:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qismət: "Sosiallaşmış insanı klassik - 60-70-ci illərdəki qəhrəmanlar kimi təsvir edə bilməzsən"

Font

Yenizaman.az Kulis.Az-a istinadən şair Qismətlə söhbəti təqdim edir.

 

- Qismət, esselərindən ibarət "Gələcəyin tarixi” adlı kitabın çap olundu. Kitab necə qarşılandı? Reaksiyalar necədir?

 

- Bu kitabdakı yazıların xarakteri elədir ki, düzü, böyük rezonans, reaksiya gözləmirdim. Reaksiyalar elə gözlədiyim yerdən, yazıçı, şair, filoloqlardan gəldi. Təbii ki, gözlədiyim qədər olmadı, deyəsən reaksiyalar yavaş-yavaş indi gəlməyə başlayır. Mən daha çox istərdim ki, bu kitabı ədəbiyyatın içində olanlardan başqa, filologiya fakultəsinin tələbələri də oxusun. Yadıma düşmüşkən, dünən kitabevim.az-dan dedilər ki, kitab satılıb qurtarıb, yenidən gətirin. Bu kitabın "Retro” adlı birinci bölməsi emosional, bir az da avtobioqrafik yazılardı, qalan bölümlər isə sırası ilə türk poeziyası ilə, baxdığım filmlər, sevdiyim romanlar, ədəbi-fəlsəfi nəzəriyyələr haqqındadır. Hə, bir də əvvəllər arabir idman mətbuatında yazdığım futbolla bağlı yazılardı. Bizdə də bu cür kitabların çox oxunmasını gözləmək absurd olardı.   

 

- Bizdə bu cür kitablar çox deyil. Anarın "Gecə düşüncələri”, Elçinin "Ədəbi düşüncələr” kitabları yadıma düşür. Sənin də yaradıcılığının ilkin dövründə belə bir kitab çap etməyin maraqlıdır. Özü də çox iddialı bir adla...

 

- Mənim əvvəldən esseistikaya marağım var, xeyli esse də tərcümə eləmişəm. Tərcümələr də bir kitablıq var, çap etmək istəyirəm. Sistemə salmışam o tərcümələri. Dördü Orhan Pamukdan, üçü Nabokovdan, ikisi Suzan Sontaqdan, ikisi Mario Varqas Lyosadan, ikisi Fuentesdən, biri Mo Yandan, biri Odendəndir. Əlavələr də olacaq yəqin. Düşünürəm, bu yazılar bizdə olan boşluğu doldurmaq üçün əhəmiyyətlidir. Tutaq ki, bizdə modernizm və postmodernizmdən danışılır, ancaq bu barədə yazılmış məşhur esselər dilimizdə çox azdır. Məsələn, Suzan Sontaqın "Yozuma qarşı” essesi dünyanın ən məşhur esselərindən biridir, mən onu böyük zövqlə çevirdim, Kulis.Az-da çap olundu. Açığı deyək ki, çox adamın bu essedən xəbəri yoxdur. Halbuki gör nə vaxt yazılıb? Yaxud Lesli Fidlerin çox məşhur bir essesi var: "Sərhədləri keçin, xəndəkləri doldurun” İndi kimsə çiynini bu işin altına verib o esseni çevirsə, əla olar. Bu esse postmodernizmə aid ən əsas esselərdən biri sayılır. Bizdə mənbə, referans problemi var, mən həm bu boşluğu doldurmaq üçün tərcümələr edirəm, həm də öz esselərimi yazıram. Sevdiyim şairlərin demək olar hamısı az şeir, çox esse yazıblar. Ədəbiyyata qədəm qoyduğum ilk gündən mən şairin bizdəki təhrif olunmuş ənənəvi obrazına qarşı olmuşam. Bizdə şair cild-cild şeir yazar, yeyər-içər, ortada yeyib qıraqda gəzər, havayı qonaqlıq axtarar, lağlağı eləyər və s. Bu sovetin diriltdiyi və həmişə diri saxlamağa çalışdığı obrazdır, indi də bu obrazda adamlar görürük. Amma məsələn, Tomas Eliot üçün, Oden üçün, Oktavio Pas üçün şairlik başqa cürdür. Eliotun bütün şeirlərinin cəmi 150 deyil heç, bütün şeirləri və pyesləri 1 cildlik, 600 səhifəlik kitabdır. Amma ədəbiyyat haqqında esseləri ayrıca bir cilddir, mədəniyyət haqqında düşüncələri ayırca bir cilddir. Gerçək poeziya addımbaşı yarana bilməz və belə olması çox yaxşıdır. Şeir hər dəqiqə yazılmırsa, şair neyləməlidi? Məsələn, oturub yeyib-içmək məclisləri üçün yüngül zarafatlar fikirləşməlidi, yoxsa havayı qonaqlıq axtarmalıdı? Bu cür ədəbiyyatla və ədəbiyyatçılarla məni bağlayan yalnız eyni ölkədə yaşamaq, eyni ədəbi mühitdə olmaqdır, başqa heç nə. Mənim üçün şair bir sənətçi kimi baxdığı film, sevdiyi roman, şeir nəzəriyyəsi, roman nəzəriyyəsi haqqında yazılar yazan, təkcə ədəbiyyatdan yox, başqa mənbələrdən – antropologiyadan, fəlsəfədən, fizikadan, biologiyadan, sosiologiyadan da qidalanan və düşüncə məkanını genişləndirmək, zənginləşdirmək üçün bacardığını edən adamdır. Bu mənada nəfəsim gəlib-getdikcə mən poeziya ilə yanaşı, esselər də yazacam, tərcümələr də edəcəm. Təzə xəbər kimi deyim ki, artıq yeni esselər kitabı üzərində işləyirəm. "Gələcəyin tarixi” kitabı özü özünü doğurmuşdu, ayrı-ayrı vaxtlarda yazdığım yazıları bu kitaba görə özüm sistemləşdirəsi olmuşdum. Ancaq indi öncədən bütün hissələlərini bildiyim, eskizini cızdığım, bölümləri ayırdığım, yəni konkret sistemi əvvəldən bəlli olan esselər yazıram.

 

- Bu kitabın tematikası nədir?

 

- Gündəlik həyatdakı ən adi şeylərin sənətdə necə əks olunması və sənətin gündəlik həyata təsiri barədə. Tam akademik deyil, yarım-kütləvi bir kitab olacaq.  

 

- Bu cür yazılar, araşdırmalar, tədqiqatlar sənin yaradıcılığı arxa plana atmır ki? Yoxsa bunları bir bütöv kimi görürsən?

 

- Mən bunları ayırmıram, çünki məncə, artıq çoxdandır ki, dünyadakı çağdaş sənətçinin obrazı dəyişib. İndi sənətçi bacarırsa, şeir də yaza bilər, roman da, pyes də yazar, ssenari də yazar, filmə də çəkilər, hətta Pol Oster kimi rok qrupunda oxuya da bilər, Orhan Pamuk kimi, Sunay Akın kimi muzey də aça bilər. Bu sərhədləri bir-birindən kim ayırıb ki? Kim deyib ki, esse yazan adam şeir yazmamalıdır, ya da əksinə? Mənim üçün belə sərhədlər, bölgülər yoxdur. Yaxud "Gələcəyin tarixi” haqqında bir-iki oxucu rəyi belə olmuşdu ki, gərək hissi yazıları ayrı, oxuduğunuz kitablar haqda yazıları ayrı çap edərdiniz. Mənim üçün yaşadığım həyatla oxuduğum kitabların arasında heç bir şlaqbaum yoxdur. Oxuduqlarımız həyatımıza daxil deyil ki?

 

- Qismət, Azərbaycan ədəbiyyatında bilinən bir şair obrazı var. İsmayıl Şıxlı böyük bir şəxsiyyətdir, samballı yazıçımız idi. Ancaq onun Azərbaycan ədəbiyyatına verdiyi çox pis bir nümunə var. O, Hüseyn Arif və Qabilin lətifələrini toplayıb çap elədi və onların həyatını deşifrə elədi. Hamı da Azərbaycan şairinin obrazını bu cür gördü. Və hamı sanki onlara bənzəməyə başladı...

 

- Bu problemlidir. Bəzi adamlar özləri belə olduğuna görə, bu obraz onlara sərf eləyir. Bəziləri də düşünür ki, bu cür olsam, ədəbi mühitə tez isinişərəm. İkisi də rüsvayçılıqdır. Belə bir kitab təsəvvür elə məsələn, Nerudanın lətifələri. (gülür.) Şair üç-beş şeirdən sonra avaraçılıqla vaxt öldürəndə, başqa-başqa kitablar, başqa-başqa müəlliflər haqqında yazmayanda, özündən başqa heç nə haqqında düşünməyəndə, onun haqqında başqaları lətifə yazır.

 

 

- Səməd Vurğun bəlkə də ən məşhur şairdir Azərbaycanda. Amma onun haqqında bu qədər lətifə yoxdur...

 

- Onun haqqında əhvalatlar var. Dünyada da var, amma başqa cürdür. Məsələn, Oskar Uayldın, Bernard Şounun məşhur hazırcavablıq nümunələri, aforizmləri var. Amma bu hazırcavablıq nümunələrinin predmeti ya hansısa aktrisa, teatr barəsindədi, ya Dostoyevski yaradıcılığı haqqındadır, ta xəngəl haqqında, zoğal arağı barəsində deyil də. (gülür.) Bernard Şounun hazırcavablığı incəsənətə istiqamətlənmiş hazırcavablıq idi. Onda belə zarafat olmayıb məsələn, iki nəfər içəndə biri deyib ki, araq indi çatdı mədəmə, bu biri də qayıdıb ki, sən nə dərin adamsan. (gülür.)

 

 

- Qismət, son vaxtlar statuslarında insanların ədəbiyyata, incəsənətə münasibətindən şikayətlənirsən. Sənin özün də məşhursan, tanınmış şairsən. Bu narahatçılıq nədəndir? Adətən uğur qazana bilməyən adamlar nədənsə narahat olurlar. Sən uğur qazananlardansan axı...

 

- Mənim narahatlığım özümə görə deyil, "məni niyə oxumurlar” kontekstində deyil. Ən qabaqcıl qəzetlərdə, jurnallarda, saytlarda çap olunmuşam, inanmıram Azərbaycanda ədəbiyyatla məşğul olan, maraqlanan kimsə heç olmasa adımı eşitməmiş olsun. Bu mənada, mənimki şəxsi narahatçılıq deyil. Məni narahat edən oxucuların ədəbiyyata, tamaşaçıların filmə münasibətidir. Məni filan qədər adamın oxuması hələ o demək deyil ki, hər şey əladı, gözəldir. Bunu etiraf etməliyik ki, bizim oxucuların bədii-estetik zövqü çox aşağıdır. Məsələn, Tolstoyu da oxuyur, Sara Cionu da, deyir ki, ikisini də bəyəndim. Burda nəsə səhv var, bizim üstündən keçdiyimiz məqam var. Mənə görə bu səhvin kökləri həm bizim ədəbiyyat dərsliklərimiz, həm ədəbiyyatı tədris edənlərin dünyagörüşü ilə bağlıdır. Hamının ağıllı olmağını gözləmək utopiyadır, amma zövq ki, cilalana, inkişaf etdirilə bilər. İstisnalara sevinmək, arxalanmaq həmişə effekt vermir, bizim insanımızın bədii zövqü çox aşağıdır, incəsənətdən tutmuş geyimə, yeməyə qədər bilmədən, başa düşmədən imitasiya eləməklə məşğuldular. Bu, imitasiya ordan bilinir ki, məsələn, adam üçün Cem Yılmazla "Bu şəhərdə”nin fərqi yoxdur, ikisinə də elə gülür ki, çaşıb qalırsan. "Zövqlər müxtəlifdir” söhbəti də çox klişeləşib, kimə sərf eləyirsə, bunun arxasında gizlənir. Tutalım, biri var Tarkan, biri də Niyaməddin Musayev – burda zövqlər müxtəlif demək üçün adam gərək mağaradan təzə çıxmış olsun. Amma tutalım, deyərsən ki, Messi və Ronaldo, burda bəlkə zövqlər müxtəlifdi formulu işləyə bilər, amma yenə tam yox, çünki lap peşəkar parametrlərlə yanaşsan, konkret göstəricilər var, nəticələr var və s.  Nabokov tələbələrinə yaxşı oxucu necə olmalıdır barəsində təxminən belə deyirdi: yaxşı oxucu kitabı tez-tələsik vərəqləyib "görüm qızla oğlan nə vaxt sevgili olacaq” deyən, bədii mətnin keyfiyyətini həyatı kopyalaması ilə ölçən adam deyil, yaxşı oxucu kitabdakı bənzətmələrdən, təbiət təsvirlərindən, yazıçının fantaziyasından zövq alan, heç bir səhifəni qaçırtmayan adamdır. Universitetdə tələbələrdən soruşuram ki, filan filmə baxmısan, deyir Vikipediyada haqqında oxumuşam, deyirəm, filan romanı oxumusan, deyir, filminə baxmışam. (gülür) Mən həmişə ehtimal olunan ideal oxucunun həsrətini çəkirəm. Şeirimi 100 qız bəyəndi, 35 paylaşdı, 65 ah çəkdi və s. Bu zahiri parıltılara aldanan adamda heç bir fərdi inkişaf, yenilənmə baş verə bilməz. Kitab dükanlarına baxın da, öz dilimizdə olan kitablara baxırsan tərcümə keyfiyyətinin bərbad olması bir yana, elə bil, təxminən XIX əsrin sonu XX əsrin əvvəllərindəyik. Elmi ədəbiyyat yox dərəcəsindədir. Üçüncü sort fərdi inkişaf kitabları doludur hər yerdə: Ərə getməyin 49 yolu, siqareti atmağın 38 yolu, dili öyrənməyin 69 yolu, milyoner olmağın ən qısa yolu filan... Bütün bunlar mənə əzab verir.

