:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tanınmış yazıçı: “Tehran Əlişanoğlu məndən qisas alır”

Font

Yenizaman.az Teleqraf.com-a istinadən tanınmış yazıçı Aslan Quliyevlə müsahibəni təqdim edir.

 

– Aslan müəllim, siz 80-ci illərdə çap edilməməyinizdən ən çox gileylənən yazıçılardan birisiniz...

 

– Kəramət bəy, mən gileylənmirəm, faktı yazıram. Hər dəfə yazandan sonra da bir zəng gəlir, ay qardaş, oldu-keçdi də! Axı mən xəstəyəm, ürəyim ağrıyır.

 

Xəstə dostum, ürəyi əsən dostum, fikrin nədir, bütün bunları unudaqmı? Üzün ağdırsa niyə çıxıb demirsən, bax, bu yazıçının yazıları zəif idi, çapa layiq deyildi, ona görə də çap eləməmişik. 

 

– Nə üçün məsələni ancaq dövrlə bağlayırsınız? Bəlkə sizin yaradıcılığınızda da problem vardı. 

 

– Bircə problem var idi: Mən ucqar, unudulmuş əyalətdən idim. Adamım, imkanım yox idi. Və bunlardan yaxşı yazırdım. Hər şeyi qəbul eləyirdilər, bircə bunu yox.

 

Yazılarıma gələndə isə təbii ki, ürəyimcə olmayan yazılarım da var idi. Amma əlimi ürəyimin üstünə qoyub deyirəm: mənə bircə dəfə də olsun yazın zəifdir, çap eləyə bilmərik deməyiblər. Vəd veriblər, amma çap eləməyiblər. Mövzular, yazı üslubum, baxışlarım xoşlarına gəlməyib.

 

Əlbəttə, dövr də şərt idi...

 

– Nədə idi dövrün çətinliyi? 

 

– Çap mexanizmlərinə bütünlüklə bir dəstə adam nəzarət eləyirdi. Bu mexanizm də saat dəqiqliyi ilə işləyirdi. Səni bu təsərrüfata yaxın buraxmazdılar. Ordan dolanır, yeyir, içir, gəzir, özlərinə və balalarına şərait yaradırdılar. Sən də dağlardan gəlib şərik olmaq istəyirsən. Məsələ bunca sadə idi.

 

Amma yaş keçdikcə fikirlərimi dəyişirəm. Onda ədəbiyyat bu adamlara yaşamaq üçün hər şey verirdi deyə belə qəddar, amansız idilər. İndi heç nə vermir, amma ədəbiyyat adamlarımız az qala qəddarlıqda o vaxtkıları geridə buraxıblar. Və düşünürsən ki, Amam Allah, bu adamlar o vaxt olsaydılar təkcə yazılarının çap edilməməsi ilə canını qurtara bilərdinmi? Yox, qurtarmazdın.

 

– O zaman ən çox kitab çap edən "Yazıçı" nəşriyyatı idi. Baş redaktor kimi bütün səlahiyyətlər də sizin yaxın dostunuz və həmyerliniz Sabir Rüstəmxanlının əlində idi. Dil tapmağa nə mane olurdu?

 

– Bəlkə də siz buna inanmayacaqsız, amma Sabir Rüstəmxanlı üçün Yardımlı, Şuşa, Qazax söhbəti yox idi. Tam əksinə, Şuşalı bir yazıçıya daha çox kömək eləyirdi, nəinki Yardımlıdan olana. 

 

Mən də gənc idim, böyük arzularla, ümidlərlə yaşayırdım. Kimsəyə demədən, xahiş eləmədən bağlı qapıları açmaq istəyirdim. Qardaş, aça bilmədim. Gücüm çatmadı! Sonda mən də sizin kimi düşünüb, Sabir bəyin yanına getməyi qərara aldım. Yenə də getməyəcəkdim, İmişlidən olan tələbə yoldaşım az qala məcbur elədi. Yazılarımı da götürüb getdim, başıma gələnləri danışdım. Dedi yazılarını rəyə verəcəyik, müsbət rəy yazsalar, bir kimsə mane ola bilməz. 

