:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tarixçidən qalmaqallı müsahibə: “Şah İsmayıl daha çox şiələri qırıb”

Font

Tarix elmləri doktoru, Azərbaycan Milli Araşdırmalar Assosiasiyasının rəhbəri Əkbər Nəcəfin AzNews.az-a müsahibəsi: 

- Əkbər bəy, nədən ən çox tarixi mövzular içərisində Şah İsmayıl Xətai və Səfəvilər dövrü müzakirə olunur?

- Məncə, tam əksinədir. Mənə görə heç müzakirə belə olunmur? İnternet saytlarında və qəzetlərdə Şah İsmayıl haqqında yayımlanan ciddi məqalələrin sayı 10-u keçmir. 200 ildən çox hökm sürmüş bir dövlətin banisi haqqında 10 məqaləni müzakirə predmeti (mövzusu) hesab etmək gülünc olar. İngiltərənin ən ehtişamlı dövrü Viktoriya dövrüdür. Bu dövr haqqında axtarsanız ən azı 1000 kitab və 10 mindən çox məqaləyə rast gələrsiniz. Sadəcə son beş ildə Türkiyə universitetlərində Osmanlılar mövzusunda 2 minə yaxın müdafiə işi qəbul edilib. Hələ mən buraya Osmanlılar haqqında çap olunmuş kitabları və məqalələri daxil etmirəm. Bizim nəyimiz var Şah İsmayıl haqqında? Allah rəhmət etsin, Oqtay Əfəndiyevin "Azərbaycan Səfəvilər dövləti” adlı monoqrafiyası xaricində ölkəmizdə Səfəvilər haqqında ikinci kitab yoxdur. Şah İsmayıl haqqında isə yazılmış monoqrafiya sayı 5-i keçmir. Üstəlik, həmin əsərlər də hər hansı bir mənbənin işığında Şah İsmayılın tarixini öyrənir. Biz bir neçə kitab və məqalə ilə Şah İsmayılın və Səfəvilərin tarixini bildiyimizi iddia edirik. Digər sahələrdə vəziyyət daha dözülməzdir. Şirvanşahlar haqqında Sara Aşurbəylinin kitabı xaricində ikinci elmi əsərin adını çəkə bilərsinizmi? Ən yaxşı halda Məşədixanım Nemətin, Məhəmmədəli Şəriflinin, Əbdülkərim Əlizadənin və s. İbrahimovun Şirvanşahların müəyyən dövrü haqqında yazılmış əsərini qeyd etmək olar. Şirvanşahlar 1000 illik tarixə sahib dövlət olub. Min illik tarixə sahib dövlət haqqında ən azı yüzlərlə kitab yazılmalı idi. Biz millət olaraq heç bir xalqın sahib olmadığı tarixi mirasın üstündə oturmuşuq. Bu miras haqqında biri çıxıb 3-5 cümlə yazan kimi qiyaməti qopardırıq. Səfəvilər haqqında mübahisənin əsas mövzusunu qızılbaşlıq təşkil edir. Şəxsən mən, indiyə qədər Azərbaycanda Sadiq Nağıyevin "Qızılbaşlıq haqqında” kiçik həcimli əsəri xaricində ikinci bir elmi kitabın nəşr olunduğuna rast gəlmədim. Səfəvilərə baxışını sərt şəkildə tənqid etdiyimiz Türkiyədə qızılbaşlıq haqqında ən azı 10-dan çox elmi əsərə rast gəlmək olar. Biz cəhalətin yaratdığı qorxu və vahimə ilə məsələlərə baxırıq. Və tənqid mədəniyyətimiz də heç olmadı.

- Ümumiyyətlə, oxucularımız üçün də maraqlıdır ki, 14 yaşında bir gənc necə dövlət qura bilərdi?

