:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nigar Yaqublu: “Hələ valideyn olmağa tələsmirik" - MÜSAHİBƏ

Font

2016-cı ilin avqust ayında həbsdə olan jurnalist Seymur Həzi ilə müsavatçı fəal Nigar Yaqublu  17 saylı cəzaçəkmə müəssisəsində nikah bağlayıblar. Qeyri-adi formada gerçəkləşən nikah mərasimi maraqlı görüntülərlə yadda qalıb.

 

Modern.az saytı bəzi suallara cavab almaq üçün Nigar Həzidən (Yaqublu) qısa müsahibə alıb.

 

-Müsavat Partiyasının üzvü, gənc siyasətçisiniz. Bilmək olarmı, hazırda nə işlə məşğulsunuz?

 

- Hazırda hər həftə həbsxanaya getməklə məşğulam. Heç yerdə işləmirəm. Ancaq siyasi fəaliyyətimi davam etdirirəm.

 

-Ümumiyyətlə, işlə bağlı müraciət etdiyiniz ünvanlar olubmu? Yaxud da əksinə, hansısa bir qurumdan, şirkətdən işləmək barədə təklif almısınızmı?


-İşlə bağlı müraciət etdiyim yerlər məni işə götürməkdən boyun qaçırıblar. Ancaq heç bir yerdən də iş təklifi almamışam.

 

-Ötən ilin avqust  ayında Seymur Həzi ilə qeyri-adi nikah mərasiminiz oldu. Təəssüf  ki, bu qeyri-adilik həbsxanada gerçəkləşdi. Bəziləri elə başa düşür ki, Seymur bəy həbsxanada olduğundan bu evlilik ancaq kağız üzərindədir...

-Əlbəttə belə deyil. Hər cütlük kimi biz də evləndik. Düzdür, bizim evliyimiz zamanı şərait və məkan fərqli idi. Ancaq bu o demək deyil ki, bizim evliliyimiz  kağız üzərindədir. Sadəcə, o, həbsdədir, mən isə azadlıqda. Fərq yalnız budur.

 

-İki sevən insanın bir-birindən ayrı qalması daha çətindir. Sizin evliliyiniz sevgi üzərində qurulub. Hər dəfə görüşüb ayrılanda Seymur bəy sizə önəmli olan hansı sözü deyir? Çünki görüşdüyünüz məkan elə bir yerdir ki, ayrılandan sonra o, yenə də həbsxana divarları arasına qayıdır, siz isə azadlığa çıxırsınız.

 

-Əlbəttə, heç kəs istəməz ki, sevdiyi insandan ayrı qalsın. Ancaq biz bu məhrumiyyətlərin olduğunu bilə-bilə evləndik. Sözsüz ki, hər görüşdən sonra adam görüşün bitməsini istəmir. O isə hər dəfə mənə, məni çox sevdiyini və hər şeyin yaxşı olacağını deyir.

 

-Nigar xanım, Allah sizin hər ikinizi tezliklə azadlıqda qovuşdursun. Hər birimizin sevdiyimiz var. Ayrı qalmağı heç birimiz  istəmirik. Siz bu mənada həm də güclü xanımsız.  Bəziləri sevgini pulda, var-dövlətdə görür...

-Məncə, pul da, var-dövlət də önəmli deyil. Əgər insan sevirsə, bununla da hər şey bitir. Əsas sevdiyin insanın yanında olmasıdır. Gerisi boş şeylərdir. İnsan onlarsız da xoşbəxt ola bilər. Məsələn, bizim nə pulumuz var, nə də var dövlətimiz. Bu durumda belə, xoşbəxtik.

 

- Adətən sevginin bəhrəsi olan övlad dünyaya gələndə sevginin əhatə dairəsi daha da böyüyür. Bu mənada, yaxın vaxtlarda sizin ata-ana olmağınız mümkündürmü?

-Bir müddət bu barədə düşünmürük.

 

-Mənə bir sual da maraqlıdır. Çətin də olsa, soruşacam. Sizin bu cür sevginizə həsəd aparanlar varmı? O mənada ki, həyat yoldaşınız həbsxanada, siz isə azadlıqdasız.

-Düzü, bunu bilmirəm. Bəlkə də, sevib qovuşa bilməyənlər, evlənmələrinə süni maneələr olanlar ola bilər.