 

İlk rəyçim Rəhim Əliyev oldu. Onda məni tanımırdı, heç oturub bir stəkan çay da içməmişdik. Gözəl rəy yazmışdı. Yalnız bir hekayəni sonradan təqdim elədiyim üçün ona da kitabın redaktoru Vidadi Babanlı rəy yazmışdı. Beləcə heç inanmadığım halda "Bahar küləkləri" adlı ilk kitabım çap olundu. Bu, mənim qələbəm idi! Ölkənin hər yerindən məktublar gəlir əyalətdə yaşayan müəllifə. İnsanı duyğulandıran gözəl sözlər yazırdılar. Xəyalların qanadında uçurdum. 

 

Vilayət Quliyev "Ədəbiyyat və incəsənət"də sovet oxucularına yumruq davaları, göz yaşları, ekzotik koma, meşə təqdim eləyən yazıçını xəyalların qanadından alıb yerə çırpdı. O seriyadan çıxan kitablar içində yalnız mənim kitabım tənqid olunmuşdu, Rəhim Əliyevin, Vidadi Babanlının bunca təriflədiyi hekayələrin sosialist nəsrinə yaxından uzaqdan dəxli yox imiş. 

 

– Vilayət Quliyev sizi ruhdan saldımı? 

 

– Yox, yenə də ruhdan düşmədim, ikinci kitabı verdim nəşriyyata. Rəyi də elə həmən Vilayət Quliyev yazmışdı. Məlum oldu çox təntənəli yazıb. Alınmadı, keçmədi. Kitab orda Əkrəm Əylisli baş redaktor olana qədər qaldı. 

 

– Əkrəm Əylisli də çap etmədimi?

 

– O da çağırıb kitabı verdi, dedi nəşriyyatın indi kitab çap eləmək imkanı yoxdur.

 

– Aslan müəllim, mən sizin nəsriniz dəyərini bilirəm, maraqlı yazı stixiyanız var. Amma elə bil yenə də nəsə çatmır və ya nəsə partlamır. İndi ki çap problemi yoxdur, yollar açıqdır...

 

– Təbii... Mən də bir Azərbaycan yazıçısıyam. Bizim olan ədəbi mühitimiz budur. Bu mühitdə Biləcərini üz açıqlığı ilə o tərəfə keçmək bir az müşkül. Öz yazılarımı məxsusən tərifləmək-filan fikrim də yoxdur.

 

Siz düşünürsünüz, nəsə çatmır, demək, çatmır. Nəsə partlamır? Sən partlamağını istəyirdin?

 

– Yəni Biləcəridən bəri də bir mühit var, Baycanlar, Şəriflər, Əkbərlər... Sizcə, bu imzalar oxucuya sizdən daha maraqlı təsir bağışlamırmı?

 

– Adlarını sadaladıqların bizdən sonra gələnlərdilər və mən onların bizim nəsildən daha maraqlı yazdıqlarını, oxucular üçün daha maraqlı olduqlarını düşünmürəm. Yazıçı olsan da, bu sənin bir oxucu kimi fikrin, zövqün.

 

Bir dəfə yaxın dostum sənin kimi dedi və Seymur Baycanın kitabını o qədər təriflədi ki, oxudum. Çaşıb qaldım. Heç bir üslub yeniliyi yox, modernizmdən uzaq, hələ bir sonda XVI əsr fransız romanlarında olduğu kimi məktublaşmalar. Sən məhz bu müəlliflərin Azərbaycan nəsrində nümunə olduğunu demək istəyirsənsə, bu, yenə də sənin zövqün və fikrin. Sadaladıqlarının içərisində mən Şərifi ayırardım. Bəzi məsələlərdə fikir ayrılıqlarımız olsa da,  Şərif otursa, yazsa, daha yaxşı yazılar yaza bilər.

 

– Söhbət yeni nəsil üçün onların daha maraqlı olmasından gedir...

 

– Elədirsə, olsun. Sabir bəy demiş, bu yurdun şöhrəti bol, hamıya çatar. Mən  öz fikirlərimi yazdım. Populyar olmaq, müəyyən qruplar, nəsillər arasında məşhur olmaq, maraqlı olmaq, "yaxşı yazırlar” anlamına gəlməz. Bizdən sonra gələnlərdən heç də məşhur olmayan, amma sözün əsl mənasında yaxşı yazan nasirlər də var və mən onlara daha böyük ümidlər bəsləyirəm. Nə siyahılarda adları gedir, nə də tənqidçilər yada salırlar. Ata Qam, Rəşid Abdullayev, daha gənc olan Həmid Piriyev, nəsr yazsa Hədiyyə Şəfaqət...

