:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“İntim çəkilişlərdə Amaliya xanım dedi, hamı çıxsın, sən qal” - “Babəkin oğlu”yla müsahibə - Fotolar

Font

1980-ci ildə bütün Azərbaycan 19 yaşlı cavan oğlanı Babəkin oğlu Buğday kimi tanımağa başlayır. Əlbəttə, eyni adlı "Babək” filmində. Tez bir zamanda məşhurlaşan bu oğlan tərif yağışına tutulur. Amma bu məşhurluq onun aktyorluq karyerasının sonrakı dönəminə təsirsiz ötüşür. 


Yenizaman.az Teleqraf.com-a istinadən uzun illər Azərbaycandan uzaqda yaşayan və ötən il Bakıya qayıdan, Buğday rolu ilə məşhurlaşan aktyor Məhəmməd Verdiyevlə müsahibəni təqdim edir: 


-Məhəmməd bəy, səhv etmiriksə, vətənə ötən il qayıtdınız.


-Bəli, ötən ilin fevralı idi.  


-Bura gələnə qədər teatr, kino, ümumiyyətlə, Azərbaycanda mədəniyyət sahəsində baş verən proseslərdən xəbərdar idinizmi?


-Kinoda və teatrda gedən proseslərdən o qədər dərin məlumatım yox idi.


-Gəlib prosesləri gördünüz, qənaətiniz nə oldu?


-Birinci, aktyorların seriallarda danışıqları məni əsəbləşdirir. O jarqonlar, danışıq, diksiya çox dəhşət vəziyyətdədir. İkincisi, çoxlu saqqallı aktyorlar gördüm. Demək olar ki, cavan aktyorların hamısı saqqallıdır. 

 

70-80-ci illərdə bizə heç bığ saxlamağa da icazə vermirdilər. Aktyorun nə saqqalı, nə də bığı olar. Bu yaxınlarda saqqalını qırxan bir aktyor gördüm, səbəbini soruşdum, dedi, teatrda icazə vermirlər. Bu, indi o qədər də önəmli deyil, amma biz vaxtilə buna fikir verirdik. 

 

Hətta müəllimlər tələbələrə dördüncü kursa qədər televiziyaya çıxmağa belə icazə vermirdilər. Bu da səbəbsiz deyildi. Aktyorun inkişafı, "pozulmaması” üçün şərt idi. 


-Universitetdə bir məşhur deyim də vardı...


-Bəli, birinci kursda tələbələr özlərini SSRİ xalq artisti sanırlar, ikinci kursda Azərbaycan xalq artisti, üçüncü kursda əməkdar artist, dördüncü kursda başa düşürlər ki, ümumiyyətlə artist deyillər. Biz də elə hiss edirdik. Sonra vaxtilə Mədəniyyət və İncəsənət Universitetində dərs deyəndə də bunun şahidi oldum. 


Uşaqlar böyük ruh yüksəkliyi ilə gəlirdilər. Belə də olmalıdır, çünki hər bir aktyorun özünə qarşı sevgisi, iddiası var. Başqa cür aktyor olmaq olmur. 


-Ailənizin qadağalarına rəğmən bu sənəti seçməyinizin əsas səbəbi, məqsədi nə idi? Hansı arzularla gəlib, nələri gördünüz?


-Düzünü deyim ki, orta məktəbdə oxuyarkən ədəbiyyatı çox sevirdim. Aktyorluq sənəti ilə bağlı düşüncələrim, arzularım məktəbi bitirmək üzrə olanda yarandı. "Yeddi oğul istərəm” və başqa filmlərə baxırdım. Çox təsirləndiyim hansısa aktyorun adını çəkə bilmərəm. 


Dünya kinematoqrafiyasından Alen Delon, Jan Qabenin filmləri məni maraqlandırırdı. 
Universitetə gələndə daha çox kino barədə düşünürdüm. Zamanla bunun səhv bir fikir olduğunu gördüm. Başa düşdüm ki, bünövrə teatrdır. Kino daha sonra yaranıb. Dörd il universitetdə oxudum, amma gözlədiyimi ala bilmədim. 


-Nə gözləyirdiniz, yaxşı müəllimmi, yaxşı tədrismi?


-Mən yaxşı müəllim gözləyirdim. Aktyorun istedadını daha da açan, onu cilalamağın yollarını öyrədən müəllim axtarırdım. Mən onu tapmadım. Ona görə özümdə müəllimliyə meyl hiss etdim. Sonra mənə məlum oldu ki, bizdə dərs demək metodikası çoxdan köhlənib. 


