:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Salam Sarvan ittihamlara cavab verdi: “Bu məni həmişə narahat edir...” - MÜSAHİBƏ

Font

Tanınmış şair Salam Sarvan uzun müddətdir feysbukda yazdığı statuslar, mətbuata verdiyi açıqlamalarla gündəmə gəlir. Onun son günlər sosial şəbəkədə yazdığı "Bu mental köpəklər, bu qurd köpəklər, Bu Turan köpəklər, bozqurd köpəklər...” statusu millətçi kəsimin qəzəbinə səbəb olub.

 

Teleqraf.com məsələyə aydınlıq gətirmək üçün şairin özünə üz tutub.

 

– Salam bəy, gəlin yazdığınız stausları silməyinizdən başlayaq. Niyə yazmışdınız, niyə sildiniz?

 

– Çünki məsələni başqa istiqamətə yönəltmək istədiklərini gördüm. Belə rəy yaratmaq istəyirlər ki, guya mən milləti, ya da bütün turançıları təhqir etmişəm. Əslində, elə deyildi. Sadəcə, turançı adı altında gizlənən bəzi şəxsi mənafeçilər və onların ifrat pafosu məni həmişə narahat edib. Yəni aydındır ki, bütün bozqurdçuları, turançıları nəzərdə tutmamışam, belə şey ola bilməzdi.

 

– Bütün bunları Avropadan sığınacaq almaq üçün etdiyinizi yazanlar var...

 

– Cəfəngiyatdır. Heç yerə getmək fikrim yoxdur. O iki misralıq ötəri bir münasibətin nə çəkisi var ki, ona görə sığınacaq verələr. Həm də Azərbaycandan getmək kimi bir arzum yoxdu.

 

– Salam bəy, sizə elə gəlmirmi ki, uzun illər yazdığı şeirlərlə, publisistik yazılarla gündəmə gələn ciddi qələm adamının belə qalmaqallara düşməsi onun sanbalı ilə üst üstə düşmür...

 

– Mən təbiətcə qalmaqal adamı deyiləm, əksinə, yorur məni belə şeylər.

 

– Bəs niyə son vaxtlar həmişə qalmaqala düşürsünüz?

 

– Çox hallarda fikirlərimin adekvat qəbul olunmamasından.

 

– Ümumiyyətlə, türkçülük, turançılıq ideologiyalarına səmimi münasibətiniz necədir?

 

– Müsbət.

 

– Mümkünsə, səmimiyyətinə inanmadığınız bir saxta türkçünün, turançının adını çəkə bilərsinizmi?

 

– Ad çəkib təzədən qalmaqala düşmək istəmirəm.

 

– Açığı, bir müddət yazdığınız statuslarda qəzəbin səbəbi kimi işsizliyi, sosial çətinliyi görürdük. İndi işiniz də var. Bildiyim qədər həyat şəraitiniz o qədər də çətin deyil. Amma daxili narahatlığınız ötüb keçmir. Bəzən deyirlər müəyyən yaşdan sonra adam təmkinini qoruyub-saxlamalıdır...

 

– Elə bu aralar təmkinimi qoruyub-saxlamaqla məşğulam.

 

– Bu atışmalardan sonra oxuculara demək istədiyiniz söz varmı?..

 

– Hamıya salam və sevgi.

 

Mövlud Mövlud