:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DST-in Azərbaycandakı təmsilçisi: Xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür

Font

Bakıda Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində "Bir Sağlamlıq” yanaşması mövzusunda "dəyirmi masa” keçirilib.

Səhiyyə Nazirliyi məlumat verir ki, antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir və onunla əlaqədar tədbirlərin görülməsi zəruri hala çevrilib. Bir çox bakteriyalara davamlı yoluxmanın nəticəsində hər il dünyada 70 min, Avropada isə 33 min nəfər həyatını itirir. Bu problemlər "dəyirmi masa”da geniş müzakirə olunub.

Tədbiri Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı ofisinin rəhbəri xanım Fatoş Hande Harmancı açaraq antibiotiklərin sağlamlıqdakı rolundan və ondan düzgün istifadə barədə məlumat verib.

DST-nin Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova qeyd edib ki, insan, heyvan və ətraf mühit bir-biri ilə sıx əlaqədədir və antibiotiklərin zərərli təsirinə qarşı bu üç amilin birgə mübarizəsi tələb olunur. Onun verdiyi məlumata görə, xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür. Məhz bu səbəbdən həkimlər, baytarlar, həmçinin ictimaiyyət nümayəndələri öz səylərini birləşdirməlidir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və Səhiyyə Nazirliyinin nümayəndəsi Nəzifə Mürsəlova "Antibiotik həftəsi” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, dünyanın 42 ölkəsində heyvanlarda istifadə edilən antibiotiklərin statistikası aparılır. Bu statistik göstəricilərə əsasən hər il təxminən 60 min ton antibiotikdən istifadə edilir.

Qida Təhlükəsizliyi Agentliyinin baş məsləhətçisi Mehriban Vəliyeva bu sahədə aparılan işlər, Azərbaycan Tibb Universitetinin təhsil keyfiyyəti və innovasiyalar şöbəsinin rəhbəri, professor Akif Qurbanov isə infeksion xəstəliklər zamanı mikrob və viruslara qarşı mübarizədə antibiotiklərdən istifadə edilməsi qaydaları haqqında məlumat veriblər.

Tədbirdə bildirilib ki, Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsinin əsas hədəfi insan, heyvan və ətraf mühit sağlamlığının "Bir sağlamlıq” yanaşmasında birləşməsidir. Dünyada bu problemin həllində uğur qazanmaq üçün "Bir sağlamlıq” yanaşması yeganə yoldur.