:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tanınmış aktrisa: “O səhnəyə çəkildiyimə görə çox peşmanam” - FOTOLAR

Font

Akademik Milli Dram Teatrının tanınmış aktrisası Rada Nəsibova Teleqraf.com-un suallarını cavablandırıb. Yenizaman.az müsahibəni öz səhifəsində tirajlandırır:

 

-Rada xanım, bu mövsüm yeni, çox fərqli və mənfi obrazda tamaşaçıların qarşısına çıxdınız. Nazlıdan sonra Zəminəni oynamağa, belə bir riskə getməyə sizi nə və kim məcbur etdi?

 

-"Cehizsiz gəlinlər” "Xəzər TV”-də rol aldığım üçüncü serialdır. Eyni komanda ilə çalışıram. Belə ki, "Qələm” qrupunun yazdığı ssenariyə rejissor Rüfət Şahbazov quruluş verir. 

 

Bilirsiniz ki, ilk dəfə "Qaynana” serialında yaratdığım Sədaqət obrazı ilə tamaşaçıların qarşısına çıxdım. O mənim ilk komedik rolum idi. Saf, hər şeyə inanan, uşaq xasiyyətli bir qız idi. Daha sonra "Bir ailəm” serialında Nazlı obrazına həyat verdim. Tamam fərqli, həyatı dağılmış, keşməkeşlərlə üzləşmiş bir qadını yaratdım. 

 

-Söhbət Nazlıdan düşmüşkən, bir sual verim: o vaxt deyirdilər Rada xanım Nazlıyla öz həyatını oynayır.

 

-Elə deyirdilər, amma mən nə ailə qurmuşam, nə də boşanmışam. Sadəcə, aktyorun rola münasibəti olmalıdır. Rada olaraq məni Nazlının taleyinin ağır olması düşündürürdü: ailəsi alınmadı, övladı öldü, evdən, işdən qovuldu və s. Onun həyatı özümə arzulamadığım bir həyat idi. Çox istəyirəm ki, bütün qadınlar xoşbəxt olsunlar. İstəməzdim gözüyaşlı qadın görüm. 

 

-Qayıdaq Zəminəyə... Kimin ideyası və təklifi idi?

 

-"Cehizsiz gəlinlər” başlayanda mən komandada yox idim. Başqa seriallara dəvət edirdilər, amma təkliflərin çoxu Nazlı kimi gözüyaşlı, bədbəxt hadisələrlə üzləşən qadın obrazları idi. Mənsə Nazlıdan fərqli obraz istəyirdim. Ona görə o təkliflərə razılıq verməyə tələsmirdim. Günlərin bir günü sevimli komandam mənə "Cehizsiz gəlinlər”də Zəminə rolunu təklif etdi. Sərbəst xanımdır, öz məqsədinə çatmaq üçün hər cür yoldan istifadə edə, kimlərinsə haqqını tapdalaya bilər. 

 

Mənfi və müsbət rol anlamı mənə qəribə gəlir. Həyatda tam müsbət, tam mənfi insan yoxdur. Müsbət insanın da çatışmayan cəhətləri var. Heç bir pis insan özünə pis demir. Yaxşı insandan elə əməl görürsən ki, ömrü boyu onun şokundan çıxa bilmirsən. 

 

Öz komandamız olduğu üçün çox sorğu-sual etmədim və razılaşdım. Zəminənin geyimi, ədası, yerişi, saç düzümü fərqlidir. Həm rollarımdan fərqlidir, həm də xarakterimdən. Fərqli xarakterli obrazlar oynamaq aktyor üçün maraqlıdır. 

 

Sevinirəm ki, efirdə Zəminəni oynadığım halda teatrda "Almaz” tamaşasında Yaxşını ifa edirəm. Yaxşının da taleyini Cəfər Cabbarlını oxuyanlar yaxşı bilir. Cabbarlı mənim ən çox sevdiyim dramaturqdur. 

 

-Səhv etmirəmsə, ilk rolunuz da Cabbarlının əsərində olub. 

 

-Bəli, doğrudur. Çox qəribədir ki, məktəbdə "Oqtay Eloğlu” haqqında bir inşa yazmışdım, illər sonra ilk dəfə səhnəyə çıxanda Gəncə Teatrında "Oqtay Eloğlu”ndakı Sevər rolu ilə çıxdım. Neçə illər idi Cəfər Cabbarlının hansısa əsərinin teatrda hazırlanmasını istəyirdim və ağlıma da gəlməzdi ki, Yaxşı rolu mənə veriləcək. 

 

-Rada xanım, Zəminə obrazını tamaşaçı qəbul edə bildimi? 

 

-Həmişə deyirdilər üzün o qədər şirindir ki, obraz insanın gözünə mənfi görünmür. Nə edim, təbiətim belədir, belə doğulmuşam. 

 

Aktyor var onun üz cizgiləri mənfi rolları oynamağa icazə verir. Mənim üçün oynamaq bu baxımdan çətindir. Ona görə saçımın rəngini dəyişdim, bu obraz üçün fərqli geyimlərdən istifadə edirəm. Serialın birinci seriyası nümayiş olunandan sonra mənə yazdılar ki, niyə rejissor sizə yaxşı rol verməyib. Hələ o seriyada heç nə etməmişdim, sadəcə, sonda göründüm və kiminsə məşuqəsi olduğuma işarə vuruldu. 

