:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İmkan versən, Vurğunun heykəlini aşırıb...

Font

Yazıçı Qəni Camalzadə ilə görüşüb, Axar.az-ın "Gerçəkləşməyən arzular” layihəsində həmsöhbət olmaq istədiyimi deyəndə razılaşsa da, söhbətimiz çox gec gerçəkləşdi. Yaxın günlərdə nəhayət ki, onunla söhbətləşə bildim:

 

- Qəni müəllim, yaradıcılığınız nə yerdədir?

 

- Faiq bəy, yaradıcılığım nə yerdədir, nə göydə, ortada qalıb, onu öz axarına buraxmışam. Açığı, bir az astagələm, tələsməyi xoşlamıram. Bu saat hamını düşündürən, çoxunun barmaqarası baxdığı, bəzilərinin lağ elədiyi, bir çoxunun gülüş yeri olan mövzular ətrafında var-gəl edirəm, əltutan yerini axtarıram ki, qaldıranda gücə düşməyim. Ömür vəfa eləsə, əcəl imkan versə, Allah-Taalanın köməyi ilə yaxınlarda romanı bitirmək fikrindəyəm. Yaşımızın elə bir mərtəbəsindəyik ki, hər gün məramımıza doğru getməliyik. Amma tələsmək də olmaz. Ortaya dəyərli bir yazı qoyulmalıdır ki, zəhmətimizi doğrultsun.

 

- Necə düşünürsünüz, ədəbiyyatımızın vəziyyəti qənaətbəxşdirmi?

 

- Ədəbiyyatımıza nə olub ki? Maşallah, iri addımlarla irəliləyir. "Natəvan” klubunda, kitab mağazalarında, məktəblərdə, mədəniyyət saraylarında keçirilən kitab təqdimatlarının sayı hesabı yoxdur ki! Nəhəng söz topası dağdan dığırlanan qar topası kimi böyüyür. Əlbəttə, zarafat eləyirəm. Açığı, ədəbiyyatımızın vəziyyəti arzuolunan deyil. Bəli, bütün dövrlərdə "söz topası” yaradanlar olub. İstedadsız adamların qabağına sədd çəkmək mümkün deyil, onların varlığında bir təbii fəlakət qanunauyğunluğu var. Belə olub, bundan sonra da belə olacaq. Odur ki, istedadsızlarla işim yoxdur, məni istedad sahibləri maraqlandırır. Narazılığımın səbəbi onlardır. Feysbukdakı statuslarımın birində yazmışdım: "Çiyninə qonan İLHAM PƏRİSİNƏ bozbaş bişirtdirən istedad sahiblərinə yazığım gəlir!” Onlar Allah vergisini heçə-puça xərcləyir. Cəmiyyətdəki rüşvəti, yalanı, ikiüzlülüyü, məmur zorakılığını, kasıblığı, səfaləti bəhanə gətirib xırdalanmaq olmaz. Əlbəttə, acqarına ədəbiyyata xidmət eləmək asan deyil, amma cəhd eləmək pis olmazdı. Bizim cəmiyyət həmişə arxasını ədəbiyyata çevirməyəcək ki! Üzünü yazıçıya çevirəcəyi gün uzaqda deyil. Flober deyirdi ki, mən özüm üçün yazıram, çap olunmaq arzusunda deyiləm. Düzdür, sözünün üstündə dayana bilmədi, "Madam Bovari”ni çap elətdirdi. Hər halda, "mən özüm üçün yazıram” deməyə cəsarəti çatırdı. Bəli, bəli, cəsarətinin arxasında malikanələri, gəlir gətirən tarlaları, rentaları dururdu. Yəni bizdə də ədəbiyyatçı söykənməyə pul dağarcığı tapanda vəziyyəti düzələcək... Bu da bir zarafat...

 

- Siz nasirsiniz. Maraqlı hekayələriniz, irihəcmli əsərləriniz var. Mövzu rəngarəngliyinə də söz ola bilməz. Bu əsərlərinizin sizə gətirdiyi hansı dividentlər var?

 

- Bəli, düz tapmısınız, mövzu rəngarəngliyim həsəd aparılmalıdır. Uzun müddət istehsalatda, ticarətdə olmuşam. İşimlə əlaqədar altı-yeddi qurumun məmurları ilə təmasda olmuşam. Qəhrəmanlarımı həyatdan almışam. Zənnimcə, yazıçı eyni mövzuya təkrar-təkrar qayıtmamalıdır. Bir mövzuya bir dəfə müraciət eləsə yaxşıdır. İkinci müraciəti də məqbuldur, amma bununla kifayətlənməlidir. Mövzu təkrarçılığı yazıçının qeyri-peşəkarlığından, dühasının kasadlığından xəbər verir. Yazıçı özünü təkrar etməməlidir. Qaldı dividentə, yəni qazanca, bundan danışmasanız yaxşıdır.