- Qızılbaşlar dövlətini 14 yaşlı bir gənc yaradıb. Bu şəksiz doğrudur. Amma, o 14 yaşlı gəncin arxasında ona qədər 250 illik tarixə sahib bir təriqətin fəaliyyəti, həmin təriqətin da arxa planında Fuad Köprülü, İrene Melikoff, Əhməd Yaşar Ocağın ifadə etdiyi kimi Şah İsmayıla qədər 5 əsrlik dövrü geridə buraxmış "Türk Xalq İslamı” anlayışı dayanırdı. Tarix təsadüfləri sevmir. Və 14 yaşlı bir gəncin dünya fatehi olaraq səhnəyə çıxması da təsadüf hesab oluna bilməz. İsmayılın zəkası və qabiliyyəti də buna əlavə olununca ortaya yeni bir dövlət çıxdı. Digər tərəfdən, orta əsrlər üçün 14 yaş kifayət qədər əhəmiyyətli yaş hesab olunurdu. Türk cəmiyyətində uşaq fərd hesab olunurdu və 3-4 yaşından etibarən də sosial həyatın bir parçasına çevrilirdi. Əgər, biz Bizans və Çin mənbələrində türk uşaqlarının həyat tərzi haqqında yazılanları oxusaq, Şah İsmayılın yaşı bizi heyrətləndirməz. Üstəlik, Şah İsmayıl hələ uşaqlığında həyatın bütün çətinliklərini yaşayaraq bərkimişdi. Zindanda yaşamış, əsarət və sürgün həyatı keçirmiş, yəni çətinliyi öyrənmişdi. Ətrafında ona və onun ideologiyasına dərindən inanmış kütlənin olması da böyük amildir. Burada dövrün siyasi, iqtisadi və dini şəraiti də diqqətə alınmalıdır.

- Səfəvi və Osmanlı müharibələrinə şiə-sünni konteksindən yanaşmaq nə qədər doğrudur? Çünki unutmamalıyıq ki, Osmanlı imperiyasına qarşı müharibə aparan Ağqoyunlular da sünni məzhəbinə aid idilər...



- Sadəcə Ağqoyunlular deyil, Misirdəki Türk dövləti olan Məmlüklər və Osmanlıların Anadoluda ortadan qalırdırdığı 10-dan çox türk bəyliyi də sünni məzhəbinə sahib olublar. Bir faktı xüsusilə qeyd etməliyik. Bizim Səfəvi adını verdiyimiz dövlət özünü "Qızılbaş dövləti” adlandırıb. Yəni səfəvilər ortaya bir sülalə dövləti olaraq çıxmayıblar. Bir kimliyin təmsil etdiyi dövlət olublar. Osmanlılar özü də qızılbaşlarla eyni ideologiyaya sahib olan ələvi-bektaşı ünsüründən qidalanaraq ortaya çıxıblar. Osman bəyin qaynatası Şeyx Ədəbalı Babailər hərəkatının banisi Baba İlyasın xəlifələrindən olub. Həm Baba İlyas, həm də Şeyx Ədəbalı qızılbaşlığın formalaşmasında dərin izlərə sahib, Vəfaiyyə təriqətinə mənsub olublar. Sultan Fatih Mehmetə qədər Osmanlı fəthlərində aparıcı güc olan qələndəri, bektaşi, vəfai, heyədəri kimi qızılbaşlığın birinci dərəcədən qidalandığı təriqətlərə mənsub dərvişlər, dəlilər olublar. Osmanlının yaranmasında "Abdalan-i Rum” dərvişlərinin oynadığı həyatı rol gözdən qaçırılmamalıdır. Hətta Baciyan-i Rim adlanan qadınlardan ibarət döyüşçü qızlar da Osmanlı fəthlərində rol oynayıblar. Fatih dövründən sonra Osmanlı ölkəsində bu qadınlar təqibə məruz qaldıqlarından qızılbaşların yanında yer almağa başladılar. Çaldıran döyüşündə Şah İsmayılın arvadı Taclı Bəyimin əmrində kifayət qədər qadın döyüşçü olub. Yavuz Sultan Səlimə qədər osmanlılar Ərdəbil təriqatına hörmətlə yanaşıblar. Hətta Səlimə qədər Osmanlı sultanları hər il Ərdəbil təriqatına "axça” göndərirdilər. Osmanlı mənbələri Balkanların Osmanlıların nəzarəti altına keçməsində, Sarı Saltukun müstəsna rolundan bəhs edirlər. Hətta adına "Saltıknamə” adlı bir mənkıbə də yazılıb. Kim idi bunlar? Hamısı qızılbaş, Babai, heydəri, qələndəri, vəfai kimi Türk İslam inancından bəslənirdilər. 

