:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bağışla, İlahi, sözünü kəsdim…

Font

Bu günlərdə Azərbaycan poeziyasında məxsusi yeri olan şair Salam Sarvanın 50 yaşı tamam olub.

 

Axar.az xatırladır ki, Salam Sarvan 1966-cı il avqustun 10-da Cəlilabad rayonunda anadan olub. O, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dekan vəzifəsində çalışan Salam Sarvan bir müddət Kult.az mədəniyyət portalının Baş redaktoru olub.

 

Onun təkcə şeirləri deyil, müxtəlif dövrlərdə yazdığı publisistik yazıları da böyük oxucu marağına səbəb olub.

 

Mərhum yazıçı Rafiq Tağının sözlərilə desək, Salam Sarvan ədəbiyyata yaşıl burulğan kimi gəldi… və həmin yaşıl burulğan göy qurşağına çevrilib Azərbaycan ədəbiyyatının üzərində dayanıb. Onun şeirləri, misraları oxucuların, ədəbiyyat adamlarının dillər əzbəridir.

 

Salam Sarvanı 50 illik yubileyi münasibətilə onun özünün dillər əzbəri olan misraları ilə təbrik edirik:

 

Elə üşüyürəm, O da yoxdu ki,

gəlib ƏLLƏRİNİ sərə üstümə.

 

***

 

Gedən ömrə əl eləyir

saat öz kəfkiriynən.

 

***

 

Allah, mən içimi yedim qurtardım,

bu dəri süfrəni yığışdır indi.

 

***

 

Ya sök, ya tik, nə fərqi var,

bu daxma düzəlməyəcək.

Gəl sənə təsəlli verim:

darıxma, düzəlməyəcək!

 

***

 

Sənli xatirələr dağılıb evə –

bağışla, otağım tör-töküntüdü.

 

***

 

Gördüm ki, tutmağa özgə yerim yox,

tutdum yıxılmağa qorxduğum yerdən.

 

***

 

Bu köhnə kirayə evin yiyəsi

yenə "qulağını” burur saatın:

– Fikirdən neçədə ayılacaqsan,

ay oğul, neçəyə qurum saatı?

 

***

 

Arzum yox, pulum yox, nəzir qutusu

mən nə niyyət tutum, nə salım sənə?…

 

***

 

Yox e, sürdüyümüz ömür-gün deyil,

baxma ki, bir azca uzun çəkdi bu…

Bir qoca, kor baxtın əlindən tutub

yolun o üzünə keçirtməkdi bu.

 

***

 

Durub tullanasan bir çəpər üstdən,

düşəndə görəsən Yer üzü yoxdu.

 

***

 

Öləsən…

Gözünü qapaya bir qız əlləri –

bu, sənin ilk qadın sığalın ola!

 

***

 

Söndür ekranları, ta bundan belə

nə filmə, nə də ki, həyata baxaq.

Deyirlər saatda yaxşı vaxt gedir,

gəl gedək oturub saata baxaq.

 

***

Yaş – yorğun gözlərin axan təridi…

 

***

 

Torpaq yeyir bizi bişdik-bişmədik,

gedirik bir taxta qaşıq içində.

 

***

 

Mübarək, Tanrı bir gün verib sənə,

o da ki, qaradı, rənginə düşmür.

 

***

 

Səni həmişəlik atıb gedirəm,

işdi dönər olsam, nə alım sənə?

 

***

 

Sənə deyiləsi deyil

sənə deyiləsi sözüm.

 

***

 

Ana, məni basdırarsan

boyumu soxduğun yerə.

 

***

 

Min ildi qapım döyülür,

aç gör kimdi bu GƏLMƏYƏN?

 

***

 

İki tərəfin var – gözlərin, dilin:

bu, işıq gələndi, o da it hürən…

Gələ bilməyəcəm sənnən görüşə,

bu gün vaxtım yoxdu, bu gün ölürəm.

 

***

 

Kəndiri rezinmiş dar ağacımın –

bəxtəvər başıma, hələ dartılır!..

 

***

 

Ölmək istəyirəm, bir azda sənə

qapanmış gözlərnən baxmağım gəlir.

 

***

 

Bizim başımızın gülləsi ilə

kimsə baş qatmağa tirə gedəcək.

 

***

 

Atdı… atdı səni düşmənlərin də –

İlahi, belə də adam tək olar?!

Bu ki, sürünməkdi – cəhənnəmə ki

başı dik tutub da sürünmək olar.

 

***

 

Salıb itirəsən xatirələri,

ancaq etibarlı əllərə düşə.

 

***

 

Gedirəm çürüyüb sümük olmağa –

gör ha, dalımca da bir ac it düşüb.

 

***

 

Səni axtarmağa gedirəm daha –

ta mən də bu gündən yoxa çıxıram.

 

***

 

Adam göz yaşı içində

gəmi oynatmaz, ay uşaq.

 

***

 

Nə qalan kimi qalıram,

nə gedirəm, gedən kimi.

Bir yekəpər Ölüm gəzir

yanımda Cangüdən kimi.

 

***

 

Sənin ad gününə gül dərmək üçün

sinəmə çəkdiyin dağa çıxıram…

 

***

 

Nifrət elədiyin ayağını da

bir addımdan uzaq tullamaq olmur.

 

***

 

Aramızdan su da keçmir,

torpaq keçər aramızdan.

 

***

 

O ağ gün illərin lap altındadı –

kömək et boşaldaq çölə bu ömrü.

 

***

 

Bağışla, başladım şer yazmağa –

Bağışla, İlahi, sözünü kəsdim.

 

***

 

Başımla döyürəm qapını, sevda,

nə evdən çıxırsan, nə də başımdan.

 

***

 

Sən kimsən ay qız, belə

qarış-qarış gəlirsən?!

Bir vaxt Tanrı gələrdin,

indi Tanış gəlirsən.

 

***

 

Axtararsan, axtararsan

tapa bilməzsən sən məni.

Atanda bir baxaydın da

hayana atmısan məni.

 

***

 

Sənə bu əllərlə toxunmaq üçün

başqa yol yoxdu ta şillədən savay.

 

***

 

Yenə dilə məndən, sən dilə təkcə –

de nə qurban verim, de nədən keçim…

Candan keçmək nədi, sənin xətrinə

ölməyim – bir gözəl ölümdən keçim.

 

***

 

İşdən də xəbər alarsan,

"yerində yoxdu” deyəllər…

Özünü divardan asıb

harasa çıxdı – deyəllər.

 

***

 

Belə… nə sevinc gülməyə,

və nə dərd ağlamağadı…

Bu dünyanın çiçəkləri

süpürgə bağlamağadı.

 

***

 

Səni vurmağa da qalxmaz əllərim –

atılsa üzünə ləçək tellərin…

Səndən vəfalıymış sənin yolların –

hələ də keçirlər baxdığım yerdən.

 

***

 

Təki kefin kök olsun,

mənim zalım sevdiyim…

Dünən TOYUMDA idim,

yerin məlum, sevdiyim.