:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sevən, küsən, darıxan, pul qazanan atlardan REPORTAJ

Font

Elə şeylər var ki, izah olunmur... Məncə, belə situasiya ilə qarşılaşanda, izah etməyə, kiməsə başa salmağa ehtiyac da yoxdur. Sadəcə, susaraq uzaqlaşmaq gərək.

 

Misal üçün, Bethovenin hər unikal bəstəsindən əvvəl Vyana yaxınlığındakı meşəyə gedib ağacların uğultusunu kar qulaqları ilə dinləməsi... Uşağın adi bir oyuncaqdan ötrü sarsılması... Qadının sevdiyi adamla ərinə-ailəsinə xəyanət etməsi... Yüksək həssaslığı olan insanın içki-narkotika aludəçiliyi... Qızının saçlarını hörən fahişənin içindəki hüdudsuz təmizlik... Çox saymaq olar...

 

Atlar da belədir. Onları niyə bu qədər sevirik? Şəxsən mən, at görəndə niyə bu qədər duyğulanıram? Cavab yoxdur. Və yadda saxlayın, əslində cavab olmayanda adam mətləbi uzadır, sənət meydana çıxır. Bəşəriyyət böyük suallar qarşısında cavabımız olduğu üçün böyük əsərlər yarada bilir. Ən ciddi əsər sirr pərdəsini bir az da qalınlaşdırır.

 

Mən atların arasında böyümüşəm. Hətta uşaq ikən atam bu sevgimi görüb mənə ayrıca at almışdı. Atlarla danışmağı, dalaşmağı, mübahisə etməyi, onlardan küsməyi, onlara acıqlanmağı, onları küsdürməyi, hirsləndirməyi bacarıram. At kişnərtisi içimi titrədir. At olmasa Allahın varlığına bu qədər inanmazdım.

 

 

Hərdən rayona gedəndə atları qoxlayıram. Bu qoxunu da izah eləmək imkansızdır. Gözəl deyil, pis də deyil... Aidiyyatı olmadığı yerdə kimisə narahat da edə bilər. Axı nə var bu qoxuda? İllah da yaşıl ot və ya quru arpa qoxusuna qarışanda... Yazmaqda acizəm...

 

Reportaj üçün Binə yolundakı Atçılıq Klubuna gedəndə xeyli duyğulu idim. Mən tərəkəmə atları görmüşəm. Bahalı yarış atlarına əlimlə ilk dəfə toxunurdum. Yaxınlaşan kimi o qoxunu axtardım. Yox idi... Səbəbi isə çox materialistcədir: "Atları yuyuruq!”

 

Anladığınız kimi, yarış atlarında o doğmalığı duya bilmədim. Əvvəla bunlar "qlamur” atlar idi. Bir daha dərk etdim ki, Knut Hamsun "Torpağın bərəkəti” romanıyla vurğuladığı kimi, çox varlanmaq insanı təbii yaşam orbitindən çıxarır. Loru dillə desək, adam çox varlı olmaz! Eləcə də atlar... Atı da bordağa bağlayarlar? Atla da pul qazanarlar? Atı da təbiətdən ayırarlar? Anlayıram, kapitalizm cəmiyyətində pul hər şeydən öndə gəlir. Amma şəxsən mən bu qanunlara boyun əymirəm. Sadəcə, əlacsızam. Atların özü kimi...

 

Çox darıxırlar. Bu naz-nazı xidmətdən razı deyillər. At qadın kimidir. Sevgi istər hər şeydən öncə... Kimin səmimi qəlbdən sığal çəkdiyini yaxşı bilər. Maraqlıdır, yarış atları, xüsusən milyonlarla qiyməti olan ingilis atı saxlayan adamlar, sahibkarlar kənd atlarına və onların "Atım saatda 90 kilometr sürətlə gedir” – deyən sadəlövh insanlara üstdən aşağı baxır, istehza edirlər. Atlar belə deyil. Ən bahalı ingilis atı ən çolaq kənd atına belə həqarət etməz, onu sevə, onunla cütləşə bilər.

