:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünya Bankının vitse-prezidenti: "Cənub Qaz Dəhlizi layihəsini sona qədər dəstəkləyəcəyik"

Font

Dünya Bankı (WB) Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (Multilateral Investment Guarantee Agency - MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keyko Honda (Keiko Honda) Azərbaycana birgünlük səfər edib. Azərbaycan hökumətinin dəvəti ilə gerçəkləşən səfər zamanı K.Honda ölkə başçısı, maliyyə naziri və bir sıra dövlət və hökumət rəsmiləri ilə görüşüb.

Xanım K.Honda Azərbaycana səfərinin yekununda "Report”a eksklüziv müsahibə verib:

-İlk olaraq səfərin məqsədini öyrənmək istərdik.

- Azərbaycan WB Qrupu və MIGA üçün çox əhəmiyyətli tərəfdaşdır. Dünya Bankı və MIGA-nın birlikdə dəstəklədiyi layihələrdən biri də TANAP layihəsidir. Təxminən bir il əvvəl Bankın Direktorlar Şurası həm WB-nin, həm də MIGA-nın layihəsini təsdiq edib. Dünya Bankının layihəyə ayırdığı kredit istifadə olunmaqdadır. Lakin MIGA-nın ayırdığı zəmanətlə bağlı kommersiya bankları ilə danışıqlar davam edir. Bir daha təsdiq etmək istəyirəm ki, MIGA bu layihə qarşısında böyük öhdəliyə malikdir. Eyni zamanda, Azərbaycan hökuməti ilə ölkəyə yardımçı ola biləcəyimiz digər sahələri də müzakirə etdik.

- MIGA-nın zəmanəti ilə bağlı konkret olaraq hansı maliyyə institutları ilə danışıqlar gedir?

- Demək istəyirəm ki, hökumətin kommersiya bankları ilə danışıqlarını dəstəkləyirik. Ona görə də hazırda bu kommersiya banklarının adlarını açıqlamağa hazır deyilik. Eyni zamanda ,Maliyyə Nazirliyi və əsas tərəfdaşımız olan "Cənubi Qaz Dəhlizi” QSC ilə də danışıqları davam etdiririk.

- Bir müddət öncə Parisdə ətraf mühitin qorunması ilə bağlı sammit keçirilib və orada çıxışı zamanı Dünya Bankının prezidenti Cim Yonq Kim (Jim Yong Kim) bildirmişdir ki, təmsil etdiyi maliyyə institutu neft-qaz sektoruna yatırılacaq investisiyaları dayandıracaq. O zaman bu tipli layihələrin vəziyyəti necə olacaq?

- Bizim Parisdə verdiyimiz bəyanat ondan ibarətdir ki, 2019-cu ildən sonra WB neft-qaz hasilatı ilə bağlı (upstream) layihələri dəstəkləməyəcək. Amma qazın boru kəmərləri ilə nəqli isə "midstream”dir və bu layihələrin dəstəklənməsi davam edəcək.

- Azərbaycanda alternativ enerji layihələrinin dəstəklənməsiWB və yaMIGA-nın gələcək planlarında varmı?

- Hökumət nümayəndələri ilə müzakirələr zamanı bizə bərpa olunan enerji sahəsində fəaliyyət imkanları barədə də məlumat verilib. Əlbəttə ki, belə bir fürsət yaranarsa, MIGA olaraq bu sahədə işləməkdən məmnun olarıq.

- Azərbaycanda bərpa olunan enerji sahələri içərisində hansına investisiya yatırılması daha real görünür?

- Bizim dəstəklədiyimiz digər ölkələrdə bu, əsasən günəş və külək enerjisi sahələridir. Əlbəttə, su və geotermal enerji kimi digər istiqamətlər də var. Amma Azərbaycan reallığında qeyd etdiyim bu iki sahə daha aktualdır.

- MIGA neft və qaz sahəsində ayrılan kreditlərə zəmanət verir. Qarşıdakı 50 ildə qaz qiymətlərinin riskli ucuzlaşması təhlükəsi gözlənilməsə də, neft üçün bu təhlükə var. Bu, MIGA-nın zəmanətçi kimi çıxış etməsinə hər hansı təhlükə doğurmur?

- Əslində, WB-nin ayırdığı vəsait suveren kreditlərdir. Eyni zamanda, bizim verdiyimiz zəmanət də suveren riskləri əhatə edir. Bu il Azərbaycan iqtisadiyyatı artıq sabitdir və gələcəyə doğru onun daha da sabit olacağını gözləyirik.

Bu layihənin hazırlanması zamanı WB və MIGAonun ciddi diaqnostikasını keçirmişik və bütün hesablamalar göstərir ki, bu layihənin Azərbaycan xalqı üçün faydası var.

- Hansı göstəricilər əsasında düşünürsüz ki, Azərbaycan iqtisadiyyatı yaxşı vəziyyətdədir?

- İqtisadi artım templəri əhəmiyyətli dərəcədə yaxşılaşmaqdadır. Dünya Bankının iqtisadçıları növbəti illər üçün Azərbaycan iqtisadiyyatının perspektivlərinin yaxşı olduğunu hesab edirlər.

Xatırladaq ki, 2016-cı ilin dekabrında MIGA-nın Direktorlar Şurası TANAP layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanət verilməsini təsdiq edib.