Məsələni şiə-sünni konteksinə Qərb tədqiqatçılar saldılar. Çünki, həqiqətən də hadisələrin dərinliyini bilmirdilər və böyük ölçüdə Qərbdəki hakim ideologiyaların dərin təsiri altında idilər. Həm Leon Cahen, V.V.Barthold, hətta V.V.Radlov belə Yaxın Şərq İslamı coğrafiyasını XIX əsr Avropasında formalaşan Türk, Ərəb və İran deyə sünni məzmun kəsb edən üç ünsür arasında bölüşdürüldüyünə inanırdılar. İlk dəfə Fuad Köprülü hadisələrin dərinliyinə nüfüz etməyə nail oldu. Onun açdığı cığırı azərbaycanlı neft milyonçusunun qızı olan İrene Melikoff daha da genişləndirdi və hadisələrin üzərindəki sirr pərdəsi qalxmağa başladı. Bizim bu vaxta qədər Azərbaycan mətbuatında və fikir dünyasında söz edə bilmədiyimiz İslam anlayışı daxilində "Türk İslamı” adlanan bir gerçəklik var. Bu geniş türk kütlələrinin qəbul etdiyi bir xalq islamı təsəvvürü idi. Son illərdə dünyada bu mövzuda kifayət qədər tədqiqat aparıldı. Amma təəssüflər olsun ki, biz hələ mövzunun adını belə bilmirik.

Məsələnin görünməyən və ya bizə göstərilməyən daha iki fərqli tərəfi var. Biri Ərəb coğrafiyasının Osmanlı və Səfəvi mühitinə təsiri, digəri isə Şirvan faktoru. Səfəvi dövlətinə gələn şiə alimlərinin tamamı Ərəb coğrafiyasından, xüsusilə də indiki Livanda yerləşən Cəbəl-i Amildən gəliblər. Səfəvilər şiəliyi rəsmi məzhəb elan etdiklərində Təbrizdə şiə fiqhinə dair əllərində sadəcə bir kitab vardı. Ərəb coğrafiyasındakı sünni üləma da Osmanlının yeni paytaxtı İstanbula axın etməyə başladı. Burada bir məqamı da qeyd etmək lazımdır. Səfəvilər şiəliyi asanlıqla rəsmi məzhəb qəbul etmədilər. Başda Şah İsmayıl olmaqla qızılbaş əmirlərinin bir çoxu "Heydərilik”in rəsmi məzhəb olmasına tərəfdar idilər. Amma, heydəriliyin kitabı əsaslarının olmaması onları şiəliyi rəsmi məzhəb elan etməyə məcbur etdi. Bəzi Avropalı alimlər buradakı Heydəriliyi Şah İsmayılın atası Şeyx Heydərə bağlayırlar. Fikirləşmirlər ki, Şah İsmayıl niyə görə atasının adı ilə bir məzhəbi rəsmi məzhəb elan etməli idi. Üstəlik, Şeyx Heydərin heç bir fiqhi və dini əsəri də olmayıb. Buradakı Heydərilik, Yəsəvi Şeyxi və qurucusu Əhməd Yəsəvinin dərvişlərindən olan Qütbəddin Heydərin yaratdığı təriqətdən gedir və təriqət özündən sonra Azərbaycanda və Anadoluda ortaya çıxan bütün təriqətlərə dərindən təsir etmişdir. Xüsusilə də bektaşiliyə. Yəni Səfəvi-Osmanlı ziddiyətlərinin pərdə arxasında şiə-ərəb və sünni-ərəb uləması arasında ciddi ixtilafların varlığına baxmaq lazımdır. İndi bir çox həvəskar tarixçi Səfəvi şiəliyini "Fars Şiə”liyi adlandırırlar. Amma bu həvəskar tarixçilər unudurlar ki, həm "Fars”, həm də "İran” adları Pəhləvi rejimi dövründə (1925-1979) formalaşdırılıb. İngilis dəstəkli Rıza Şaha milli bir ideologiya lazım idi. O, da bunu İran və Fars kavramlarının içinə İslamdan əvvəl Pers, Sasanini, İslamdan sonra da şiəni soxaraq və buna da bir fars milli kimliyi donu geydirərək yaratdı. Üstəlik bu ideologiyanı özü yox, ingilis casusu olan Hindistandakı parsi əsilli Ərdəşir Reporter formalaşdırdı. Rıza Şahı axırdan çıxarıb dövlətin başına gətirən də o olub. Təsadüfi deyildir ki, həmin Ərdəşir Reporterin oğlu Darius Reporter İran tarixində yeganə demokratik dövr olan Doktor Müsəddiq Məhəmməd rejimini İngiltərə və ABŞ-ın (Amerika Birləşmiş Ştatları) əli ilə hərbi çevrilişlə ortadan qaldıranlardan biri olub. Bizim həvəskar tarixçilər tamamilə Pəhləvi və Sovet rejimlərinin yaratdığı terminologiyanın içində boğulurlar və bu terminologiya ilə özlərinə tamamilə coğrafiyalaşmış bir milli kimlik yaratmaq sevdasındadırlar. Bu tarix anlayışına qarşı ortaya çıxan ən kiçik tənqidi də, haradasa milli xəyanət adlandıracaqlar. Ağzını açana da "İranlı”, "Fars Şiə”, "Türkiyə heyranı” deyib məsələni tamamilə dar və emosianal (çılğın) çərçivənin içinə həbs ediblər. Səfəvilər şiəliyi dövlət dini qəbul etsələr də, şiə uləması ilə davamlı mübarizə şəraitində olublar. Qacarlar dövründə dövlət-üləma münaqişəsi pik nöqtəsinə gəlib çatmışdı. Bunun kifayət qədər dəlilləri var. Birini xüsusilə qeyd etmək istəyirəm. Qızılbaş ideologiyasında "kutlu şah” anlayışı var. Bu qədim türklərin "tenqri tək tenqridə olmaq” dediyi hakimiyyətin Tanrıdan gəldiyi və hökmdarın Tanrının yer üstündəki təmsilçisi olduğu anlayışına əsaslanır. Şah Təhmasib şiə uləmasının ən böyük alimlərindən Kərəkini Cəbəl-i Amili ölkəsinə dəvət edib, onu bu anlayışı şiə ideologiyasının içinə daxil etməyə məcbur etmişdir. Kərəki, Şah Təhmasibi "sahibi-zaman” adlandırmağa məcbur oldu. Şiə anlayışında bu titul axırıncı imam Mehdiyə aiddir. Bu o deməkdir ki, Səfəvilər qədim "tenqri xan” anlayışı ilə "mehdiliyi” birləşdirməyə təşəbbüs ediblər və bunu da Kərəki kimi bir alimə təsdiq etdiriblər. Buna görə Kərəki uzun illər şiə alimlərinin tənqid mərkəzində olub. Kərəkini ən ağır şəkildə tənqid edənlərin başında isə türk əsilli şiə alimi Müqəddəs Ərdəbili gəlir. Yeri gəlmişkən, qeyd edim ki, türk dilində ilk şiə fiqhi və əxlaq əsəri bu alim tərəfindən Səfəvilər dövründə yazılıb. Fars dilli şiə əsərləri sonrakı dövrə aiddir. Bu necə Fars-Şiəliyidir ki, farsca ilk elmihal əsəri XVI əsrin ortalarında Şeyx Bəhaüddin Amili tərəfindən qələmə alınıb.



