:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vaqif Yusifli:"“Qətl günü” dünya ədəbiyyatının incisidir"

Font

Yenizaman.az tanınmış tənqidçi alim Vaqif Yusiflinin Kaspi.az-a müsahibəsini təqdim edir:

– Vaqif müəllim, bugünkü ədəbi tənqid daha çox tanınmış imzaların əsərlərinə müraciət edir. Amma siz həm də "Ucqar imzaları”ədəbi gündəmə gətirirsiniz. Sizcə, ədəbi tənqid nəyə görə daha çox üzdə olan imzalardan yazırlar?

– Əvvəlcə tənqiddən danışmaq istəyirəm. Mən söhbətə tənqidin mahiyyətindən başlamaq fikrindəyəm. Bildiyiniz kimi, Belinski dünya ədəbi tənqidinin sütunlarından biri sayılır. O ədəbiyyata şeir yazmaqla başlayıb. Şeirləri çox zəif olub. Sonra keçib tənqidi məqalələr yazmağa və özünü ədəbi tənqiddə tapıb. Onun ədəbiyyata verdiyi qiymət əsərləri ardıcıl olaraq izləməsi, obyektiv mənalandırılması sonrakı tənqidçilər üçün də örnək olub. Görün o nə deyir: "tənqidçinin istedadı nadir istedaddır, ona görə yüksək qiymətləndirilməlidir. Tənqidçiliyi asan, az-çox hamının əlindən gələn bir iş hesab edənlər yanılırlar. Tənqidçinin istedadı nadir istedaddır. Bu istedadda nə qədər xüsusiyyət birləşir: Dərin zəka, sənətə qarşı alovlu məhəbbət, əsəri ciddi və hərtərəfli tədqiq etmək, qərəzsiz olmaq üçün mühakimə obyektivliyi və hissə qapılmamaq bacarığı”. Bu Belinsikinin tənqidə verdiyi yüksək qiymət idi. İndi deyin görüm, bu tərifi bütünlüklə özündə etiva edən tənqidçimiz varmı bu gün? Yəni, elə bir tənqidçi ki, o Belinskinin dediyi normalara cavab versin.

Bir neçə dəfə müsahibələrimin birində demişdim ki, Azərbaycan torpağı hər gün olmasa da, hər ayda bir gözəl şair yetişdirməyə qadirdir. Amma 3-4 ildən, lap 10 ildən bir də qüdrətli tənqidçi yetişmir. Hələ Sovet dövründən bəri ədəbiyyat nə zaman geriləyibsə, bunun səbəbini ədəbi tənqiddə axtarıblar. Deyiblər ki, tənqid güclü olsaydı ədəbiyyat belə geriləməzdi. Azərbaycanda bu gün peşəkar mənada 10-12 peşəkar tənqidçi var. Nərgiz Cabbarlı, Cavanşir Yusifli, Rüstəm Kamal, Əsəd Cahangir, Elnarə Akimova, Bəsti Əlibəyli, Nizaməddin Şəmsizadə, Rəhim Əliyev, Tehran Əlişanoğlu və s.

Tanınmamış imzalar haqqında yazmağıma gəldikdə isə bunu mənə bir irad kimi də deyirlər ki, V.Yusifli hər kəsdən yazır. Mən tənqidçiyəm, tənqidçi ədəbi prosesi küllən izləməlidir. Mən 70-ci illərdə yeganə tənqidçi idim ki, bütün jurnal və qəzetləri oxuyardım, kitabların heç birini buraxmazdım. Mənə Yazıçılar Birliyində "təcili yardım” deyirdilər. Kim hansı əsər haqqında nəsə bilmək istəyirdisə, məndən soruşurdu. Bütün əsərləri oxumaq lazımdır ki, müqayisə etmək, düzgün dəyərləndirmək imkanı olsun. Tənqidçi nəsri nasir qədər, şeiri şair qədər bilməlidir. Əgər mən əruz vəznindən xəbərsizəmsə, klassik janrlarda yazan şairi necə qiymətləndirə bilərəm? Əgər sərbəst şeirin ritmikasını, poetikasını bilmirəmsə, bu gün sərbəst şeirlər yazan şairlərin əsərlərini necə təhlil edə bilərəm? Eləcə də dünya ədəbiyyatını tənqidçi yaxşı bilməlidir. Ədəbiyyat haqqında mən heç vaxt bədbin fikirdə ola bilmərəm. O yazdığım yazıların çoxunu "Ədalət” qəzetinin şənbə nömrəsində çap etdirirəm. Ola bilər ki, o yazıların hansındasa haqqında söz açdığım şair kiminsə nəzərində ortabab bir şair olsun. Amma mən düşünərəm ki, bir kitabın içində 2-3 yaxşı şeir varsa, o kitab haqda yazmağa dəyər. Birdə ki, 60-cı illərdə Azərbaycanda indiki qədər istedadlı şair yox idi. İndi poeziyamız çox güclüdür. Poetik səviyyə çox yüksəlib. Ədəbiyyatda rəngarənglik əmələ gəlib. Sovet dövründə belə deyildi. İndi isə ədəbiyyatı izləmək çox çətindir. Saysız-hesabsız saytlar, qəzetlər var.

