:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məktəbdən qaçan, yalnız arvadını çəkən, 50 adamın dəfn etdiyi DAHİ RƏSSAM

Font

1874-cü ildə Parisdə böyük bir rəsm sərgisi keçirildi, burada 30 rəssamın 165 əsəri nümayiş olunmalı idi.Tənqidçi və tamaşaçılar sərgini rəğbətlə qarşılamadılar, tədbirdən sonra tənqidçi Lui Lerua belə bir  fikir səsləndirdi: " Mən orda təəssüratdan başqa heç nə görmədim". Bu sözlər daha çox Klod  Monenin"Təəssürat. Günəşin doğuşu" əsərinə  aid idi.


Rəssamlıqda impressionizm cərəyanı belə yarandı-KlodMonenin təəssüratlarını kətana köçürdüyü ilk əsərinin tənqid olunması ilə...Ona görə də bu cərəyanın yaradılması Monenin adı ilə bağlıdır.


Klod Mone özü də bilmədən rəngkarlıqda ön  sıralarda gedən və arxasınca böyük bir rəssam axını aparan, həmişə nəhəng tamaşaçı kütləsinin marağına səbəb olan cərəyanın əsasını qoymuşdu: İmpressionizm. Bu sözün hərfi mənası elə "təəssürat” deməkdir.


İmpressionist rəssamlar yalnız öz təəssüratlarını çəkirdilər, bu, yüngül  və rahat qavranıla biləcək, fəlsəfədən və psixologiyadan uzaq sənət cərəyanı idi. 


Mone1840-cı ildə Parisdə doğulub, uşaqlığı kiçik Qavr şəhərciyində keçib. Hələ kiçik yaşlarından hamı kimi, ümumi qaydalara uyğun yaşamaq istəmirdi. Məktəbi sevmirdi, təbiətlə təmasa daha çox can atırdı və tez-tez dərsdən qaçırdı. Məktəbdə olduğu zamanlarda isə dərs oxumur, fürsətdən istifadə edib müəllimlərinin karikaturalarını çəkirdi... Onun bu əyləncəli vərdişi yoldaşlarının xoşuna gəlirdi.


On beş yaşı olanda artıq o öz karikaturaları ilə məşhur idi, insanlardan gülməli portret sifarişi alırdı. Klod karikaturaları 20 franka çəkirdi. O, həyatından və gördüyü işdən razı idi, elə ömrünün sonunadək  karikatura çəkərək həm maddi, həm də mənəvi ehtiyaclarını ödəyəcəyini düşünürdü– rəssam Ejen Budenlə rastlaşana qədər...


Ejen Buden həmin dövrdə mənzərə janrında çəkən tanınmış rəssamlardan idi. O, Monenin daxilindəki təbiəti duymaq və onu oxuya bilmək  qabiliyyətini gördü.Beləcə bu sirli və istedadlı gənclə bir müəllim kimi məşğul olmaq, onun gizli bacarıqlarını açmaq Budenə zövq verməyə başladı.


Buden ona Parisə getməyi, ordakı rəssamlarla tanış olmağı, qalereyaları dolaşıb məşhur rəsm əsərlərinə baxmağı məsləhət gördü. On səkkiz  yaşlı Klod çətinliklə də olsa atasını yola gətirdi və  Parisə getdi. Burda tanınmış  rəssamlarla tanış oldu- Pol Sezann, Edqar Deqa, Ogüst Renuar...


Paris həmin dövrdə öz rəssamları, heykəltəraşları, musiqiçiləriilə qaynayan sənət və gözəllik bulağına bənzəyirdi. Bütün bunlar- rəngkarlıq haqda söhbətlər, yeni dostlar, Parisin gözəllik və sənət qoxuyan havası Klod Moneyə öz təsirini göstərdi. Onun sonralar "İmpressionizm" adlanacaq cərəyanda ilk əsərləri yaranmağa başladı.


1860-cı ildə Mone hərbi xidmətə cağrılır və iki il sonra geri dönür. Bir qədər keçmiş rəssamlıq universitetinə daxil olur, lakin tez bir zamanda rəssamı təəssüf hissi çulğayır -Mone axtardığını burda tapa bilmir və məktəbi tərk edir... Dərhal sonra o, həmin dövrdə yeni açılmış, gənc və istedadlı rəssamları bir araya gətirən rəngkarlıq studiyasına daxil olur.


Burada Klod eyni baxışları bölüşdüyü, özü kimi gənc və yeni fikirli  rəssamlarla tanış olur, ona lazım olan atmosferi və insanları kəşf etdikdən sonra  özünü rənglərin ağuşuna atır...


Klod Mone rəsmlərini qapalı məkanda deyil, təbiətdə, açıq havada yaradırdı. O, daha çox təbiət mənzərələrini çəkirdi, ilk gördüyü mənzərənin təəssüratlarını  yubanmadan fırçanın və rənglərin köməyilə yadda saxlamaq istəyirdi. Rəssam yalnız təbiətin həmin andakı gözəlliyini, ülviliyini kətana köçürürdü, əsərləriylə insanlara hər hansı bir mesaj vermək fikrində deyildi. Mone əsərlərini sadəcə sənət və ruhunun dincliyi naminə ərsəyə gətirirdi.