 

"Dişi at erkək eşşəklə sevişir, amma erkək at dişi eşşəklə yox. Niyə?” – müsahibim, atçılıq mütəxəssisi Ramal Nadirdən yarızarafat soruşuram. Özünə çox əmindir Ramal bəy. O da at xəstəsidir, belə deyək... Bədəninin beş yerində qırıq var. Zədə və travmaların isə sayını itirib. Şamaxının Pirqulu kəndindəndir. Ata-babadan at saxlayırlar. Həm kənd, həm yarış atlarını əla tanıyır.

 

 

"Olur-olur” – gözündəki qara eynək atlara heç uyğun gəlməsə də səsindəki əzəmət məni inandırır. Təəccüblənirəm:

 

"Atası eşşək, anası at olana qatır deyirlər, bəs tərsinə olanda nədir?”

 

"O da qatır kimi bir şeydi...”         

 

Ramal jokey də olub, məşqçi də, idmançı da! Üstəlik, nəzəriyyəni yaxşı bilir. Hətta atçılıq haqda kitab da yazıb. Görüşəndə əvvəl-əvvəl ətiacı təsir bağışladı. Bir az da gərgin idi deyəsən. Suallarıma "Necə deyim?”, "Sizi necə başa salım?” cavablarını verdikcə qıcıqlanırdım. Amma məsələdən hali olandan sonra qınamadım Ramalı. Düzdür, o mənə çoxlu-çoxlu tapşırdı ki, yazanda və fotoları verəndə çox ehtiyatlı olum, amma mən bu "senzura”ya əməl etmirəm. Yaxın oturun...

 

Demək, varlı adamlar milyonlarla dollar verib at alır və onu kluba "icarəyə” verir. Bir at il ərzində orta hesabla 50-60 min pul qazanır. Dərhal maaşınızla müqayisə edib nəticə çıxarmayın... Atların xərci də var. Qazancın təxminən 60 faizi sahibkara çatır. Qalanı bölünür: jokeyə, idmançıya, məşqçiyə, xidmətçilərə və s. Ancaq atların yempulu sahibkarın faizinə daxildir.

 

Azərbaycanda yaz və yay fəsillərində ayda 2 dəfə yarışlar təşkil olunur. Atlara pul qoyulur. Əməlli-başlı uduşlar-filan olur. Atlara əsasən varlılar pul qoyurlar və nədənsə bu şakərlərini ictimaiyyətdən gizlədirlər. Görünür iş adamları, xüsusən dövlət məmurları atlarla uğraşacaq qədər varlı olduqlarının gözə girməsini istəmirlər. Amma narahat olmasınlar, dediyim kimi, bu bir azardır və şəxsən mən ata pul xərcləyənləri başa düşürəm.

 

Sahibkarların kaprizi bununla bitmir: onlar ziyarətə icazə versələr də, mətbuatdan zəhlələri gedir. Çünki, atları haqda foto və məlumatların mediada yayılmasını istəmirlər. Bu yarışların nəticəsinə təsir edə bilər. Çünki mütəxəssislər atın fotosundan belə onun imkanlarını təxmin edirlər. Növ və gen qarışığı haqda məlumatlar – yəni pasport göstəriciləri də diaqnoz üçün yetərli. Rəqibə at tanıtmaq olmaz! Bir çoxlarının arqumenti isə lap sadədir: "Atıma göz dəyər!”

 

 

Açığı dəmir barmaqlıqlar arxasındakı bu gözəl yaradılışları görəndə onları dustağa bənzətdim. Sahibkarların qadağası haqda eşidəndə bu təşbehdə yanılmadığım ortaya çıxdı.

 

Qış vaxtı atları gündə bir neçə dəfə havaya çıxarırlar. İri atları içəridə tək-tək saxlayırlar. Amma südəmər dayçalar analarının yanında olur. Poniləri iki-iki saxlamaq olur. Atlara vələmir, ot və yonca yeyirlər. Arpa vermirlər. Çünki arpa atı kökəldir.

