:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ləman Ələşrəfqızı: “Bu gün heç kim heç kimin kitabını oxumur”

Font

1905.az portalının suallarını əməkdar jurmalist Ləman Ələşrəfqızı cavablandırdı.


– Ləman xanım, mətbuatımız "Əkinçi”dən başlanıb. Gəlin, biz də "Əkinçi”dən başlayaq söhbətimizə. Sizin filmi nəzərdə tuturam. Necə oldu?


– "Əkinçi” mənim sayca 4-cü filmimdir. Ona qədər mən Azərbaycanın üç adlı-sanlı generalının həyat və döyüş yolundan bəhs edən ” Artilleriya Allahı”, ” Sonuncu Qəhrəman” və "Sərdar”filmlərini çəkmişdim. Düşünürəm ki, Həsən bəy Zərdabini də jurnalistikanın generalı saymaq olar. Həqiqətən də onun həyat yoluna nəzər salanda necə ağır bir şəraitdə, hansı çətinliklərlə "Əkinçi”ni ərsəyə gətirdiyini görürük. Açığı, BDU-nun jurnalisytka fakültəsi şəxsən məndə Zərdabiyə maraq oyada bilməmişdi. Bəlkə də ona görə ki, mənim təhsil aldığım 90-cı illərdə hələ sovet jurnalistikasının əsaslarını öyrənirdik və Həsən bəy Zərdabini o dərsliklər məlum səbəblərdən bizə sevdirə, tanıda bilmirdi. "Əkinçi”ni çəkəndə mən Zərdabini başdan-ayağa tanıdım. Çoxlu kitablar oxudum, onun tədqiqatçılarına müraciət elədim, Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələri ilə tanış oldim. Və sonunda maraqlı bir film ortaya çıxdı. Əlbəttə, bu artıq Həsən bəy Zərdabinin yox, mənim Əkinçim idi (gülür). Və sevinirəm ki, bu sənədli film Azərbaycan mətbuatının tarixini öyrənmək istəyənlər üçün kifayət qədər maraqlı bir işdir.


– Səməd bəy Mehmandarov haqqında da film çəkmisiniz. "Sərdar” çox maraqlı idi.


– "Sərdar”ı mən də maraqlı tədqiqat sayıram. Ən birinci ona görə ki, o filmdə maraqlı məkanlar var. Rus-yapon müharibəsinin baş verdiyi Port Artur var o filmdə. Hansı ki, bizim generallarımızın, Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin , Naxçıvanskinin ayaq izləri qalır o torpaqlarda. Çar Rusiyasının çəkdiyi dəmir yolu xətti, bizim genarallarımızın o dəmir yolu xətti ilə uzaq Çinə apardıqları toplar bu gün də keçmiş Port Arturda-indiki Dalyanda ən hündür yüksəkliklərdə tarixin bir parçası kimi saxlanılır. "Sərdar”ı maraqlı edən həm bu faktlar oldu, həm də Mehmandarovun özünün şəxsiyyətindəki təzadlı məqamlar. Əlbəttə, bu gün mənə desəydilər ki, Səməd bəy haqqında daha bir film də hazırla, mən məmnuniyyətlə o işə qol qoyardım. Çünki, Mehmandarovla bağlı o filmdən sonra çoxlu maraqlı faktlarla qarşılaşdım. Rəsulzadənin "Əsrimizin Siyavuşu” əsərindən, digər elmi məxəzlərdən öyrəndiklərim Mehmandarovun şəxsiyyətinə bir az da marağımı artırdı. Kim bilir, bəlkə də nə vaxtsa bu arzum reallaşacaq. Amma indilikdə düşünürəm ki, "Sərdar” filmi Mehmandarov haqda çəkilmiş ən yaxşı sənədli filmdir və bu adamın müstəqil Azərbaycanın ordu quruculuğundakı rolu onu Azərbaycanın hərb tarixində daim yaşadacaq.


– Bir az da "Aprel səhəri”ndən danışaq.


– "Aprel səhəri” də Azərbaycanın yaxın tarixindən bəhs edən filmdir. Rus işğalı, müstəqil Azərbaycanın süqutu, buna aparan səbəblər bu filmdə aydın şəkildə göstərilir. Az əvvəl dediyim ki, Mehmandarovun şəxsiyyəti də məhz bu filmdən sonra məndə suallar yaratdı ki, görəsən "Sərdar”da çox ifrata varmamışammı? Həm də tək Mehmandarov yox, Əlağa Şıxlinski ilə də bağlı. Yəqin bilirsiz ki, generallarımızın adı ətrafında xeyli mübahisəli məqamlar var, müstəqilliyimizin itirilməsində onların şübhəli hərəkətlərinə yönəlik eyhamlara rast gəlinir bir çox ədəbiyyatlarda. Əlbəttə, bu sadəcə şübhə, ehtimal səviyyəsindən o tərəfə keçmir və nə yaxşı da ki, keçmir. Yoxsa azı iki filmimin taleyi məni ciddi narahat edərdi.


– İstərdim ki, bu filmlərə qədər olan jurnalist fəaliyyətinizə nəzər salaq. Hansı mərhələləri var bu yolun?