 

- Son vaxtlar Facebookda sanki şeirin ucuz yolunu tapıblar. Sən də yəqin müşahidə etmiş olarsan. Bu saxta  viskilərə oxşayır. Zahirən viskiyə bənzəyir, amma içənlər zəhərlənir, bəzən isə ölür.  Şeirdə də bəlli standartları götürürlər: yalnızlıq, tənhalıq, darıxmaq və s. Bu cür surroqat bir şeir hazırlayıb keçici şöhrət qazananları görürük...

 

- Bayaq dediyim narahatçılıqla üst-üstə düşən məsələdir. Orta zövqlü kütləni ələ keçirmək çox asandır. Mən o qədər başqa-başqa müəlliflərin şeirlərində öz misralarıma rast gəlmişəm ki... İndi şeiri təxminən belə yazırlar, məsələn, kiminsə şeirində xoşuna gələn bir misranı götürüb bir sözünü dəyişdirir, əyalət qaramatı, ya da "second hand” duyğusallıq qatır, sonra böyür-başını düzəldib şeir adına təqdim edir. Oxucunun aldanması dərd deyil, dərd şairin özünü aldatmasıdır. Məsələn, şair  "Sənsiz gecələr dözülməzdir” misrasını götürüb dəyişdirir, eləyir "Sənsiz günortalar dözülməzdir”, vəssalam. Kimsə də deyəndə ki, filan şeirdən götürmüsən, deyir, orda gecələrdi, burda günorta. (gülür) Böyük  türk şairi Behcet Necatigilin poeziya haqqında dediyi çox sevdiyim bir fikir var, deyir:  "Şeir qəzalarında ölənlərin, şikəst qalanların sayı trafik qəzalarında ölənlərin sayından çoxdur”. Deyir ki, ikisinin də səbəbi eynidir: aşırı sürət və diqqətsizlik. Yəni çox tez yazıb, tez də məşhurlaşmaq. Ədəbi traffikdə indi əvvəlki kimi parkinq problemi yoxdur, yəni çap olunmaq, amma sükana təzə oturanların çoxu ya "pravasız” sürənlərdi,  ya da etibarnamə ilə sürür. (gülür.)

 

- Çox vaxt etibarnamə də almırlar, icazəsiz sürürlər...

 

- Hötenin Ekkermanla söhbətində maraqlı bir yer var. Deyir ki, gənclərə həmişə dəstək lazımdır, amma gənc şairlərin adətən bir səhvi olur: onlar mürəkkəbə çox su qatırlar.  

 

- Qismət, müasir Azərbaycan poeziyasında kimləri daha çox sevirsən, onları xüsusi izləyirsən?

 

- Demək olar ki, üzdə olan, yaxud rastıma maraqlı bir fikri çıxan hamını oxuyuram, xüsusilə də şairləri. Çoxdandı fikrimdə "Poeziya haqqında etüdlər” adlı ya kiçik bir kitab, ya bir silsilə yazı var. Xeyli qeydlərim də var. Orda sevdiyim şeirlər haqqında yazmaq istəyirdim. Məsələn, Səlim Babulloğludan yazmışam, o yazını genişləndirmək istəyirəm, Aqşin Yeniseydən, Rasim Qaracadan, Aqşin Evrəndən, Fəridə Məmmədovadan, Alikdən, Fərid Hüseyndən yazmaq istəyirəm. Əslində siyahım daha böyükdür, bu siyahıda bizdən də, dünyadan da şairlər var.

