:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dərbənd Teatrının baş rejissoru: “Bir dəfə çayxanaya getdim, bıçaqladılar...” – MÜSAHİBƏ

Font

Yenizaman.az Teleqraf.com-a istinadən Dərbənd Dram Teatrının baş rejissoru Ərtoğrul Kamalla müsahibəni təqdim edir:

 

– Ərtoğrul bəy, Dərbənd Dram Teatrında qoyduğunuz "Ac həriflər” tamaşası Bakı nümayişində tənqidlərlə qarşılandı. Feysbukda iradlarla razılaşdığınızı yazmışdınız. Nə idi bunun səbəbi, kimdi günahkar?

 

– Mən. Tamaşa alınmırsa, günahkar rejissordur. Tamaşaçı qarşısına çıxanda bəhanəyə yer yoxdur.
Mən Dərbənd Teatrına böyük ümidlərlə getmişdim, gedəndə deyirdim Azərbaycan teatrıdır, azərbaycanlılardır. Gedib oranı dirçəldəcəm. Amma teatrşünaslar – Aydın Talıbzadə, Məryəm Əlizadə, məndən əvvəl orada baş rejissor kimi çalışmış Vaqif Əsədov kimi təcrübəli adamlar dedilər qətiyyən ora getmək olmaz. Çünki işləmək üçün heç nə yoxdur, vəziyyət bərbaddır. Dedim yox, gedəcəyik, teatrı ayağa qaldıracağıq. Getdim gördüm vəziyyət xeyli kritikdir. Deməli, teatrda hansısa aktyoru işdən çıxarmaq istəyirsən ki, yerinə normal, heç olmasa, studiya şəraitində işləmiş bir adam gətirəsən. Amma tapmaq olmur. Bizim orda hazırladığımız tamaşaların yalnız bir məqsədi var: aktyorlar əsl səhnənin dadını hiss eləsinlər. Bilsinlər ki, klassikadan başqa tamaşa da olur, xarici yazıçılar da var. Onların, ümumiyyətlə, bundan xəbərləri yoxdur. 
O boyda teatrda cəmi bircə təhsilli aktrisa var. Azərbaycan dilində bir az normal danışa bilən adamları doldurublar teatra. Vəziyyət çox pisdir. 

 

– "Ac həriflər”də ləhcə də hiss olunurdu...

 

– Biz hələ o tamaşanın üstündə səkkiz ay işləmişdik. İki ay hər gün səhərdən-axşama ancaq səhnə hərəkəti öyrədirdim. Pərviz Məmmədrzayevdən nə öyrənmişəmsə, mən də onlara öyrədirdim. İki aydan sonra bir ay fasilə verdik ki, tamaşanı məşq edək. O bir ayda öyrətdiyimiz yaddan çıxdı. Aktyorlarda nə baza var, nə həvəs, nə də maraq. Məşqdə sənə gülürlər ki, nə məşq ey, başa düşdük də, sözümüzü deyək, çıxaq gedək. 

 

– Bəs orda nə işləri var?

 

– Havayı maaş almaq üçün yığılıblar. Tutaq ki, kimsə Azərbaycandan Dərbəndə tikinti sahəsində işləməyə gəlir. İşi alınmırsa, deyirlər Azərbaycan dilində yaxşı danışırsan, get teatra. Gedir və teatra işə götürürlər. Bu dəqiqə orda dəhşətli konfliktin içindəyəm. Deyirəm artıq burda olmağımdan bir il keçdi, mən belə işləmək istəmirəm. Truppa üç nəfərdən ibarət olsun, qalanları lazım deyil. Amma işçini işdən çıxarmaq üçün çağırırsan, deyirsən artıq müqavilə vaxtın bitib, lazım deyilsən. Gedib səni məhkəməyə verir, aləm dəyir bir-birinə. Onda oturub fikirləşirsən ki, bu, mənə lazımdır?

 

– Yəni qətiyyən yaradıcı mühit yoxdur...

 

– Ordakı vəziyyəti danışmaqla izah etmək mümkün deyil. Mən yaradıcı dostlara bu barədə danışanda deyirdilər yox, bu qədər də olmaz. Mir Sahib Ağazadəni dəvət elədim ki, gəl bir tamaşa hazırla, vəziyyəti gör. Gəldi, 25 gün məşqi oldu, təkcə bir gün aktyorlar bütün tərkiblə bir yerdə məşqə gəldi. Bu adam görə bilmədi ki, hansı aktyorlarla işləyəcək. 

 

Aktyorumuzun biri Sahibin tamaşasının təhvilinə iki gün qalmış getdi xəstəxanada yatdı.

 

 

– Lap "Oqtay Eloğlu”ndakı kimi...

 

 

– Hə, elədir. Əsas rollardan birini oynayırdı. Yalandan bülletenə çıxdı. Çünki ona burda işləmək maraqsızdı. Məcbur deyil ki... Teatral mühit yoxdur orda. Yaxşı alver var.

 

– Artıq bir ildən çoxdur ordasız və vəziyyət bu dərəcədə ciddidirsə, yəqin Mədəniyyət və Turizm Nazirliyinə də çatdırmısınız. Bəs onlar nə təklif edirlər, bəlkə, bir neçə aktyor göndərələr, yaxud başqa köməklik göstərələr?

 

– Nazirlik bu yöndə hərəkət eləyir, iş qurur. Prezidentin sərəncamıyla Dərbənddə yerləşən Azərbaycan teatrına beş milyon manat pul ayrıldı ki, bina tikilsin. İşlər başlayıb, hansısa səbəblərdən hələ ki, gecikir.

 

– Siz Bakıda müəyyən bir yerə gəlmişdiniz, bir yol qət etmişdiniz. Yəqin son bir il üç aylıq fəaliyyətinizi itirilmiş hesab edirsiniz. Formadan da düşmüsünüz...

 

– Mən düşünürəm ki, Bakıya qayıtsam, neyləyəcəm, necə köklənəcəm? Akademik Teatrda "Keçmişdən zəng” tamaşası qoymuşdum, bəyənilmişdi. İkinci tamaşa təklif olunmuşdu, onun hazırlıqlarına başlayırdıq. Nazirlikdən çağırdılar, mən də getdim. Dedilər belə bir fikrimiz var, razılaşdım. Çox böyük ideyalarım, həvəsim var idi. Burda hər şeyi atıb getdim. Yuğu itirdim, Yuğun aurasından qopdum.

 

– Bu müddət ərzində nə qədər şey öyrənmək olardı...

 

– Nazirlik hər il məni Moskvaya göndərirdi – Çexov Festivalına. Orada bir xeyli şey öyrənirdim, amma indi ondan da məhrumam. Bakıda olanda Nazirliyə müraciət edirdim, kömək edirdilər. İndi də çətinlikdə olanda müraciət edib kömək alıram, amma artıq Dağıstanın Nazirliyi göndərişləri təmin etməlidir, eləmirlər.

 

Biz tamaşalarımızı Ləzgi Teatrında hazırlayırıq. Təsəvvür eləyin, saat altının yarısı işıqçı gəlir ki, mən getdim. Deyirəm necə getdin, yarım saat sonra tamaşa başlayır, Bakıdan gələn var. Deyir mən sizin işçi deyiləm.
Neçə dəfə cəhd eləmişəm ki, burdan peşəkar heyət aparım, mümkün olmayıb, maliyyə ayrılmayıb.

 

Dərbənd sənət adamı üçün deyil. Təsəvvür eləyin, bir dəfə çayxanaya çıxmışam, qoluma bıçaq çəkiblər. Orda yaşayış budur. Uşaqlar balacadır, təzəlikcə balaca oğlum iki dəfə əməliyyat olundu, 11 aylıqdı, ona görə ailəmi apara bilmirəm. Bu boyda problemin içində iş görmək olar?

 

– Bura qayıdandan sonra köklənmək çətin olacaq...

 

– Mən düşünürəm ki ən azı üç il Yuğun məşqlərinə gedim, eləcə oturub baxım, özümü daxilən hazırlayım. Vaxtilə vərdiş etdiyim priyomları yenidən mənimsəyim.

 

Aktyor dostum Hikmət Rəhimov mənə dedi ki, dəxli yoxdur sən hansı şəraitdəsən, tamaşa pis idi. Dedim qardaş, dəxli çoxdur. Qeyri-peşəkar adamla iş görmək mümkün deyil. "Azdrama”da hamını çıxar, bazardan adam gətir, gör uğur qazana bilərsənmi? Münkün deyil!

 

Bir dəfə attestasiya təşkil elədim, 27 nəfərdən cəmi iki nəfər Stanislavskini tanıdı. Bu teatr həmişə belə olub. 

 

– Yaxşı, ümid edirik ki, ordan canınız qurtaracaq. Bəs Bakıyla bağlı nə planınız var?

