:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əməkdar artist: “O qadının başına gələnlərə ağlayıram” – MÜSAHİBƏ - FOTOLAR

Font

Gənc Tamaşaçılar Teatrında çalışır, ekranların reytinqli seriallarından biri olan "Məryəm”də əzazil qaynana obrazını canlandırır, bu yaxınlarda isə qastrol səfərinə getdiyi Kalmıkiya Respublikasında fəxri fərmanla təltif olunub.

 

Hər zaman iş başındadır, elə qatıldığı tədbir bitər-bitməz çəkiliş meydançasına gedəcəkdi.

 

Mediadan uzaq qaçır, bir az küskündü jurnalistlərə...

 

Fürsətdən istifadə edib gözəl aktisa, Hüseynağa Atakişiyevin ömür-gün yoldaşı olan Nəsibə Eldarova ilə həmsöhbət olduq. Qısa zaman kəsiyində baş tutan söhbətimizdə aktrisa maraqlı məqamlara toxundu.

 

-Nəsibə xanım, öncə sizi təbrik edirik. Kalmıkiyaya səfərdən əlidolu qayıtmısınız.

 

-Çox təşəkkür edirəm. Qastrol səfərimiz çox gözəl keçdi. Bilirsiniz ki, Gənc Tamaşaçılar Teatrı Kalmıkiya Teatrı ilə müqavilə imzalayıb. Beş ildir ki, onların heyəti bizim teatra, bizim teatr da onlara qonaq gedir. Beş ildə çox yaxın dost olmuşuq, hamımız bir-birimizi tanıyırıq. Orda olduğumuz yeddi gün ərzində oynadığımız tamaşaları tamaşaçılar çox maraqla qarşıladılar. Bu bizi çox sevindirdi. Onu da deyim ki, Kalmıkiyanın çox gözəl, istiqanlı tamaşaçıları var. Bizi alqışlarla, güllərlə qarşıladılar. Teatrımızın iki aktyoru "əməkdar artist” adına layiq görüldü, digərləri isə fəxri fərman, diplomla təltif olundular.  Ən əsası teatr heyəti ilə səfərə çıxmaqdır. Çox vaxt baş qarışıq olur: hərəmiz bir çəkilişdə, tamaşalarda məşğul oluruq deyə bir-birimizi görmürük. Teatrda söhbətləşməyə, görüşməyə vaxt tapa bilmirik. Bu qastrol səfərində isə dostluğumuzu bərpa etdik (gülür).

 

-Teatrda tamaşalarda çıxış edirsiniz, reytinqli seriallardan biri "Məryəm”də oynayırsınız, eyni zamanda dublyajla da məşğulsunuz. İş həyatınızın öncəliyi olub. Həyatınızın, yaradıcılığınızın bu dönəmindən razısınızmı? Bunlar sizi qane edirmi?

 

-İnsan qane olanda artıq ölməlidir. Deməli həyatdan heç nə istəmir. Əlbəttə ki, son günə qədər insanın arzuları, istəkləri olur. Mən də arzu edirəm ki, hamının arzuları yerinə yetsin. Qane olduğumuz, olmadığımız məqamlar da var. Başımız işə qarışıb, bu çox yaxşıdır. 

 

Dövlət sifarişi ilə serialların çəkilməsi çox gözəl təşəbbüsdür. Teatrımızın əksər aktyorları həmin seriallarda çəkilirlər, əlbəttə bu, yaxşıdır. Gənc Tamaşaçılar Teatrında yüksək səviyyəli tamaşalar nümayiş olunur. Uşaq və axşam tamaşaları daxil olmaqla hər gün tamaşa oynayırıq. Bir sözlə, bizim heç nədən şikayətimiz yoxdur.
Dediyiniz kimi "Məryəm” serialında da çəkilirəm. Həm çəkilirəm, həm söyülürəm.  Dünən də çəkilişdə idim, səfərlə əlaqədar olaraq icazə almışdım, qayıdandan sonra çəkilişlərə dəvət etdilər. Elə bu tədbirdən çıxıb yenə çəkilişə gedəcəm. 

