:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ədəbiyyat olmasaydı, külək də olmazdı – Fəxri Uğurlu

Font

"Ədəbiyyat qəzeti”nin "Mən necə yazıçı oldum” layihəsinin suallarına yazıçı Fəxri Uğurlu cavab verir.

 

– Necə yazıçı oldunuz?

– 13-15 yaşlarımda əvvəlcə dramaturq, sonra şair olmaq istəmişdim. Üç pyes, təxminən iyirmi şeir yazmışdım. Ancaq bu üsullarla özümü ifadə eləyə bilməyəcəyimi çox tez anladım.

Hardasa 15 yaşımdan nasir olmağı qərara aldım. 1983-86 arası ondan çox hekayə, bir povest, bir telepyes yazdım. Bunların az qismi çap olundu.

1986-cı ildən ədəbiyyata, nəsrə baxışımda dönüş yarandı, əvvəl yazdıqlarımı bəyənmədim. O ilin payızından üslub axtarışlarına başladım. Ta 1990-cı ilin sonlarına qədər (bunun içində iki illik əsgərlik müddəti də gedir) on beşə yaxın hekayə yazdım, birindən savayı hamısı qəzetlərdə, jurnallarda, almanaxlarda, kitablarda işıq üzü gördü (o bir hekayəni də özüm çapa verməmişdim).

1991-ci ilin əvvəllərindən bir povest (bəlkə də roman) başladım, bir il onun üzərində işlədim, ancaq Xocalı faciəsi baş verəndən sonra bu əsərə qayıda bilmədim, yarımçıq qaldı.

1992-ci il mənim üçün çox ağır, gərgin axtarışlar (bu səfər mənəvi-əxlaqi-fəlsəfi axtarışlar) ili oldu. Həqiqət axtarırdım, ədalət axtarırdım, bu ucsuz-bucaqsız qaranlıq kainatda söykənməyə bir yer, işıq ucu axtarırdım. Mən öz həqiqətimi elə həmin il, 24 yaşımın içində olanda tapmışam. Üstündən bir 24 il də keçib, hələlik o həqiqətlə başımı girləyə bilirəm.

Düşündüklərimi uzun illər esse, məqalə dilində ifadə elədim. 2006-2007-ci illərdə paytaxtdan uzaqda gündəlik qayğılardan təcrid olunub bir silsilə hekayə yazdım, öz həqiqətlərimi bədii dillə ifadə eləməyə çalışdım. Çox təəssüf, o silsilə də yarımçıq qalıb. Yəni görüləsi işlər görülmüş işlərdən qat-qat çoxdu. Bir sözlə, mən hələ də yazıçı ola bilməmişəm. Ya qismət!..

 

– Sizin üçün yazmaq nədir? Niyə yazırsız?

– Məndən ötrü qələm hakimiyyət alətidi. Hər bir qələm adamı mütləq hakimiyyətə yiyələnmək, dünyanı, insanları idarə eləmək istəyir. Kainatda ən böyük hakimiyyət Allaha aid olunur. Demək, hər bir qələm adamı Allah olmaq istəyir. Burada heç bir küfr, təkəbbür yoxdu. Allah inanclı-inancsız bütün bəşərin idealıdı, demək, hər kəs öz idealına oxşamaq istəyir.

 

– İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi varmı, yoxsa yazmaq içinizdəki ağrını boşaltmaqdır?

– Şöhrət qazanmaq istəyi var, ancaq ucuz şöhrət yox. Məşhurluq mənim yazdıqlarımın, yazmaq istədiklərimin hesabına gələcəksə, çox gözəl. Başqa üsullarla şöhrət qazanmaq istəmərəm.

 

– Markes deyir külək olmasaydı dünyada çox şey dəyişərdi, amma ədəbiyyat olmasaydı heç nə. Sizcə, ədəbiyyat olmasaydı dünyada nəsə dəyişərdi, yoxsa Markeslə şəriksiz?

– Dünyanın, təbiətin yaranışı misilsiz poetik hadisədi. Ona görə də mən Markeslə qətiyyən razı deyiləm: ədəbiyyat olmasaydı, külək də olmazdı.

 

– Yazmaq üçün nə lazımdır: müşahidə, mütaliə, yoxsa ancaq yazmaq?

– Dolu ürək, yarımdolu baş, qayğısız güzəran, şəriksiz zaman.

 

– Yazıçı vərdişiniz, ritualınız varmı ki, onun eləməmiş yaza bilmirsiz?

– Yazıya köklənmək üçün yaxşı oxumalı, yaxşıca düşünməli, qəlbimin səsini aydın eşitməli, içimdəki dağınıqlığı, xaosu sahmana salmalıyam. Bundan sonra hər şey öz-özünə gedir.

 

– Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi. Bəs sizcə, yazıçılıq məğlub olmaq deməkdirmi? Hər yeni əsərdən sonra hansı hissləri keçirirsiz?

