:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Bəzi müğənnilər məmurların qucağından düşsələr..." - "Maqazin klubu"

Font

Mövzu: "Azərbaycanda hit mahnı niyə yoxdur?"

Yenə də üç jurnalist – mən Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan bir araya gəlib bu barədə müzakirə apardıq. Eləcə də müğənnilərimizin konsert və klip bazarında da passiv olmasının səbəblərini, yadda qalanları danışdıq. 

"BAĞDAD”I BİZİM MÜĞƏNNİLƏR "BOMBALADILAR”

Pərviz:
- Son aylarda şou-biznesimizdə ən aktiv hadisə "Bağdad” mahnısını oxumaq olub. Ən çox müzakirə edilən mövzu da bu olub.

Elvin:
- Bizim müğənnilər "Bağdad”ı "bombaladılar”. Mahnı Bağdadda başladı, Bakıda bitdi.

Zəhra:
- Oxuyanların çoxunda da uğursuz alındı. Ən yaxşı Sima Qasımovanın ifasında idi. Bir də Kəmalə Piriyeva və Murad İsmayılovun oxuduqları versiya da pis alınmamışdı. Ümumiyyətlə, bizim müğənnilərin oxuduğu hansı mahnı hitə çevrilib son zamanlar?



Mən elə Aygün Kazımovanın "Orasına Burasına” mahnısının adını çəkən kimi, Elvin və Zəhra fikrimlə razılaşmadıqlarını dərhal bildirdilər. Zəhra mahnını bəstəkar Ceyhun Qalanın "ən uğursuz mahnısı” adlandırır. 

Zəhra:
 - Mahnının reklamı çox güclü idi, hamının dilində gəzməyə başladı. Amma gözləntiləri doğrultmadı.
 
Elvin:
- Aygün Kazımovanın son zamanlar çox mahnısında sətiraltı intim sözlər var. Məncə, bu qədər də olmamalıdır. 

Pərviz:
- Ceyhunun bundan əvvəlki mahnılarının hit olduğunu düşünmürəm. "Orasına Burasına” adıyla da diqqət çəkdi. Normal yay mahnısıdır.

Elvin:
- Ümumilikdə götürsək, yay ayları üçün Azərbaycan şou-biznesində hit qıtlığı var.

Zəhra:
- Heç bir mahnı böyük ajotaj yarada bilmir.

Pərviz:
- Hit odur ki, balacadan böyüyə hər kəsin dilinə düşsün. Amma bizdə elə yerli mahnı yoxdur son zamanlar. Türkiyə ilə müqayisə etsək...

Elvin:
-  Türkiyə ilə Azərbaycanı müqayisə etmək doğru deyil. Durğunluq var, amma işləyənləri də gözardı edə bilmərik. Həmişə 1990-2000-ci illərin mahnılarımıza həsəd aparırıq. Çünki həmin vaxtlar Azərbaycan telekanallarında klip saatları var idi. İndi isə, ATV-də cəmi bir saat var. Amma Türkiyədə, Rusiyada klip verən nə qədər telekanal var. Həm də onlar klipi müğənnidən pulla alırlar ki, ekskluziv bizdə getsin. Bizdə isə əksinə, telekanallar pul istəyirlər.  Rusiya və xarici TV-lər gəliri isə hit-paradlardan əldə edir. Yəni, biz Türkiyə TV-lərində də belə şeylərin şahidi oluruq. "Top 10-luq” üçün səsverməyə start verilir və həftənin, ayın hiti seçilir. SMS-dən əldə olunan gəlir isə kanalın büdcəsinə əlavə olunur.



"RÖYA ARTIQ ƏVVƏLKİ KİMİ HİT YARADA BİLMİR”

Zəhra:
- ABA-nın vaxtlarında Almaz Ələsgərlinin, Rəhim Rəhimlinin də hit mahnıları var idi. 2010-cu ildən bu yana hamının dilinə düşə biləcək mahnı yoxdur. Həmin dövrdə ABA klip sahəsində böyük rəqabət yaratmışdı.

Pərviz:
- Azərbaycanda son illər ərzində ən çox "partlayış” edən Röyanın "Sənə görə”, bir də  Miri Yusifnən Zülfiyyə Xanbabayevanın "İki dost” mahnıları olub. Onlardan sonra o səviyyədə hit olan mahnı yetişməyib.

