:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Perunun müvəqqəti işlər vəkili: "Səfirin Azərbaycana gəlməsi ikitərəfli əlaqələrimizdə irəliyə doğru böyük addımdır"

Font

"Təəssüf ki, burada qısa müddət qaldıqdan sonra Bakıdan ayrılmaq məcburiyyətindəyəm. Ailə məsələləri Peruya dönməyimə səbəb olub".

Bunu "Report"a ölkəmizdəki diplomatik missiyasını başa vurmaq üzrə olan Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Baldrini deyib.

Diplomat qeyd edib ki, Perunun Azərbaycanda tamhüquqlu fəaliyyət göstərən səfirliyinin açılması onun böyük uğurudur: "Sədaqətlə və məsuliyyətlə işləyən yerli işçilər tapdığıma görə özümü xoşbəxt hesab edirəm. Bu, istənilən iş üçün vacib amildir, xüsusilə də söhbət yeni səfirlikdən gedir".

L.Ç.Boldrini ölkəmizdə missiyasını yerinə yetirən müddətdə görülən işlərin yaxın gələcəkdə nəticə verəcəyinə ümidvar olduğunu vurğulayıb. Diplomat həmçinin konsulluq şöbəsinin işini və Perunun turizm imkanlarının və mədəniyyətinin təşviqi üzrə görülən işləri qeyd edib.

Gələcək fəaliyyəti barədə danışan L.Ç.Boldrini 29 ildir çalışdığı Perunun Xarici İşlər Nazirliyində işinə davam edəcəyini söyləyib.

Perulu diplomat Bakıda çox sayda yaxşı insanlarla görüşdüyünə görə fəxr etdiyini vurğulayıb: "Həm də ona görə şadam ki, missiyasının yeni rəhbəri səfir olacaq. Bu, o deməkdir ki, Peru Bakıdakı səfirliyinin statusunun yüksəldilməsinə maraq göstərir. Səfirdən sonra yeni diplomatlar təyin olunacaq. Əminəm ki, Azərbaycan da tezliklə öz səfirini Peruya təyin edəcək. Bu, ikitərəfli əlaqələrimizdə irəliyə doğru böyük addımdır".