 

-Yorulmursunuz?

 

-Təki iş olsun. Yorğunluq keçici hisdir.

 

-Yaxşı bəs niyə söyülürsünüz?

 

-Mənfi obrazdır, ona görə...Əgər tamaşaçı söyürsə deməli bu, mənim qazancımdır. Deməli, rolum alınıb.

 

-Daha çox nəyi irad tuturlar, nə deyirlər?

 

-Yazırlar ki, "onu saçlarından sürüyərdim”, "görüm onu ilan çalsın”. Elələri də var ki, deyir mənim qaynanam ondan da pis idi. Tamaşaçı roluma bu cür münasibət göstərirsə, deməli rolum alınıb və tamaşaçını inandıra bilmişəm.

 

-Amma ola bilməz ki, deyilənlər sizə pis təsir etməsin.

 

-Əlbəttə. Hərdən şərhləri oxuyanda peşman oluram. Amma bütün hallarda düşünürəm ki, rolum alınıb. Bu, məni sevindirir.

 

Bilirsiniz, müsbət qəhrəman obrazını ssenaridə yazılan kimi oynayırsan, amma mənfini oynamaq üçün aktyor çox axtarışlar aparmalı olur.

 

-Yaratdığınız obraza haqq qazandıra bilirsinizmi? Hansı məqamda və necə?

 

-Universitetdə oxuyanda müəllimim Rza Təhmasib deyirdi ki, əgər aktyor oynadığı rola haqq qazandırmırsa o onu oynaya bilməz.

 

Heç bir insan mənfi, pis xasiyyətlərlə doğulmur. Həyat onu elə çətinliklərə sala bilər ki, istəmədiyi adama çevrilər. Konkret bu roldan söhbət gedirsə, biz hələki, bu xanımın nələr yaşadığını bilmirik. Kim bilir bu qadın hansı çətinliklərə sinə gərib. Yaxud ağlı nə dərəcədə işləyir ki, etdiklərini düzgün hesab edir.

 

Əslinə qalsa o heç də pis deyil. O öz övladını sevir, deməli o sevgisini düz yola yönəltməyib. Hərdən o qadına ürəyin yanır, başına gələnlərə ağlayıram. Ötən gün serialda oğlumu oynayan Rasim Cəfərlə çox çətin səhnələrimiz oldu. Dörd saat faciəvi əhval-ruhiyyədə qalmalı idik ki, səhnəni oynaya bilək. Səhnə o qədər ağır idi ki, gözlərimdən yaş axırdı.

 

-Nəsibə xanım, heç təcrübənizdə xüsusi göz  yaşardıcı vasitələrdən istifadə etmisiniz?

 

- Əgər orqanik olaraq rolunu qurub, daxilindən keçirirsənsə ona qliserin göz yaşları tələb olunmur. Mən heç vaxt ondan istifadə etməmişəm. Əgər ağlamaq gəlmirsə deməli o qədər də faciəli deyil. Axı biz də həyatda həmişə ağlamırıq. 

 

Hüseynağa Atakişiyev hər zaman deyirdi ki, əsas aktyorun deyil, zalda tamaşaçının ağlamağıdır. Aktyor ağlamaya bilər, amma o elə oynaya bilər ki, tamaşaçı ağlayar. 

 

-Hüseynağa Atakişiyevin adını çəkdiniz, onunla bağlı nələri tez-tez xatırlayırsınız?

 

-Onunla 17 il bir yerdə işləmişik. Eyni zamanda həyatımızı paylaşmışıq. Hər rolumu oynayanda, hər anımda onun sözləri mənim yadıma düşür. O böyük məktəb idi. Verdiyi məsləhətləri, dediyi sözləri indiyə qədər xərcləyirəm, hələ də qurtarmır. 