Rəssam heç vaxt eskiz etməzdi, boyaları palitraya yox, kətan üzərinə sıxar, elə ordaca işləməyə başlayardı. Onun əsərlərində dəqiqlik və insanı yoran cansıxıcı səliqə yoxdur, rəsmlərdə  diqqəti ilk cəlb edən rənglərin sayrışmasıdır. Məsələn, Moneyə qədər bütün rəssamlar yarpağı yaşıl boya ilə çəkirdilərsə, o, sarı və göy rəngi qarışdıraraq çəkirdi.


Mone üçün natura çərçivəsi də yox idi, o,predmetləri, rəngləri istədiyi kimi dəyişib qeyri-standart formaya salırdı, buna baxmayaraq rəng və mövzu sərbəstliyi naturadan kənara çıxmır, həddini aşmırdı.


Ümumiyyətlə, rəssam təəssüratı çatdıra bilmək üçün bir-birinin gücləndirən rənglərdən daha çox istifadə edirdi. Klod Mone  yaradıcılığında rənglər bir-birini yarımçıq tamamlayır, azad ruhun seçdiyi rəng axını, rəng düzümü insanı həyəcana gətirir. 


Mone əsərlərində heç bir sosial problemə toxunmur, cəmiyyətə irad tutmur, qınamır. Bu rəsmlərdə həyatın yalnız xoş, ürəkaçan  tərəflərini görürük. Rəssam taxıl zəmilərinı, əlvan çəmənlərı, ot tayalarını, körpüləri və başqa bu kimi sadə mənzərələri təzadlı rənglərin qovuşması ilə heyrətamiz bir formaya salır, misilsiz kompozisiyalar yaradırdı.


Belə əsərlərin təzə-təzə yarandığı vaxtlarda cəmiyyət Moneni mənasızlıqda, səliqəsizlikdə qınayırdı. Təəssüf ki, sadə insanlar və sənətşünaslar  rəssamı çox gec anladılar. Mone xeyli sayda  rəsm əsərləri yaradır, amma onları sata bilmirdi, bəzən yeməyə çörəyi, şəkil çəkməyə boyası olmurdu. Çox vaxt başladığı əsəri bitirməkdə çətinlik çəkirdi.


Rəssam hərdən portret janrına da müraciət edirdi. 1866-cı ildə Kamilla Donsye adlı qadının portretini çəkdi və bu portret ona digər əsərlərindən daha çox şöhrət gətirdi. 1870-ci ildə Mone bu qadınla evləndi, deyilənə görə, rəssamın çəkdiyi bütün qadın portretlərində Kamilla təsvir olunub.


1871-78-ci illər arasında Mone Paris yaxınlığında, Sena çayının kənarında yerləşən Arjantey kəndinə köçür;onun həyatının ən gözəl günləri belə başlayır. Füsunkar təbiəti olan bu kənddə rəssam yaradıcılığının ən misilsiz nümunələrini yaradır. Kənd həyatı yaşayıb-yaratmaq üçün  daha əlverişli idi.1978-ci ildə rəssamVetey kəndinə yığışır. Az sonra rəssamın sevimli arvadl Kamilla vərəm xəstəliyindən vəfat edir, onun iki oğlu qalır.


Klod Mone 1883-cü ildə Jivern kəndində ev alır, bir neçə ildən sonra ikinci dəfə Alisa adlı qadınla evlənir. 72 yaşında rəssamın gözlərində katarakta xəstəliyi aşkar olunur, iki dəfə əməliyyat edilir. Monenin gözləri açılır, amma artıq hər şeyi mavi və bənövşəyi çalarlarda görürdü. Dünya onun üçün yalnız bu iki rəngdən ibarət idi, buna baxmayaraq rəssam fırçasını yerı qoymur və onun yaradıcılığında yeni bir səhifə açılır.


Ömrünün son illərində çəkdiyi rəsmlərdə mavi və bənövşəyi rənglər dominantlıq edir, amma rəssam yenə öz üslubuna sadiq qalır. Həmişəki kimi rəssam yenə də təbiətin bakirə gözəlliyini təsvir ediridi. Fırçası yalnız iki rəngi tanısa belə,suyun ləpələnməsində, yarpaqların titrəməsində, ağacların suya düşən kölgələrində nəhayətsiz bir sevinc hiss olunurdu.


Klod Mone1926-cı ildə ağciyər  xərçəngindən dünyasını dəyişdi. O,vəsiyyət etmişdi ki, dəfn mərasimi mümkün qədər sadə keçsin, ona görə dahi rəssamla vida mərasimində cəmi əlli adam iştirak edirdi.


1981-ildən Monenin Jiverndəki evi və bağı turistlər üçün açıq elan olundu, o gündən rəssamın evi müxtəlif ölkələrdən gələn turistlərin ən sevimli ziyarət yerinə çevrildi. İnsanlar fransız rəssamlıq məktəbinin ən parlaq siması olan Klod Monenin əsərlərindəki sevinci, rənglərlə improvizə edilmiş sərhədsiz xoşbəxtlik hissini görmək, duymaq həvəsilə bu məkana üz tuturlar. 


Təranə QURBANLI