Burada bir məsələni unutmaq olmaz. Tədqiqatçıların çoxu mənbələri tanımadan həmin mənbələrin nəşr olunmuş variantlarından (seçənək) istifadə edirlər. Halbuki, İranda, Rusiyada, Avropada, elə bizdə də nəşr olunan mənbə ilə həmin mənbənin orjinal (əsl) variantı arasında ciddi fərqlər var. Misal üçün, hamı Şah İsmayılın "Şiəliyi dövlət məzhəbi” elan etdiyini iddia edir. Diqqətli tədqiqatçı burada bir sual verməlidir: Hansı şiəlik? O zaman da həvəskar tarixçilər tez "İsna-aşəriyyə” deyirlər. Yaxşı bəs İsna-Aşəriyyənin özünün də daxilində qollar var idi və uzun illər Üsuli, Əkbəri və Şeyxi kimi məzhəblər İsna-Aşəriyyə daxilində ixtilaf içində olublar. Şah İsmayılın dövlət məzhəbi elan etdiyi məzhəb "cəfərilik” adlanırdı. Hətta 1907-ci ildə Qacarlar ölkəsində ilk konstitusiya (anayasa) qəbul olunduğunda belə dövlətin rəsmi məzhəbi olaraq Cəfərilik adı qeyd olunur. Hətta konstitusiyanın 27 və 39-cu maddələrində Cəfəriliyin təsir dairəsi açıqca qeyd edilir. Pəhləvilər, indiki İran İslam rejimində nəşr olunan kitab və mənbələrdə məqsədli şəkildə Cəfəriliyin yerinə şiə adı yazıb. Buna səbəb Pəhləvilərin "şiə” adı altında bütün şiə məzhəblərini İsna-Aşəriyyənin üsuli məzhəbi daxilində birləşdirmək istəyidir. Bu əslində ingilislərin siyasəti idi. İngiltərə Şərqi İslamı şiə-fars və vəhhabi-ərəb kimliyi altında birləşdirərək türk kimliyini ortadan qaldırmaq istəyirdi. İran İslam rejimi də bu sistemi davam etdirdi. Halbuki, şiəlik XX əsrin əvvələrinə qədər özünün heç fiqhi formalaşma prosesini belə tamamlamamışdı. İsna-Aşəriyyənin öz daxilində belə ciddi ixtilaflar vardı. 1920-ci ildə belə Nəcəf ilə Tehran ayətullahları bir-birlərini "ingilis casusu” olmaqda ittiham edirdilər. Rıza şah hakimiyyətə gəlmək üçün Tehran ayətullahlarından deyil Nəcəf və Qum şiə alimlərindən dəstək almışdı. Rıza şahın 1924-cü ildə, yəni şah olmasından bir il əvvəl Qumda ayətullah Hairi, Naini və İsfahani ilə apardığı danışıqları diqqətlicə oxuyun. Hələ mən burada üsuliliyin əxbariliklə necə mübarizə apardığından bəhs etmirəm. O əxbarilik ki, şiə məzhəbinin mərkəzində dayanırdı və hələ üsulilik ortada yoxkən əxbarilik şiəliyin lokomotivi qəbul olunurdu. Daha da mühümü Şah Abbasa qədər Qum məktəbi əxbarilərin nəzarətində idi və Qum məktəbini də onlar yaradıblar. XX əsrdə formalaşan siyasi-şiəliyin və panfarsizmin köklərini tapmaq istəyənlər üzlərini İrana deyil, İngiltərə-Hindistanına çevirməlidirlər. Qacarlar dövründə ölkə aclıqdan qırılarkən Hindistandan üləmaya gələn pul, Qacar dövlətinin büdcəsindən üç dəfə çox idi. İlk farsca mətbəə əsərlərinin nəşr olunduğu yer də Hindistandır. Biz buzun suyun üstündəki hissəsinə baxmaqdan əl çəkməliyik.

