:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Alim Qasımovun əvəzinə toylara məni aparırdılar" - xalq artisti

Font

ARB TV-nin "Gəlin Danışaq" verilişinin budəfəki qonağı xalq artisti Zabit Nəbizadə olub.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı gənc vaxtlarında səsinin xalq artisti Alim Qasımovun səsinə çox bənzədiyini bildirib.

O, Alim Qasımovun onu dinləməsiylə bağlı maraqlı əhvalat danışıb:

"Alim Qasımov məni ilk dəfə 1990-cı ildə filarmoniyada Şamaxı aşıqları və xanəndələrinin konsertində dinləmişdi. Gəlib mənə dedilər ki, Alim Qasımov zaldadır. Heç nə söyləmədim. Başqası gəlib dedi ki, onun "Cahargah" muğamını oxuyacaqsan, əsəbiləşəcək. Mən də hirsləndim ki, nə olsun axı. Elə oxuyaram, o, mənim arxamca adam göndərər ki, bu kimdir. Mənim içimdə bu var idi. Oxuyub səhnədən çıxanda bir yoldaş gəlib dedi ki, qadanı alım sən haralısan? Dedim ki, şamaxılı. Gülərək söylədi ki, biz də şamaxılıyıq, hansı kəndindənsən? Cavab verdim ki, Şıxsəli kəndindən. Sonra dedi ki, Alim müəllim səni çağırır. Alim Qasımovun yanında oturanda soruşdu ki, hardan öyrənmisən bu mahnını? Dedim ki, kasetdən. Bir iradı oldu ki, sözlərini səhv deyirsən. Söylədim ki, tələbəniz olaram düzəldərik. Amma dərs prosesində heç vaxt mənə demədi ki, buranı belə oxu, oranı elə. Mənə deyirdi ki, maşallah sən hər şeyi bilirsən".

Z.Nəbizadə toylara dəvət olunduğunu və səsinin Alim Qasımovun səsinə bənzəməsinin böyük rol oynadığını bildirib:

"Birinci kursda ən çox Nardaran kəndinə mən toylara getdim. Hacıbaba müəllim mənə dedi ki, oğlum, əgər birinci kurs tələbəsi olaraq, mənimlə birlikdə camaat səni Nardarana toya aparırsa, sən tələbə deyilsən, sən elə xanəndəsən. Məni tələbə kimi aparmırdılar, xanəndə kimi aparırdılar. Bunun da səbəbini belə eşitmişdim ki, o vaxtlar Alim müəllim toylara getmədiyi üçün Bakı kəndləri məni onun əvəzinə dəvət edirmiş".

Muğam ifaçısı 4 dəfə əməliyyat olunmasından danışıb:

"Əslində böyük bir problem yox idi. Sadəcə olaraq diaqnoz qoya bilmirdilər. Sağalandan sonra bildim ki, boş yerə 8-9 ay xəstəxana da qalıb, heç nədən 4 dəfə əməliyyat olunmuşam. İndi çox dəb halına düşmüş bel yırtığından əziyyət çəkirdim".