:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məmməd Səfa: “Teatr məndən ötrü hər zaman bir tapmaca olub”-MÜSAHİBƏ

Font

Modern.az saytının müsahibi Azərbaycan Dövlət "YUĞ” Teatrının aktyoru,  Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfadan müsahibə alıb. Yenizaman.az həmin müsahibəni öz səhifəsində tirajlandırır:

 

-Əvvəlcə, teatr, kino və dublyaj sahəsindəki hazırkı fəaliyyətinizdən danışaq.

-Hər vaxtınız xeyir, "YUĞ” Teatrına xoş gəlmisiz. Bu gün "YUĞ” Kukla Teatrının kiçik səhnəsində bərqərardı, işlərimizi burada davam etdiririk, tamaşalarımızı burada hazırlayırıq. Şəxsən mənim işlədiyim son tamaşa Kamal Abdullanın "Bir, iki bizimki” pyesi əsasında Gümrah Ömərin hazırladığı tamaşadır. İşimizi artıq tamamlamaq üzrəyik, bu yaxınlarda təhvil verəcəyik. Kinoda son işim "Dolu” filmində olub. Ondan sonra heç bir filmdə işləməmişəm. O ki qaldı, dublyaja, artıq uzun illərdi ki, bu işlə məşğul olmuram. Hazırda ümumiyyətlə, televiziyaların əksəriyyətində bu fəaliyyət deyərdim, çox məhdudlaşdırılıb. Mənim digər işim isə Mədəniyyət və  İncəsənət Universitetində pedaqoji fəaliyyətimdir. Mütəmadi olaraq, birinci kursun dərsləri ilə məşğuluq.

- Potensialınıza görə bütün böyük teatrlar sizi öz yaradıcı heyətində görmək istəyərdilər.  Necə oldu ki, tam fərqli estetikası olan "YUĞ”u seçmisiniz?

-Allah rəhmət eləsin, bizim müəllimimiz Vaqif İbrahimoğlu idi. Onu özümə bir nömrəli müəllim hesab edirəm. Uzun müddət bundan əvvəl, hələ "YUĞ” Teatrı yaranmazdan əvvəl onunla birlikdə işləmişik. Tale elə gətirdi ki, Akademik Milli Dram Teatrının nəzdində teatr studiyası, daha sonra isə "YUĞ” Teatrı  yaradıldı. Allah Həsənağa Turabova rəhmət eləsin, onun da bu işdə çox böyük əməyi olub. Beləcə, biz həmişə müəllimimizin yanında olduq, fəaliyyətimizi orada davam etdirdik.

Mənim bütöv Azərbaycan teatr məktəbinə çox böyük sayğım var. Çünki burada gözəl sənətkarlarımız çalışıb, ömürlərini teatra həsr ediblər. Bu şərəfli işlə məşğul olan hər kəsi- istər yaşlı, istər orta, istərsə də, gənc nəsli alqışlamaq lazımdır.

 

-Yuğçuluq fəlsəfəsi, estetikası Azərbaycan teatr məkanına yenilik, fərqlilik gətirdi. Bu estetikanın əsas mahiyyəti nədir?

-Teatr fərdi yanaşma tələb edən bir sənətdir. Ümumiyyətlə, aktyor peşəsinin özü daha çox fərdiliyə söykənir. Hesab edirəm ki, "YUĞ”un fəlsəfəsində də fərdilik var, məsələyə fərqli baxış bucağından söykənmək var. Bilirsiz, Vaqif İbrahimoğlu rejissor olmaqdan öncə böyük  fikir adamı, savadlı bir tərcüməçi, filosof idi. Çox qəribə düşüncə tərzi, fərqli dünyagörüşü  vardı. Bu xüsusiyyətinə görə, tamaşaya tətbiq edəcəyi variantları heç cürə müəyyən etmək olmurdu. Hər yeni işdə müəllim gəlib elə bir variantı ortaya qoyurdu ki, o zaman həqiqi rejissor düşüncəsini görmək olurdu. Sənin görmədiyini görmək, məsələni fərqli müstəvidən anlaya bilmək kimi xüsusiyyətlər müəllimdə çox güclü idi. Bu xüsusiyyətin özü şəxsən mənim üçün çox maraqlı olub. "YUĞ” Teatrı hazırda bu mənada həmin illərdən bu günə qədər bu xüsusiyyətə görə önəmli fakta çevrilib. Vaqif müəllimlə işləmək həm asan, həm də çox çətin idi. Asan idi ona görə ki, mən müəllimi bir baxışından, bir düşüncəsindən, sözü demək tərzindən, intonasiyasından o dəqiqə anlayırdım. Çətin idi ona görə ki, hər dəfə müəyyən tərəddüd qarşısında qalırdım ki, görəsən, onun dediyini düzmü edirəm? Çox mürəkkəb insan idi. Mürəkkəb insanla da işləmək həm maraqlı, həm də çətin olur. Bu mənada "YUĞ” mənim üçün hər zaman maraqlı məkan olub. Həm də ona görə maraqlı idi ki, Vaqif müəllim açıq sistemdə işləməyi təlqin edirdi. Bu cür işləmək heç də asan deyil. Tamaşaçıynan üz-üzə, göz-gözə gəlib onunla tandem, ünsiyyət qurmağı bacarmalısan. Əlavə olaraq, həm məkanı duymaq, həm də özünü orada tapmalısan. Bu zaman yaradıcılıqla bağlı önəmli sayrışmalar baş verir. Odur ki, "YUĞ” və onun səhnəsi mənim üçün hər zaman həqiqətən də real, hazırda baş verən bir kino olub.

