:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fermer qadın: “Özümü kişi hünərli sayıram” - LAYİHƏ

Font

Özünü kişi hünərli qadın sayır. Deyir, bir qadın halal zəhmətlə çörək qazanır, özünə dolanışıq düzəldirsə, işindən utanmamalıdır. Beləcə Salyan rayonunun Şorsulu kəndində fermer təsərrüfatı ilə məşğul olan Gülnaz Quliyeva ilə söhbətləşirik. 


O sözünə davam edir: "Bəzi insanlar fermerliyin kişi işi olduğunu deyirlər. Mən bu deyimi qəbul etmirəm. Çünki biz qadınlar zəif yox, zərifik... Bütün çətinliklərin öhdəsindən gələ bilərik. Elə buna görə də, özümü kişi hünərli qadın hesab edirəm”. 


Qəhrəmanımızla Şorsulu kəndindən kənarda yerləşən fermer təsərrüfatına yollandıq. Yağan yağışlar yolları bir az da çətinləşdirmişdi. Körpünün üstündə maşın o tərəf, bu tərəfə sürüşə-sürüşə axır ki, bizi Gülnaz Quliyevanın fermer təsərrüfatına gətirib çıxardı. İtlər də himə bəndmiş, yad adamı görən kimi üstümüzə hücum çəkdilər. Gülnaz xanım itləri sakitləşdirdi. Dedi ki, heyvandarlıqda itsiz mümkün deyil. Təsərrüfat sahəsinə yad adam ayaq basan kimi hücuma keçirlər...


-Sizin sahəyə tez-tez gələn olur?


-Yox, az olur. İtlərin qorxusundan kənd əhlindən kimsə əraziyə girmir. Yad adama itlər imkan vermir (gülür)...


Süpürgə, briqadır, texnika...


Gülnaz Quliyeva Şorsulu kəndində anadan olub. Salyanda vaxtilə Kənd Təsərrüfat Texnikumunda təhsil alıb. 


Həmsöhbətim qadın olasa da, həyatda bütün çətinliklərə təkbaşına tablayıb, uğurlara öz zəhməti hesabına nail olub: "Torpaq becərməyə, heyvan saxlamağa həmişə maraq göstərmişəm. Ailədə 10 uşaq olmuşuq. Kasıblıqla, çətinliklə böyümüşük. Yadımdadır, mən uşaq olanda atamın zülmlə qazandığı çörək pulundan anam götürüb süpürgə aldı. Bu, mənə pis təsir etdi. Öz-özümə düşündüm ki, niyə çöldə bitən süpürgəyə pul verməliyik? Gedib, düzəngahdan süpürgə yığdım. Yay günü olduğudan evdəkilər məni axtarıblar ki, bu istidə Gülnaz hara gedib? 


Həmin vaxt əlimdə süpürgə evə gəldim, anama dedim ki, daha evmizdəki çörəkpulunu süpürgəyə vermə. Onları sənin üçün mən yığaram. Həmin vaxtdan çöl işlərinə maraq göstərdim”.


Gülnaz Quliyeva kənd təsərrüfatı üzrə briqadır olmaq istəyib. Arzusuna çatıb da. Sonra kolxoz sistemi dağılıb. Amma o, 20 ilə yaxındır təsərrüfatla məşğuldur: "O vaxt kolxoz dövrü idi, pambıq əkilirdi, biz də gedib pambıq yığırdıq. Hər dəfə özüm-özümə deyirdim ki, görəsən, nə vaxtsa briqadır ola bilərəm? Briqadırın qeyd dəftərindən məndə də olacaq? Öhdəmə texnika veriləcək? Qismət belə gətirdi, 1990-ci illərdə özümə motosiklet aldım. Tarlalarda briqadır yanında işləməyə başladım, birqadır oldum. Kolxoz dağılandan sonra hər kəsə bölünüb torpaq verildi və hərə öz istədiyini əkdi. Mən də fermer təsərrüfatı yaratdım və pambıqçılıq ilə məşğul olmağa başladım”.


