:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fransada Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizədliyi təqdim olunub

Font

Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyası işə başlayıb.

Sessiyada Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, maliyyə naziri Samir Şərifov, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, "Bakı Expo 2025” Ümumdünya Sərgisinin İşçi Qrupunun üzvü Məryəm Qafarzadə və digər rəsmi şəxslər iştirak edirlər.

Azərbaycan namayəndə heyəti sessiyada Bakı şəhərinin "Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim edib.

Tədbirdə Bakının bütün dünyanın siyasət, mədəniyyət və din xadimlərinin birləşdirdiyi mədəniyyətlərarası əməkdaşlıq və dialoq mərkəzi olduğu, artıq bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda "Bakı Expo 2025” Ümumdünya Sərgisinin Qərblə Şərqin, müasirliklə ənənənin qovuşacağında, İpək yolunun üzərində yerləşən Azərbaycanda keçirilməsinin Beynəlxalq Sərgilər Bürosunun tarixində yeni səhifə açmaqla onun coğrafi sərhədlərini genişləndirəcəyi qeyd olunub. Bu universal sərgiyə ev sahibliyi edəcəyi təqdirdə dünya ictimaiyyətinin Azərbaycanın dinamikliyindən, çevikliyindən və digər bacarıqlarından bəhrələnə biləcəkləri vurğulanıb.

Qeyd edək ki, Heydər Əliyev Aeroportuna yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 295 hektarlıq məkanda yerləşəcək "Expo” kəndində Bakının tarixi qala divarları daxilindəki qədim şəhər və qədim İpək yolu boyunca səyahət edən tacirlərə ev sahibliyi etmiş karvansara dizaynında pavilyon tikiləcək, mədəni irsimizin bir hissəsi olan xalça naxışları ilə bəzədiləcək. Bu ərazi rəmzi olaraq səkkiz guşə formasında olacaq. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir.

Xatırladaq ki, Bakı ilə yanaşı, Yaponiyanın Osaka və Rusiyanın Yekaterinburq şəhərləri "Expo 2025” Ümumdünya Sərgisinə namizəddir.(Report)