:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda şadlıq sarayında müğənni İzzət Bağırova görə dava olub

Font

Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib.

Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ.Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.

N.Aslanlı və qohumları ilə İ.Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N.Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.

Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N.Aslanlının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

"Hadisə haqqında məlumatı səhv yayıblar. Heç kimlə dalaşmamışam. Mən mübahisə baş verən ziyafətdə musiqiçi kimi iştirak etmişəm”.

Bu sözləri "Neolit"restoranında baş verən davada adı hallanan müğənni İzzət Bağırov deyib. İfaçı açıqlamasında onu da bildirib ki, köməkçisi zədə alıb.

"Artıq 27 ildir ki, bu sənətdəyəm, toylarda müğənni kimi çıxış edirəm. Heç vaxt cangüdənim olmayıb. Hər bir müğənni kimi mənim də köməkçim var. Sözügedən hadisədə də köməkçimi cangüdənim kimi qələmə veriblər. İkincisi də, cangüdəni nə üçün tuturlar? Sözsüz ki, həmin şəxsi qorumaq üçün. Sadəcə məclisdə dava baş verən zaman mən çıxış etdiyim üçün günahkar da məni göstəriblər. Halbuki, qonaqların çoxu içkili idi, aləm bir-birinə dəymişdi. Köməkçim dava edən şəxslərin arasında qalmışdı. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Bu gün vəkilim mətbuata dəqiq məlumat yayacaq”.

Məlumat üçün bildirək ki, Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisənin kütləvi dava ilə nəticələnməsi ilə bağlı xəbərlər yayılıb.(Publika)