Çünki mən həm dövlət, həm də öz hesabıma Rusiyada kinematoqrafiya ilə bağlı kurslar keçdim. Əvvəl Leninqradda, sonra Moskvada "Aktyorluq, rejissorluq” kursunu bitirdim. Müəllim işləyəndən sonra universitetdə metodu dəyişmək istədim. Öz kursumda bunu tətbiq etməyə başladım. Amma başa düşdüm ki, bu iş bir müəllimin görə biləcəyi iş deyil. 


Mənə dedilər ki, hamı necə, sən də elə...Onda mən 90-cı ildə etiraz əlaməti olaraq ərizəmi yazıb işdən çıxdım. Elə bilirdim ki, mən etiraz etsəm, nəsə dəyişər... 


Mən hər şeyi sənətə qurban vermişdim. Gördüm ki, sənət, daha doğrusu, sənəti idarə edənlər mənə qarşı çox biganədirlər. Eləcə də indi...


-Dərs metodikamızın səhv olduğunu deyirsiniz. Amma biz həmişə rus metodikası ilə dərs keçmişik.


-Qonşularımıza heç vaxt baxmamışıq. Biz baxmamışıq ki, Moskvada, Gürcüstanda necə dərs deyirlər. Elə bilmişik ki, ancaq bizik...Yaxşı aktyor olmaq yaxşı müəllim olmaq da eyil. Öz bildiyini başqasına vermək istedadı hər insanda yoxdur. 


-Hansı tələbələrinizlə fəxr edirsiniz?


-Tələbələrim çoxdur, hamısını yadıma sala bilmirəm. Dərs dediyim dönəmlərdə 4-5 kursum oldu. Füzuli Hüseynov, Mehriban Zəki, Elxan Yunis, İlqar Cahangir və başqaları... Amma çox heyif ki, mən onları zirvəyə qalxan zamanda yarımçıq qoyub getdim. 


-Kimi özünüzə müəllim hesab etmisiniz?


-Mədəniyyət və İncəsənət Universitetində yaxşı pedaqoq Nəsir Sadıqzadə idi. Çünki o, aktyordan istədiyini almasa əl çəkmirdi. 


-Bayaq dediniz ki, dördüncü kursa kimi müəllimlər çəkilməyə icazə vermirdilər. Amma, deyəsən, siz "Babək” filminə çəkiləndə üçüncü kursda oxuyurdunuz. 


-"Babək” filmi başqaydı... O bir filmə görə mənə universitetdə dərsdən də azad edirdilər. "Babək” filmini o vaxt bütün Azərbaycan gözləyirdi. Çünki o vaxta kimi Babək ancaq xəyallarda var idi. 


-Film öncə Həsən Seyidbəyliyə tapşırılmışdı. Siz Həsən Seyidbəylinin komandasında idiniz?


-Həsən Seyidbəylinin dönəmində mən ümumi yoxlanışa getdim. Amma Eldar Quliyevdə konkret olaraq Buğday roluna namizəd idim. 


-Rəqibləriniz necə nəfər və kimlər idi?


-26 nəfər idi. Ən sona isə üç nəfər qalmışdı. Biri rus qrupunda oxuyan bir oğlan idi, digəri isə rəhmətlik qrup yoldaşım İlham Əsgərov, digəri də mən. Mənim Buğday roluna seçiləcəyim ağlıma gəlməzdi. Çox təsadüfi oldu. Dərsdə oturmuşdum, birdən laborant xanım gəlib dedi ki, təcili olaraq kinostudiyaya getməlisən. 

 

Düşündüm ki, yəqin yenə "prob" çəkilişləri olacaq. Getdim, məni qrim etdilər, ssenaridən xəbərim olmadan çəkiliş meydançasına apardılar. Orda başa saldılar ki, filan yerdən filan yerə getməlisən. Səhv etmirəmsə, 1979-cu il aprelin 17-i idi.


-Meydançada yalnız siz idiniz?


-Yox, ümumi səhnə idi: Babək Afşin tərəfindən gələn qoşunu müzakirə etmək üçün hamını stol arxasına yığıb, söhbət edirdi.  


-Deyilənə görə, sizin filmdə iştirakınızı Rasim Balayev təsdiqləyib.


