:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Cavanşir Quliyevin KƏNDİ - “Oğlanlar partlayıcıları işə saldılar, qızlar qaçıb dağılışdılar” - FOTOLAR

Font

Modern.az saytının kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin "Mənim kəndim” rubrikasına bu dəfə çağdaş Azərbaycan musiqi sənətinin öndəgedən simalarından biri, tanınmış bəstəkar, Şimali Kipr Türk Respublikasındakı Ya­kın Do­ğu Uni­ver­si­te­ti­nin səhnə sənətləri fakültəsinin müəllimi Cavanşir Quliyev böyüyüb, boya-başa çatdığı Şəkidən danışıb. Hə, bir də onu da deyək ki, burada dediyimiz "kənd” inzibati mənada deyil, qəhrəmanın uşaqlıq vətənidir. Bu inzibati ölçüdə kənd də ola bilər, şəhər də... Bizi uşaqlığın keçdiyi xəyali vətən maraqlandırır. Odur ki, Cavanşir müəllim böyüdüyü Şəki şəhəri və onun köhnə məhəllələrində keçən uşaqlıq illərindən danışacaq.

Bu müsahibə deyil, daha çox "ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: Cavanşir Quliyev o yerləri, o illəri belə xatırlayır: 

 

"Mənim kəndim”

- Mənim "kəndim” kənd deyil, şəhərdir, dünyanın ən gözəl şəhərlərindən biri – Şəki! Şəhərdən də böyükdür, mənim "kəndim”, xanlıq paytaxtıdır! İndi də oranın sakinlərinin duruşunda, davranışında, adət-ənənələrində, dünyagörüşündə, söz-söhbətlərində paytaxtlıq var, bu keşməkeşli zamanda da vərdişlərindən vaz keçmirlər, ətraf rayonların insanlarına himayədarlıq edir, imkanları daxilində onlara yardım göstərirlər. Lap keçmiş xanlıq dövründəki kimi. Dəfələrlə bu yardımların və o insanların təşəkkürlərinin şahidi olmuşam.

 

Allahın lütfü

 

- Əslən qaxlı, Bakıda mötəbər  vəzifə sahibi olan bir tanışım mənə Şəki sevdasını belə anlatdı: "Kiçik yaşlarımda babam mənə dedi ki, həyatda çətin vəziyyətə düşsən, əlin hər yerdən üzülsə, gedib bir şəkilinin qapısını çal, o mütləq sənə bir yolla kömək edəcək. Çünki başıma gəlib”.

Bax, belə bir yerdə, dağların qoynunda dünyaya gəldim, əsrarəngiz təbiətin qoynunda təbii olaraq böyüdüm. Şəkidə doğulmağım, hesab edirəm, Allahın mənə lütfü idi. Niyə? Yavaş-yavaş anladacam...


Mənim ailəm - mənim həqiqətim...

- Şəkidə keçən uşaqlığım xoşbəxt idi desəm, çox az şey demiş olaram. Bu həqiqəti böyüdükdə anladım, lakin o zaman məni düşündürən, vaxtımı alan və duyğularıma hakim olan tamam başqa şeylər idi.


Mən ziyalı  ailədə doğuldum – anam Azərbaycan dili və ədəbiyyatı müəlliməsi idi, atam hərbçiydi, üç uşaq idik – bacım, mən və qardaşım. Uşaq ikən nənəm də vardı, babam da, xalalarım da vardı, bibilərim də. Və saysız-hesabsız qohumlar... Bütün bu qohum-əqrabanın evlərində toy da olardı, yas da, doğum günləri də olardı, sünnət də, hafizəmdə o illərin çoxlu görüntüləri var, acılı və şirinli... 

Nağıl diyarında fındıq oyunu

- Nənəmin evi Şəkinin yuxarı, tarixi hissəsində idi - Qoç Abbas hamamının yolunda. İndi də ordadır. Bizim ev isə şəhərin müasir mərkəzində. Uşağın piyada getməsi  üçün kifayət qədər uzaqda yerləşirdi nənəmin evi. Lakin mən o yolu piyada qalxardım – bilirdim ki, nənəm mütləq aş bişirəcək mənim gəlişimə, mən aşı da çox sevərdim, nənəmi də. Nənəm də məni çox sevərdi, çünki  onun ən böyük erkək nəvəsi idim –  oğlu olmadı, dörd qızı vardı.  


