:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN başçısı: "Türkiyə, Rusiya və İranla ikitərəfli əsasda qurulan dostluq və strateji əməkdaşlıqdan məmnunuq" - MÜSAHİBƏ

Font

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkə parlamentinin "Le Journal Du Parlement” jurnalına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Avropa və Asiya arasında körpüdür və bu ona çoxsaylı gərginliyin olduğu bölgədə mərkəzi rol oynamağa imkan verir. Diplomatiyanızın həyata keçirmək istədiyi əsas istiqamətlər hansılardır? Bu baxımdan Rusiya, Türkiyə, İran kimi böyük qonşularınızla hansı tərəfdaşlığı reallaşdırmaq niyyətindəsiniz?

- Azərbaycan sivilizasiyaların, Şərq və Qərbin, Asiya və Avropanın kəsişməsində körpü rolunu oynayır. Geosiyasi baxımdan tektonik hesab olunan bu regionda Azərbaycan sıx regional əməkdaşlıq və dostluq mühitinin möhkəmləndirilməsini, sülh, sabitlik və təhlükəsizlik həlqəsinin genişləndirilməsini təşviq edir. Azərbaycan yürütdüyü çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasəti sayəsində regional əməkdaşlıq mərkəzi rolunda çıxış edir. Bu mənada qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Biz Türkiyə, Rusiya və İran ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulmuş dostluq və strateji əməkdaşlıq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunuq. Azərbaycan hazırda bu münasibətlərin üçtərəfli regional əməkdaşlıq formasında inkişafı ilə əlaqədar təşəbbüslərlə çıxış edir. Azərbaycan-İran-Türkiyə və Azərbaycan İran-Rusiya formatında olan regional əməkdaşlıq formatları bunun bariz nümunəsidir. Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihə 3 ölkənin dəmir-yol sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimal Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır. Avropa İttifaqının da təcrübəsi göstərir ki, dəmir-yolları yalnız infrastruktur olmayaraq, xalqların rifahina, insanlararası təmasların artmasına və mədəniyyətlər, sivilizasiyalararası dialoqun gücləndirilməsinə töhfə verən ciddi vasitədir.

- Ölkəniz dini azadlığa xüsusi əhəmiyyət verir və bütün konfesiyaların dini ayinlərini azad şəkildə həyata keçirmək hüququnu tanıyır. Bu İranla sərhəddə yerləşən Azərbaycanın səciyyəvi xüsusiyyətlərindən biridir. Bunu beynəlxalq siyasi spektrin mərkəzində uğurla qalmağın əsas açarlarından biri hesab edirsinizmi?

- Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentiİlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam Həmrəyliyi ili elan edilmişdi. Azərbaycan hökuməti, dövlət siyasətinin tərkib hissəsi kimi cəmiyyətimizdə multikultural ənənələri daha da inkişaf etdirir. Ölkəmizdə müsəlmanlar, ortodoks və katolik xristianlar, yəhudilər və digər dini konfesiyaların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayaraq bir-birilərinin dini bayramlarında yaxından iştirak edirlər. Şiə və sünni müsəlmanlar birlikdə vəhdət namazı qılırlar.

Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı vəAvropa Şurasının üzvlüyünə malik nadir ölkələrdən biri olaraq, bu iki qurumu və bu əsasda onlara üzv olan dövlətləri bir araya gətirərək "Bakı Prosesi” adlanan təşəbbüsün müəllifidir. Bu il Bakı Prosesinin 10 illiyi tamam olur. Azərbaycan öz zəngin milli təcrübəsi əsasında davamlı olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə yaxından töhfə verərək Bakı Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərə ev sahibliyi edir.

2016-cı ilin sentyabrında Azərbaycana səfər edən Roma Papası Fransis Azərbaycanı sivilizasiyalar arasında körpü kimi səciyyələndirmişdi.

Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq kimi "yumşaq güc” (soft power) elementlərini beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının vacib komponenti hesab edir və bu istiqamətdə sistemli fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

- Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ məsələsi dominant olaraq qalır.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir. 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan və terror əməlləri ilə müşayiət olunan aqressiv separatizm SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü formasını aldı. Hərbi güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan artıq Azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı. Ona görə də bu gün Avropada da baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır.

Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. İkinci Dünya müharibəsində Almaniya və Fransa arasında olduğu kimi, işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər üzbəüz dayanıblar.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə verdiyi qəti və birmənalı mövqeyidir. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu bir daha təsdiq olunur, işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr Fransanın da daxil olduğu ATƏT Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır.

- Müharibə, atəşkəs, 25 min ölüm və 1 milyondan artıq qaçqın və məcburi köçkün...

- Münaqişənin humanitar aspektlərinə diqqət yetirdiyiniz üçün sizə təşəkkür edirəm. Bəzən Avropadan olan tərəfdaşlarımız insan hüquqları məsələsini müzakirələrdə ön sıraya çəkirlər. Amma onlar tərəfindən Ermənistanda öz tarixi torpaqlarından didərgin salınmış 250.000 azərbaycanlı, 1989-cu ilin statistikasına görə Dağlıq Qarabağın ümumi əhalisinin 20 faizini təşkil edən 40.000 artıq Azərbaycanlı və həmçinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayondan qovulmuş 700.000 nəfərdən artıq Azərbaycanlının hüquqlarına laqeyd münasibət bəslənilir. Onların sülh və təhlükəsizlik şəraitində yaşamaq, öz evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüququ Avropa İttifaqından olan tərəfdaşlarımız və insan hüquqları təşkilatlarının tam diqqətində olmalıdır.

İşğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətinin nəticəsində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşamışdır. Ermənistan tərəfindən işğal siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət, habelə soyqırım əməlləri törədilib. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yer üzərindən silinən, 600-dən artıq dinc sakini, o cümlədən uşaq, qadın və yaşlılar amansızcasına öldürülən Xocalı soyqırımı münaqişənin ən qanlı səhnələrindən biridir.

Münaqişənin digər bir faciəvi humanitar aspekti əsir və itkin düşmüş şəxslərdir. Aralarında çoxsaylı mülki şəxslər də olmaqla, 4000-dən artıq azərbaycanlı əsir və itkin düşmüş hesab olunur. Ailələr 25 ildən artıq dövr ərzində öz yaxınlarının taleyi barədə məlumat gözləyirlər. Bir neçə il əvvəl işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən iki nəfər soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlar hələ də Ermənistan tərəfindən girovluqda saxlanırlar. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, münaqişənin humanitar aspektlərinə, o cümlədən itkin düşmüş şəxslər məsələsinə göstərdiyi diqqəti təqdir edirik və bu bunlar münaqişənin həllinə töhfə verən bilən məqamlardır.

- Sizcə münaqişənin bir həlli varmı?

- Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhüləsizlik Şurasının qətnamələri Dağlıq Qarabağı Azərbaycanın ərazilərinin ayrılmaz bir hissəsi kimi tanıyır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ermənistan gücdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqda davam edir və beynəlxalq ictimaiyyətin iradəsinə və mövqeyinə zidd olaraq danışıqları pozmaq siyasəti yürüdür.

Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcəkdir. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir