:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Filosof: “Şəhidlər ölümü yox, həyatı sevirlər” - MÜSAHİBƏ

Font

Yenizaman.az Teleqraf.com-a istinadən filosof Müşfiq Ötgünlə müsahibəni təqdim edir.

 

– Müşfiq müəllim, yaxınlarda bir müsahibənizi oxudum. Uşaqlar haqqında fikirləriniz diqqətimi çəkdi. Maraqlıdır, əsl uşaq necə olmalıdır? Ağıllı, tərbiyəli, savadlı... Yoxsa sadəcə, azadmı?

 

– Bu dünyada əsil bir şey varsa o da uşaqlardır. Məhz onlar islah olunmalı deyillər. Böyüklərin isə islah olunmağa ehtiyacları var. Lakin böyüklər də nə zamansa uşaq olublar, elə deyilmi? 

 

– Bəli...

 

– Uşaqları pozublar. İnandırıblar ki,  zor hər  şeydir. Onlar da inanıblar. İnandırıblar ki, pul hər şeyi həll edir. Onlar da inanıblar. İnandırıblar ki, səadəti oğurlamaq  da olar. Onlar da inanıblar. Uşaqlar öz kökləri üstə tərbiyə olunmalıdır. 

 

– Nədir kökləri?

 

– Məhəbbətdir, dirilikdir, təbiilikdir, saflıqdır. Müdrik böyüklər onları elə öz kökləri üstə tərbiyə edə bilsələr, dünyanı güclü, xoşbəxt, yaradıcı insanlar bürüyər. Amma onları çox hallarda pozurlar - tərbiyə vermək adı altında. Və uşaq aldığı tərbiyədən asılı olaraq taleyini dizayn etməyə başlayır. 

 

– Bəs tərbiyə, əxlaq, vicdan nə deməkdir? Tərbiyəli, əxlaqlı, vicdanlı insan kimlərdir? Yaxud əksi: tərbiyəsiz, əxlaqsız, vicdansızlıq nə deməkdir?  Yəni bu anlayışların hamısı bizdə yerbəyer olubmu?

 

–  Bu suala qismən cavab verdim. İnsan təbiətinə müvafiq tərbiyə olunmalıdır. Bitkilər təbiətlərinə müvafiq becərildikləri kimi. Qarpızı, kələm kimi, yaxud kartof kimi becərmək olmaz, elə deyilmi? İnsan da təbiətinə müvafiq – azadlıq, yaradıcılıq, xeyirxahlıq, ədalət, səmimiyyət və doğruçuluq əsasında tərbiyə olunmalıdır. 
Bəziləri hesab edir ki, insanın təbiəti eqoizmdir, yırtıcıdır. Bu cür də tərbiyə edirlər övladlarını. Onlar başlarına bəla yetişdirirlər. Xoşbəxt olmurlar elə adamlar. Təbiətlərinin əksinə böyüdüldüklərindən şikəst təsiri bağışlayırlar. İnsan təbiətinin nə olduğunu Lev Tolstoydan soruşmaq lazımdır, dünyaya küsmüş adamlardan deyil. 

 

– Əxlaq...

 

– Əxlaq başqasının yerinə özünü qoymaq insaniliyidir. Vicdan da başqasında özünü görmək talantının başqa adıdır. Əxlaqsızlıq, vicdansızlıq da bunun tam əksidir. Tənhalaşmaq, dünyaya yadlaşmaq yoludur. 
Bilirsiniz, başqaları (bu məfhuma hər şey daxildir, canlı və cansız təbiətin hamısı, hətta uzaq ulduzlar belə) bizi qidalandıran köklərdir. Başqaları ilə əlaqəsini kəsmiş, özünün eqosunu hamıya qarşı qoymuş adam qurumuş ağaca bənzəyir zamanla. Çünki öz köklərini kəsməklə məşğuldur.