 

– Aslan müəllim, sizcə, yazıçı siyasətə qarışmalıdırmı?

 

– Əsla! 

 

– Nə üçün? 

 

– Bu yazıçının yazı sərhədlərini daraldacaq, manevr imkanlarını azaldacaq, onu cırlaşdıracaq

 

– Söhbət Azərbaycan yazıçısından gedir?

 

– Dəxli yoxdur. Yazıçı siyasətdən uzaq olmalıdır. Müstəqil, azad, sərbəst olmalıdır. Siyasətdədirsə, artıq təmsil elədiyi siyasi qurumun mənafeyini müdafiə eləməyə məcburdur. Onda da həqiqət, obyektivlik itəcək. Sən yalnız məhdud bir qurumun yazıçısı olacaqsan, məhdud bir qurum üçün yazacaqsan.

 

– Maraqlıdır, sizin üçün Azərbaycan qadınını yazmaq asandır, yoxsa rus? 

 

– Rus! 

 

– Niyə? 

 

– Çünki sən burda sərbəstsən...

 

– Ona görə bir çox qəhrəmanlarınız rus qızlarıdır?

 

– "Bahar küləkləri" adlı ilk kitabım çıxanda məni rus qızlarından çox yazdığıma görə universitet tələbələri çox tənqid eləyirdilər. Xüsusi ilə də qızlar. Mənin dövrümün rus qızları kişilərə onlar üçün maraqlı olduğuna görə dəyər, qiymət verərdilər. Cavan bir yazıçı kimi bu da məni çox təsirləndirərdi. Bütün bunlardan yazmaq ehtiyacı hiss eləyirdim.

 

Etiraf eləyim, ancaq imkanlı birisinə ərə getməyi, evdar qadın olmağı düşünən Azərbaycan qızları mənim yazı təsərrüfatımda özlərinə yer tapa bilmirdilər.

 

– Necə bilirsiniz, yazıçı üçün xüsusi bir həyat tərzi olmalıdırmı?

 

– Həyat tərzini yazıçıya, qeyri-yazıçıya bölmək absurddur. Hərə öz bildiyi, istədiyi, imkanlarının, cibinin imkan verdiyi kimi yaşayır.

 

– Hardasa işləyirsinizmi?

 

– Mən bir ildir işsizəm.

 

– Deməli, hər gün yazmaq, düşünmək, içmək...

 

– Düşünməyə, yazmağa, içməyə də bəs qədər vaxtım var. İndi rayondayam, bütün günü yağır. Mən pəncərənin qabağında oturub yazır, yağışa baxıram. Dayanmır. Darıxanda da dostlarımla dağları, daşları gəzməyə, sonda da sən deyən kimi içməyə gedirəm. Bu da yazıçı həyat tərzi. Maraqsız, sönük. İçməsək də gərək elə gedib diri gözlü qəbirə girək.

 

– Aslan müəllim, Bob Dilanı Nobel mükafatına qədər tanıyırdınızmı?

 

– Yox, tanımırdım. Adını ilk dəfə eşidirdim. Amma yazılarıyla diqqət çəkən, əsərləri oxunan söz adamı olsaydı, heç olmaya adını eşidərdim. 

 

– Maraqlıdır, heç xəyalınızdan Nobel keçibmi?

 

– O qədər! Amma cavanlıqda. 

 

– İndi necə?

 

– İndi soyuq başla, indiki reallıqları nəzərə alıb düşünürəm.

 

– Bilirik ki, ədəbiyyata çox bağlı bir insansınız. Bəs siz yaşda bir adam hansısa tənqidçinin fikirlərinə niyə bu qədər həyəcanla reaksiya verir, ürəkdən əsəbiləşir? Nədən irəli gəlir bunlar? Təcrübəniz yoxdurmu? Bir az boş vermək olmazmı?

 

– Ədəbiyyata bağlıyam, çox bağlıyam, amma bir tənqidçiyə irad tutmağım bununla bağlı deyil. Haqsızlığa dözməməyimlə bağlıdır. Deyək ki, Tehran Əlişanoğlu mənim haqqımda yazılar yazıb. Amma ona müsabiqə ilə bağlı cüzi irad bildirəndə, adam öz aləmində guya qisas alır. Bununla hara gedə bilərik? Bir tənqidçi bir dəfə ədalət meyarını itirərsə, nüfuzunu da itirər. Onun sözünə dəyər verən olmaz. 

