:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qarabağda sizi gözləyirəm... - Mədətoğlu

Font

Onu şeirlərindən tanımışdım. Şeirlərində ağır taxtalı bir kişinin fikirləri ilə yanaşı, həzin pıçıltı, səmimi etiraf, duyğusallıq olması bu adın daim izləyəcəyim imza olmasından xəbər verirdi. Sonra onunla yaxından tanış olduq, tanışlığımız dostluğa qədər irəliləyə bildi. Bu vaxta qədər isə işlədiyi "Ədalət” qəzetində şeirlərimdən bəhs edib, kitabım haqda yazı da yazmışdı.

 

Bu günlərdə onunla - şair Əbülfət Mədətoğlu ilə görüşüb Axar.az üçün söhbət etdim, onun "Gerçəkləşməyən arzular”ını öyrəndim:

 

- Əbülfət bəy, necəsiniz? Deyəsən, son vaxtlar publisistikanız, nəsriniz nəzminizi üstələyir. Şeir yaradıcılığınızda son vaxtlar durğunluq hiss etmirsiniz ki? Ya bu, mənə elə gəlir? İşinizin çox olması, güman ki, yaradıcılığınıza da təsir göstərir.

 

- Gündəlik qəzetdə çalışmaq istənilən yaradıcı adam üçün həm vaxt itkisi, həm də müəyyən fikirlərin nəsrə köçməsidir. Yəni şeirdə səslənə biləcək fikir bəzən publisistikanın "yem”inə çevrilir. İndiki zamanda bundan qurtulmağın yolunu görmürəm, çünki işləməsəm, çalışmasam, onda iş yerimi də itirərəm, ailənin güzəranını da. Bunu balanslaşdırmaq üçün necə deyərlər, canıma "qəsd” edirəm. Hər gün səhər saat 7-dən redaksiyada yazı stolumun arxasında 9:30-a qədər öz şəxsi duyğularımın xidmətində oluram.

 

- Jurnalistika, şairlik dolanışığınızı təmin edə bilirmi? Yoxsa bir tikə çörəyin dalınca düşməyin başqa yolları da var?

 

- Gəl etiraf edək ki, bu gün qələm ən yaxşı halda günün çörəyinə yardımçı olur, ona görə müxtəlif işlərin də qulpundan yapışmaq lazım gəlir. Bu mənada şəxsən mən, daha çox redaktə işlərinə özümü sərf edirəm. Oradan əldə etdiyim az-çox nə olursa, bunu qələmin puluna əlavə edirəm və beləcə yaşayıram.

 

- Necə düşünürsünüz, gənc şair Əbülfət Mədətoğlunun oxucusu bu günün ağsaqqallıq kürsüsünə yiyələnəcək şairin oxucusu kimi qala bildimi?

 

- Oxucu bütün zamanlarda olub, var və olacaq. O ki qaldı mənim oxucularıma, mənə elə gəlir ki, onlar elə mənimlə birlikdə gənc olub və bu gün də çatdığım yaşdadırlar. Mən həmin sədaqətli oxucularımın qarşısında həmişə baş əymişəm, amma tam səmimi şəkildə etiraf edirəm ki, bu günün oxucusu daha çılğın, emosionaldır. Onlar sözdə, şeirdə dinamika axtarırlar, duyğusallıq yox. Bu mənada gənc oxucuların kumirinə çevrilmək heç də asan deyil .

 

- Çoxsaylı oxucularınızdan qəlbinizə hakim kəsiləni, ilham pərisinə çevriləni olubmu heç?

 

- Sizə bir fakt deyim, inanmasanız, bir gün "gecəqonduma” qonaq gəlib həmin hədiyyəni özünüz də görə bilərsiniz. Bu günə qədər üzünü görmədiyim, tanımadığım, hətta adını belə bilmədiyim bir oxucu, mənə çox dəyərli və son dərəcə əziz olan bir at büstünü poçt vasitəsi ilə göndərib. O hədiyyənin bağlamasının içərisində bircə cümlə yazılmış vərəq var idi: "Sizin şeirlərinizin daimi oxucusu və sizin xəyallarınız!” Bax, tanımadığım həmin insanın özü və gözümün qabağındakı hədiyyəsi dediyiniz ilham pərisinin obrazıdır.

 

- Siz şair olaraq nələri arzu etmisiniz və bu arzular gerçək oldumu?

 

- Etiraf edim ki, mənim arzularımdan çox, xəyallarım olub. Ona görə də doğmalar məni daha çox xəyalpərvər kimi tanıyır, hətta bəzən "xəyalların yuxularında da çin olmur”, - deyirlər. Ümumiyyətlə, doğulduğu evi, ilk addımlarını atdığı torpağı, uşaqlığını, gəncliyini itirmiş, əslində isə işğalçı caynağına keçməsinə dözən bir adamın arzusu da, xəyalı da özündən asılı deyil, ancaq Allahla bağlıdır. Odur ki, arzulardan danışmaq toyda sağlıq demək kimi bir şeydir mənim üçün.

 

- Gənclik illərinizdə heç arzuladınızmı ki, xalq şairi olasınız, sizi barmaqla göstərsinlər?

 

- Faiq, əzizim, mən pafoslu danışmağı sevmirəm. Bilirəm ki, sən də eləsən. Gəl etiraf edək ki, bir var xalqın şairi, biri də var xalq şairi! Mən əgər doğulduğum bölgənin və şeirlərimi mütaliə edən oxucuların gözündə, könlündə, yaddaşında varamsa, artıq elə bu xalqın şairi olmaq deməkdir.