Məsələnin bir də Şirvan tərəfi vardır. Biz, Şirvanı Şirvanşahlardan ibarət siyasi bir məfhum hesab edirik. Təəssüflər olsun ki, orta əsr Şirvanın təfəkkür tarixi öyrənilməyib. Orta əsrlər Şirvan fikirlər mozayikasıdır və həddindən artıq zəngindir. İndiki həvəskar tarixçilər Şirvanı coğrafi bir şüara çeviriblər. Şirvan fikir mühiti Osmanlı, Krım, Misir, hətta Məkkə və Mədinəyə dərindən təsir edəcək qədər güclü olub. Mən, sizə Osmanlının beyin mərkəzində yer almış onlarla şirvanlı aliminin adını çəkə bilərəm. Misal üçün Şeyx Əkmələddin Əli Şirvani Osmanlı şeyxülislamı olub. Hətta bir müddət Məkkə kimi İslamın mərkəzində fətva mərci olmuşdur. Osmanlı mədrəsələrində uzun illər onun "Əqsəül-mətalib”, "Mühimmatül-çərufil-vacibə”, "Camiül-mənasik”, "Dəlilül-zairin və ənisül-mücavirin” adlı əsərləri dərs vəsaiti kimi oxudulub. Və ya Şeyx Məhəmməd Əli əz-Zühri Şirvani, Osmanlı padişahı tərəfindən birbaşa Mədinə müftüsü təyin olunub. Onun oğlu Şeyx Əli ibn Əli isə Osmanlının ən tanınmış hənəfi fəqihlərindən idi. Şeyx Cəmaləddin Şirvani də şirvanlıdır və Osmanlı şeyxülislamı vəzifəsini icra etmişdir. Bu siyahını səhifələr dolusu uzatmaq olar. Şirvan sadəsə sünni alimlərinin deyil, eyni zamanda hetorodoks-İslam cərəyanlarının da vətəni olub. Qələndərilik Şirvanda Şirvanşah taxtını ələ keçirəcək qədər gücə sahib idi. Hələ Şeyx Səfiyəddindən əvvəl onun şeyxi Şeyz Zahid Gilaninin Şirvanda müridləri olub və bu müridlərinin çoxu şirvanşah II Axsitan tərəfindən öldürülüb. Onların malları isə Kür çayına atılıb. Şah İsmail Şirvanı ələ keçirdiyində Şirvanşahın xəzinəsini çaya atılmasını əmr etməsinə də səbəb həmin hadisənin intiqamı idi. Təsadüfü deyildir ki, hürufilər belə Şirvanda özlərinə sığınacaq tapmışdılar. Bundan başqa vəfai və heydəri dərvişləri, əxilərin də Şirvanda geniş fəaliyyətlərinə rast gəlirik. Yəni məsələ heç də Şirvan-səfəvi, Səfəvi-Osmanlı qütbləşməsi kimi bir-iki termin ətrafında izah edilməyəcək qədər geniş və köklüdür.