Zəhra:
-  Amma  Röya da son zamanlar əvvəlkinə nisbətən hit yarada bilmir.

Pərviz:
- O vaxt Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, sonra gəldi İradə ibrahimova... Onlar nə mahnı oxuyurdusa, hit olurdu. 2005-ci ildən sonra estradamız başladı özünü türk üslubuna oxşatmağa. Həmin dövrə bizdə Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov və digərlərinin bəlli özünəməxsusluğu var idi. 70-80-ci illərdə Azərbaycan musiqisinə ərəb-fars ünsürləri gəlmişdi. Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev, Baloğlan Əşrəfov ona görə ciddi tənqid olunurdular. İndi də həmin meyl türk arabeskə tərəf gedir.

Elvin:
- O baxımdan yanaşsaq indi hamı tənqid olunmalıdır.
 
Zəhra
- Müğənniləri də buna görə qınamayaq. Dinləyicinin istədiyi də budur. Türkiyə kanallarının yayımı çoxaldı, müğənniləri ölkəmizə tez-tez gəlməyə başladılar. Onların təqdim etdikləri bizimkilərdən daha yaxşı, maraqlı olduğu üçün tamaşaçılar zamanla tədricən onlara yönəldi. Ona görə də müğənnilərimiz kütlənin arxasıyca getdi, kütləni öz arxalarıyca aparmadılar.

Elvin:
- 90-cı illərdə Türkiyə televiziyaları elə də çox yayılmamışdı bizdə. Xaricə çıxış az idi. İndiki dövrdə isə xarici mahnılar bizimkiləri üstələyir, çünki artıq tamaşaçı daha keyfiyyətli bir şey axtarır. Məcbur olaraq bizim müğənnilər də o kütlənin arxasıyca getməyə başladı. 

"AYGÜN VƏ RÖYA ÜZEYİRƏ UDUZDU”

Elə bu vaxt oturduğumuz məkanın yanından keçən bir avtomobildən Üzeyir Mehdizadənin mahnısı eşidildi. Üçümüz də "hit budur” deyərək güldük. "Bayağı” deyilən bu musiqilərin niyə bu qədər populyarlaşmasını müzakirə etməyə başladıq.

Elvin:
-  Lağ etsək də, bu mahnıların hit olmaqla bağlı problemi yoxdur. Talıb Tale, Üzeyir Mehdizadə "Youtube”da yaxşı dinlənirlr. Çünki onlar mahnını hitə çevirmək üçün reklam da edirlər. Sosial şəbəkələrdə pullu reklama qoyurlar. Amma Aygün, Röya öz dinləyicilərinə o qədər güvənirlər ki, mahnını reklama çıxarmırlar. Dayanacaqlarda disk satılan dükanlardan gələn mahnıları da həmin o müğənnilər özləri təşkil edir. Gedib obyektin sahibi ilə danışırlar ki, mənim mahnılarımı yayımla. Beləliklə, olurlar "hit”.

Zəhra:
- Həmin mahnıları o qədər eşidirik ki, hərdən öz dilimizə də düşür. Zarafatla da olsa, lağla da olsa, mahnı belə yayılır. Üzeyirin "Təki sən xoşbəxt olasan” mahnısı çıxan zaman ölkədə hara gedirdinsə, o mahnı eşidilirdi. Rayonlarda istirahət məkanlarında, Bakıda, küçədə... Üzeyirin olduğu verilişlərə də o qədər adam gəlir ki...

Pərviz:
- Nəinki Azərbaycanda, hətta ABŞ-da, Türkiyədə, İsraildə, orta Asiyada yaşayan həmyerlilərimiz Üzeyirə qulaq asırlar. O günlərdə sosial mediada da xarici ölkələrdən birindən görüntü paylaşılmışdı.

Elvin:
- Bir sözlə, Aygün və Röya Üzeyirə uduzdu. Məncə, problem televiziyalardır. Daha çox bayağı mahnıları reklam edirlər.