– Peşəkar jurnalistika ilə 1996-cı ildən məşğulam. Yəni BDU-nun jurnalistika fakültəsini bitirən ildən ixtisasım üzrə işə başlamışam. İlk iş yerim "Olaylar” İnformasiya Agentliyi olub. Agentliyin diretkoru Fatma xanım o vaxt mənə dedi ki, əgər akkreditasiyadan keçə bilsəm parlament müxbiri kimi məni işə götürəcək. Məktubu apardım Milli Məclisə və uğurla akkreditə olundum. Düşünürəm ki, jurnalistlik fəaliyyətim də çox uğurlu alındı. Çünki agentlikdə işləyən müxbir adətən populyarlıq qazanmır. Mən imzamı "Olaylar”dan tanıtdım. Ən qalmaqallı xəbərlər birmənalı olaraq mənim olurdu. Amma "Hürriyyət”dəki fəaliyyətim xüsusilə yaddaqalan oldu. Xatırlayıram ki, deputatların əlində həmişə "Hürriyyət” olurdu . Qranta "su krantı” deyən deputat xanımı da, jurnalistlərə "mətbuatın tulaları”deyən bəy əfəndini də məhz mənim parlament iclaslarından olan yazılarım qane etmirdi və sonunda manşetlərə daşınan qalmaqllar baş verirdi. Amma inanın məqsədim heç vaxt qalmaqal yaratmaq deyildi. Sadəcə "düz danışanı doqquz köydən qovurdular” misalı mənim şəxsimdə öz təsdiqini tapırdı. "Hürriyyət”lə birlikdə parlament müxbirliyim də bitdi. "Azadlıq” qəzeti, sonra isə ANS-dəki fəaliyyətim xüsusilə xəbər üzərində qurulmuşdu. Ta ki filmlərə başlayana qədər.


– Jurnalist və onun çalışdığı media orqanı, qəzet, jurnal, ya da TV. Belə bir təsəvvür var ki, bu öz-özlüyündə bir tandemdir. Çıxışçı və tribuna tandemində ağırlıq çıxışçının üzərinə düşür, yoxsa tribunanın?


– Məncə hər ikisinin. Amma cüzi nisbət fərqilə götürsək, tribunanın da demək olar. Əgər sözünü demək üçün tribuna yoxdursa, kimdir səni tanıyan? Bu mənada tribuna şərtdir, bəzən də elə olur ki, tribuna verilib, sadəcə sən sözünü deməyi bacarmırsan. Gərək çıxışçı tribunaya, tribuna da çıxışçıya layiq olsun. Yəni bu tandem biri birini tamamlamalıdır. Təəssüf ki, bu gün tribuna da azdır, elə yaxşı jurnalistlərin sayı da.


– Bir neçə ay bundan əvvəl gözəl jurnalistimiz İlqar Əlfioğlundan müsahibə alanda  jurnalistikamızın özünü 140 yaşın tələblərinə uyğun aparıb-aparmamsı barədə sual verdim. İlqar müəllim cavabında dedi ki, jurnalistikanın nüfuzu cəmiyyətdə sözün çəkisindən çox, sözə qiymət verə bilən adamların sayından asılıdı. İndi 141 yaşı var mediamızın. Həmin sualı Sizə də ünvanlamaq istəyirəm.


– Düz deyir İlqar Əlfioğlu. Mən də bir dəfə yazmışdım ki, istəyirsən jurnalistikada qızıl xırdala haa, yenə də piştaxta dalında qızıl xırdalayana uduzacaqsan. Əlbəttə ki, mənəvi cəhətdən sən ondan üstün ola bilərsən, amma maddi baxımdan o səni "yeyəcək”. Sabah o sənə rəhbərlik də edəcək, diktə də edəcək və s. Yəni bu gün heç kim heç kimin kitabını oxumur.Yəni "dəryaca ağlın olsun, yoxsul olsan gülərlər”. Amma görünür bu həm də bütün zamanların problemi olub. Füzulinin-söz mülkünün sultanının "Şikayətnamə”si nədən idi? Amma bizə yenə də söz qaldı-Füzuli qaldı. Zərdabi, onun "Əkinçi”si qaldı. Gərək bir az da özümüz öz sözümüzün ağası olmağı bacaraq. Bu gün jurnalistikada hamı sözünün ağasıdırmı? Sözdən xəbəri olmayanlar ona-buna söz atırlar, qəzetdən xəbəri olmayanlar redaktordular, millətə dərs keçirlər. Məncə, sözə, mətbuata qiymət verilməməsinin bir səbəbini də özümüzdə axtarmalıyıq.


– Planlarınız necədir?


– İyunun 16-dan işsizəm. Tez-tələsik iş axtarışına çıxmadım. Əvvəla, dekabrdan bu yana çox gərgin işləmişdim, neçə-neçə sənədli filmlər hazırlamışdım. Düşündüm ki, bu yorğunluq mütləq canımdan çıxmalıdır. Bu müddət ərzində bir neçə iş təklifi də almışam. İmtina etdiklərim də olub, cəlbedici görünənlər də. Yəqin ki, münasib bildiyim bir təklifi dəyərləndirəcəm. Hər halda, qarşıdan gələn payıza ömrün payızı kimi baxmıram, əksinə bu payız sözün əsl mənasında məhsuldar olmalıdır.


– Sizə uğurlar arzulayıram.