 

-Onun doğum günündə sosial şəbəkədə yazdığınız kədərli və anlamlı mesajınız diqqətimi çəkmişdi. 

 

-Bəli, hamı o yazıya reaksiya verdi. Mənə təsir etdiyinə görə elə yazmışdım. Ondan mənə qalan şəkillərin itməsi mənə pis təsir etmişdi. Kim şəkilləri aparırdısa, qaytarmırdı. Bundan sonra söz vermişəm ki, daha heç kimə, heç bir jurnalistə şəkil verməyəcəm. Amma təəssüf ki, sözlərimin üstündə dura bilmirəm. Kimsə ikinci dəfə məndən nəsə xahiş edəndə yox deyə bilmirəm. 

 

-Yaradıcılıq sahəsində gördüyünüz işlər çox olsa da mediadan uzaq gəzirsiniz. Xüsusilə də son illər. Niyə, Nəsibə xanım? Sizi narahat edən nədir?

 

-Çünki jurnalistlər çox vaxt mənim şəxsi həyatımla bağlı suallar verirlər. Şəxsi həyatım da zəngin hadisələrlə bağlı olduğuna görə mən bu barədə danışmaq istəmirəm. İnsan müəyyən yaş dövründə keçirdiyi stresslər, qazandığı təcrübələrdən yola çıxaraq elə bir məqama gəlib çatır ki, onda susmaq danışmaqdan daha dəyərli olur. Bir də ki, mən heç vaxt şəxsi həyatımla reklam olunmağı istəməmişəm, yaxud da kiminsə onu reklam etməyini istəmirəm. 

 

-Nə qədər bunu istəməsəniz də hansısa bir formada üzə çıxır və siz cavab vermək məcburiyyətində qalırsınız. Hansısa seçiminizin, qərarınızın peşmançılığını çəkirsinizmi? 

 

-İnsan peşman olmaya bilərmi? 

 

-Müsahiblərim arasında elə insanlar yetərincədir. 

 

-Mən yalan danışa bilmirəm, həmişə sözün düzünü deyirəm. Əlbəttə ki, həyatda peşman olduğum məqamlar var. Elədiyim elə böyük səhvlər var ki, düşünürəm,  mən onları etməsəyim həyatım başqa axarla gedərdi. Amma buna zəmanət vermək olar? Olmaz, mümkün deyil. Deməli, qismət beləymiş. Bu səhvləri edə-edə mən doğruları anlamışam. Bütün bu mərhələlərdən keçməsəydim mən mən olmazdım. Həyatımda olan pis, yaxşı hər şey mənimdir. İnsanı əməlləri formalaşdırır, hər halda mütləq pis və yaxşı yoxdur. Orta yol var, kimin üçünsə pis olan kimin üçünsə yaxşıdır, kimin üçünsə yaxşı olan, başqası üçün pisdir. 

 

-Mən həmişə sizi pozitiv biri olaraq tanımışam. Daxilinizdə də eləsinizmi?

 

-Ən pis dəqiqələrdə belə hesab edirəm ki, buna görə ətrafımdakılar günahkar deyil. Ona görə mən onları çox kədərləndirməməliyəm. İçim ağlayırsa, içim göynəyirsə bunun heç kimə aidiyyatı yoxdur. Hər şey mənimdir. Sizə deyim ki, mən bu məsələdə çox qısqanc adamam. Dərdim özümündür, amma sevincimi  paylaşmağı sevirəm. 

 

-Deyirlər, insan dərdini danışdıqca rahatlaşır.

 

-Dərdimi ancaq yaxın adamlarımla paylaşaram, o da səthi...

 

-Bu, qəlbinizə yaxın insanın olmaması anlamına gəlmirmi? 

 

-Yaxın insan bir nəfər olar, onu da qazanmaq çox çətindir. Mənə görə evinin qapısını açarla açıb, sonra örtəndə içəridə qalanlar sənindir, çıxış gedənlər sadəcə dostdur.