Maraqlı bir faktı (dəlili) da qeyd etmək istəyirəm. Əgər, iddia edildiyi kimi Səfəvi-Osmanlı münaqişəsi məzhəb münaqişəsinə əsaslanırdısa, o zaman necə olur ki, Osmanlılar Şah İsmayılın vəfatından bir qədər sonra ələ keçirdikləri İraqdakı şiələri ortadan qaldırmadılar. Şiənin iki böyük mərkəzi (Cəbəl-i Amil və Nəcəf) Osmanlıların nəzarəti altında idi. Üstəlik bir çox şiə alim Osmanlının gücündən istifadə edərək, Səfəvi hökmdarları və uləması haqqında sərt bəyənatlar səsləndiriblər. Hətta Osmanlılar ilə Səfəvilər və daha sonra Qacarlar arasındakı siyasi münaqişələrin həllində İraqın şiə alimləri vasitəçilik ediblər. Daha da maraqlısı Kaşifül-Qita adlı şiəlik tarixinin ən böyük aliminin fətvası ilə İraqdakı şiələr və Osmanlı ordusu birləşərək 1805-ci ildə Vəhhabilərə qarşı birlikdə müharibə aparıblar. Yəni hadisələrə bu günün prizmasından (baxışından) və bu günün siyasi, ideoloji aynasından baxmaq bizi böyük səhvlərə aparacaqdır.

- Bu prosesin qızışmasında Qərb dövlətlərinin rolu nə olub?

- Müasir tarixçiliyin şişirdiyi mövzulardan biri də budur. Orta əsr dünyasının siyasət səhnəsində Avropa əhəmiyyətsiz bir yerə sahibdir. Qaşqarlı Mahmudun xəritəsinə diqqətlə baxın. O zaman həmin xəritənin Avropa hissəsinə belə bir cümlənin yazıldığını görəcəksiniz: "Heyvana oxşayan insanların yaşadığı yer”. İndi bəzi avropalılar dünyanın geri qalan hissəsinə belə baxır. Qərbdə bəzi güclər Şərqdə gedən hadisələrdə şübhəsiz maraqlı idilər. Və bu da təbii qəbul edilməlidir. Roma, Venessiya elçiləri Osmanlı ilə Ağqoyunluları, Osmanlı ilə Səfəvilər qızışdırmağa təşəbbüs ediblər. Amma müasir tarixçilikdə bu kimi faktlar çox şişirdilib. Nəzərə almaq lazımdır ki, dünya siyasətini təyin edən bu güclər, Avropadan gələn bir neçə elçinin təsiri ilə bir-biriylə müharibə aparacaq qədər axmaq deyildilər. Bu, Amerika Birləşmiş Ştatlarının Əlcəzairdən və ya hər hansı bir üçüncü dünya ölkəsindən gələn bir neçə elçinin söz ilə Rusiyaya müharibə elan etməsini iddia etməyə oxşayır.