-Tam elə olmayıb. Mən sizə düzünü deyim, ilk çəkiliş günüm - aprelin 17-si qrim otağında oturanda Amaliya xanım da ora gəldi. Məni görüb, təbrik etdi və dedi ki, Rasim Balayevlə mənim sənin Buğday roluna təsdiqində böyük əməyimiz olub. Həm Amaliya xanıma, həm də Rasim bəyə üç nəfərin şəkillərini göstərib deyiblər ki, sizə kim daha yaxındırsa onu seçin. İkisi də bir-birindən xəbərsiz məni təsdiq ediblər. 


-Yalnız öz çəkilişlərinizə gedirdiniz, yoxsa?..


-Demək olar ki, filmin bütün çəkilişlərdə olmuşam. Hətta Rasim Balayevlə Amaliya xanımın intim səhnəsinin çəkilişləri zamanı hamını çölə çıxardılar. Bircə mənə etiraz etmədilər (gülür). Amaliya xanım dedi ki, sən qala bilərsən, qalan hamı çıxsın. 


-Bildiyimiz qədər, çəkildiyiniz, amma filmə salınmayan çox səhnələriniz olub. O səhnələri filmdə  görməyəndə nə hiss keçirdiniz?


-Mənə bir dəfə Rasim Balayev hikmətli bir söz dedi: "Bu rol tələbə üçün çox böyük roldur. Çox tez məşhurlaşacaqsan. Amma hələ sevinmə. Titrdə adını görsən belə sevinmə. Filmin axırında ya sevinərsən, ya da məyus olarsan”. 


Rasim Balayev aktyor sənətinin məktəbidir. Hazırda hər bir tələbə aktyor onun hər oynadığı rola baxıb, öyrənə bilər. Onun istedadı Allah vergisidir. 


"Babək" filmində çox peşəkar aktyorlar çəkilirdi. 19 yaşlı oğlan üçün elə böyük sənətkarlarla çəkilmək böyük şərəf idi. Rasim Balayevlə Səməndər Rzayev məni həmişə "oğulbala” deyə çağırırdılar. Heç yadımdan çıxmaz, mənim ölüm səhnəm gecə saat 1-də çəkilməli idi. Rasim Balayev mənə dəstək olmaq üçün gecənin o saatında kinostudiyaya gəldi və kameranın yanında durdu. Halbuki bizim səhnələrimiz ayrı-ayrı vaxtlarda çəkilirdi. Bunu hansı aktyor edərdi? 


O səhnə çəkiləndə meydançada 25-30 adam vardı. Evə getməyib o səhnəni gözləyirdilər. Aktyor Eldəniz Rəsulov da orda idi. Çəkiliş bitəndən sonra istəyirdim ki, üstündəki qanı yuyam, yaxınlaşdı mənə, gözləri dolmuşdu. Baxdım ki, hamı ağlayır. 


O səhnənin çəkilişi də çox qəribə oldu. Eldar Quliyev böyük rejissordur. Məndən soruşdu ki, necə öləcəksən? Dedim,  nə bilim, indiyə qədər ölməmişəm axı. Dedi, göstər görüm. İki variant göstərdim: ilk variantda gözü yumulu, ikinci variantda gözü açıq. Hamı ikinci variantı seçdi. Aktyorun o vəziyyətə gəlib çatması üçün bəzi sirlər var. O sirləri açmaq istəmirəm. 


-19 yaşlı cavan oğlan o sirləri hardan bilirdi? 


-Baxın görün mənim yanımda kimlər vardı: Rasim Balayev, Səməndər Rzayev, Amaliya Pənahova. Onlar mənə bu filmdə 90 faiz kömək edirdilər. Çünki hamı istəyirdi ki, filmdə oynayan hər bir obraz mükəmməl olsun, film gözəl alınsın. Film SSRİ məkanında ən yaxşı film olmalıydı. 5 milyona yaxın pul xərcləndi, Amerikanın KODAK lentində çəkildi. Filmin premyerası bütün SSRİ-də və Şərqi Avropada eyni vaxtda saat 11-də baş tutdu və bir saata pulunu yığdı. 


-Nə qədər qonorar almışdınız?


-Yadımda deyil. Bircə onu bilirəm ki, qonorardan 200 manatı cins üçün ayırdım. Qalanını isə köhnə "İnturist”də stolun üstünə qoydum, dostlarımla yedim-içdim. 


Bir hadisə heç vaxt yadımdan çıxmaz. Bir dəfə qrup yoldaşlarım - Firəngiz Mütəllimova, Zemfira Nərimanbəyova, İlham Əsgərov məni məcbur etdilər ki, onlarla birgə kinoteatra gedib, "Babək”ə baxaq. Boyun qaçırdım, amma faydası olmadı. Azərbaycan kinoteatrında filmə baxdıq, çıxışda dik pilləkənlə aşağı düşəndə təsadüfən qarşında gedən iki qızdan birinin uzun paltarını tapdaladım. Qız dönüb arxaya baxdı, sonra yanındakı qıza dedi ki, bu filmdəki oğlan deyil? Qız mənə baxdı və dedi: Yox, bu gör nəyə oxşayır... Çox gülməli hadisə idi. 