 

- Niyə?

 

- Daha bunun nə "niyə”si? Bizim, on milyonluq xalqın ədəbiyyat bazarı kasaddır. Binəva yazıçı yazıları ilə təkcə öz qarnını belə doyuzdura bilmir. Ailəlidirsə, həmişə danlaq altındadır, evsizdirsə, axıra qədər evsizdir, xəstədirsə, çarəsizlikdən əzab çəkəcək.

 

- Siz də Sovetlərdən qalan yazıçısınız. O dövrlər kitablarınız da çıxıb.

 

- Mənim əl boyda kitabımın birinə 800 manat, o birinə 1400 manat qonorar verdilər. Üçüncü kitabım tilsimə düşdü, 1989-cu il idi, tematik plana salınmışdı, 5000 manat qonorar alacaqdım, ölkə dağıldı. Axırıncı iyirmi beş ildə beş-altı kitabım çıxıb, yalnız bir romanıma görə Kitabxana Kollektorundan 1500 manat veriblər, bu da kitabın çapına çəkdiyim xərcin üçdə biri eləmir.

 

- Ciddi adamsınız. Əsərlərinizdə isə sarkazm, satira, yumor daha çoxdur. Sizə satirik yazıçı demək olar. Satira ilə nəyə nail ola bilmisiniz, yaxud düşünürsünüz ki, nail ola bilərsiniz?

 

- Ciddiliyim görk üçündür, deyib-gülməyi xoşlayıram. Dahi Sabir deyir ki, "Axtaxana dağda dana boy atdı! Mən böyük ollam haçana, bilmirəm!” Olanımız budur. İnsan kənardan daha yaxşı görünür. Keçək nailiyyətlərə... Ədəbiyyatın xiridarı olmalıdır, xiridar yoxdursa, ədəbiyyat da yoxdur. Sözümüzü deməyə adam tapmırıq, necə ki, Mirzə Cəlil sözünü deməyə adam tapmırdı. Qəribə bir zəmanəyə düşmüşük. Sabir demişkən: "Hər şeyi təlim eləyir tərsinə! Dəyməz o bir paslı dəmir ərsinə!”

 

- Düşünürəm ki, imzanız az tanınır. Təbliğatınız zəif gedir, həm də ədəbi mühitdən bir az kənardasınız. Bu işlərinizin çoxluğu ilə əlaqədardır, ya ədəbi mühit sizi çəkmir?

 

- Zənnimcə, imzanın az-çox tanınmağı şərt deyil, Faiq müəllim. Əgər ədəbiyyata xidmət edirsənsə, bir gün qədrini biləcəklər. Qaldı təbliğata, bilirsiniz ki, təbliğat vasitələri kənar əllərdə cəmləşib. Bütün KİV-lər cəmiyyətin mübtəla olduğu xəstəliklərə tutulub, bütün münasibətlər alğı-satqı üstündə qurulub, burada obyektivlik gözləməyə dəyməz. Böyük pullardan söhbət gedir. Halbuki yazıçının dəyərini ədəbi tənqid, söylədiyiniz ədəbi mühit verməlidir. Əqidə sahibləri şou-biznesin nümayəndəsi deyil ki, TV ekranlarından düşməsin. Mən tanınmanı orada axtarmaq istəməzdim.

 

- Qəni müəllim, bir yazıçı olaraq özünüzü ədəbiyyatda harada görürsünüz?

 

- Şöhrətpərəstlikdən heç bir yazıçı-şair sığortalanmayıb. Kim ayranına turş deyib ki! Əli qələm tutan özünü dahi sayır. Beş-altı gəraylı-qoşma toqquşduran şairkimilərə imkan versən, S.Vurğunun heykəlini aşırıb yerinə qalxarlar. Bir neçə cızma-qaradan sonra Nobel mükafatına iddialı yazıçılarımız var. Bizə nə olub ki! Biz də bu xalqın övladı deyilikmi? Niyə ədəbiyyatda özümüzü başda görməyək? Məsələn, klassiklərin cərgəsində... (gülür). Yüzlərlə hekayəm, üç romanım var. Yazıçının ədəbiyyatda yerini ədəbi tənqid təyin eləməlidir, özü yox. Sağlam mühitin sağlam tənqidi!