Dünyanın bütün nənələri kimi, mənim də nənəm bir nağıl idi, möcüzə idi. O zamanki adət üzrə üst-üstə 5-6 paltar geyinərdi (Şəkidə ona tuman deyirlər), hər birinin də gizli cibi vardı, o ciblərdə də qoz-fındıq gizlədərdi. Mən çox sevərdim fındığı, lakin, dişlərimi qorumaq məqsədilə nənəm mənə fındıq vermirdi. Xeyli israrımdan sonra, ürəyi dözməyib, tumanlardn birinin cibindən bir neçə fındıq çıxarıb verirdi və deyirdi ki, daha yoxdu, qurtardı. Nənəmdən növbəti 3-4 fındıqı almaq üçün yenidən xeyli təzyiq göstərməli idim. Beləcə, nənə-nəvə fındıq oyunu oynayırdıq. Məktəb dərslərindən və anamın intizamından sıxılaraq, qaçıb qoynunda sərbəstləşərək, nağılvari zaman keçirdiyim bir tapınak idi nənəmin evi... 

Mən sünnət olunarkən -yaddaşımda qalıb, çünki kiçik deyildim- qaçıb həyətin axırında bir kolluqda gizləndim, nə anam, nə atam ordan məni çıxara bildilər, nənəm gəldi, şirin dili ilə ovsunladı məni, çıxdım ordan... Adı Gülarə idi, lakin hamı ona Qənd-xala deyərdi, o qədər şirin idi. 


Bizim bayram, gözəl bayram...

-Nənəmin evinin yaxınlarında Şəkinin "Gəncəlilər” məhəlləsi yerləşirdi. O məhəllənin böyük meydanı vardı – onun yerində indi eybəcər bir otel tikiblər -  o meydanda hər il böyük Novruz tonqalı qalanardı, onu seyr etməyə  şəhərin bir çox məhəllələrindən ora uşaqlar gələrdilər, ən cəsarətliləri isə o böyük alovun üstündən tullanardılar. Yuxarı yaşlı oğlanlar kibrit kükürdündən müxtəlif partlayıcı alətlər düzəldərdilər -  birisinin adı, nədənsə, "tumanagirən” idi  - və bayramın ən şirin yerində onları işə salardılar – qızlar, qorxudan qaçaraq, dağılışardılar ətrafa, sonra yenidən toplaşardılar tonqalın başına. Beləcə, bütün axşam partlamaların və nağara-zurnanın sədaları altında Novruzu -"İlaxır” deyirlər -  bayram edərdik. Evə gəldikdə, anam bizi qovardı hamama, sonra isə bayram süfrəsinin arxasına keçərdik və lobyəli aş yeyərdik. Üzərinə də şəkər tozu səpərdik. Sonra da bayram yuxuda davam edərdi.

 İlk sevda, ilk məhəbbət

Anam deyirdi ki, mən hələ lap kiçikkən, evimizdə divardan asılan tara özəl bir marağım olub. Maraq o qədər güclü olub ki, sonunda anam tarı divardaki  mismardan çıxarıb qarşıma qoyub. Mən tarı bir oyuncaq bilərək orasına-burasına toxunduqda və tarın simləri səs çıxardıqda qorxub ağlamışam. Amma, tardan da əl çəkməmişəm – gözüm həmişə o divarda olub.

 O tar anamın  idi. Mənim anam 30-cu illərdə Şəki musiqi məktəbinin tar sinfində oxuyub. Yuxarıda unutdum deyəm– nənəm də gəncliyində qarmon çalardı, evdə, təbii. Əhalisinin əksəriyyəti dindar olan bir şəhərdə gənc qızın tar ilə küçədə getməsi, məncə, o zamanki Azərbaycan üçün mədəni inqilab sayıla bilər. Əlavə edim ki, nənəm də, babam da dindar idilər, namazlarından, məscidlərindən qalmazdılar. Hətta Qurban bayramında məni də məscidə aparardılar, yadımdadır, alnıma yenicə kəsilmiş qoyunun qanını sürtərdilər.