Tənqidin əsas missiyası yazara vaxtında qiymət verməkdir. Hamı vaxtında qiymətləndirilmək istəyir. Hər bir nasirin və şairin arzusu budur ki, onun əsəri haqqında məqalələr yazılsın. Bu mənada mən sifarişləri də qəbul edirəm. Məsələn, kimsə kitab bağışlayıb xahiş edir ki, Vaqif müəllim çox istəyərdim ki, bu kitab haqqında siz yazasınız. Bəzən bir kitabda 3 gözəl şeir rastıma çıxır ki, mən o 3 şeirə görə məqalə yazıram.

– Vaqif müəllim, onlarla yaxşı olmayan şeirin üstündən 3 şeirə görə necə keçirsiniz?

– Mən 3 gözəl şeirə görə kitabı ona görə qiymətləndirirəm ki, o üç şeirin gələcək kitablarda sayının artacağına inanıram. Amma elə olur ki, tamamilə qrafoman əsərlər keçir əlimə, onda o kitab barədə yazmıram. Yəni yaradıcılığında işıq ucu görmədiyim müəllifləri heç vaxt qiymətləndirmirəm.

– Uzun illər ardıcıl mütaliədən sonra kitablardan sıravi oxucu ləzzəti ala bilirsinizmi?

– Oxuduğum əsərlərə iki meyarlarla yanaşıram. Birincisi, tənqidçi kimi oxumalı olduğum əsərlər, ikincisi isə sadəcə oxucu kimi sevdiyim əsərlər. Məsələn, Yusif Səmədoğlunun "Qətl günü” romanının 15 dəfə oxumuşam. Məncə, bu roman Azərbaycan ədəbiyyatında dünya romanistikasına qoşula bilən yeganə əsərdir. Başqa müəlliflərin əsərlərinin məziyyətlərini aşağı salmadan deyə bilərəm ki, "Qətl günü” romanı dünya ədəbiyyatının incisidir. Yaxud dünya ədəbiyyatının ən çox sevdiyim şair Füzulidir. Mən hər gün Füzulinin qəzəllərini oxuyuram, əzbərləyirəm. Yaxud da müasir şairlərdən – Ramiz Rövşən, Əli Kərim, Məmməd Araz haqqında da bu sözləri deyə bilərəm. Hər birindən də ayrı cür ləzzət alıram. Məsələn, Ramiz Rövşənin şeirlərində sadə sözlərlə dərin fəlsəfi ifadəlilik, Əli Kərimin şeirlərində sözün ehya edilməsi, dirilməsi məni valeh edir. 2011-ci ildə doktorluq dissertasiymın bir yarım fəsil Ə.Kərimin poeziyasına aid idi. Həmin fəslin adı belə idi – Müasir poeziyamızda Ə.Kərim poetik mərhələsi. Mənə rəy yazan müəlliflərin çoxu iradını bildirmişdi ki, niyə məhz, Ə.Kərim mərhələsi. Mən də onlara Ə.Kərimin şeirlərinin poeziyamızda yeni mərhələ olduğunu sübut etdim. Habil Əliyev haqqında yazılmış dörd şeir oxudum onlara. Axırda da Ə.Kərimin Habil haqqındakı şeirini oxudum. Heyrət etdilər. Heç kəs Ə.Kərim qədər öz fikrini gözəl ifadə edə bilməmişdi

– Ə.Kərimin poeziyasını mərhələ kimi qəbul etməyənlərin arqumenti nə idi?