Texnika, torpaq həvəskarı olan fermer deyir ki, hər il 20 hektara yaxın pambıq sahəsi əkir: "Mənim payıma düşən torpaq boş çölləmə idi. Qabar əllərimlə həmin sahələrə pambıq, ətrafına ağac əkdim. Hər il 15-20 hektar pambıq əkirəm. İşçilərimlə birlikdə pambıq yığımına çıxırıq. Hava yağışsız olanda günün sonuna kimi 1 tondan çox pambıq yığmaq olur. Gün olub, təkbaşıma 200 kilo pambıq yığmışam. Əllərimin qabarından utanmıram. Bu, zəhmətkeş əlləridir”.

 

"Məni zəncirlə şəhərə bağlasalar...”


Fermer qadın bu il təsərrüfat sahəsinə 9 hektar arpa, 8 hektar buğda, 8 hektar yonca, 20 hektar da pambıq əkib. 


Həmsöhbətim heç vaxt şəhərdə yaşamaq arzusuna düşməyib: "Mən torpağa bağlı adamam. Şəhərə gedib, 2-3 gün qalanda elə bilirəm, havam çatmır. Torpaqsız yaşaya bilmərəm. Məni zəncirlə şəhərə bağlasalar da qala bilmərəm. Həyatımı, yaşayışımı torpaq üstə öz əllərimlə qurmuşam. Burdan getsəm, elə bilərəm, balamı qoyub gedirəm...”


Həmsöhbətim deyir ki, pambıq əl əməyini sevir. Toxumu 20 günün içində becərməlisən. Vaxtında becərilməsə, məhsul tamamilə məhv olacaq: "Pambıq bitkisindən yaxşı məhsul almaq üçün onun şumu vaxtında və keyfiyyətlə aparılmalıdır. Torpağı  şumlamaq üçün traktor, malaçəkən maşınım var. Hər il dekabrın 20-nə kimi torpağı şumlayıb, başa çatdırırıq. Şumun altına 5 tondan çox üzvü gübrə – peyin verilməlidir. Əvvəllər toxumu martın axırında səpirdik. Son illər aprelin 25-dən may ayının əvvəlinə kimi əkini başa çatdırırıq. Pambığı 120-130 günə yetişdirməlisən. Yetişməsə məhsul məhv ola bilər”.


Gülnaz Quliyeva əkinçilikdən əlavə maldarlıqla da məşğuldur: "İnsan çəkdiyi zəhmətin bəhrəsini mütləq görür. Bərəkət həm torpaqdadır, həm də zəhmətdə...” 


Öz işindən zövq aldığını söyləyən Gülnaz Quliyevanın sözlərinə görə, mal-qara saxlamağın, torpaqda çalışmağın öz gözəlliyi var: "Təsərrüfat çox yaxşı sahədir. Həm də gəlirlidir. Ətimiz, pendirimiz, yağımız, hamısı təbii məhsuldan olur. Mənim süni qidalara pul verib aldığım yadıma gəlmir. Amma bu həyatın əsasında zəhmət dayanır”.


Fermer qadın deyir ki, havanın necə olmasına baxmayaraq hər gün səhər mal-qaraya, quşlara yemi-suyu özü verir: "Hər gün səhər saat 6-da yuxudan oyanıram. Quşalara, qoyunlara, inəklərə baxıram, sularını, yemlərini verirəm. Sonra sahəyə gedirəm”.


Gülnaz Quliyeva fermer qadınların çətinliklərindən də danışdı. Dedi ki, şəraitdən tam razı deyil: "Qış ayarında soyuq havada heyvanları saxlamaq çətin olur. Bunun üçün qadın fermerlərə dövlət tərəfindən köməklik gəlsə, öz şəraitimizi daha yaxşı qurarıq. Məhsuldarlıq da artar, təsərrüfat da böyüyər. Bu isə təkcə bir ailəyə yox, bütün ölkəyə faydalıdır”.

 

Qeyd: Layihə Qadın Konsensus Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Fermer təsərrüfatlarından reportajlar "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihə çərçivəsində hazırlanır.


Layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrinin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılmasına diqqət ayrılır.


İlhamə ƏBÜLFƏT