 

– Fəlsəfədə şəxsiyyət və ziyalı anlayışlarının izahı necə verilir? Və məsələyə sırf fəlsəfənin dediyi kimi yanaşsaq, bizim cəmiyyətdə həqiqi şəxsiyyətlər, ziyalılar kimlərdir? Praktik cəhətdən hansı davranışlarına görə onlar ziyalı hesab olunurlar? 

 

– Bilirsiniz, fəlsəfə elm deyil. Düşünmə sənətidir. Burda hər filosofun öz baxışları var. Yeganə tələb, fikirlərin dərinlik və əsaslılıq dərəcəsidir. "Yəni fəlsəfədə bu, necədir?” sualı tam mənada korrekt deyil. Eyni suala bir-birinə zidd cavablar var fəlsəfə tarixində. Normaldır bu. 

 

Şəxsiyyət və ziyalı bir-biri ilə bağlı anlayışlardır, həqiqətən. İnsan şəxsiyyət olmayınca ziyalı ola bilmir. Savad qazanmaq adamı ziyalı etmir. Şəxsiyyət müstəqil duyğuya, müstəqil biliyə, müstəqil mənəviyyata və iradəyə malik fərddir. Çox insan bu mərhələyə gəlib çata bilmir. Adam vəzifələnincə, pullanınca bizdə onu şəxsiyyət hesab edirlər. Lakin o adam daxilən azaddırmı, müstəqildirmi? Duyduğu və düşündüyü kimi yaşaya bilirmi? Yalnız o halda insan şəxsiyyətdir. Buna görə ki, Makedoniyalı İsgəndər çəlləkdə yaşayan filosof Diogenə ehtiramla yanaşırdı. Çünki Diogen şəxsiyyət idi. 

 

Ziyalı insanın, həyatın dərinliyini görən, dərk edən biridir. O daxili azadlıq və müstəqillik belə bir dərinlik imkanı yaradır insanda. Və dərindəki həqiqətin işığı ilə nurlandırır ziyalı gerçəkliyi. O ziya dərinlikdən gəlir. Əksər hallarda o ziyaya görə cəmiyyət sağ ol demir ziyalıya. Orden vermir. Əksinə, cəzalandırır, təqib edir.  Çünki ziyalı sözü ilə cəmiyyətin düzənini dəyişdirməyə, bu düzəni həqiqətlə uyğunlaşdırmağa çalışır. İnsanlar isə artıq öyrəşiblər yalan içində yaşamağa. Çətin olur. Mirzə Fətəli Axundovun, Zərdabinin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin və başqalarının həyatlarına baxın. Onlar parlaq ziyalılar olublar. İndi varmı belələri? 

 

– Varmı? 

 

– Əlbəttə var. Bir neçəsini tanıyıram.

 

– Müşfiq müəllim, narkotik maddələrdən istifadə azadlığına necə baxırsınız? 

 

– Narkotiklərlə mübarizə narkotikləri bahalı biznesə çevirdi. Bunu deyə bilərəm. Səmimi olsam, mən anlamıram bu mübarizənin mahiyyətini.

 

Bütün həyat narkomaniyadır. Yəni ləzzətçilikdir. Şokolad, çay, şərab, siqaret... insanlar bunları ehtiyac üçün istifadə etmirlər. Öyrəşdikləri, asılılığına düşdükləri üçün qullanırlar. Məsələn, bildiyim dərəcədə Hollandyada narkotikin satışı leqaldır. Kim deyə bilər ki, ora səfalət ölkəsidir? Müstəqil araşdırmalar aparmaq lazımdır, iqtisadi, sosioloji, psixoloji və s. Tədqiqata qabaqcadan məlum nəticə ilə girişmək o tədqiqatı mənasız edir.
Onu bilirəm ki, qadağan olunmuş meyvə daha çox cəlb edir insanları.

 

– Homoseksualizmi Qərbin pis dəyəri hesab edirsiniz? 

 

– Homoseksualizm Qərbin dəyəri deyil. Ümumbəşəri fenomendir. Hətta ümumbiloji. Çünki canlı təbiətdə də var bu fenomen. Bizdə bu fenomen ictimai fikir tərəfindən yarğılanır, pislənir, manipulasiyalara alət edilir. Qərb cəmiyyətlərinin də bu fenomenə loyal yanaşmasını Qərbin özünə qarşı arqument kimi istifadə edirlər.