Zəhra:
- Məsələn, Flora Kərimovanın "Mənim mənim” mahnısı hit oldu.  Deməli, istəyəndə alınır. "Korifeydirlər, artıq sözlərini deyiblər” fikri ilə razılaşıb passiv qalmaq lazım deyil.

Pərviz:
- Hit mahnını məncə karoeke klublarda da müəyyən etmək olar. Bizim yerli mahnıların karoeke versiyaları olmur. Axırıncı normal versiyalar 2000-ci illərin əvvəllərinə aiddir. Bu problem Türkiyədə də var. Amma Qərbdə müğənnilər albom buraxanda onun minus versiyaları da yayımlanır.

"DEDİ Kİ, HƏMİN ADAMA MİLYONLARIMI VERƏRƏM”

Zəhra:
- Bir vaxtlar biz daha çox ruslara, Qərbə meylli idik. Onda inkişaf daha yaxşı idi. Musiqimiz maraqlıydı.  İndi Türkiyəyə meyl edirik... Əslində, Rusiya estradası da əvvəlki illəri ilə müqayisədə tənəzzüldədir. Türkiyədə isə hər zaman keyfiyyətli işlər qoyulub ortaya. Amma biz onların pislərini nümunə götürürük.

Pərviz:
- Türkiyənin də yaxşıları çoxdur. Tarkan var. Niyə kimsə onun kimi oxumağa çalışmır. Elektron musiqi oxuyan Hande Yener var.

Elvin:
- Hit mahnı müzakirəsində bəstəkarlar müğənniləri, müğənnilər də bəstəkarları  günahlandırır. Keyfiyyətli mahnı yazan bəstəkarlar deyir ki, "müğənnilər bizdən mahnı almır”, "Mənim mahnımı oxuya biləcək müğənni yoxdur”. Müğənni də deyir ki "bəstəkar var?”. Xatirə müsahibəsi zamanı mənə deyir ki, "mənə "Sənsizləmişəm” kimi tutuzduran mahnı versələr, həmin bəstəkara milyonlar verərəm”.

Zəhra:
- Razıyam. Məsələn, bəstəkar Faiq Sücəddinovun "Düşürsən tez-tez yada” mahnısından başqa son illərdə hiti yoxdur.

Elvin:
- Hit olmasa da, son vaxtlar ən çox bəyəndiyim mahnı Niyam və Səidənin "Bir şans ver” mahnısı olub.
 
Pərviz:
- "Youtube”da bəzən elə Azərbaycan mahnısına rast gəlinir ki, yaxşı mahnıdır, amma tutuzdura bilməyib. Reklamı yoxdur. Müğənni reklam eləməyib, eyni zamanda kütlənin zövqü də standartlaşıb deyə, bu mahnını sevməyib. "Səs Azərbaycan”dan, "O səs Türkiyə”də iştirak edən gənc müğənnilərimiz yaxşı mahnılar buraxıblar. Ancaq reklamlarına maddi vəsait ayırmırlar. Onlar bilməlidirlər ki, şou-biznesdə indiki zamanda ilk addımlar atmaq üçün mütləq pul xərcləməlisən reklama. Gənc, bir qədər fərqli tərzləri olan ifaçılar deyirlər ki, "keyfiyyətli iş çıxarmışıq, özü populyarlaşsın”.
 
Elvin:
- Mən kütləni də heç cür anlaya bilmirəm. Bir qrup dinləyici var ki, heç nəyi bəyənmir. Digər kütlə isə bütün günü bayağı musiqilərə qulaq asır, "Sevimli şou”ya gedib oynayırlar. Bəzən də sənin dediyin kimi, yaxşı mahnıya 3000 adam qulaq asıbsa, hamı bəyənib, hamı da müsbət şərh yazıb. Çox qarışıq məsələdir.
 
Zəhra:
- Klip amili də əsasdır. Yaxşı mahnını unutdura, pis mahnını hit edə bilər. Röyanın "Düşürsən tez-tez yada” mahnısının klipinə nəzər salaq. Mahnı yaxşıdır, klipdə isə görüntülərin hamısı 5-10 il əvvəlin standartlarıdır. Amma Röyanın reklam xarakterli klipi daha uğurludur. Şıltaq obrazı, oynamağı yerindədir.
 