– Poeziyanın ümumi axarında hər şairin öz yeri var. Tutaq ki, Məmməd Arazın vətəndaşlıq poeziyası, Nəriman Həsənzadə həzin lirikası, Fikrət Qoca gözlənilməzliyi, qəfilliyi, Ramiz Rövşənin sadəliyində dərinlik… bütün bunlar yüksək qiymətləndirilir. Amma mərhələ ayrı şeydir. Tutaq ki, 60-cı illərdə Rəsul Rza rənglər silsiləsini yazmaqla Vaqif Səmədoğlunun, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Fikrət Qocanın poetik boy artımını sürətləndirdi. O dövrdə R.Rza poeziyası moderzmə açılan pəncərə idi. Sonralar eyni şeyi Ə.Kərim etdi. 50-ci ilin ortalarında Ə.Kərimin "Qaytar ana borcunu” kimi sadə bir şeiri dillər əzbəri oldu. Ə.Kərim onlarla ədəbi mövzunu diriltmək baxımından böyük şairdir. Bu fikri Cavanşir Yusifli də yazıb. Əli Kərim həm sözü, həm mövzunu dirildirdi. Elə şair var ki, bir mövzuda 10 şeir yazır. Ə.Kərimin isə hər şeiri bir mövzudadır. Poeziyamızda obrazlılığın ən yüksək səviyyəsi Füzuli ilə ölçülür. Bu mənada ona yaxınlaşan yeganə şair Ə.Kərimdir.

– Ədəbi tənqiddə ən çox icmal yazılar yazan sizsiniz. O yazılarda adı çəkilməyən müəlliflərlə sizin aranızda narazılıq yaranırmı?

– Sovet dövründə Ədəbiyyat İnstitutunda hər ilin yekunlarıyla bağlı məruzələr olurdu. Məsələn, ədəbi proses – 1978, ədəbi proses – 1979 və s. O dövrdə mənim bu cür icmal yazılarım çap olunurdu. Daha sonra "Azərbaycan romanı dünən və bu gün” adlı məruzəm 1987-ci ildə çap olunub. Həmin məruzəmdə Azərbaycan romanının keçdiyi 100 illik mərhələ göstərilmişdi. Daha sonra "Nəsr 2001”, "Nəsr 2003”, "Nəsr 2004” və 2006-cı ildə isə həmin ilin poeziyası haqqında "Poeziya və zaman” adlı icmal yazılarım olub. Bu cür yazıları oxuyandan sonra bəzi adamlar irad bildirirlər ki, nəyə görə bizim adımız o yazılarda yoxdur. Amma, əslində, bu cür şeylər xəstəlik kimi bir şeydir. Anormal haldır. İcmal yazılarımda çalışıram ki, adlar çox sadalanmasın. Bir il ərzində 30 roman yazılırsa, mən onların 30-u haqqında da danışmaq məcburiyyətində deyiləm. Onların əksəriyyəti konyuktura havasına yazılmış əsərlərdir. Sovet dövründə də mənim yazılarıma qarşı narazılıqlar olub. Məsələn, Ələviyyə Babayevanın, Bayram Bayramovun, Əmir Mustafayevin, Gəray Fəzlinin romanlarını tənqid etmişdim. O dövrdə həmin müəlliflərin tənələrini və təhqirlərini qəbul edirdim. Amma düşünmürdüm ki, bu əsərlər haqqında heç danışmaq lazım deyil. Bu şeylər sonralar mənə dərs oldu. İndi elə əsərlərdən yazıram ki, onlar bizim gerçəkliyimizin məna və mahiyyətini ifadə edir. Stendalın belə bir sözü var: "Ədəbiyyat həyatın güzgüsüdür”. Bu mənada, tənqid də ədəbiyyatın güzgüsüdür. O güzgüdə hər şeyi göstərmək olmaz. Azərbaycan Yazıçılar Birliyinin 1700 üzvü var. Onların da 1200-ü şairdir. Poeziya haqqında danışanda bəyəm mən onların hər birinin adını çəkməliyəm? Absurddur.