 

Atları ziyarətimizdə məni ən çox heyrətləndirən Sezar adlı ingilis yük atı oldu. Atların pasport adları başqa, işlək adları başqadır. Sezarın Tajrudxan adlı özü boyda qardaşı da var. Rəhmətlik atalarının adı Tayfin imiş. Atlar eyni insan kimi böyüdükcə qohumluq hissləri zəifləyir. Sezarın ayaqlarının tükü o qədər çoxdur ki, elə bil trapes şalvar geyinib. Üstəlik saqqallıdır. Saqqallı at ilk dəfə görürdüm. Sezar həm də foto çəkdirə bilir. Samirə xanım (bizim fotoqraf – Ş.A.) fotoaparatı qaldıran kimi başını barmaqlıqların üstündən bayıra atıb hamımızı heyrətləndirir. Az qala dəvə boydadır. Rəngi də qapqara. Onun yanına girəndə vahimələndim bir az. Təkcə qorxudan yox, həm də təəccübdən! Bu boyda da at olar? Yerdən belinə atılmaq mümkün deyil. Amma çox sakitdir. Özünü "gözləmə rejimi”nə qoyub boynunu sallayır. Bizə laqeyddir. Atlar əsasən ayaq üstə yatır. Gah ağırlığını sol, gah da sağ ayaqlarına ataraq dincəlir. Növündən asılı olmayaraq at nadir hallarda yerə yatır. Bu, onun xasiyyəti ilə bağlıdır. Elə at var ömrü boyu yerə yatmır. Köhlən atlar yerə yatmağa "utanırlar”.

 

Amma Sezarı "aktiv rejimə” gətirə bildim. At adi bir hərəkətdən insanın "elmdən hali” olduğunu anlaya bilir. Ramal bəy də təsdiqlədi ki, atlar həqiqətən məni adam yerinə qoyur.                                           

 

Atçılıq dərin elmdir. Üstəlik həyat təcrübəsidir. Gəlin elə burdaca mən çıxım bir siqaret yandırım və sizi Ramal Nadirlə baş-başa buraxım. Çünki onun dediklərini dəfələrlə dinləmişəm:

 

"Azərbaycanda tarix boyu cins atlar yetişdirilib. Azərbaycanda əsasən 2 yerli cins var – Qarabağ və dilbaz (Mütəxəssislər Dilbozu Dilbaz kimi qeyd edirlər indi – red.) Bunlardan başqa hal-hazırda ingilisərəbtürkmənalmanhollandaxaltəkə (türkmən), yorğa və poni cinsləri yetişdirilir.

 

İngilis, ərəb, axaltəkə, Qarabağ və dilbaz atları cıdır yarışlarında istifadə edilir. Həmçinin, Qarabağ və dilbaz atlarından milli atüstü oyunlarda, alman atlarından maneələri dəf etmədə istifadə edilir. Ponilərdən həm dekorativ heyvanlar kimi, həm də azyaşlı uşaqlar üçün əyləncə kimi istifadə olunur...”

 

Bayaqdan gəlmişəm... Sadəcə Ramal bəyin sözünü kəsmək istəmədim. Dünyada aşağı-yuxarı 200 at növü var. Bunların bir çoxu növlərin qarışığından alınan mələz (metis) atlardır. Elə Ramalın özü bu işlə məşğuldur. Bəlkə utanıb deməyə, hətta atların sevişdirilməsində də iştirak edib. Bəli, mən cütləşmə yox sevişmə deyərdim. Düzdü, atlar canavarlar kimi qarşı cinsə sadiq deyil, ancaq hər halda bu görüşlər başqa heyvanlardan daha hissidir.

 

Atları necə görüşdürürlər? Bir atçı dişini, o biri erkəyi tutub yaxınlaşdırır. Qalanını özləri edirlər. Atların "seks”i qısa sürür, amma çox ehtiraslıdır. Cürbəcür səslər də çıxarırlar.

 

"Utanmırsız atlardan?” – ciddiyəm.

