:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Rusiya mediası ilə əməkdaşlıq Azərbaycan mətbuatı üçün geniş imkanlar yaradır" - Baş redaktor

Font

"Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında memorandumun imzalanması çox vacib məsələdir. Həm də gecikmiş məsələdir”.

Bunu"Sherg.az”a açıqlamasında "Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev deyib.

Baş redaktor bildirib ki, Rusiya mediası nəhəngdir, Rusiya özü də böyük dövlətdir və dünyada rus dili əsas dillərdən biridir:

"Bizim dünyaya çıxışımız ən çox Rusiya üzərindən mümkündür. Azərbaycanda rusdilli mətbuat var. Uzun müddətdir təklif edirdim ki, Azərbaycanla Rusiya arasında jurnalistlərin hər hansı bir cəmiyyəti, ittifaqı yaradılsın. Yəni hansısa formada əməkdaşlıq qurulsun. Həmişə şikayətlənirik ki, Rusiya mediasında bizi eşitmirlər. Səsimizi eşitdirmək üçün addım atmalıyıq. Rusiya mediasına birbaşa çıxışımız olmalıdır. Bu, qarşılıqlı əməkdaşlıq əsasında olanda artıq iki tərəf də öz üzərinə öhdəlik götürür. Əməkdaşlıqdan irəli gələn tələbləri, müqavilədə göstərilən şərtləri həyata keçirirlər. Memorandum bizə böyük imkan yaradır ki, qarşılıqlı müqavilə əsasında Rusiya mediası ilə daha sıx əməkdaşlıq edək. Əlbəttə, bu, ilkin addımdır. Düşünürəm ki, əməkdaşlığı daha genişləndirmək lazımdır. Rusiyanın bir neçə nüfuzlu qəzetləri ilə Azərbaycanın rus dilli qəzetləri arasında əlaqə qurulmalıdır. Analitik yazılar, məlumat xarakterli yazıların mübadiləsi olmalıdır. O zaman Azərbaycan həqiqətlərini, ilk növbədə Dağlıq Qarabağ məsələsini Rusiya mediası vasitəsi ilə dünyaya çatdıra bilərik”.

Qəzet rəhbəri bildirib ki, qəbul etsək də, etməsək də bugün Rusiyada "Russia Today” kimi televiziya, "Россия сегодня”, "Комсомольская правда”, "Московский комсомолец” kimi agentliklər var. Beynəlxalq təşkilatlar həmin media orqanlarında gedən yazıları geniş miqyasda izləyir:

"Ölkə rəhbərləri səviyyəsində media qurumlarında dərc olunan məqalələrə reaksiyalar verilir. Niyə o agentliklərlə əməkdaşlıq etməyək, müqavilə bağlamayaq, Azərbaycanla bağlı yazıları orada dərc etməyək?! Mən Rusiyada tədbirlərə qatılanda həmişə onlara sual edirəm ki, "siz telekanallarda erməni aparıcılarından bezmədinizmi? Onlar sizin zəhlənizi tökmürmü?”. Rusların cavabı belə olur ki, "Azərbaycan mediası və jurnalistləri nə vaxt bizim efirlərə çıxmaq istədi, biz onlara qadağa qoyduq?!”. Cəhd edib Rusiya media məkanına çıxmalıyıq ki, üstünlük qazanaq, irəliləyişə nail olaq. Ona görə də, hesab edirəm ki, tərəflər arasında əməkdaşlıq Memorandumun imzalanması çox təqdirəlayiq haldır. Əgər bu, vacib məsələ olmasaydı, Azərbaycan Prezidenti Rusiya Jurnalistlər İttifaqının rəhbərliyini qəbul etməzdi. Dövlət başçısı Vladimir Solovyovu qəbul etməyə vaxt ayırdı. Deməli, məsələ ciddi və zəruri olduğu üçün dövlət başçısı Rusiya mediasına önəm verir”.

Baş redaktorun sözlərinə görə, Rusiya mediası ilə əməkdaşlıq Azərbaycan mətbuatı üçün geniş imkanlar yaradır:

"Təəssüflər olsun ki, Azərbaycan jurnalistlərinin Rusiyaya səfəri az təşkil olunur. Düzdür, mən də daxil olmaqla ayrı-ayrı baş redaktorlar Rusiyada müxtəlif tədbirlərdə iştirak edirik. Ancaq bu, yetərli deyil, daha geniş formatda əməkdaşlıq olmalıdır. Bizim Rusiya mətbuatından öyrənməyimiz gərəkən xeyli məsələ var. Məsələn, dünya mediasına çıxış, analitik yazıların verilməsi, ölkənin milli maraqlarının təqdimatı məsələsi və s. məqamların öyrənilməsi jurnalistikamız üçün ciddi kömək olar. Etiraf edək ki, Azərbaycanla Rusiyanın jurnalistləri arasında fikir mübadiləsi çox az olur. Son vaxtlar jurnalistlərimizin hansısa tədbirlə bağlı Rusiyaya qrup halında səfər etməsini, danışıqlar aparmasını yada sala bilmirəm. Hesab edirəm ki, memorandumun imzalanmasından sonra tərəflər arasında əməkdaşlıq və fikir mübadiləsi inkişaf edəcək”.

Qeyd edək ki, ötən gün Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. MŞ sədri Ə.Amaşov bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya jurnalist səfərləri gerçəkləşir. Tərəflər arasında imzalanan əməkdaşlıq Memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını təmin edəcək. Rusiya Jurnalistlər İttifaqının sədri V.Solovyov da əməkdaşlıq Memorandumunun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini vurğulayıb. O, bildirib ki, RJİ-ı Avropanın ən böyük jurnalist təşkilatlarındandır. Tərkibində 100 min nəfəri birləşdirən ittifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur.