:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

65 il taxt-tacda qalan Britaniya kraliçası haqqında DEDİ-QODULAR

Font

Aprelin 21-də 91 yaşını qeyd edən Böyük Britaniya kraliçası II Elizabetin səhhəti haqqında son vaxtlar söz-söhbət gəzir.

Publika.az bildirir ki, ümumiyyətlə, saray əyan-əşrəfinin kraliçanın səhhəti haqqında danışmağı yasaqdır. Ona görə də dəqiq və ətraflı məlumatı almaq mediaya müyəssər olmur. Amma onun yaxın adamlarından ibarət dar çərçivəsindən bildiriblər ki, mütləq monarx özünü gümrah hiss edir. II Elizabetin heyvanlara olan sevgisi məlumdur. Əsasən atları və itləri sevir. Lakin bu yaxınlarda bu siyahıya fillər də daxil oldu. Kraliça zooparka gələrək 95 yaşlı əri şahzadə Filipp ilə fillərdən birini öz əli ilə yedirtmişdi. Kraliçanın görkəmindən onun tamamilə sağlam olduğu görünürdü.

Amma II Elizabetin son zamanlar rəsmi tədbirlərə qatılmaması, əvəzində oğlu – şahzadə Çarlzın Vindzorları təmsil etməsi söz-söhbəti alovlandırıb. Yoxsa "əbədi şahzadə” adını almış Çarlz nəhayət kral olmaq ərəfəsindədirmi? Ya da ən azından regent (müvəqqəti monarx) olmaq ehtimalı var. Hər halda yaş öz sözünü deyir. Üstəlik rekord da qırılıb. 65 il taxt-tacda qalan ən uzun müddətli kraliça kimi II Elizabet tarixə düşüb. Çörçildən üzü bəri 13 nazir görüb. Demək kürsünü təhvil verməyin vaxtı yetişir. Hər halda dünyada 68 yaşında şahzadə qalan bircə Çarlz olsun gərək... Ondan cavanları çoxdan taxt-taca sahib olub. Ancaq o da var ki, Elizabetin ana tərəfi uzunömürlülərdir. Kraliçanın anası 101 yaşında vəfat edib, xalası isə 102 yaşında!

Lakin Çarlz pəhləvan sağlamlığı ilə qürrələnə biləcək vəziyyətdə deyil. O, elə uşaqlıqdan zəif orqanizmli olub. Hətta 14 yaşında depressiyadan müalicə də alıb. Özü bunu çətin keçən uşaqlığı ilə əlaqələndirir! İnandırıcı səslənmir, deyilmi? Kraliçanın oğlu – şahzadə çətin uşaqlıq keçirib! Amma necə deyərlər "Varlılar da ağlayır”. Əlbəttə ki, şahzadənin maddi deyil, mənəvi korluğu olub. O, valideyn diqqətsizliyindən əziyyət çəkib, ata-anasının onu böyütməyə vaxtı olmayıb. Çarlzı nənəsi böyüdüb. Gəncliyində isə onu anasının gözündən daha bir "səhv”i salıb – Diana ilə evlənmək! Gözəl, şıltaq, öz bildiyini edən... Yəni Çarlzın öhdəsindən gələ bilmədiyi qadın növü. Bu da şahzadəni həm anasının, həm də öz gözündən salıb və o, daha betər depresiyyaya düşüb.

Ümumiyyətlə, Çarlz işində möhkəm, tələbkar adamdır. Ancaq nədəndirsə, o, lazımi səviyyədə öz rütbəsindən yararlana bilmir. Qarşısındakı insanlar ondan çəkinmirlər. Əlbəttə ki, onun "əbədi şahzadəliy”i və mərhum arvadı Diananın da sayğısızlığı ("öz bildiklərini etmək” silsiləsinə xəyanət də daxildir) burda rol oynayır. Bir dəfə "Dəmir ledi” ləqəbli Marqarit Tetçer ona irad tutan Çarlzı hər kəsin önündə belə pərt eləmişdi: "Bu ölkəni mən idarə edirəm, ser, siz yox!”

Bir dəfə də Şahzadə Çarlz ABŞ-ın Londondakı səfirinə zəng vuraraq Ramazan bayramı olduğu üçün Əfqanıstanda bombardmanı müvəqqəti dayandırması ilə bağlı istəyinin prazident Corc Buşa çatdırılmasını xahiş etmişdi. İnsanlar bayram günü qanlarına qəltan olmasınlar, süfrə ətrafına qorxa-qorxa oturmasınlar. Səfir isə cavabında belə demişdi: "Siz ciddisiniz, ser?” və təbii ki, şahzadəni vecinə almamış, onun sözünü Buşa çatdırmamışdı. Yəni şahzadənin sadədilliyi, xeyirxahlığı, insanpərvərliyi ona nüfuz gətirmək əvəzinə, qınaq gətirir.

Ona görə də istər kraliça, istərsə də xalq Çarlzın özündən çox onun oğlu Uilyamsa güvənir. Əslində başa düşüləndir. Əgər nəinki nazir, səfir də monarx vəliəhdini saymırsa, onda Britaniya kimi bir dövlətin başında bu adamın dayanması sual yarada bilər. 34 yaşlı şahzadə Uilyamsın özü ilə yanaşı arvadı Keyt də diqqət mərkəzindədir. Xalq bu cütlüyü sevir. Ona görə də uzunömürlü kraliça tacı təhvil verərsə, Çarlzın deyil, məhz Uilyamsın monarx olmasına tərəfdardırlar. Amma xalqın istəməyi ilə deyil, vəliəhdi qüvvədə olan monarx seçir. Odur ki, Albiona dumanın yatmasını gözləməkdən başqa çarə qalmır.