Elvin:
- "Düşürsən tez-tez yada” - Röya yenə də eyni stildədir. Saçları topuz, qulağında brilyanta oxşar sırğalar və oturan yerdə... Montajda Röyanın üç əksinin görüntüsü falan... Reklam klipində isə Röya çox çılğın olsa da, Zamiq həmin klipdə çox sönük təsir bağışlayır.



Pərviz:
- Bir az Özcan Denizlə Gülşenin reklam klipinə oxşayır.

Zəhra:
- Zamiq bir neçə gün qabaq "Həyat oyundur” mahnısı və klipini təqdim etdi. Mahnıdakı səs effektlərindən Zamiqin səsi eşidilmir. Klip keyfiyyətlidir,  sərmaya qoyulduğu da bilinir.

Elvin:
- Zamiq o kliplə qız fanatlarının sayını artıracaq (gülürük). Zamiq məşqə gedir falan...

Pərviz:
- Mənim fikrimcə isə, Zamiqin səsi orada Miri Yusifə bənzəyir. Bilərəkdən, ya da bilməyərəkdən. Bir neçə səhnə isə Çağatay Ulusoyun "Delibal” filminin treylerinə bənzəyirdi.

Elvin:
- Miri Yusif demişkən, yayın hitləri arasında onun Röya ilə oxuduğu "Səndən bir dənədir” mahnısını demək olar.

Pərviz:
- Röya və Miri Yusif üçün daha fərqli bir şey gözləyirdim. Hər ikisi hazırda ən çox tələbat olunan müğənnilərdəndir.

Zəhra:
- "Youtube”dakı baxış sayı da onların adına görədir, mahnıya görə deyil. Miri Yusif Aygün Kazımova ilə "Bağışla”  mahnısını duet oxudu. Amma alınmadı...

Elvin:
- İllər əvvəl oxuduqları "Petrol” isə böyük uğur qazanmışdı.

Zəhra:
- Bir şeyi də əlavə edim ki, Miri Yusif son zamanlar tənqid olunur ki, mahnılarında sözlər anlaşılmır.



"ZEYNƏB XANLAROVA OXUMURSA, AKTUAL DEYİL?”

Pərviz:
- Aygün Kazımova maraqlı və təzadlı müğənnidir. Snup Doqla oxudu, üstündən bir ay keçməmiş Üzeyir Mehdizadə ilə oxudu.

Elvin:
- Aygün Kazımova indiyə kimi oxuduqlarından sonra sadəcə qalmaqallardan uzaq durmalıdır. Hərdən bir hit mahnı oxumalıdır. Amma o, Leyli və Hakanın mahnılarına üstünlük verir. Hakan da türk ritmlərin salır bütün musiqilərə, o da uğursuz alınır. Aygün əvvəlki qədər aktual deyil.

Pərviz:
- Razı deyiləm. O zaman deyək ki, Zeynəb Xanlarova da aktual deyil? Bir müğənni nə qədər zirvədə olmalıdır ki? Gənclərin gəlməsi çox normaldır...

Hiss edirik ki, müzakirə etmək üçün müasir mahnı və kliplərimiz çox azdır. Bəziləri haqda isə ümumiyyətlə danışmaq istəmirik.

Zəhra:
- Gənclər gəlir, amma heç birində alınmır.
 
Pərviz:
- Müğənnilər riskə getməlidirlər, toy, pul qazanmaq amillərin unutmalı, kütlənin zövqünə düşməməlidirlər.
 
Elvin:
- Kütlənin zövqü çox korlanıb. Dilarə Kazımovanın son albomunu dinlədim. Çox keyfiyyətli işdir. Amma kütlə onu sevəcəkmi? Bilmirəm...

Zəhra:
- Amma reklam eləmir. TV-lər onları qonaq çağırmır. Bütün günü efirdə daha çox bayağı müğənnilərə rast gəlirik.
 
Pərviz:
- Eyni problem İlhamə Qasımova ilə da oldu. Almaniyaya getdi, uğurlu iki mahnı təqdim etdi. Amma İlhamədə özünü reklam eləmək yoxdur deyə, indi keçib arxa plana.

Elvin:
- Murad Arifin onun üçün yazdığı türkcə olan mahnı da əla idi.
 