 

– İndi infarkt keçirdiyimə görə Bakıdayam, müalicə alıram ürəyimdən. Yuğ Teatrında Təranə Ocaqverdiyeva ilə bir monotamaşamız var. Markesin "İri qanadlı, çox qoca adam” hekayəsi əsasında hazırlamışıq. Təranə xanımla çoxdan istəyirdik ki, bir əsər işləyək. Yaxşı olmağına ümid edirik.

 

Sumqayıt Teatrında bir işimiz var idi – Fəxri Uğurlunun "Tanrı dağları” silsiləsi əsasında tamaşa düşünürdüm. Fəxri müəllim tamamilə bənzərsiz yazıçıdır. Əsas "Məryəmin oğlu” hekayəsi məni aparmışdı. O əsərə hətta film çəkmək ideyası var idi. Abbas Qəhrəmanovla danışdıq, Abbas müəllimə çox təsir elədi, bəyəndi. 

 

Getdim Dərbəndə, yarımçıq qaldı. Bakıya qayıdan kimi yenə başlayacam.

 

– Özgə kimləri oxuyursunuz, izləyirsiniz?..

 

– Şairlərdən Aqşin Yeniseyi, Şəhriyar Del Geranini çox bəyənirəm. Sevinirəm ki, belə düşünən, bənzərsiz qələm adamları var. Yaradıcı adam oxumalıdır, öyrənməlidir. Bizdə gənc nəslin çoxu klassik, özü də həqiqi yox, psevdo klassik düşüncədə qalıb.

 

– Məncə, İncəsənət Universitetinin tədrisinin də günahı var bu işdə.

 

– Belə deyim də, Vaqif İbrahimoğlu beş-on adam seçirdi, deyirdi bu adamlar mənə bəsdi. Onların içindən də Qasım Nağı, Yaqut Paşazadə, Hikmət Rəhimov, Mikayıl Mikayılov, Mir Sahib Ağazadə, Tural Vaqifoğlu, Natəvan Qeybani, Gümrah Ömər, Günay kimi adamlar çıxdı. Bu adamların çoxu İncəsənət Universitetində dərs keçir.

 

Ümumiyyətlə, bilirsiniz necə olmalıdır? Ustad gəlməlidir, özünə şəyird seçməlidir. Bizdə Vaqif müəllimdən başqa heç kim öz yerinə adam hazırlamaq istəməyib.

 

Məncə, sistemdən də çox şey asılıdır. Sistem dəyişməlidir, yanaşma dəyişməlidir. Vaqif müəllim adamı yumorla imtahan eləyirdi, onun yumor hissini yoxlayıb götürürdü. Mən Dərbənddə də bax o yumorun hesabına dözürəm (gülür).

 

– Söhbət Yuğdan və Yuğçulardan düşmüşkən, bir şey soruşum: Teatrınız neçə illərdir məskunlaşdığı binadan çıxarılanda kollektivin səsi eşidilmədi...

 

– Yuğ Teatrı hər yerdə var. Bu gün mən Dərbəddəyəm, deməli, Yuğ Dərbənddə də var. Çünki Yuğun yetirməsi ordadır. Yuğ bu gün Lənkəranda var, çünki qardaşımız Tural ordadır. Günay Mingəçevirdə idi, İradə Gəncədədir. Yuğ hardadır, indi siz deyin.

 

Səhv eləmirəmsə, Londonda bir teatr var idi, gəzmədiyi ölkə qalmamışdı. Çünki öz binaları yox idi. Tamaşanı hazırlayıb, məcburən qastrola çıxırdılar. Sonra dövlət onlara bina verdi. Bilirsinizmi nə oldu, həmin teatr sıradan çıxdı, zəiflədi.

 

– Siz dediyiniz Londondakı o teatrın estetik seçimidir. Yuğun isə binası var idi, gəlib çıxardılar. 

 

– Yox eyy, qardaş, estetik seçim nədir? Onların imkanı yox idi bina kirayələməyə.

 

– Hər halda, binası olan bir kollektivi köçürdülər. Və üzvlər səsini çıxarmadı. Hətta mövqelərini elə bildirdilər, başa düşmədik, bu adamlar sevinir, yoxsa kədərlənir. Məsələn, Vidadi Həsənovun yazısında bilmədim bu adam nə istəyir: razıdır, narazıdır?..

 

¬– Gəlin  səmimi olaq. O məsələ ilə bağlı məndən müsahibə istədilər, danışmadım. Çünki danışmağın bir faydasını görmədim. Tutaq ki, mən durub dedim Yuğa bina verilsin. Bu, bəyəm belə asan işdir? Yox. Deməli, danışmaq mənasızdır.