 

Yaxud İradə Musayeva. Onun mənim haqqımda yazdığını misal gətirdim: "Müəllifin digər əsərlərində də, (məsələn «Mənim qəlbim dənizlərdədir» hekayəsində və s.) öz quraşdırmalarını ədəbiyyat adına sırıyır oxucularına. Bayağı, yüngül, ötəri maraqların damarını tutmuş Aslan kimlər üçün yazdığını yaxşı bilir. Bu ötəri, amanabənd maraqların nəbzini itirməmiş operativ şəkildə düzür, qoşur, calayır, yapışdırır verir «istehlakçı»ların istifadəsinə, Sevimli yazıçılarını ruhlandıran oxucuların internetdə onun ünvanına «qaqa, vallah, əla yazıçısan» etimadına güvənərək «bir daha!», «bir daha!» nidalarının alqışı altında səhnənin arxasına keçib, gedir montajlamağa…” misal gətirdim. İncidi, nələr yazmadı? Başa düşmürsən, axı mən vur-tut sənin yazdığını misal gətirmişəm.

 

– İradə Musayevanı cəsarətli, fikirlərini çəkinmədən yazan tənqidçi hesab eləyənlər az deyil, bilirsiniz?

 

– Bilirəm. Yenə deyirəm, mən vur-tut onun yazdığını misal gətirmişəm. Bilirəm, etiraf eləmir. Amma haqsızdır axı. Dünyanın hansı ölkəsində yazıçı haqda belə yazarlar? Axı bu tənqid yox, təhqirdir. Sifarişlə yazılan yazıdır. Doğrudanmı bunu başa düşmək belə çətindir?

 

Sən belə elə, İradə Musayevanın o tənqidini oxu, özün nəticə çıxart. Tənqidçi xanım məni plagiatda, yapışdırmaqda, düzüb qoşmaqda, calamaqda, hətta deyəsən orden-medallar almaqda da ittiham eləyir. Amma ürəyi soyumur. Bir yazıçının üstünə isə yalnız sifarişçiyə xoş getmək üçün bu qədər, bu həddə qədər gedərlər.

 

– İradə xanıma kim sifariş verə bilər ki?

 

– Nə bilim? O qədər adamın xətrinə dəyirəm. O qədər "dahi"yə dahi demədim. O qədər...

 

– Yazıçılar Birliyimi? Xalq yazıçısı Anarmı?

 

– Yox, Anarın belə işlərlə məşğul olacağına inanmıram. Anar bir yazıçı kimi, insan kimi yerindədir, bir məmur kimi yerində deyil.

 

– Olubmu ki, hansısa tənqidçi sizi tənqid edib və xoşunuza gəlib, onun tənqidin ədalətli hesab etmisiniz?

 

– Hə. 

 

– Məsələn...

 

– Rəhim Əliyev yazıb da, deyib də. Bu yaxınlarda Nərgiz Cabbarlı və Aygün Bağırlı mən Türkiyədə olanda özüm iştirak eləmədiyim halda "Ağrı"nın müzakirəsini keçiriblər. Kifayət qədər də tənqidi fikirlər deyiblər. Vaqif Yusiflinin də tənqidi fikirləri olub.

 

– Belə. Söhbətimizin əvvəlində dediniz ki, gənclikdə böyük arzularla yaşayırdım. Maraqlıdır, nə idi gənclik razularınız?

 

– Çap olunmaq, ölkədə və dünyada məşhurlaşmaq. Kitablarımın qonararını alıb, dünyanı gəzib dolaşmaq. 

 

– Haraları gəzmək istəyirdiniz ki? 

 

– Ən çox Amerikada hinduların yaşadıqları yerləri, Sibiri. Xəyallarım da suya düşdü. arzularım da. Artıq gələn il 60 yaşım tamam olur. Bundan sonra nə gəzmək. nə dünyanı dolaşmaq?

 

– Daha arzunuz yoxdurmu?

 

– Ədəbiyyatla bağlı - yox! Özümlə bağlı - yox! Təkcə balalarımı xoşbəxt görmək istəyirəm.

 

Kəramət Böyükçöl