-V.İbrahimoğlu "YUĞ” un proqramı kimi psixosof poetikasını irəli sürmüşdü. Bu poetikaya alışmaq nə dərəcədə çətin oldu?

-Teatr məndən ötrü hər zaman bir tapmaca, bir sirr  olub. Sirri açmaq, tapmacanın cavabını tapmaq heç zaman asanlıqla başa gəlməyib.Günü bu gün də məndən ötrü belədir. Ən çətini də odur ki, bu tapmacanı, sirri sənin qarşına həqiqətən sirlərlə dolu olan, düşüncəsində milyonlarla variant yatan bir insan qoysun. Hər bir teatrın özünün poetikası, fərqli təqdimetmə forması, ünsiyyət prinsipləri, auditoriyası var. Bilirsiz, mənim üçün dediyimiz psixosof poetikası  gözə görünməyən sirlərlə dolu bir iş prinsipidir. Teatr anlayışını bu formada qəbul etmək, bu formada təqdim etmək çox çətindi. Bəzən, Vaqif müəllimin özü ilə də müzakirələrimiz olurdu. Hər dəfə məndən bəzi şeyləri tələb edirdi. Soruşurdu ki, sən niyə burada bunu etmədin. Deyirdim ki, Vaqif müəllim, mən nəyi necə düşünürəmsə, necə anlayıramsa, onu eləcə realizə edib, ortaya qoya bilirəm. Anlamadığım bir məsələni ortalığa qoya bilmirəm. Bu məndən asılı deyil. Bunu elə-belədən demədim, Vaqif müəllimin psixosof poetikası da mənim üçün hər zaman sirr olub. Bu sirr indi də məndən ötrü davam edir.

-Vaqif İbrahimoğlunun özündə birləşdirdiyi Şərq müdrikliyi ilə Qərb praqmatizmi "YUĞ”un poetikasına da yansıdı. Bu gün siz və başqa yuğçular bu iki dünyagörüşü özünüzdə nə dərəcədə sintez edə bilirsiniz?

-"YUĞ” Teatrı təkcə Məmməd Səfadan ibarət deyil. Bu gün burada Fərhad İsrafilov, Gülzar Qurbanova, Qasım Nağı, Natəvan xanım, Yaqut Paşazadə, adlarını çəkmədiyim digər əməkdaşlar müəllimin ortaya atdığı məsələləri həzmi-rabedən keçirib özününküləşdiriblər. Şəxsən mən Fərhad İsrafilovu Azərbaycan teatr və kino sənətinin ən güclü nümayəndələrindən biri kimi qəbul edirəm. Hesab etmirəm ki, bu uğur Fərhad müəllimin Moskvada təhsil alıb gəldiyi illərin bəhrəsidir. Təbii ki, bünövrə üçün bunun da müəyyən xidməti var. Amma Fərhadın bu gün özünü bu dərəcədə realizə etməsində Vaqif İbrahimoğlu məktəbinin, "YUĞ" poetikasının çox böyük rolu var. Bu gün "YUĞ”un əksər əməkdaşlarının simasında bunu  görmək olar.

-Sizin tamaşaların böyük əksəriyyəti irfani qatlardan ibarətdir. Bu mürəkkəb və çoxşaxəli düşüncə prinsipi, fərqli yanaşmanın qəlizliyi  tamaşaçılarda  qeyri-müəyyənlik, anlaşılmazlıq yaratmaq gücündədir. Bu tendensiya tamaşaçıları  həmin tamaşadan soyutmaz? 

 

-Buna çox təbii hal kimi baxıram. Əvvəlcə deyim ki, hər teatrın öz tamaşaçısı var. Əgər tamaşaçı həmin teatrı hiss edirsə, onun poetikasında özünü görürsə, onu tamaşadan uzaqlaşdırmaq mümkün deyil. Amma bir məsələ də var ki, hamı hər şeyi anlaya bilməz. Burada zövq məsələsi də var. Hansısa tamaşa zövqümə görə olar, onu dəfələrlə izləyə bilərəm. Bir başqasını isə anlamaya da bilərəm. Buna mürəkkəb məsələ kimi baxmaq olmaz. Bu,  təbii prosesdir.