 

– O binanın bir ruhu varıydı. Məkanın energetikası deyilən şey də var...

 

– Təsir istər-istəməz olur. Bir yerdən başqa yerə köçürsən, əlin-ayağın uzun müddət öyrəşmir. Mənim stolum səliqəsiz olur, mən o səliqəsizliyin dilinə öyrəşirəm. Birdən yoldaşım gəlir, stolumu yır-yığış eləmək istəyir. Deyirəm dəymə, mənim əlim elə öyrəşib.

 

İndi bizim məkan da elədir. Sanki səliqəsiz doğma yerdən, səliqəli yad yerə gəlmişik. Səliqə bizə pis təsir eləyir.

 

– Yəqin zamanla o səliqəyə də öyrəşərsiniz...

 

– Ya da o səliqəni dağıdarıq.

 

Teatrların birləşməsinə necə baxırsınız? Məsələn, biz bir tamaşaçı kimi Kamera Teatrının Gənc Tamaşaçılara birləşdirilməyini mədəniyyətimizin faciəsi hesab edirik.

 

– Hər teatr öz yaradıcısının adı ilə bağlıdır. Yuğ – Vaqif  İbrahimoğlu, Kamera – Cənnət Səlimova, Gənclər Teatrı – Hüseynağa Atakişiyev. Hər rejissor öz dünyagörüşünə uyğun sənət dostlarını yığır başına, özünə bir teatr yaradır. Bizdə isə elə deyil, siz dediyiniz problemlər məhz bu səbəbdən ortaya çıxır.

 

 Bu yaxınlarda ADO Teatrının bir tamaşasında aktyorlar səhnəyə pamperslə çıxıblar. Yaşlı sənət adamlarımız – Ağaxan Salmanlı, Ramiz Məlik bundan çox qəzəbləniblər. Ramiz Məlik deyib ki, belə şeylər xalqın mənəviyyatına ləkədir. Ərtoğrul bəy, siz bilərsiniz, pampers xalqın mənəviyyatını necə ləkələyə bilər?..

 

– O sözləri deyən adamları pul yığıb, üç aylığına xaricə göndərmək lazımdır.  Biz Gürcüstanda tamaşaya baxmışdıq. Gənclərin teatrı idi. Şekspirin əsərini qoymuşdular. Aktyor çıxdı səhnəyə, lövhəyə eşşək şəkli çəkdi, üstünə də yazdı Uilyam Şekspir!

 

Səhnəyə istəyirsən pamperslə çıx, istəyirsən lüt çıx, istəyirsən paltarlı. Bunlar müzakirə mövzusu ola bilməz. Əsas məsələ ondan ibarət olmalıdır ki, sən nə demək istəyirsən, sözün, ideyan nədir. Fimlər var, tamaşalar var aktrisa lüt çıxır tamaşaçı qabağına. Biz onun bədəninin lüt olmağına yox, işinin keyfiyyətinə baxırıq.

 

"Kafkadan salam” tamaşasında Vaqif İbrahimoğlu səhnəyə gecə paltarında çıxırdı. Çünki özünün kim olduğunu yaxşı bilirdi. Bilirdi ki, ona geyimə görə qiymət verməyəcəklər.

 

Bizdə "Sərhəddə” tamaşası var idi, polyak rejissor mənə bir səhnədə gey kimi oynamağı tapşırdı. Mən də oynadım, bu səhnədir, mənəviyyatını qoruya bilən adama fərqi yoxdur səhnəyə necə çıxır. Kompleksli adamlar ola bilər, oynamaq istəməz, olsun, öz işləridir.

 

– Müsahibəyə görə çox sağ olun. Saytımız vasitəsilə demək istədiyiniz bir söz varmı?

 

– Burdan evdəkilərə salam göndərirəm. (Gülüşmə)

 

– Hə də, bir il üç aydır vətəndən uzaqdasınız. Yerinə düşür. Yeri gəlmişkən, həyat yoldaşınız tamaşalarınıza gəlirmi?

 

– Bütün tamaşalarıma gəlir. Heç bu sahənin adamı deyil, bank işi ilə məşğuldur. Amma gəlir, baxır, fikrini deyir. Hərdən də çox kəskin tənqid edir. Bu da mənə sırf eləyir.

 

– Dərbənd məsələsinə necə baxır?

 

– Vətənpərvər ailəyik, deyir get vətənə xidmət elə. Bu da bir xidmətdir də...