:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mixail Zabelin: “ÜAK-ın yerində yeni təşkilat yaradıla bilər” - MÜSAHİBƏ

Font

Rus İcmasının sədri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Mixail Zabelin Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə əlaqədar Publika.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- ÜAK-ın qeydiyyatının ləğvi ilə əlaqədar iki ölkə münasibətlərində inciklik yaşanıb. Hazırda bu məsələ ilə bağlı vəziyyət necədir?

- Əlbəttə ki, bu ÜAK tərəfindən yol verilən bir səhvdir. 2014-cü ildən bəri bu səhv düzəldilməyib. Təbii ki, bu bir rəzalətdir. Öz işinə belə yanaşmaq düzgün deyil. Amma hesab edirəm ki, Rusiya Ədliyyə Nazirliyinin təşkilatın fəaliyyətinə dair ərizəsi əsasında işə baxan Ali Məhkəmə bu qədər sərt yanaşmamalı idi. Doğrusu, onlar bunu birmənalı olaraq çatışmazlıqlarla izah edirlər. Ancaq hələ ki, müsbət qərar qəbul edilməyib. İstənilən halda rus icması tərəfindən Rusiyanın rəhbər qurumlarına ərizə hazırlamışıq, müraciət etmişik. Təəssüf ki, lazımı şəkildə qəbul edilməyib. Odur ki, biz bunun sərt və qeyri-bərabər bir cəza olduğunu hesab edirik.

Onu da deyim ki, hazırda apelyasiya şikayəti vermək üçün bizim bir ay vaxtımız var. Bu dəfə işə ya Ali Məhkəmə kollegiyası tərəfindən, ya da Rusiyanın Apelyasiya Məhkəməsi tərəfindən baxılacaq.

- Konqresin fəaliyyətə başlaması üçün hansı addımların atılması nəzərdə tutulur?

- Mən ancaq öz gördüyümüz işləri deyə bilərəm. Əvvəla, Azərbaycan Parlamentinin işçi qrupu tərəfindən Rusiya Dumasına məktub göndərilib. Bir neçə təşkilatlar var ki, məsələn, Tatar Mədəniyyət Mərkəzi, Kazaklar Cəmiyyəti və sairə, onlar Rusiya Həmvətənləri Təşkilatı halında birləşiblər. Biz birgə məktub hazırlayaraq Rusiyanın bütün dövlət strukturlarının rəhbərlərinə göndərəcəyik. Rusiya prezidenti Vladimir Putindən tutmuş, Ali Məhkəmənin sədrinə qədər və biz bu məktubda xahiş edəcəyik ki, ÜAK Rusiyada iri təşkilatlardan biridir və azərbaycanlılar üçün doğma bir qurumdur, bunu nəzərə alsınlar. Biz onlara problemlər haqqında məlumat verəcəyik. Daha sonra gözləyəcəyik. Ümid edirik ki, bu məktub Ali Məhkəmənin verdiyi cəzanı yumşaltmağa yardım edəcək.

- Bu qərarın arxasında Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olmasını istəməyən qüvvələr ola bilərmi?

- Ümumiyyətlə bu məsələ ortaya çıxanda çox danışıldı. Hətta, burda erməni təxribatının izinin də olduğu güman edildi. Amma bir çox Azərbaycan və Rusiya politoloqları burada erməni əlinin olmasından əmin deyillər. Burda əsas günahkar biz özümüzük. Günahı kənarda axtarmaq lazım deyil.

Digər tərəfdən isə düşünmürəm ki, bu məsələ Azərbaycan və Rusiya arasındakı münasibətlərin pisləşməsinə səbəb ola bilər. İki ölkə arasında münasibətlərin kökü dərindir, uzun illərə dayanır.

Azərbaycan və Rusiya rəhbərliyi səviyyəsində qurulan xoşməramlı əlaqələrə əsaslanır. Mən də bir Azərbaycan vətəndaşı olaraq düşünürəm ki, iki ölkə arasında münasibətlər bundan sonra möhkəm şəkildə davam edəcək və birgə fəaliyyətimiz inkişaf edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bütün ölkələrlə, o cümlədən Rusiya ilə sıx dostluq və əməkdaşlıq əlaqəsi var. Ona görə də düşünmürəm ki, hansısa düşmən qüvvə bu dostluğa xələl gətirə bilsin.

- ÜAK-ın qeydiyyatı ilə bağlı qərar ləğv edilə bilərmi, buna nə qədər ümidlisiniz?

- Bilirsiniz, bizə bir ay vaxt veriblər ki, konqres müəyyən problemlərini həll etsin, apelyasiya şikayəti versin, tərkibində düzəlişlər etsin və sairə. Biz bu bir aydan mümkün qədər səmərəli istifadə etməliyik ki, konqres ləğv olunmasın, öz fəaliyyətini bundan sonra da davam etdirsin. Yox, əgər ümid etdiyimiz kimi olmasa, o zaman bu konqresin bazasında yeni təşkilat yaratmalı olacağıq. Bu daha qüdrətli, daha mütəşəkkil və işində nöqsan olmayan bir təşkilat olacaq. Görək, hələ ki, qabaqcadan danışmaq da düzgün deyil. Hazırda əsas hədəfimiz konqresin ləğvinin qarşısını almaq, konqresin fəaliyyətinə daha peşəkar, işinə canyandıran insanları cəlb etməkdir. Mən şəxsən Qurban Səmədoviçə çox xoş yanaşıram, O, hörmətli adamdır və ləyaqətlə öz işini qurmağa qadirdir. Onun ətrafına özü kimi hörmətli, nüfuzlu adamları cəlb edilməlidir ki, təşkilati işlərə töhfə verə bilsin.