-Buğdayın məşhurluğu sizə necə təsir etdi? Həyatınızda nə dəyişdi?


-Küçədən keçə bilmirdim... Amma həminki adamıydım. Tamaşaçılara göstərmək istəyirdim ki, mən də sizlərdən biriyəm.


-Hər halda xanımların yanında bunu etməzdiniz...


-Bizim universitet Tarqovinin yanında yerləşirdi. Dostlarımla bir yerdə oturanda mənə deyirdilər ki, sən gülmə, sən bərkdən danışma və s. Bu azadlığın əldən alınması deməkdir. Bunu xoşlamırdım, ona görə mən istədiyim qədər gülürdüm, danışırdım. 


-Sonra niyə çəkilmədiniz? Niyə Buğdayı üstələyəcək bir rol oynamadınız?


-Birincisi, elə bir rol yox idi, ikincisi, rejissorların seçimi idi. Fikirləşirəm ki, Buğdaydan sonra hansı böyük rol olub ki, mən o rola yaramamışam. 


-Təkliflər də almamısınız?


-Heç bir təklif almamışam. Heç kəs məni çağırmayıb.Üç il kinostudiyada işlədim və hər gün rejissorlar məni görürdü. 


-Nə vaxtsa rejissorlardan rol istəmisiniz?


-Heç vaxt. Kinostudiyada ərizəmi yazıb çıxanda direktor Cəmil Əlibəyov səbəbini soruşdu. Dedim ki, məni çəkmirlər, çıxıram. Dedi, get rejissorlara yaxınlaş, rol istə. Dedim, elə bir şey edə bilmərəm. 


-Ona görə Azərbaycandan da getdiniz?


-5 il işsiz qaldım. Çox böyük sarsıntılar keçirdim. Sonra bir adam gəldi, dedi, gedək Rusiyaya. Mən də ora gəzməyə getmişdim. Amma sonra qaldım. 18 il bizneslə məşğul oldum. İki seriala çəkildim. "Mosfilm”də çalışan aktyor Fərhad  Hüseynov bir gün zəng edib "Yasmin” serialına dəvət etdi.  Baş rollardan birini mənə verdilər. Amma qəbul etmədim.


-Niyə?


-İntim səhnələrə görə. Dedilər, axı, aktyorsan, oynamalısan. Dedim, aktyor idim, indi də aktyoram, amma mənim iki qızım, yoldaşım var. Çəkilə bilmərəm. Bir aydan sonra yenə zəng etdilər. Serialın ssenaristi Anna Kozlova mənə ayrıca bir xətt açdı və beləcə çəkildim. Amma nədənsə heç kimə məlum olmayan səbəblərdən serial 62-ci seriyada dayandı. 


-Rusiyadan təkliflər gəlirmi?


-Gəlir, amma mən getmirəm. Artıq Bakıya qayıtmışam. Öz ölkəmdə çəkilmək istəyirəm. 


-Amma orda imkanlar daha böyükdür.


-Elədir, amma mən hər şeydən bezdim, gəldim. İki-üç il idi ki, gəlmək istəyirdim, axır bu addımı atdım. 


-Hazırda nə işlə məşğulsunuz?


-İşsizəm. "28 iyun” serialına çəkildim, amma yarımçıq qaldı. Amerikada yaşayan azərbaycanlı rejissor Murad Əliyev bir gün zəng vurdu və filmə dəvət etdi. Çəkildim, amma hələki fimə baxmamışam. Hazırda film festivallarda nümayiş olunur. 


-Sizi tez-tez "Azdrama”da görürük. Bu nəyəsə işarədirmi?


-"Azdrama”da oynamaq istərdim. Mənə görə Azər Paşa Nemətov Azərbaycanda yeganə rejissordur. Çünki dahi rejissorlar silsiləsindən bircə Azər Paşa Nemətov qalıb. Onunla işləmək çox maraqlı olardı. 


Həmişə deyirəm ki, Azərbaycanda bir teatr var, adı, binası yoxdur, amma aktyorları var: mən və mənim dostlarım. Bir tamaşa hazırlamaq fikrim var, görək inşallah...


Nərmin Muradova 
Foto Samir İsayev