin bir ay ərzində dondurulması inzibati şikayətlərə vaxtında baxılması və problemin aradan qaldırılması üçün geniş imkanlar yaradır.