Zəhra:
- Müğənnilər indi sənət deyil, var-dövlət yarışına giriblər.

"GÜNAY İBRAHİMLİNİN PASSİVLİYİN SƏBƏBİ SEVGİLİSİDİR”

Zəhra:
- Hit mahnılardan danışırıqsa, Günay İbrahimlini də unutmayaq. O, keçən il daha yaxşı işlər görürdü. Uğurlu mahnılar təqdim etdi. Amma ulduzluq xəstəliyinə tez tutuldu. O, elə bildi ki, hər zaman zirvədə yer alacaq. Günay mənim üçün "Dəlisiyəm gecənin”, "Bəlalım” mahnıları ilə yadda qalıb. Sürətlə dalbadal uğur qazanırdı.

Pərviz:
- Onun bir neçə mahnısını ilk dəfə dalbadal eşitdim. Və dedim ki, estradada Röyaya rəqib gəlir. Səsi də fərqlidir. Amma son vaxtlar Günay gündəmdə də əvvəlki qədər yoxdur.

Zəhra:
- Deyilənlərdən belə çıxır ki, Günayın son zamanlar passivliyinin səbəblərindən biri də şəxsi həyatıdır. Sevgilisi onu qısqandığı üçün yaradıcılığına da təsir edib.


 
Bu zaman Elvin ölkədə keçirilən beynəlxalq səviyyəli tədbirləri yada salır. Bu günlərdə Emin Ağalarovun "JARA” festivalı haqda danışırıq. Belə bir musiqi festivallarının sayının çox olmasının müğənnilərimizdə stimul yaradacağını deyirik.

Elvin:
- Müğənnilər həm də ölkədə keçirilən beynəlxalq idman yarışlarında da aktiv iştirak etdikləri üçün, ola bilsin, vaxtları da az olur üzərlərində işləmək üçün.

Zəhra:
- Tünzalə Ağayeva da "Ulduz səfir” olmuşdu. Amma çoxlu iş də görür.

Pərviz:
- Tünzalə xanımın Türkiyədə təqdim etdiyi layihəsinə toxunmaq istəyirəm – "Hisar”. O, Azərbaycanda caz üslubunda oxuyur, amma orada niyə türk stilində oxudu, anlamıram. Türkiyə bazarında belə mahnılar çoxdur, ora fərqli getmək lazım idi.



Elvin:
- Tünzalə Ağayeva "Gülbahar” mahnısından sonra çox kənara çəkildi.

Zəhra:
- Bizim bəzi müğənnilər də var ki, burada çox da uğur qazanmadan Türkiyəyə gedirlər piar üçün.
 
Pərviz:
- Məncə, hər müğənni 4-5 il dalbadal fəaliyyətdən sonra fasilə götürməyə haqqı var. Dünya ulduzu Adel bir albom buraxır, sonra fasilə götürür. Həmin albomla 4-5 il gündəmdə qalır. Eləcə də, Teylor Svift...

Elvin:
 - Yay mahnısı bir az çılğın, ehtiraslı olmalıdır. Elnur Məmmədov isə klipini təqdim edib: "Sevgimizin yağışı”. Yağış, çətir, romantika.... Bütün kliplərində də "pleyboy” obrazı...

"ŞAYİƏLƏRƏ İNANSAQ, O DA BOŞANIB”

Zəhra:
- Elnurun da son zamanlar ailə problemlərinin olduğu deyilir. Şayiələrə inansaq, o, həyat yoldaşından boşanıb. Amma bu müğənni heç vaxt şəxsi həyatından bəhs etmir. Bu haqda bir dəfə özündən soruşmaq istəsək də, cavablandırmadı.

Pərviz:
- Elnur Hüseynovu da unutmayaq. O, "O səs Türkiyə”nin qalibi olandan sonra dedi ki, iki albom buraxacaq. Birini Türkiyə üçün nəzərdə tutub, digəri isə İsfar Sarabskiynən olacaq. Amma il yarım keçib, ortalıqda heç nə yoxdur. Nə konsert var, nə sinql var, nə də albom. O, qalib olanan dərhal sonra üç gün dalbadal konsert versə idi, zalı doldurardı. Hər şeyə çox idealist yanaşır. Məncə, o, hələ də özünü tam tapmayıb.