 

-Adətən, məşuqə obrazlarını yaradan aktrisalar hər zaman açıq-saçıq səhnələrə hazır olur. Bu rolla bağlı çərçivələriniz varmı?

 

-Ancaq qısa geyinə bilərəm. Rejissorum özü də deyir ki, Radanın çərçivələri var, onları nəzərə alın. Mən çox açıq geyinə bilmərəm. Məşuqə oynayıramsa bunu rənglərlə, ədalarla büruzə verirəm. Bir şeydən çox məmnunam: aktrisa olaraq boy-buxunum var. Bununla hər şeyi həll etmək olur.

 

-O zaman tərəf müqabillərinlə səmimi münasibətə heç razı olmazsan.

 

-10 il bundan qabaq gənc olaraq düşünə bilərdim ki, bu sənət üçündür və lazımdır. Amma yaxşı ki, ətrafımda yaxşı insanlar olub, onlar sənəti mənə başqa tərəfdən tanıtmayıblar. Təbii, tərəf müqabilləri ilə açıq-saçıq səhnələrdə çəkilən aktrisalara pis baxmıram. Bu, normaldır. Ümumiyyətlə, mən heç vaxt heç kəsi qınamaram. Amma mənə milyon versələr və desələr ki, film "Oskar” alacaq, yenə də razılaşmaram. Bilirsiniz, yaşa dolduqca necə formalaşırsansa sonra elə də davam edirsən. Mən bu cür formalaşdım. 

 

-Amma ola bilməz ki, bu cür səhnələrlə üz-üzə gəlməyəsiniz.

 

-Yalnız bir dəfə belə bir səhnəyə çəkilmişəm. "Yaddaş” filmində çəkiləndə obrazım üçün öpüş səhnəsi yazılmışdı. Göstərmə olduğu halda belə efirdə gerçək təəssüratı yaradırdı. O səhnəyə çəkildiyimə görə indi çox peşmanam. 

 

Mənim arzum döyüşkən, at belində mübarizə aparan tarixi qadın rolları oynamaqdır. Tomris, Sara Xatun, Natəvan kimi... Gerçək insanları oynamaq çox çətindir. Çünki onu olduğu kimi tamaşaçıya çatdırmalısan. 

 

-Rada xanım, sizə görə aktrisa üçün xarici görünüş, özünü formada saxlamaq nə dərəcədə vacibdir?

 

-Bizim sənətdə görünüş vacibdir. Amma məsələnin başqa tərəfi də var. O qədər istedadlı, amma kök, yaxud boyu balaca aktrisalarımız olub ki, onlar öz yaşlarına uyğun duzlu, koloritli rollar oynayıblar. İndi də biz o rollara baxıb, zövq alırıq. Kök aktrisa çəkisinə görə arıq qız obrazını, romantik  sevgi qəhrəmanlarının obrazını oynaya bilməyəcək. Yəni hər kəsin öz rolu var. Amma hər cür rolu oynamaq istəyirsənsə daim özünü formada saxlamalısan. 

 

Məşhur aktrisa Şarlz Teron roluna görə 20 kilo kökəlməyə məcbur olmuşdu. Amma sonra çəkidən xilas olmağı bacardı. Buna çoxlu pul sərf etdi.  

 

-Çəkinizi açıqlaya bilərsiniz?

 

-Boyum 1.70, çəkim hazırda 60 kq-dır.

 

-Aktrisa olmasaydınız, yenə də belə arıq görünüşə sahib olardınızmı?

 

-Yenə də belə olardım. Çünki həmişə baxımlı, yaxşı görünməyin tərəfdarı olmuşam. 50-60 yaşda da belə qalmaq istəyirəm. Mütəmadi idmanla məşğul oluram, həmçinin özümə qulluq edirəm.

 

Qidalanmama çox fikir verirəm. Məni tanıyanlar bilir ki, orqanizmə ziyan olan qidaları özümdən tədric etməyi bacarıram. Ağartı məhsullarını çox sevirəm. Heç vaxt yeməkləri qarışdırmaram. Çox yemirəm, ələlxüsus da gecə vaxtı yemək qəbul etməyin tərəfdarı deyiləm. Hətta ac olsam belə...

 

Mən qadında təmizliyə çox önəm verirəm.  Makiyajsız ola bilərsən, amma təmiz olmalısan. Ayaqqabının üstü tozlu olmamalı, dırnaqların təmiz və səliqəli olmalıdır. Qadından həmişə gül qoxusu gəlməlidir. 

 

Üzümə, dərimə qulluq edirəm.  Dərini qorumaq üçün daimi yağlardan, göz ətrafı kremlərdən istifadə edirəm. Məndən tez-tez botoks edib-etmədiyimi soruşurlar. Mən heç vaxt botoks etdirməmişəm. Süni heç nəyi qəbul edə bilmirəm. Süni dırnaq, tatu qaş, süni kirpik, silikon dodaq gəzdirə, gel doldura bilmərəm, saçımı da heç qaynaq etdirmərəm. Amma bunları eləyənlərə də pis baxmıram. 

 

Bilirsiniz ki, avtomobil qəzası keçirdiyimdən burnumda sınıqlar var. Bununla belə əməliyyat etdirə bilmədim. Bu qorxu ilə bağlı hiss deyil, sadəcə, özümdən bir parça olmayan hər şeyə kompleksim var.  

 

-Ən çox nəyə xərc çəkirsiniz?

 

-Ayaqqabılara xəsislik etmirəm.

 

Nərmin Muradova

 

Foto Elçin Murad