Dövrün Avropasının ciddi problemləri vardı. Hər şeydən əvvəl Avropanı cüzzam və vəba xəstəliyi cənginə almışdı. Cüzzama qarşı mübarizə aparmaq üçün sadəcə Fransada kilsənin nəzarətində 1000-dən çox xəstəxana yaradılmışdı. İnkivizasiya və İspaniyada səlib müharibələri davam edirdi. Ticarət malları almaq üçün Avropa yeni mənbələr axtarışında idi. Bu axtarışların nəticəsində Afrikanı və Amerikanı kəşf etdilər. Halbuki, Amerika hələ 1000-ci ildən vikinqlər tərəfindən bilinirdi və skandinaviyalı gəmiçilərin inkalarla ticarət etdikləri haqqında mənbələrdə kifayət qədər məlumat var. Amerikadan çıxarılan qızıl isə Şərqə axırdı. XVIII əsrdə Çində istifadə olunan hər 10 qızıldan altısı Amerika qızılı idi. Yəni, Avropa Şərqdən aldığı ticari mallar hesabına yaşamaq üçün Amerikanı istismar etməyə başlamışdı. Müasir Avropa tarixçiləri və onların sözlərini təkrar edən Şərqli alimlər orta əsr Şərqində gedən dünya əhəmiyyətli proseslərdə Avropanın varlığını xüsusilə gözə soxurlar. Bununla bir həqiqəti gizlətməyə çalışırlar. Bu həqiqət ondan ibarətdir ki, Şərqdəki proseslərin mərkəzində Avropa xristianlığı deyil, Şərq xristianlığı (məsihilik) və yəhudilər əsas güc təşkil ediblər. Bu gün "erməni” adlandırdığımız xalq Səfəvi-Osmanlı ziddiyətləri şəraitində ortaya çıxıb. Bu uzun məsələ olduğu üçün üstündə durmaq istəmirəm. Qısaca qeyd edim ki, ermənilərin cəmaatlaşma prosesi bu tarixdən başlayır. İngilislər ilə ruslar Səfəvi-Osmanlı arasında ticarəti nəzarət altında tutan ermənilərin oyundan kənarlaşdırmaq üçün, çox böyük oyunlar oynamışlar və ermənilər də axmaq kimi buna inanmışlar. Dövrün Müsəlman Şərqində çox güclü xristian təriqətləri fəaliyyət göstərirlər. Səfəvi və Osmanlı ölkəsinin bütün böyük şəhərlərində yezuit, fransisken təriqətlərinin mərkəzi vardı və mərkəzlərdəki keşişlər böyük miqyasda kitab ticarəti ilə məşğul olurdular. Bunun qarşısını almaq üçün XVIII əsrin əvvəllərində Osmanlı sədrəzəmi Nevşəhərli Damad İbrahim Paşa kitabların Avropaya çıxarılmasını qadağan edən bir fərman çıxartmış və Osmanlı sərhədində ələ keçən əlyazmaları öz adı ilə yaratdığı Damad İbrahim Paşa kitabxanasında mühafizə etməyə başlamışdı. Bu, elmin keşiş-casuslar tərəfindən Şərqdən Avropaya nəqli deməkdir. Bu gün Avropa kitabxanalarında yer alan Şərq əlyazmalarının çoxu həmin dövrdən qalır. Kitab ticarətində maraqlı tərəflərdən biri də Roma papalığı idi. Oryantalizm (şərqşünaslıq) bu xəzinə üzərində formalaşdı.

- Bəzi tarixçilərin yazdığı kimi, həqiqətənmi Şah İsmayıl Xətai qaniçən və qəddar olub?

- Mənə tarixdə bir hökmdar göstərin ki, dediyiniz xüsusiyyətlər onda olmasın? Müasir dünyada belə insanlıq bu xüsusiyyətlərdən arınmış deyildir. Amma bu, Şah İsmayılın ideal hökmdar olduğu mənasına gəlmir. Təbriz ələ keçirildiyində burada kifayət qədər insan öldürülüb. Amma bəzi həvəskar tarixçilərin iddia etdiyi kimi, Şah İsmayil sadəcə sünni qanını axıtmayıb. Elə kifayət qədər də şiə inanclı insanı öldürüb. Şah İsmayilin özünün ən ağır müharibələrini şiələrə qarşı aparıb. Gilanda, İsfahanda və Luristanda. Yeri gəlmişkən, onu da qeyd edim ki, Şah İsmayil öz qızı Pərixan Xanımı bir sünniyə, məhz Şirvanşaha ərə verib.




- Bəs, Qızılbaşlıq ideologiyası nədən qaynaqlanır? Bəzən Xətaini ən böyük şaman adlandırırlar...