Zəhra:
- Elnur hələ də "O səs Türkiyə”nin kölgəsindədir. Onun adıyla verilişlərə, tədbirlərə dəvət alır. O gün "Beşinci element”də qonaq idi, nəsə oxumasını istədilər. Elnur mahnı oxumamaq üçün bütün bəhanələri sadaladı. Depressiv olduğunu da qəbul etmir, həyatından, hər şeydən razıdır. Amma mahnı oxumaq istəmir nədənsə.

Pərviz:
- Türkiyədə olan digər müğənnimiz İradə İbrahimova əvvəllər hər il bir hit buraxırdı. İndi isə tutuzdura bilmir. O da tərzindən uzaqlaşıb.

Elvin:
- İradə özü də deyir ki, Türkiyə şou-biznesinə girmək çox çətindir. Kənardan asan görünə bilər, amma mümkün deyil.



SAFURANI BU QƏDƏR GÖZLƏMƏYƏ DƏYƏRDİMİ?

Bu günlərdə müğənni Safura uzun fasilədən sonra ilk mahnısını təqdim etdi. Biz də bundan yan ötə bilmədik. Azərbaycanda tapmaq çətin olan, ailə qurduqdan sonra müğənnilik karyerasını bitirməyə qərar verən Safuranın "Baku” klipi fanatlarını sevindirdi. 

Elvin:
- Safura sükutu pozdu. Düzdü, haqqında çox danışılan layihə "Baku" mahnısı deyil. İfaçı bu yaxınlarda  Aysel Teymurzade ilə duetini də təqdim edecek. "Baku” mahnısında isə yadda qalan nüanslar Safuranın oğlu İsgəndəri klipə çəkdirməyi ve ingilis dili ləhcəsindəki müsbət dəyişiklik oldu. Safura yəqin ki, musiqi dünyasına qayıdacaq.

Zəhra:
- Safurə illər sonrakı sükutunu sürpriz şəkildə pozdu. Çünki hər kəs onun müğənnilikdən uzaqlaşdığına əmin idi. Amma onun dönüşünü bu cür ifa ilə gözləməzdik. Çox sönük, maraqsız mahnı idi. Safurə kimi, oxucusu, izləyicisi çox olan birinin geri dönüşü partlayış olmalı idi. Onunsa yeni klipi ancaq oğlu ilə səs-küy yarada bildi. Ümid edirik ki, Safurənin Aysel Teymurzadə ilə oxuyacağı duet daha səs-küylü, maraqlı olacaq.

Sonda gəldiyimiz nəticələrdən biri budur ki, şou-biznesin axsamasına əsas səbəb telekanallar və radiolarımızdır.

Elvin:
-  Klipləri nümayiş etdirməyə telekanal olmadığı üçün müğənnilər də klip bazarına aktivlik göstərmirlər. Radiolarda siyahı var ki, filan müğənnilər səsləndirilə bilməz, ya da ödənişlidir. Məsələn: Səidə Sultan, Niyam və Natavan bəzi radiolarda qadağandır, ya da ödənişlidir. Televiziyada da bu sistem var. Telekanallar ödəniş sistemini ləğv eləməlidilər. Demirəm ki, hamını efirə buraxsınlar. Bu baxımdan ANS-in son zamanlar yaxşı üsulu var. Filan müğənniləri təmənnasız efirə buraxırlar, amma ara müğənnilərini ödənişlə də göstərmirlər. Klip kanalı olmalıdır. Bütün ölkədə rahatca yayımlana bilən kanal lazımdır.

"ATV” ONU "QARA SİYAHI”YA SALIB”

Zəhra:
- Ara müğənnilər bəzi telekanallarda o qədər efiri zəbt ediblər ki, sanballı ifaçılara yer qalmayıb. Nə vaxt TV-ni açırsan, eyni simalar bu verilişdən o verilişə gedirlər. Musiqi kanalının olması təklifi ilə razıyam. Müğənnilər nə vaxta qədər mahnılarını "Youtube”da təqdim edəcəklər. Bir yandan da indi efirin "qara siyahısı" var. Biri düşür, digəri çıxır. Məsələn, Günay İbrahimlini son zamanlar efirdə az görürük. Onun ATV-nin qara siyahısına düşdüyünü eşitdim. Səbəb isə, "10-dan sonra" verilişində ifaçıya ev hədiyyə edilməsi ilə bağlı yalan xəbər verilməsi oldu. Günay inkar edib, kanalı yalançılıqda günahlandırdı.  Eyni zamanda Günay Sevil və Sevinc bacıları ilə küsülü olduğu üçün onların efirinə də çıxmır.

