:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Alimlər etirazlarala başladı

Font

"İşığı, suyu, qazı günaşırı kəsirlər. Kəssinlər. İşığı kəsəcəklər, şam yandıracağıq, suyu kəsəcəklər, canımız çıxacaq, vedrəylə su daşıyacağıq. Ancaq binamızın sökülməsinə imkan verməyəcəyik”.

Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Əzizağa Ələkbərov «Azadlıq» radiosuna bildirib ki, artıq bir neçə gündür Yasamal rayon İcra Hakimiyyətinin işçiləri Şərifzadə küçəsindəki 33 saylı binaya gələrək sakinləri zorla evlərindən çıxarmağa çalışırlar. Sakinlərsə evlərindən çıxmamaqda israrlıdılar. Səbəbindən şikayətçi danışır: "Bizim bina 1965-ci ildə tikilib. Sakinlərin çoxu Milli Elmlər Akademiyasının işçiləri və jurnalistlərdir. 2000-ci ildən bu tərəfə mənzillər özəlləşdirilib və əlimizdə Çıxarışlarımız var. Söküntünün adını belə qoyurlar ki, guya qəzalıdır, yerində yenisini tikəcəklər. Bunlar düz adam olsaydılar, bu işə başdan fırıldaqla başlamazdılar”.

Sakin deyir, fırıldaq bundan ibarətdir ki, əvvəl bina qəzalı binaların siyahısında olmayıb. 5 mərtəbəli bina daşdan tikilib və möhkəmdir. Bu yaxınlarda icra hakimiyyətinin işçiləri binaya gələrək sakinlərdən binanın qəzalı olması barədə ərizə yazmaqlarını xahiş ediblər. Sakinlərsə qəti etiraz bildiriblər.

Əzizağa Ələkbərov: "İcra hakimiyyətinin işçiləri işi belə görəndə binada evi olan, ancaq kənarda yaşayan adamları tapdılar. Onları aldatdılar, qol çəkdirdilər. Onlar üçünsə fərqi yox idi, çünki onsuz da buradakı evlərinə gəlib-getmirlər, kirayə veriblər. Təzə evin 3, 5, 10 ilə hazır olacağı onları narahat etmir. Bax, o adamların ərizələri əsasında evi qəzalı binaların siyahısına saldılar. Məqsəd də odur ki, bizim binanın həyətyanı sahəsi çox yekədir, söküb yerində bina tikib yeri də əlimizdən alacaqlar”.

Sakin deyir, yaxınlıqda 15 ilə yaxındır ki, 16 mərtəbəli binanın tikilisi yarımçıq qalıb. Onların binasının nə vaxt tikilib təhvil veriləcəyi də sual altındadır. Sakinlər deyir, binanın qazı, işığı, suyu tez-tez kəsilir, səs-küy qaldırınca sonra bərpa olunur. Avqustun 10-da binanın qazını növbəti dəfə kəsiblər. Cana doyduqlarını deyən sakinlər avqustun 11-də səhər saat 9-da Prezident Administrasiyasının qarşısına toplaşıblar. Oradan onları Nazirlər Kabinetinə göndəriblər. Saatlarla gözləməklərinə baxmayaraq, hələlik, onları heç kəs qəbul edib dinləməyib.

Yasamal rayon icra hakimiyyəti isə sakinlərin narahatlığına səbəb görmür. Qurumdan "Qaynar xətt”indən bildirilib ki, Yasamal rayonu ərazisində 22 binanın söküntüsünə qərar verilib. Onlardan biri də Şərifzadə küçəsindəki 33 saylı binadır. 5 mərtəbəli binanın yerində 1 il 6 ay ərzində 16 mərtəbəli bina tikiləcək və sakinlər hazırkı mənzillərinin sahəsindən daha geniş mənzillərə köçürüləcəklər. Artıq binanın bəzi sakinləri mənzillərini tərk edib. İcra hakimiyyəti köçən ailələrə kirayəpulu da ayrılıb.

Sakinlərsə icra hakimiyyətinin ayırdığı kirayə pulunun yetərli olmadığını bildirirlər. Belə ki, birotaqlı evə görə 200, ikiotaqlı evə görə 300 manat ayrılır. Onların deməsinə görə, yaşadıqları əraziyə yaxın yerlərdə bu məbləğə uyğun mənzil yoxdur.

Şərifzadə 33-ün sakinləri hələ də Nazirlər Kabinetinin qarşısında gözləməkdədilər.