:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Atam belə deyərdi... - Azər Qaraçənli

Font

Yenizaman.az Azər Qaraçənlinin "Atam belə deyərdi" essesini təqdim edir:

 

Biz yaxşılıq üçün yaranmışıq

 

Atam deyərdi, bizə pislik eləmək düşmür.

 

Mən buna inanıram, özü də get-gedə lap çox inanıram.

 

Yaxşılıq üçün yaranmışıq biz.

 

Atam deyərdi, çalış yaxşılıq elə.

 

Səbir

 

Atam deyərdi, səbirdən keçmə.

 

Səbir gələndə həmişə ayağını saxlayardı, yolunu dəyişərdi.

 

Bizdə tək səbir, cüt səbir məsələsi yoxudu. Mən bunu – tək səbirlə cüt səbiri ayırmağı başqa adamlarda, başqa ailələrdə gördüm. Atam deyərdi, bizdən ötrü bunun fərqi yoxdu.

 

"Səbir möcüzədi” atam deyərdi, "Min dəfə sınamışıq” deyərdi.

 

Görməyən inanmaz

 

"Görməyən inanmaz” – nəyəsə təəccüblənəndə, heyrətlənəndə, inandırmaq istəyəndə atam belə deyərdi.

 

Atam bizə belə deyərdi

 

"Qurban olsun ata sənə, heç dəyməsin xata sənə”. Atam bizə belə deyərdi.

 

Bir də atam deyərdi:

 

"Can, balalarım, fağırsınız”.

 

"Can, balalarım, o qədər halalsınız ki...”

 

"Ata” – mənə, bir də qardaşlarıma belə deyərdi.

 

"Anam” – bacılarıma deyərdi.

 

"Sənə qurban olum”, "Səni verənə qurban olum” – hamımıza deyərdi.

 

"Uy, sənə qurban olum” – qəfil sevinəndə bizə deyərdi.

 

"Yeyin, yeyən ağzınıza qurban olum” – bizi dolu süfrə arxasında görəndə belə deyərdi.

 

"Şərikimə şükür” – atamızın hansısa əşyasına biz şərik çıxanda belə deyərdi.

 

"Qeyrət” – mənə belə deyərdi.

 

"Anam Sayalı”, "Anam Narıngül” – bacılarıma deyərdi.

 

"Anama qurban olum” – nənəmin sağlığında deyərdi. Atam nənəmdən ilyarım sonra dünyadan köçdü.

 

"Can, Bilal”, "Can, Əhməd əmi”, "Can, Heydər əmi” – dünyadan köçmüş əmilərini xatırlayanda deyərdi.

 

"Can, Hidayət əmi” – sağ qalan əmilərindən ən keşməkeşli taleyi olan Hidayət əmidən söz düşəndə belə deyərdi.

 

"Can, dədə”, "Yazıq dədəm”, "Dədəm” – babamdan söz düşəndə deyərdi. Atam 23 yaşı olanda atasını itirib. Biz Əliqəmə babamızı görməmişik.

 

"Can, mama”. Atam anasına "mama” deyərdi. Atam ən çox, bəlkə hamıdan çox anasını istəyirdi. 2006-cı ildə nənəmizi itirəndə ağlımıza da gəlməzdi ki, 2007-ci ildə atamızı itirəcəyik.

 

"Can, ata”. İndi hər dəfə atam yadıma düşəndə ürəyimdə belə deyirəm.

 

***

 

"Atasız günlər üçün darıxacaqsınız. O qədər bu yollara baxıb deyəcəksiniz, ey... ata...” Bir gün bu dünyada olmayacağını dərk elətdirmək istəyəndə deyərdi. "Qədrimi öləndən sonra biləcəksiniz” deyərdi.

 

"Çiynində qəbirə gedim” – Fəxriyə, Oqtaya, mənə belə deyərdi.

 

Atam bizim çiynimizdə qəbirə getdi. Bizə deyirdilər ki, atanız xoşbəxtdi, oğullarının çiynində getdi. Fikirləşirəm bəlkə də düz deyirlər. Atamızın son anda nə düşündüyünü bilmirik. O, qəfildən öldü. Danışdı, dedi, güldü, getdi yatdı, durmadı. Ancaq bəlkə də keçindiyi anda hiss eləyib ki, keçinir. Və o anda inanıram ki, bizim çiynimizdə qəbirə gedəcəyini düşünübsə, sevinib. "Çiyninizdə qəbrə gedim” deyəndə, o elə bunu sevinclə deyirdi. O mənzərə – cənazəsinin bizim çiynimizdə getməyi – atam üçün xoş mənzərəydi.

 

Amma atam bizdən çox nigaran getdi, çox.

 

"Nigaran gedirəm” – bunu deyərdi, amma bizim ağlımıza gəlməzdi ki, o, doğrudan da gedir. Belə yaşda, 67 yaşda, elə bir xəstəliyi olmaya-olmaya, ayaq üstə, deyə-deyə, gülə-gülə...