– Yaşar Qarayevdən sonra ədəbi tənqiddə məktəb yarada biləcək hansısa tənqidçi yetişmədi. Sizcə, bunun əsas səbəbi nədir?

– Azərbaycan ədəbi tənqidində Məmməd Arif məktəbi olub. Bu ən güclü məktəb sayılır. Məktəb təkcə yetişdirmək mənasında deyil, söhbət yazıların, mühitin, şəxsiyyətin yetişdirdiyi sistemdən gedir. Məsələn, M.Arif sistem yaratmışdır. Tənqid məktəbi yaratmaq üçün o məktəbi yaradanın tənqidçi şəxsiyyəti olmalıdır. M.Arif tənqidçi şəxsiyyətinə malik müdrik insan idi. Yol göstərən idi. M.Arifin ölümündən sonra onun əsasını qoyduğu məktəb davam etdi. Kamal Talıbzadə, Əziz Mirəhmədov, Pənah Xəlilov və s. O xətti yaşatdılar.

Sonra Y.Qarayev meydana çıxdı, o, şəxsiyyət kimi də böyük insan idi. Onun yaradıcılığından, sistemindən çox adam bəhrələnirdi. Y.Qarayev tənqiddə M.Arif yolunu davam etdirdi. Eyni zamanda o ədəbi tənqidə psixoloji dərinlik, fəlsəfilik, emosionallıq və bədiilik gətirdi. O klassikləri sanki yenidən diriltdi. Xüsusən, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Hüseyn Cavid və Füzuli haqqında yazdığı məqalələr haqqında da bu sözü deyə bilərəm.

– 2000-ci ildən bəri ədəbiyyata gələn nəsillərin öz tənqidçisi yetişmir. Ədəbiyyata gələn yeni nəslin öz nəsildaş tənqidçilərinin olmamasının "fəsadlı” cəhəti nə ola bilər?

– 60-cı illərdə də belə olub. Yaxşı şairlər, yazıçılar yetişib, həmin nəslin tənqidçiləri bir müddət sonra ədəbiyyata gəliblər. Yəni, darıxmağa dəyməz. Sizin nəsildən də yaxşı şairlər və nasirlər var. Yaxşı şairlər və yazıçılar çox olanda həmin dövrdə yaxşı tənqidçilər az olur.

– Bir neçə gün sonra 65 yaşınız tamam olur. Yubiley münasibəti ilə sizi təbrik edirik. 65 yaşdan əvvələ və ya sonraya boylananda nə görürsünüz?

– Mən bu 65 ilin necə gəlib keçdiyini indi dərk edirəm və bu mənə bir qədər çöçün gəlir. 65 il neçə keçdi, bilmədim. Məktəbə getməyim yadımdadır, universitet illərim də. Yaxşı oxuyurdum, ən yüksək təqaüdü alırdım. Günüm Mirzə Fətəli Axundov adına Milli Kitabxanada keçirdi. Universiteti bitirəndən sonra üç il kənd məktəbində müəllim işlədim. Sonra "Azərbaycan” jurnalının tənqid şöbəsinin müdiri oldum. Birdən-birə ədəbi prosesin içinə düşdüm. Doktorluq müdafiəsi də yaddan çıxdı. Başım yazmağa qarışdı. Bir sözlə, ömür elə gəlib keçdi ki, çox şey mənim də yadımdan çıxdı. Amma bir də dünyaya gəlsəydim, yenə tənqidçi olmaq istərdim.

28 yaşıma qədər də şeir yazmışam. Sonra gördüm ki, mən bu dünyada Ə.Kərimin bir misrasını da yaza bilməyəcəm. Ona görə şeir yazmaqdan uzaqlaşdım. Maddi mənada tənqid mənə demək olar ki, heç nə vermədi. 1987-ci ildə Yazıçılar Birliyi tərəfindən mənə verdiyi evdə qalıram. Ailəmdən, uşaqlarımdan çox razıyam. Nəvələrimlə çox xoşbəxtəm.
Ömrün ən böyük rəhimsizliyisə xəbərsiz ötməsidir. /kaspi.az/