 

– Bu məsələyə konkret sizin münasibətiniz necədir?

 

– Mən insanların intim həyatlarına qarışmıram. Seksual seçimlərini müzakirə etmirəm. Bunu etik hesab etmirəm. İnsanları ilk növbədə peşəkarlıq və başqalarına münasibətdə hörmətcilliyinə görə dəyərləndirirəm. Kimin kiminlə yatdığı mənə maraqlı deyil. Doqqazda oturub kimin evinə kimin getdiyini güdən dedi-qoduçu insan psixologiyasından uzağam.

 

– Nizami Gəncəvi, Nəsimi dərslik kitablarında filosof-şair kimi təqdim olunur? Sizcə, belə bir ifadə doğrudurmu?

 

– Bəli, doğrudur. Bizdə əsrlərlə fəlsəfə  xüsusi ictimai şüur forması kimi ancaq poetik formada yaşayıb. İctimai ünsiyyət sivilizasiyası olmamışıq uzun müddət. Danışmaq, nəyisə şübhə altına qoymaq çox təhlükəli olub bu coğrafiyada. İctimai ünsiyyət (filosoflar isə insanları düşünməyə və müzakirə etməyə dəvət edənlərdir) totalitarizmi sarsıda bilərdi deyə publik ünsiyyət qeyri-rəsmi qadağa altında olub. Lakin Şərq öz dərinliyini yaşadıb poeziyada. O debatlar, personajlar vasitəsi ilə söndürülmüş halda da olsa  aparılıb. Kitab istehsalı tamamən şahların inhisarında idi. Onlara həsr olunurdu poemalar. İndi nəyimiz varsa fəlsəfə adına, əsasən poeziya formasındadır. Qavramaq üçün də bu asan idi.

 

Sırf filosof imici yox idi bizdə. İlk filosof Asif Ata oldu. O da XX əsrdə. Filosofluğu ilahiyyat mantiyasında gerçəkləşdirənlər də vardı. Məsələn, Eynəlqüzzat Miyanəçi, Yəhya Sührəverdi. Onları da öldürdülər. Nəsimi şair idi, amma mesajları aydın idi deyə o da öldürüldü. Nəticədə Şərqin tədqiqat ruhu qorxub geri çəkildi. Mən belə görürəm tariximizi.

 

– Niyə ateist filosoflara daha çox inanırlar? Filosof deyəndə ağlına ilk gələn o olur ki, yəqin ateistdir.

 

– Yanlış klişedir. Sovet dövründə dərsliklərdə belə bir fikir aşılayırdılar insanlara, ondan qalıb. Bunun ikinci səbəbi Avropanın inkişafı ilə bağlıdır. Məsələ ondadır ki, Qərb sivilizasiyasının dindən qurtulmasında ateist filosofların rolu böyük oldu. Russo, Volter, Nitşe... Və bundan sonra Qərbdə fikir azadlığa çıxdı, keşişlərin teokratiyası sındırıldı və hərtərəfli inkişafa nail olundu. Ateist filosofların populyarlığı bundandır. Şübhəsiz, onlar çox dəyərli filosoflardır, amma Platon, Hegel, Kant, Spinoza, Tolstoy kimiləri də nəhəngdirlər və tarixi prosesə böyük qatqıları olub.

 

– Din alimlərinə alim demək olarmı? Məsələn, Əbu Hənəfi, İmam Qəzzali... Münasibətiniz necədir?

 

–  Təəssüf ki, oxumamışam onları. Bir şey deyə bilmərəm. "Din alimi” anlayışı bir az mürəkkəbdir, razıyam. Yəni dini ehkamları yaxşı bilən adam nəzərdə tuturlarsa ona mütəxəssis demək olar.