- Türklər arasında İslamın üç forması var. 1. Kitabi İslam, 2. Təsəvvüfi İslam və 3. Xalq İslamı. Kitabi İslam mədrəsə islamıdır. Əsasını İslam fiqhi və şəriəti təşkil edir və yüksək təsil sisteminə dayanır. Təsəvvüfi İslam isə qeyri-İslami dinlərin də təsiri ilə formalaşan bir növ mistik İslam anlayışıdır. IX əsrdən etibarən təsəvvüfi İslam təriqətlər vasitəsilə özünə inkişaf yolu tapa bildi. Səlcuqluların İslam Şərqini ələ keçirməsi ilə zirvəyə çatdı. Türklər arasında da çox sayda təriqətlər yarandı. Bir də xalqın başa düşdüyü sadə İslam vardı ki, buna xalq İslamı adı verilir. Qızılbaşlıq xalq İslamının ən böyük qollarından biridir. Qədim Türk inancının güclü təsiri altındadır. Ona digər cərəyanlar da təsir etmişdir. Sonradan təriqətə çevrilərək bəzi təsəvvüfi formalar alan yəsəvilik, qələndərilik, heydərilik, vəfailik, babilik, bektaşilik, ələvilik kimi təriqətlər Türk xalq İslamının içindən çıxmışdır. Xalq İslamı daima Kitabi İslamın hədəfində olmuşdur. Xalq İslamının kitabı əsəsları olmadığı üçün sadəcə ənənə olaraq həyatımızda qaldı. Bu gün özünü şiə və sünni adlandıran insanların pirlərə getməsi, ağaclara ip bağlaması, qoluna qara ip bağlaması, Məhərrəmlik mərasimində qan axıtması, mərsiyə oxuması xalq islamının izlərindən xəbər verir. Türk Xalq islamı günümüzdə ən güclü şəkildə Anadolu ələviliyində yaşayır. Və təsadüfü deyildir ki, Anadolu ələviləri özlərinin 7 böyük şairindən ilk ikisini Nəsimi və Xətai hesab edirlər. Xətai Anadolu ələviliyində adəta bir kulta çevrilib. İrene Melikoff Anadolu ələvilərinin 17 əsrin ortalarına qədər özlərinə qızılbaş dediklərini, Osmanlının təzyiqi ilə sonradan ələvi adını aldıqlarını qeyd edir. Elə Xətainin şeirlərində də kifayət qədər, Hacı Bektaş haqqında tərif dolusu sözlər tapmaq olar.

Şah İsmayılı şaman adlandırmaq doğru deyil. Şaman şamanizmdə dini missiyanı icra edən mistik həyat tərzinə sahib, yeri gələndə həkim kimi də insanları müalicə edən din adamına verilən isimdir. Türklər belə adamları kam adlandırırdılar. Türklərin qədim inancı da Tenqriçilik olub. Bu, bir tanrıya inamı əsas alan Göy Tanrı dini idi. Şübhəsiz tenqriçilik ilə şamanizmin bir-birinə təsiri seçilməyəcək qədər güclü olub. Bu dinin şamanizm adlandırılması, XIX əsrdə Avropalıların kəşfidir. Şaman kəlməsi də monqol-tunquz dilində olduğu iddia edilsə də, maraqlıdır ki bu kəlmə özü monqolların dilinə çincədən keçib. Üstəlik tunquz və monqollar şamana "şaman” deyil, türkçə "bəki” deyirlər. Hind kökənli olduğunu iddia edənlər də var. Amma kəlmə hind dillərinə də brahmanizmlə birlikdə daxil olub. Böyük ehtimalla türkçə "kam” sözündən törəyib. Bu gün bizim "baxıcı” dediyimiz "bahşı” sözü də şamanı ifadə edən bir addır. Necəki, bu gün Anadolu ələvilərinə şaman deyə bilmiriksə, Şah İsmayıla da şaman demək doğru deyildir. Mən əziz dostum Babək Cavanşirlə Türkiyədə Şah İsmayıl Xətainin külliyatını nəşr etdirdik. Tədqiqatlarımız zamanı da biz Xətainin Tehranda yeni bir əlyazmasını əldə etdik və bu əlyazma Şah İsmayılın divanının yazılmış ilk variantlarından biri idi. Xətainin əsərləri üzərində tədqiqat apararkən mənim diqqətimi bir məsələ cəlb etdi. Xətainin şiəlik haqqındakı bütün təsəvvürü peyğəmbər və 12 imam sevgisi ilə məhduddur. Əsərinin heç bir yerində şiə fiqhinin problemlərinə dair bir tərkibə rast gəlməmək çox təəccüblü idi. Mən Şah İsmayılı bir dövlətin başında dayanan ələvi dədəsinə oxşadıram.

Digər maraqlı fakt ondan ibarətdir ki, iddia olunur ki, Qızılbaş dövləti əsasən 7 qızılbaş tayfası tərəfindən yaradılıb. Qızılbaş tayfalarının ümumi sayı 80-ə qədər gedib çıxır. Hətta qızılbaşlarla kəskin müharibə aparan Türkmən Axal-Təkə boylarının bir hissəsi belə qızılbaş idi və həmin tayfalar Gürcüstanda Səfəvi sərhədini Osmanlılara qarşı qoruyurdular.