:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazirlik Xəzər dənizinin əsas çirklənmə mənbələrini açıqlayıb

Font

"Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov sentyabrın 14-də keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Xəzəri xüsusən də sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri, üzən vasitələr və vətəndaşların ətraf ərazilərə atdıqları zibillər çirkləndirir: "Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".

F.Mütəllimov əlavə edib ki, ETSN tərəfindən Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq aksiyalar, reydlər və maarifləndirilmə tədbirləri keçirilir: "Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və xüsusilə də ictimaiyyətin rolu əvəzsizdir. Bu təkcə bir qurumun işi və vəzifəsi deyil, bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Ona görə ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdırlar. 
Ətraf mühitin çirkləndirilməsi hallarının şahidi olduqda ETSN-nin 24 saat ərzində fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt” xidmətinə məlumat verilməsi xahiş olunur".

"Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə Xaçmaz, Astara, Lənkəran rayonları, Sumqayıt şəhəri və Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarının Xəzər sahili ərazilərində birgə reydlər keçirilib".

Buunu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov qeyd edib.

Onun sözlərinə görə, reydlər zamanı Xəzər sahilində yerləşən bəzi istirahət mərkəzlərində və ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların düzgün idarə olunmadığı müəyyən edilib.

F.Mütəllimov əlavə edib ki, məişət tullantılarının qalaqlanması və çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizə axıdılması ilə bağlı 46 fakt aşkar olunub:

"Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib və onlar inzibati qaydada cərimə ediliblər".

Nazirlik rəsmisi vurğulayıb ki, keçirilən reydlərin nəticəsi olaraq artıq bəzi obyekt sahibləri tərəfindən verilən göstərişlərin icrası təmin edilib: "Lənkəran və Astara rayonları və Bakı şəhərinin Sabunçu rayonunda obyektlər tərəfindən məcburi göstərişlər yerinə yetirilib və tullantıların təmizlənməsi təmin olunub. Digər rayonlarda isə hazırda bu istiqamətdə tədbirlər görülməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən tədbirlər Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Tərəfimizdən mümkün olan hər şey edilir ki, Xəzər ekoloji sabitlik zonasına çevrilsin".

"Xəzər dənizinin ekoloji durumunda baş verən müəyyən problemlər bütün hallarda öz mənfi təsirini göstərmiş olur".

Bunu isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, Xəzərin sahilini və dənizin çirklənməsinin qarşısını hər bir şəxs almalıdır: "Kimsə düşünməməlidir ki, nəsə görməsə bir şey olmaz. Sahil ərazilərinin estetik görünüşünün pozulmaması üçün ciddi addımlar atılır və hər bir vətəndaş bu işdə öz köməyini əsirgəməməlidir".

Şöbə müdiri əlavə edib ki, plastik çirklənmə prosesi aktivləşib: "Bu da ekoloji mühitdə daha acınacaqlı nəticələrə gətirib çıxara bilər. Plastik tullantılar nəticəsində plastik çirklənmə ilə bağlı həyəcan təbili çalınmalıdır. Əhali diqqətli olmalıdır".