Mənim ilk müəlliməm

Divardaki tara qarşı getdikcə artan marağım anamı da həyəcanlardırırdı. Bir gün o, tarı götürüb qarşımda çalmağa başladı. Mənim bərəlmiş gözlərimdə heyrət və qorxu vardı, anam anladı ki, mən də o tarı çalmaq istəyirəm. Və o gündən oldu mənim ilk musiqi müəllimim. Mizrabı əldə tutmağı, tarın simlərindən səs çıxarmağı, sadə xalq mahnılarını çalmağı və digər çalğı üsullarının və musiqi parçalarının çalınmasını ilk olaraq mənə anam öyrətdi. Nəhayət, elə bir gün gəldi ki, anam artıq mənə bir şey öyrədə bilməyəcəyini anladı. Artıq orta məktəbin ilk sinfinə gedirdim, anam  əlavə olaraq məni Şəki uşaq musiqi məktəbinin tar sinfinə qoydu. O gündən bu günə qədər mən musiqi öyrənirəm, yəqin ki, ömrümün sonuna qədər də öyrənməkdə davam edəcəyəm.


"Anamın əsəri”

-Yuxarıda dedim ki, Şəki böyük şəhərdi – onun böyüklüyü yalnız ölçüləri və əhalisinin sayı ilə deyil, həm də sənayesi, mədəniyyəti və təhsili ilə də dəyərləndirilməlidir. Şəkinin təhsil sistemində o zaman onlarla orta məktəb, peşə məktəbləri, bir neçə texnikum, ali məktəb, uşaq musiqi məktəbi, orta ixtisas musiqi məktəbi, çox sayda kitabxanalar və s. vardı. Bütün bu məktəb bolluğunun içində anam və atam mənim orta məktəb təhsilimin rusca olmasına qərar verdilər. Nə qədər təəccüblüdür – ana Azərbaycan dili və ədəbiyyatı müəllimi ola-ola, oğlunu rus məktəbinə qoyur!? Bəli, mən orta təhsilimi Şəkidəki tək rus orta məktəbində  almışam. Təbii ki, sonradan ali təhsilimin də dili rus dili oldu. Əlbəttə, o vaxtı bu məsələ kiçik uşağın ağlını məşğul etmirdi – o uşaq var gücü ilə iki məktəbdə də yaxşı oxumağa çalışırdı. Məktəblərin birində, dediyim kimi, rusca, o birində (musiqi məktəbi) azərbaycanca təhsil alırdı(!). Anamın bu uzaqgörənliyini mən uzun illər sonra anladım. O mənim hər iki dili də mükəmməl öyrənməmi, rus dili vasitəsilə dünya elmini və musiqisini rahat mənimsəməmi, Azərbaycan dilinə və ədəbiyyatına da  tarın və evimizdəki Azərbaycan kitablarının köməyi ilə bağlı qalmamı istədi. Mən bu gün sözün tam mənasıyla deyə bilərəm ki, bütün varlığımla, qazandıqlarımla, yazdıqlarım və yazacaqlarımla büsbütün ANAMIN ƏSƏRİYƏM!

Uşaqlıq sevdasına uduzmaq...

Bəstəkarlıq.... uşaq ikən, təbii, ağlımdan belə keçməzdi, əksinə, məni heyrətə salan musiqiləri ilə qəzetlərdə, sonralar televizorda gördüyüm bəstəkarlar mənə insan kimi yox, başqa əcaib bir varlıq kimi görünürdülər. Mənsə adi insan olduğumdan heç cür bəstəkarlıq libasını "öz boyuma” biçə bilmirdim. Böyüdükcə, bu peşə maqnit kimi məni özünə çəkməyə başladı, tez-tez düşünürdüm bu haqda, lakin yenə də heç bəstəkar olacağımı düşünmürdüm. İçimdə olan bu düşüncələri də utandığımdan heç kimə demirdim, anama belə. İndi anlayıram ki, bu bəstəkarlıq hissi, qurmaq, yaratmaq həvəsi Allahın və valideynlərimin içimə yerləşdirdiyi bir hüceyrə imiş – mən böyüdükcə, o da böyüyürdü, və bir müddət sonra içimi narahat etməyə başladı. Ondan ya birdəfəlik qurtulmalıydım, ya da ona təslim olmalıydım. Mən ona təslim oldum.