 

- Neçə ildir ədəbiyyatdasan. Sən gələndən nə dəyişib? Məncə, bir xeyli müsbət şeylər baş verib ədəbiyyatımızda...

 

- Təbii ki, sosial şəbəkələrin, internetin bizim həyatımıza girməyi ilə çox şey dəyişib. İstənilən sahə haqqında video-mühazirələrə baxa bilirik, minlərlə elektron kitabı eyni anda yükləyə bilirik. Məsələn, Emin Çapanın videosunda bir kitab adı eşitdim, o dəqiqə sifariş elədim. İndi informasiyanı ötürmək əvvəlkindən daha asandır. Bu mənada çox şey dəyişib. Ancaq bu informasiya bolluğunda çalışmaq lazımdı ki, daha lazımlılarını irəliyə çıxardaq. Kütlə yüngüllüyə, lağlağıya meyllidir. Emin Çapanı paylaşırsan reaksiya yoxdur, prikol paylaşırsan, aləm dəyir bir-birinə. Çox geridəyik, təkcə ədəbiyyatı nəzərdə tutmuram, ümumiyyətlə deyirəm: elm, texnologiya, mobil telefonlar, 3D printer və s. Bu yeniliklər, elmi kəşflər təkcə məişətimizi, sosial həyatımızı dəyişmir,  ədəbiyyatın da havasına təsir edir. Həmişə belə olub: həmişə  gerçək ədəbiyyat elmə, elm ədəbiyyata təsir edib. Sən bunlardan uzaqda qalanda yazdıqların da anaxronizm olur. İstəyirəm ki, sim-sim.az-da elmi debatlara, videolara, müzakirələrə başlayım. Məsələn, kimyagər gəlib çağdaş dünyada kimyanın yeniliklərindən danışsın, fizik fizikadan və s.

 

 

- Maraqlı bir yerə keçid eləmək istəyirəm. Bir süni intellekt aparatı hazırlayıblar, onun içinə 10 minə yaxın ssenari yükləyiblər və aparat ssenari yazıb, qısa film çəkilib. Hətta filmdəki musiqiləri də komputer yazıb. Bu həm qürurumu incitdi, həm də çox maraqlı gəldi mənə...

 

- Həmişə belə kəşflər olanda ədəbiyyat bunun etik tərəfini sorğulamağa başlayır. Sənin dediyin, ssenari yazan aparatın özü elə bir ədəbiyyat mövzusudur. Mənim çox sevdiyim çağdaş bir müəllif var, ingilis dilli yapon yazıçısı Kazuo İsiquro. Onun çox gözəl bir romanı var: "Never let me go”, təxminən "Məni qoyub getmə” kimi səslənir. Romanın filmi də çəkilib. Bu roman ölməmişdən əvvəl hamının oxumalı olduğu 1001 vacib kitabdan biri, eyni zamanda, bütün dövrlərdə ingiliscə yazılmış 100 ən yaxşı romandan biri sayılır. Romanda əhvalatlar qapalı bir yetimxanada baş verir, burda uşaqlar lap çağa vaxtından böyüdülür, onlara hər şey öyrədilir. Romanı oxuduqca, öyrənirik ki, əslində burdakı uşaqlar, cavanlar yetimxanadan kənardakı dünyanın, hasarın o tayındakı insanların klonlarıdır. Onlar öz klonlarını düzəltdiriblər, körpəlikdən bu klonlar sağlam şəkildə yetimxanada böyüdülür. Bu varlı adamlardan kiminsə, məsələn, böyrəyi sıradan çıxanda 20 yaşlı klounun böyrəyini ona verirlər. Bu klonlar 25 yaşına qədər yaşayırlar və adətən dördüncü əməliyyatdan sonra ölürlər. Yazıçı belə bir etik sual qoyur: bizim bunu etməyə haqqımız varmı? Yeni oxumağa başladığım Mişö Kakunun "Gələcəyin fizikası” kitabında da belə bir yer var. Deyir ki, biz yaxın zamanlarda insan beynini oxuya biləcəyik, ancaq bunun etik tərəfi də var axı. Başqasının düşüncəsini oxumağa icazə vermək olarmı? Axı hər kəşfin bir şər tərəfi də var və ədəbiyyat bunu sorğulamaq üçündür. İsuquro da romanının sonunda dəhşətli bir etik sual qoyur. Sən demə, yetimxanada belə bir qayda varmış, orda kimsə kiməsə həqiqətən aşiq olsa və bu eşq isbatlansa, onda rəhbərlik onları azad edir. Burda bir qızla-oğlan bir-birini sevir. Oğlan qıza deyir ki, rəhbərliyə müraciət edək, bizi azad etsinlər. Ancaq necə isbat edək ki, həqiqətən bir-birimizi sevirik? Onda oğlan deyir ki, mənə uşaqlıqdan rəsmlər çəkdirirlər, yəqin içimdə incəsənəti tapmaq üçün rəsm çəkməyimi istəyiblər, rəsm çəkirəmsə, deməli içimdə sevgi var. Aşiqlər rəhbərliyin hüzuruna çıxırlar, oğlan çəkdiyi şəkilləri göstərir. Rəhbər şəkillərə baxır, bəyənir. Oğlan deyir ki, biz haqqımızdan istifadə etmək istəyirik, eşitmişik ki, burda eşqini isbat edənlər azad olunur. Rəhbər isə deyir ki, bu xürafatdır, belə bir şey yoxdur. Aşiqlər şoka düşürlər. Oğlan soruşur, bəs bizə niyə şəkillər çəkdirirdiniz. Rəhbər cavab verir: biz bu şəkilləri ona görə çəkdirmirdik ki, sizin ruhunuzda nələrin olduğunu görək, biz yoxlamaq istəyirdik ki, sizin ümumiyyətlə ruhunuz varmı...