 

- Şair, sizin Əbülfət Mədətoğlu olaraq ədəbiyyatda özünüz üçün müəyyən etdiyiniz bir yer varmı? Özünüzü arzuladığınız yerdə görə bilirsiniz?

 

- Gəl belə danışaq, bizim özümüz üçün müəyyənləşdirdiyimiz yer nisbidir. Bir az da çılpaq desəm, biz hansısa bir məclisə getmirik ki, öncədən hansı masada oturacağımızı müəyyənləşdirək və yaxud da o məclisin sahibi bizə  göndərdiyi dəvətnamədə masanı göstərsin. Biz sözlə yaşayırıq, o sözün ömrü nə qədər olacaqsa, biz də o qədər yaşayacağıq. Şəxsən mən, ədəbiyyat deyilən məkanın hansısa bir nöqtəsində bir misramın qalacağına inanmasaydım, qələmi bir kənara atardım.

 

- Sizcə, imzanız bizim ədəbiyyata nə qazandıra bildi? Əgər uzun illər imzanız görünməsə, ədəbiyyatımız nəyi itirə bilər?

 

- Çox hörmətli professorlarımız - Nizami Cəfərov, Rüstəm Kamal, Vaqif Yusiflinin, eləcə də böyük şairimiz Bəxtiyar Vahabzadənin, canlı klassikimiz Ramiz Rövşənin, mərhum Tofiq Abdinin, dəyərli Seyran Səxavətin, Zakir Fəxrinin, Vaqif Bəhmənlinin və digərlərinin fikirlərinə söykənib deyə bilərəm ki, mən yazılarımdakı səmimiyyətlə, sadəliklə fərqlənmişəm. Hətta İstanbul və Ankarada çap olunan kitablarımın ön sözlərində də Türkiyənin tanınmış ədəbiyyat adamları, məni " səmimiyyət, sevgi və dərd   şairi” adlandırıb.  Düşünürəm ki, nə vaxtsa imzam görünməsə, yazdıqlarım məni xatırladacaq.

 

- Bilirik ki, şair bütün dövrlərdə zamana qarşı müxalif olur. Sizin də şeirlərinizdə bir giley, barışmazlıq var. Nəyi istəyirsiniz və o istək niyə gerçək olmur?

 

- Bəli, şairlər həmişə müxalif olub, çünki onlar şeir yazanda şair olurlar. Şairlərin də dünyası tamam başqadır. Mənim ən çox gileyim - vətəndə vətənsiz olmağımdır. Hər kəs kəndinə, doğulduğu ünvana tələsəndə mənim içimdən bir sızıltı keçir... Mənim də gedən yerim olub axı. İndi isə yoxdur...

 

- Ümumiyyətlə, sizin gerçək olmayan arzularınız hansıdır? Bu arzuların ardınca düşürsünüzmü, yoxsa ağ bayraq qaldırıb, "təslim olmaq” daha asandır?

 

- Düşünürəm ki, "arzudan arzu doğur” fikri həqiqətdir. Bu mənada mən, özümü anlayanda - bu insanların şirəsini sorub rahatca xumarlanan Bakıya gələndə böyük arzuların izinə düşüb gəlmişdim. Bu şəhər, o arzuların əksəriyyətinin məzarlığına çevrildi, çünki kəndin saflığını tapa bilmədim bu şəhərdə. Yaxşı ki, etibarlı dostlar, xüsusi ilə əlimdən tutan söz adamları məhv olmağıma imkan vermədi. Onların arasında unudulmaz Nüsrət Kəsəmənli, yazıçılar Əlsəfa Məmmədov, Əlfi Qasımov, Seyran Səxavət, şair dostlarım Vaqif Nəsib, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Zülfüqar Şahsevənli, Zakir Fəxri, Umud Rəhimoğlu, Adil Şirin, Elçin İsgəndərzadə, həmçinin bu gün birgə çalışdığım qəzetin sahibi Aqil Abbas və digərlərinin boynumda dost haqları var. Onlara həmişə minnətdaram. Ən böyük arzum - bəlkə də tələbim desəm, daha doğru çıxar, - doğulduğum Qarabağa qovuşmaqdır.

 

- Şair, sizi arzularınız hara qədər apara bildi? Bugünkü yeriniz, durumunuz sizi qane edirmi?

 

Bilmirəm, kimlərsə arzularına qoşulub harasa gedib ya yox, mən şəxsən 1991-ci ilin oktyabr ayının 30-dan, yəni doğulduğum Tuğ kəndi işğal olunduğu gündən cismən Bakıdayam, ruhum Qarabağda - ata ocağındadır! Ona görə də cismi ilə ruhu biri-birindən ayrı yaşayanın günü-güzəranı ancaq xəyalların ətəyindən tutmaqla keçir. Bir yazı adamı olaraq, kitablarımın ölkə hüdudlarından kənarda - Türkiyədə, İranda çap olunması məni nə qədər sevindirsə də, düşünürəm ki, arzularımın qayəsi məni elə yerlərə qədər aparmaq deyildi. Yox! Mən arzularımı da, xəyallarımı da Qarabağda görürəm. Sizi də orada gözləyirəm.

Müəllif: Faiq Balabəyli