 

- Bugünkü ədəbi mühitlə dünənki ədəbi mühit arasında bir oxşarlıq varmı?

 

- Mən ədəbi mühiti məscidlə, Allahın evi ilə müqayisə eləməzdim. Sizi inandırıram ki, bütün elementləri ilə ədəbi mühit bazara oxşayır. Hər kəs bu bazarda təzə nırx qoymaq istəyir. Bununla razılaşmaq da olar, razılaşmamaq da! Ədəbi mühit heç dəyişməyib, elə qırx il bundan qabaq gördüyümdür. İlk hekayəm 1976-cı ildə, ”Ədəbiyyat və İncəsənət” qəzetində çap olunub. Onda tələbə idim, ədəbi mühitdə dolaşırdım.

 

- Müasir yazıçı necə yazmalıdır ki, oxucunu maraqlandırsın?

 

- Bir neçə qoşma-gəraylı ilə, qəzəllə cəmiyyəti küll halında ifadə eləmək çətindir. Buna yalnız nəsrin gücü çatar. Balzak kimi. Amma müasir nəsr "haqqında nəğmələr qoşulan” sürət və inkişafın qarşısında acizdir. Müasir balzaklar başqa cür yazmalıdır. Romanları ardıcıl, sadə, lakonik, oynaq, qısa olmalıdır. İndiki oxucu köhnə oxucudan intellekti, səbirsizliyi ilə fərqlənir. Sözü göydə qapır, uzunçuluğu sevmir, kəskin süjetləri xoşlayır, açıq-saçıqlığa meyillidir. Müasir yazıçı ortaya qoymaq istədiyi romanlarda bunu nəzərə alınmalıdır. Dövrümüzü yazmalıyıq.

 

- Bizim ədəbiyyat yenidən evlərə, insanların qəlbinə ayaq açacaqmı?

 

- Hazırkı ədəbiyyatımız keçid dövrünün ədəbiyyatıdır. Bir vaxtlar şura düşüncəsinə söykənən, kommunizm ideyalarını təbliğ edən, hazırda dayaqlarını itirmiş ədəbiyyat şura quruluşunun dağıntıları altından ağrıya-ağrıya yenidən qalxmağa çalışır. Milli şüur formalaşdıqca, cavan dövlətin bünövrəsi möhkəmləndikcə ədəbiyyat da ətə-qana gəlir.

 

- Satira lazımdırmı?

 

- Əlbəttə! Duzu-istiotu olmayan yemək kimə lazımdır ki? Yalnız pəhriz saxlayanlara! Amma satira milli zəmində olmalıdır, xalqımızın izzəti-nəfsini təhqir etməməlidir. Hər bir paskvil yazan yazıçı bilməlidir ki, onu başqa xalqlar oxuyur, paskvilindən bizə qarşı istifadə edirlər. Bir vaxtlar bizə nümunə göstərilən elə yazıçılar var ki, bir gün ruhu daş-qalaq olunacaq..

 

- Mülahizələrinizdən, həyat təcrübənizdən görünür ki, təsadüfi adam deyilsiniz. Sizcə, ədəbiyyatda peşəkarlıq nədir?

 

- Şura hökumətinin üstün cəhətlərini kənara atmaq olmaz. Kitab oxucunun masasına gəlib çıxana qədər müəyyən yol keçirdi, yəni bir neçə redaktorun əli dəyirdi, korrektor üzü görürdü, rəylər yazılırdı, lazımlı-lazımsız sədləri adlayırdı, yəni kollektiv əməyin məhsuluna çevrilirdi. İndi başqa cürdür. Bu gün yazıçının qələmindən çıxan yazı sabah bütün əyər-əskiyi ilə oxucuya təqdim olunur. Bir sözlə, heç bir daxili senzoru olmayan yazıçılar baş alıb gedirlər. Axırı da görünmür. Bir roman əlimə düşdü. Bütün əyər-əskiyindən danışmaq fikrində deyiləm. Adi bir nöqsanını deyəcəyəm. Yazıçı bir vərəqdə iyirmi dəfə eyni sözü işlədir, heç sinonimini tapmağa cəhd belə eləmir. Soruşmaq istəyirsən, dostum, 50 yaşında yazmağı öyrənməmisənsə, haçan öyrənəcəksən? Bunun harası ədəbiyyatdır axı!