 

- Dəhşətlidir... Qismət, indi yeni tip insanlar yaranır: virtualda sevən, dalaşan, müzakirə edən. Artıq bu Sovet dövrü, ondan sonrakı illər ədəbiyyatında təsvir olunan qəhrəmanlar deyil.

 

- İndiki insanı yazmaq çətindir, o, əvvəlki dövrlərdən daha mürəkkəb daxili dünyası olan fərddir. Sosiallaşmış, ikiləşmiş, üçləşmiş, eyni zamanda beş profil işlədən çağdaş insan. Sən bu insanı klassik, 60-70-ci illərdə təsvir olunan qəhrəmanlar kimi təsvir edə bilməzsən. Artıq könhə ədəbi alətlər bu yeni insanı ifadə etməyə yaramır. Kaku kitabında maraqlı bir məsələyə toxunur. Deyir, sosial şəbəkələr çıxanda düşünürdülər ki, bu, insanlar arasındakı real ünsiyyəti korlayacaq. Təbii, müəyyən mənada korladı. Ancaq Kaku belə bir prinsip təklif edir: "Mağara adamı prinsipi”. Genetika deyir ki, biz yüz min ildən də əvvəl Afrikada ortaya çıxmışıq, amma deyəsən beynimiz və xarakterimiz o qədər dəyişməyib. Kaku belə deyir, nə vaxt ibtidai arzularımızla modern texnologiya arasında toqquşma baş versə, ibtidai arzular qalib gəlir. Buna "Mağara adamı prinsipi” deyir. Mağara adamı üçün həmişə ovun özü vacibdir, onun üçün əldən qaçırılan ov haqda şeşələnmək, boşboğazlıq etmək mənasız idi. Əldəki konkret heyvan, əldən qaçırılan ov haqda hekayələrdən üstün tutulurdu.  Mağara adamı genlərimiz bizi təhrik edir ki, maddi, toxuna bildiyimizə inanaq. Ona görə nə qədər virtual ünsiyyət olur-olsun, insan həmişə birtərəfi ilə üzbəüz ünsiyyətə də can atır. Məsələn, müdirlər həmişə istəyirlər ki, öz işçiləri ilə üzbəüz görüşsünlər, tanış olsunlar. Buna görə də sosial şəbəkələr çıxanda hər yerdə insansız şəhərlər olacaq ehtimalı özünü doğrultmadı.

 

-  Qismət, bildiyin kimi bizim ədəbiyyatda klişelər var: lokal ədəbiyyat, milli ədəbiyyat. Məsələn deyirlər ki, azərbaycanlı obrazı yaratmalısan. Nəhəng elmi-texnoloji kəşflər dövründə bu cür münasibət absurd görünmür ki?