"YUĞ”un poetikasında əlbəttə ki, irfani qat var. "YUĞ" fəlsəfəsinin tarixi kökləri görün haralara gedib çıxır. 2-3 min əvvəlki sivilizasiyanın düşüncəsində bu xətt olub. Dediyiniz irfani xətt elə teatrın adından gəlir. Bizim tamaşaların da əksəriyyətində irfani xətt var. 

-Uzun illərdi ki, pedaqoqsuz, bu gün Azərbaycanda kino və teatr əksəriyyət tərəfindən tənqid edilir.  Aşırı dərəcədə olan mənfi münasibət gənc aktyorların psixikasına mənfi təsir etməzmi?  

-Birbaşa cavab verim- əgər eləyəcəksə, deməli, etməlidir. O gənc tələbəni bu cür məsələlərlə çox asanlıqla peşəsindən soyutmaq, sənətdən uzaqlaşdırmaq mümkündürsə, qoy elə bəri başdan bu  baş versin və o, çıxıb getsin. Aktyor sənəti amansız və mürəkkəbdi. Ola bilər ki, hər hansı birimiz bu peşəyə gələk, Allah bizə istedad və müəyyən imkanlar versin, amma peşə bəxti bəxş etməsin. Ömrünü qoya bilərsən, həyatın hədər gedər və geriyə baxanda ortalıqda heç nə görə bilməzsən. Ona görə də aktyorluq amansız peşədi. Heç kim də bu problemdən sığortalanmayıb. Aktyor sənəti həm də bəxt, tale, qismətdi. Bu yolda o qədər problemlər baş verib və  verəcək ki... Sualınıza qayıdaraq, deyirəm ki, dediyiniz amillər gənc aktyora mənfi təsir edəcəksə, bu onun öz problemidir. Rəsul Rzanın bir şeiri var, deyir, həyat daranmış saç kimi hamar olsaydı, yaşamağa nə vardı ki.. 

-Böyük mədəniyətə malik olan Azərbaycan cəmiyyətində hazırda mədəniyyətin dərkinin zəif olması aktyora nə dərəcədə mənfi təsir göstərər?

-Mənə belə gəlir ki, haradasa öz təsirini göstərəcək. Ona görə də hər şeyi teatrın və aktyorların üzərinə yükləmək doğru olmazdı. Hər halda, mən çox istərdim ki, tamaşaçı ilə ifaçı arasında bir gözəgörünməz bağlılıq və anlaşma yaranaydı. Belə olan halda, tamaşaçı özünü aktyorda, aktyor özünü tamaşaçıda tapa bilərdi.

 

-Düşünürəm ki, bu gün Məmməd Səfanı yaratdığı digər rollarla deyil, "Dolu”dakı komandir obrazı ilə daha çox tanıyırlar...

-...Bu bəlkə də, oradan irəli gəlir ki, "Dolu” həddindən artıq çox nümayiş etdirilib. Həm də, hesab etmirəm ki, bizim indiki gənclik məni ancaq o filmdəki komandir kimi tanıyır. Digər filmlərə də baxıb və tanıyırlar. Düşünmürəm ki, bugünkü gənclərimiz hazırlıqsız və istedadsızdılar. Bunun bariz nümunəsi bizim universitetimizdə təhsil alan birinci kurs tələbələridir. Gəlin bizim universitetimizə dərslərdə oturun və görün onlar necə danışır, necə fikir yürüdür və necə işləyirlər. Hazırlıqsız fərdlər var, hamı haqqındasa bunu demək olmaz.

-Təbii ki, sizin kino fəaliyyətiniz "Dolu”dakı komandirdən ibarət deyil. Ancaq könül istərdi ki, sizi toplumun içində görəndə  həm də İblis obrazının mükəmməl ifaçısı kimi də tanısınlar.

-...Haqlısınız. Burada da bir məntiq var. 

-Azərbaycan teatr sənəti bu gün özünüaxtarış mərhələsindədir. Bütün teatr xadimlərinə, bu sənətə xidmət edən şəxslərə nə sözünüz, arzunuz var?

-Bu xalq həqiqətən də istedadlıdı. Deməzdim ki, hər şey gedənlərlə bitdi. Buyurun, gedin, izləyin. Bir çox teatrlarda, hətta əyalət teatrlarında  bizim gözəl aktyorlarımız var. Təhsil sistemində olduğum üçün deyə bilərəm ki, indiki gənclərimiz arasında da kifayət qədər istedadı olanlar var. Amma onlara kinoda, teatrda elə bir şans yaransın ki, özlərini realizə edə bilsinlər. Bu da bir bəxtdi, taledi. Hər bir aktyorun qismətində olmur. Allah elə eləsin ki, özünü təsdiq etmək bacarığı hər bir aktyorun qismətində olsun.