 

"Biz mütəxəssisik!” – o da ciddi cavab verir.

 

Kürəyi ən güclü olan at bizim dilbazdır. Müharibə vaxtı Karp dağlarına ən yaxşı yük daşıyan dilbazlar olub. Qarabağ və dilbaz atlarının "inomarka”larla cütləşməsindən unikal atlar alınır. Qəribədir ki, qarışıq qanı olan atlar (yarımqan da deyirlər – Ş.A.) maneələrin üstündən aşmaqda yaxşıdırlar, sürətli qaçmağa təmiz qanlılar daha yaxşıdır.        

 

 

Hə, Ramal bir də onu deyəydi gərək... Atçılıq klublarına film və klip çəkməyə gələnlər də olur. Ramalın özü Aygün Kzımovayla Nmiq Qaraçuxurlunun kliplərinin çəkilişinə kömək edib. Təbii ki, haqqına! Havayı şey var? Toydan milyon qazanırlar. Gülməlisi odur ki, qəhrəmanlıqdan meyxanalar deyən Namiq atlardan qorxurmuş. "Əslində Aygün də qorxurdu... Amma ssenariyə görə ata Aygün yox, Namiq minməli idi... ” – birlikdə olduğumuz iki saat ərzində axır ki, gülümsədi Ramal... "Bir dəfə də Tünzalənin yerinə qadın paltarı geyinib ata minməli idim. İşim çıxdı, alınmadı!”

 

"Arvad paltarında at minmək! Atlardan ayıb deyil?” – sataşıram dostuma

 

"Biz mütəxəssisik!” – yenə ciddiləşir.

 

Səfər boyu RiçardCanpoladSəmərqənd və başqa atlarla əməlli-başlı dərdləşirəm. Samirə xanım da şartaşart çəkir. Bizi məyus edən isə "təqaüdə çıxan” qoca, arıq ərəb atı olur. Hardasa 25 yaşı var. Atlar adətən 30 il yaşayır. Demək, bu atın son illəridir. Amma yiyəsi onu atmır, gənclik xidmətlərinin müqabilində ölümünəcən yemini-yerini verəcək. Necə deyərlər, babat "staj”ı var!                

 

Reportajımız Buzovnadakı klubda başa çatdı. Klubun baxıcısı marağımızı nəzərə alıb iki atı həyətə buraxdı. Amma onların çıxmasına sevinə bilmədik. Çünki içəridəkilər bu "icazəli azadlıq”a gileylə donquldandılar. Bir azdan isə tövləni kişnərti səsləri bürüdü. Atlar söyüş söyürdülər elə bil...

 

"Çölə çıxmaqdan ötrü ölürlər!” – bayaqdan ərəb atı Canpoladla öpüşən, qucaqlaşan Ramal nisgilli səslə dillənir. Sən demə vaxtıyla bu atın jokeyi olub, çox qələbələr qazanıblar birlikdə. At da onu tanıdı. Arada əlinə-ayağına ağız atıb məzələndi də!

 

"Mən Malatyada Sultansuyu deyilən atçılıq ilçəsində olmuşam. Orda atları geniş çəmənliklərdə saxlayırlar” – müdrik poza aldım. Ramal burda da söz altda qalmadı: "Hə. Orda mən də olmuşam! Atınkı çəmənlikdi...”

 

Darvazadan çıxanda arxamızca bir kişnərti də gəlir. Tanıyıram. Canpoladdı. Ramal da təsdiq edir və yavaş səslə pıçıldayır: "Məni çağırır.”

 

Atların maksimal sürəti 70 km/saat imiş. Bunu da Ramaldan öyrəndim Hətta inanmayıb telefonda Google-a da baxdım. Halbuki, mən 90-100 bilirdim...

 

Uşaqlıqda ən uzaq arzularımın ardınca dördnala göndərdiyim atlar necə də yavaş gedirlərmiş...

 

Yolboyu uzun müddət maşını 70-dən artıq sürə bilmirəm...


Şərif Ağayar

 

Fotolar Samirə Həsənovanındır