:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şərif Ağayar: “İntiharı insanın Tanrıya xəyanəti hesab edirəm” - MÜSAHİBƏ

Font

Teleqraf.com-un suallarını tanınmış yazıçı Şərif Ağayar cavablandırıb. Yenizaman.az müsahibənin aktuallığını nəzərə alaraq öz səhifəsində tirajlandırır:

 

- Şərif bəy, günün əsas sualı budur: "Psixoloq da intihar edirsə, bu cəmiyyətin halı nə olacaq?” Dəyanət Rzayevin intihar xəbərinə necə reaksiya verdiniz?

 

- Mənim düşüncəmə görə, bütün hallarda intihar zəiflik əlamətidir. İntiharı yalnız iki halda qəbul edə bilərəm: Əsir düşməmək üçün, bir də sağalmaz xəstəliyin ağrılarına dözməyəndə. O ki qaldı psixoloqun intiharı məsələsinə, təbii ki, hamımız insanıq, əgər həkim xəstələnirsə, müəllim savadsız ola bilirsə, polis cinayət törədirsə, yazıçı yaza bilmirsə, psixoloq da ruh düşkünlüyünə və depressiyaya düşə bilər. Həyatda hər şey olur.

 

Söhbət mərhum Dəyanət Rzayevdən getmir. Onun intihar səbəbini bilmirik. Ümumi götürəndə mən intiharı insanın Tanrıya xəyanəti hesab edirəm. Yəni Tanrının sənə verdiyi cana, əmanətə əl qaldırırsansa, ona xəyanət edirsən. Tanrıya, insanlığın böyüklüyünə, həyatda hər nəyəsə inanan insan intihar eləməz. İnanmaq üçün də bir az güc və iradə lazımdır.

 

- Xəbəri eşidəndə ilk reaksiyanız nə oldu, sarsıldınız, yoxsa təəccübləndiniz...

 

- Azərbaycanda elə dəhşətli hadisələr baş verir ki, belə şeylərə sarsıla bilmirik. Hər belə xəbərə sarsılsaq, yaşaya bilmərik. Hamı kimi bu xəbəri eşidəndə çox pis oldum. İntihar edənin psixoloq olmasının da cəmiyyətdə təsiri olacaq.

 

- İntihar hadisələrini intensiv yaydığına görə medianı günahlandırırlar. Xəbəri yayıb belə halları adiləşdirdiyimiz deyirlər...

 

- Medianı günahlandırmaq doğru deyil. Media hər şeydən öncə öz auditoriyasını hesablayır. KİV emosiyalarla hərəkət eləmir, onu düşündürən oxucu, İP və auditoriya toplamaqdır. Məsələnin mənəvi tərəfi ikinci planda gəlir. Bütün dünyada bu cürdür. Xəbər maraqlı və sensasiondursa, yayılacaq və oxucu yığacaq. Biz medianı o vaxt günahlandıra bilərik ki, bu cür xəbərləri qoyub intellektual xəbərləri oxuyardıq. Tələb təklif doğurur. Biz hansı xəbəri çox oxuyuruqsa, media bizə daha çox onu verir. Cəmiyyətin özü bu mövzulara həssasdır. 

 

- Deyirlər intihara meyilli insanı hərəkətlərindən hiss etmək olur. Sizcə, insanı intihar qərarından necə daşındırmaq olar?

 

- Qələm adamı olaraq bu mövzu məni də çox düşündürür. Yaxın dostlarımdan, qohumlarımdan intihar edən olub. Ümumi qənaətim bundan ibarətdir ki, insanlar ani verilmiş qərarla intihar edirlər. Qərarın üstündən beş dəqiqə keçsə, bəlkə də, fikirlərindən daşınarlar. Çünki intihar edənlərin mütləq əksəriyyəti son anda xilas olmaq istəyir.

 

Başqa adam gəlib təsəlli versə, bir az zaman keçsə və özünü ələ alıb azca düşünsə, intihar eləməz. Bu, şəxsi fikrimdir, o situasiya çox ağırdır, o cür depressiv vəziyyətlərə düşən adam haqda belə rahat, xüsusən də nahardan qayıdıb, üstündən çay içə-içə danışmaq asandır. 

 

- Belə versiyalar da var ki, bir dəfə intihara cəhd edənlər ikinci dəfə də bu yola can atır.

 

- İntihar çox mürəkkəb mövzudur və hər bir fərddə dəyişir, yeni məzmun kəsb edir. Bir az da intim məsələdir. Bütün hallarda intihar Tanrıya xəyanətdir! Dini kitablarda da özünü öldürənlər başqasını öldürmüş, kiməsə qıymış kimi sayılırlar. İntiharı birmənalı şəkildə qəbul etmirəm – həmin şəxs Heminquey də olsa, Misima olsa qəbul etmirəm. İntihar edənin böyüklüyü bu hərəkətin zəiflik, günah və Tanrıya xəyanət olduğu fikrini dəyişdirmir.

 

- Bir çox nəhəng yazıçı intihara əl atıb. Bəs onları intihara nə sürükləyib?

 

- Dediyim kimi, intihar hər bir insanda müxtəlif səbəblərdən ola bilər. Musa peyğəmbərin məşhur əmrləri var, biri budur: öldürmə! Öldürmək olmaz – nə özünü, nə başqasını.

 

- Artan intihar hadisələri fonunda oxucuya yazı ilə müraciət etməyi düşünürsünüzmü?

 

- Məni intiharlardan çox, cəmiyyətimizin insanı əlacsız duruma salması sarsıdır. Məni narahat edən intihara, həyatdan bezməyə gətirib çıxaran ictimai səbəblərdir. Onlar aradan qalxmalıdır. Zəif xarakterli insanları qınaya bilmirik ki, niyə belə edirsən. Biri zəif olur, biri güclü. Bütün hallarda cəmiyyət insana yiyə durmalıdır. O, özünü kimsəsiz hiss eləməməlidir. Sevgilisindən də ayrılar, işdən də qovular, ailəsi də onu atar... 

 

Vətəndaş cəmiyyəti nədir? İnsana cinsi oriyentasiyasına, sosial imkanına, yaxud ailə vəziyyətinə, ictimai statusuna görə yox, vətəndaşlığına görə dəyər verməlisən. O, özünü həmişə güvəndə hiss etməlidir. 

 

- İmkanı orta səviyyədə olan intihar edirsə, səbəbi ailədaxili münaqişə ilə bağlayırlar...

 

- İntihar həmişə imkana bağlı olmur. Varlı adamlar içində də intihara əl atanlar var. Bir müddət əvvəl statistika oxumuşdum, Avropada özünü öldürənlərin çoxu həyatı tamamilə təmin olunmuşlar idi. Azərbaycanda situasiya başqadır. İstərdim cəmiyyətimizdə insana özünü yetim, kimsəsiz, hər şeydən əli üzülmüş hiss etdirən səbəblər aradan qalxsın. Belə olsa nəticəyə təsir edəcək. Problemlərə fərdi qaydada deyil, ümumi mahiyyəti üzrə yanaşıb həll etməliyik ki, acı nəticələrə gətirib çıxarmasın. Bütün dövrlərdə intihar olub və olacaq. Arzulayaq ki, heç olmasa, intiharların sayı minimuma ensin.