 

- Mənim üçün absurd görünür. Bu məsələ mənim fikrimcə, bizimki kimi postsovet ölkələrini çıxmaq şərtilə, dünyada çoxdan həll olunub. Apolliner kimi, Mallarme kimi çox sevdiyim böyük şairlər ədəbiyyatı milli hadisə saysalar da, mən ədəbiyyatı heç vaxt milli hadisə hesab etməmişəm. Əgər millilik deyiləndə ancaq doğulduğumuz yeri və ətrafda gördüyümüz insanları yazmağı nəzərdə tuturuqsa, bu indiki dünyada belə deyil. İndiki dünyada insan üçün məsafələr qısalıb, şəffaflaşıb, yoxa çıxıb, mədəniyyətlər bir-biri ilə izdivaca girib, təlimlərarası araşdırmalar düzü dünyanı tutub. Əlbəttə, hamı yazdığının nüvəsinə öz mühitini, tanıyıb-bildiyi yerləri və adamları qoyur, amma bu, məncə, məsələnin zahiri tərəfi, dekor hissəsidir. Ədəbiyyat mahiyyətcə milli ola bilməz, çünki onun predmeti insanları bir-birindən ayıran uydurma milli fərqlər yox, əksinə birləşdirən universal dəyərlər, günahlar, zəifliklər, fədakarlıqlar, sevgilər və s. Məncə, indi milli nəsə yazmağa cəhd etməyin nəticəsi ancaq mental fars ola bilər. Necə ki, Enşteynə qədər bəşəriyyət dəyişməz qanun kimi Nyuton fizikasına inanırdı, eləcə də ədəbiyyatda belə şeylər var. Məsələn, belə bir klişe var: yaxşı şeir tərcümə olunmur. İndi dünyada özündən başqa dilə tərcümə oluna bilmir iddiası gülüncdür. Əlbəttə, sən məsələn, "o, ağzına su alıb oturmuşdu, mənim isə ayaq üstə gözlərimdən su gəlirdi” tipində lokal söz oyunları şeir yazırsansa, onda əlbəttə, şeirin çevrilməzliyi sənə sərf edəcək. Amma belə deyil, dünyada artıq paradiqmalar dəyişib.

 

- Şeir tərcümə olunur, amma orijinal kimi olmur...

 

- Guya roman olur ki? Həmişə bədii əsər tərcümədə nəsə itirir. Mən bir dəfə bir qəzəlxandan belə bir şey eşitdim, dedi ki, kaş mənim qəzəlimi ingilis dilində eyni vəzndə, bəhrdə çevirən olaydı. Cem Yılmazın zarafatı kimidi, yaponcanı elə yaxşı bilim ki, yaponlar məni yapon sansınlar. Adam "çaki-giribanlıq” etmək istəyir. (gülür.)

 

- Qismət, sənin postmodernizmdən xeyli yazıların var. Maraqlıdır, səncə, müasir yazıçı postmodernist olmağa borcludurmu?

 

- Borclu deyil. Yazıçının seçim azadlığı var. Bizim bəzən yeniliyə də, ənənəyə də münasibətimiz düzgün olmur. Tomas Eliotun bir essesi var, "Ənənə və fərdi istedad”. XX əsrdə yazılmış ən yaxşı esselərdən biri sayılır. Orda Eliot yazır ki, ənənə tərpənməz, stabil yox, dinamikdir. Məsələn, Mikayıl Müşfiq artıq klassikadı, amma tutalım, Seyfəddin Hüseynli yeni çağın gözləri ilə Müşfiqə baxıb bir yazı yazır və bu yazı Müşfiq haqda yazılanlar sırasına qoşulan kimi, özündən əvvəlkiləri də dəyişdirir. Yəni ənənə də özünü yeniləyir. Hər şey beləcə yenilənirsə, yazıçının da seçim azadlığının ərazisi də böyüyür. Sən bu gün sürrealist də ola bilərsən, ancaq vacib məqam odur ki, gərək 30-cu illərin sürrealisti olmayasan. Təbii ki, müasir dövrün ən qabaqcıl istiqamətlərindən biri postmodernizmdir, amma bunu heç vaxt şərt qoymaq olmaz. Belə deyim, məncə, postmodernizm bütün təqdir və tənqid edilən tərəfləri ilə elə bir hadisədir ki, bundan sonrakı bütün ədəbiyyatçılarda mütləq bir az postmodernlik olacaq, necə ki, hamımız bir az da inkar etdiklərimizin daşıyıcısıyıq.