– Ürəyincə alınmış hər bir əsər yazıçının qələbəsidi. Hər qələbə zövqündən, rahatlığından sonra yeni qələbə qazanmaq istəyi gəlir.

 

– Mario Varqas Lyosa özünün Nobel nitqində deyir: "Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib. Sartr sözün iş olduğunu, roman, pyes, ya hekayənin müəyyən məqamlarda və müvafiq şəraitdə tarixin gedişatını dəyişmək iqtidarında olduğunu öyrədib. Kamyu və Oruell əxlaqı olmayan ədəbiyyatın insani olmadığını, Malro isə qəhrəmanlıq və eposun "Odissey" və "İliada"nın arqonavtlarının dövründəki kimi mümkün olduğunu öyrədib.” Sizin üçün belə ustadlar varmı və kimlərdir?

– Oxuyub təsirləndiyim hər bir müəllifi özümə ustad bilirəm. Sadalasam, çox uzun siyahı alınar.

 

– Siz özünüzü hansı cəbhədə hesab edirsiz: Dostoyevskiçi, yoxsa Tolstoyçu?

– Tolstoyla bağlı bir müsahibədə dediklərimi burada təkrarlamaq istəyirəm: "Mən Dostoyevskinin dünyanın ən böyük yazıçısı olduğunu deyənlərlə razıyam. Ancaq mənə bütün dünya ədəbiyyatından tək bircə roman seçməyi təklif eləsəydilər, düşünmədən "Hərb və sülh”ün adını çəkərdim”.

Bu iki dahini müqayisə eləmək çox çətindi. Onların libası, qabığı fərqli görünə bilər, ancaq içi, içəriyi, çəyirdəyi eynidi. İkisi də "İncil”dən, İsa peyğəmbərdən gəlir. Gəlin baxaq görək "Cinayət və cəza”yla "Dirilmə” (yaxud Raskolnikovla Nexlyudov), "İdiot”la "Anna Karenina” (yaxud knyaz Mışkinlə Levin), "Hərb və sülh”lə "Karamazov qardaşları” (yaxud Pyer Bezuxovla Alyoşa Karamazov) arasında ideya-məzmun sarıdan çoxmu prinsipial fərq var? Hələ mən knyaz Mışkinin də Tolstoy kimi "Lev Nikolayeviç” olduğunu demirəm (mahiyyətə birbaşa dəxli olmasa da, bu adın təsadüfən seçildiyinə inanmıram).

Həyatda heç vaxt qarşılaşmasalar da, mən bir məsələnin gerçək olduğuna tam əminəm: XIX əsrin ikinci yarısında təkcə Rusiyada yox, bütün dünyada bu iki dahi qədər bir-birini tanıyan iki nəfər olmayıb. "Anna Karenina” çapdan çıxanda Dostoyevski Peterburqun ədəbi məclislərində Tolstoyun böyüklüyündən həyəcanla danışırdı. Tolstoysa ömrünün son illərində "Karamazov qardaşları”ndan başqa bir kitab üzü açmırdı. O, Dostoyevskini yer üzündə özünün ən yaxın adamı saydığını da etiraf eləmişdi – bu barədə İqor Volginin "Dostoyevski həyatının son ili” kitabında yazılıb.

 

– Hansı bədii əsərdə yaşamaq istərdiniz?

– Hər kəs yalnız öz əsərində yaşaya bilər. Başqasının yazdığında yaşamaq mümkün olsaydı, heç kim əziyyət çəkib əlinə qələm almazdı.

 

– Əsərlərinizi hansı "izm”ə aid edirsiz?

– Realizmə. Əlbəttə, söhbət bayağı, çılpaq realizmdən yox, insan qəlbinin reallıqlarından gedir.

 

– Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki, romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur; əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur da qazanıblar.

– Burada resept yoxdu, hər cür ola bilər. Ancaq əvvəlcə kiçik janrlarda özünü sınamaq gənc yazıçıya heç bir zərər verməz.

 

– İndi hamı kiçik həcmli romanlar yazır. Nə düşünürsüz, dövrün tələbidirmi, yoxsa hələ də "Hərb və sülh”, "Sakit Don”, lap elə Murakaminin romanları qalınlığında romanlar yazılmalıdır?

– Böyük romanlar həmişə yazılacaq. Romanın böyüklüyünü-kiçikliyini dövrün tələbi yox, yazıçının nəfəsi, üslubu, siqləti, qarşısına qoyduğu ədəbi vəzifə, niyyət müəyyənləşdirir. Elə adını çəkdiyiniz "Hərb və sülh”ü bir cildə necə sığışdırmaq olar?..

 

– Sizcə, yazıçının köşə yazarlığı, tərcüməçilik kimi kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək edir?

– Yazıçı bu işləri ehtiyacdan görürsə – yox; köşə yazarlığı, tərcüməçiliklə könüllü məşğul olursa – hə.