 

Alim – tədqiqat adamıdır. Onun heç özü də bilmir ki, sonda hansı nəticəyə gəlib çıxacaq. Belələri islam dünyasında  da olub, xristian dünyasında da, buddizmdə də. Onlara mən  alim, filosof deyə bilirəm. 

 

– Məsələn...

 

– Söhbət Avqustin kimi, Sührəverdi kimi adamlardan gedir.  

 

– Bəzən tənqidlər səslənir ki, müasir yazıçılarımız fransız maarifçilərinin ideyalarını yayırlar. Sizcə, Volter, Monteskyö, Russo, Didro köhnəlibmi? 

 

– Bu ideyalar Avropa üçün köhnələ bilər. Bizim cəmiyyətimiz üçün aktualdır. Bəziləri Qərbin müasir fəlsəfəsini ideallaşdırır. Hesab edirlər ki, bizim filosoflar da postmodernizm problemləri ilə məşğul olmalıdırlar və s. Postmodernizmdə bizə dəxli olan məqamlar çoxdur, inkar etmirəm. Amma bizim cəmiyyətimiz üçün, Şərq üçün indi məhz maarifçilik aktualdır. Filosof – cəmiyyətin loğmanıdır. Əgər bir cəmiyyətdə vəba xəstəliyi yayılıbsa həkimlər özlərini neyrocərrahlıq ilə maraqlanırmış kimi göstərməməlidirlər. Mən belə düşünürəm.

 

– Bir şey maraqlıdır. Vətənini, millətini sevməmək olarmı? Yoxsa hamı vətənini də, millətini də mütləq sevməlidir?

 

– Sevgini zorla insanlara təlqin etmək sevginin kökünü qazmaqdır. Fikir vermisinizmi, cəmiyyət bir şeyi təbliğ etməyə başlayınca adamlar o şeylərə ikrah duymağa başlayır zamanla? 

 

– Nə üçün belədir? 

 

– Ona görə ki, təbliğat maşınları işə düşəndə (məktəbdə, mediada və s.) həddi qoruya bilmirlər. İncə məsələlərdə kobud davranırlar. Sevgidən anlayışı olmayan müəllim və müəllimələr sevgi dərsləri verirlər, doğruçuluq dərsləri verirlər, ədalət, insanlıq dərsləri verirlər. Zamanla məhz həmin şeyləri axtarıb tapa bilmirik. Heç kim sevgiyə məcbur edilə bilməz. Bu, tərbiyəsizlikdir. İncə məsələlərdə, incə davranmaq lazımdır.
Vətən, millət sevgisi deyilən şey var. Qürbətdə olanlar bu mövzuda yaxşı dərs deyə bilərlər.

 

– Məsələn, bir insan torpağı uğrunda döyüşür, canından keçir və şəhidlik zirvəsinə yüksəlir. Çünki vətənini sevir. Başqa biri isə müharibədən, tank, güllə, top səsindən qorxur, səngərdən qaçır və fərari olur. Çünki həyatı sevir. Nə üçün vətəni sevəndə alqışlanırıq, həyatı sevəndə isə fərari oluruq? 

 

– Əsil şəhidlər həyatı çox sevənlərdir. Onlar həyatı çox sevdikləri üçün, ölümə etiraz etdikləri üçün vuruşurlar və ölürlər. Onlar ölmək üçün vuruşmurdular. Yaşamaq və öz ideallarını qorumaq üçün vuruşurdular. Ölümü burda vəsf etmək yanlışdır, məncə. 

 

Quranda "şəhidlər ölü deyil, siz onları görmürsünüz” deyilir. Onlar dirilik abidələridir və həyat üçün canlarından belə keçməyi gözlərinə alan mərdlərdir. Burda, sadəcə, bir sualı izah etmək lazım gəlir: həyat nədir? Bu isə uzun məsələdir.

 

Qorxaq güllədən qaçır, bəli, o da həyatı sevir. O hələ hazır deyil bu mübarizəyə. Alqışlamıram, amma qınamıram da! Hər kəs ruhunun vəziyyətinə uyğun həyat yaşayır. Yaşamaq isə asan deyil.