Müzakirəmizin bu hissəsində mövzumuzu ümumiləşdirmək üçün bu yay hit olacaq üç mahnını seçirik.

Elvin:
Röya və Miri Yusif: "Səndən bir dənədir”
Niyam və Səidə Sultan: "Bir şans ver”
Günay İbrahimli: "Biri var orda"

Zəhra:
Röya: "Düşürsən tez-tez yada"
Niyam və Səidə Sultan: "Bir şans ver”
Elvin: "Sayqılar”

Pərviz:
Aygün Kazımova: "Orasına burasına”
Nigar Camal "Çağıran da ürəkdir”
Röya və Miri Yusif "Səndən bir dənədir”

Bu arada təkcə pop müğənnilərin deyil, muğam konsertlərinin də çox olmadığına toxunuruq. Eləcə də, yaradıcılıq, yubiley və xatirə gecələri olsa da, reklamlarının zəif olmasını vurğulayırıq. Məsələn, bu günlərdə "Rast” qrupu yubileylərini çox maraqlı konsert ilə qeyd etmişdilər.
 
"ONUN KONSERTİNƏ BİLET TAPILMIRDI”

Pərviz:
- Muğam konsertləri daha çox tutuzdurur. Elnarə Abdullayevanın konsertinə bilet tapılmırdı. Aygün Səmədzadə yaradıcılıq gecəsi keçirdi. Həmin gün nə qədər insan konsertə bilet axtarırdı. Bizim müğənnilərin konsetinə marağın az olmasının bir səbəbi də onların bütün günü toylarda xalqın arasında olmasıdır.

Elvin:
- Aygün Səmədzadənin konsertinə bilet tapılmamasının bir səbəbi də dəvətnamələrin çox olması idi.

Pərviz:
- Yəqin Aygün xanım növbəti yaradıcılıq gecələrini bir gün deyil, iki gün edər.

Zəhra:
- Sevda Yəhyayeva da əvvəllər tez-tez konsert verirdi. O da hazırda passivdir.

Pərviz:
- Türkiyədə müğənnilər açıq hava altında konsertlər verirlər, şəhərləri gəzirlər. Bir gün belə boş vaxtları olmur.

Zəhra:
- Bizdə də belə nümunələr var, amma azdır. Məsələn, bu günlərdə Abbas Bağırov da rayonları gəzir, konsertin reklamı yoxdur deyə bilinmir. 

Konsert sahəsində ən aktiv müğənnilərin adında isə həmfikirik: Miri Yusif, Tünzalə Ağayeva, Röya, Aygün.

"MƏMURLARIN QUCAQLARINDAN DÜŞSƏLƏR, MAHNI DA OXUYARLAR”

Pərviz:
- Nəzərə alaq ki, bizim müğənnilər tək edirlər hər şeyi. Prodüser, menecer, piar işlərinə kimi hər şeylərin nəzarətini özləri edirlər. 

Elvin:
- Amma nəzər alaq ki bizim müğənnilərə çox şey pulsuz gəlir. Geyimərinə kimi, bəzilərinin mahnılarına kimi.. Bircə qalır zövq məsələsi... Bəzi müğənnilərimiz məmurların qucaqlarından düşsələr, mahnı da oxuyarlar.

Və bu zövq məsələsini də müğənnilərin ixtiyarına buraxıb söhbətimizi yekunlaşdırırıq. Növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. "Maqazin Klubu” olaraq yenə də oxucularımızın bilmədiyi bir neçə xəbəri verməyə çalışmışıq. Şərhlərimiz isə nə qədər subyektiv olsa da, qərəzdən yayınmağa çalışmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov
Söhbət etdi: P.Sadıqov, Z.Əhmədova (Axşam.az)
Elvin Elxan (Qafqazinfo.az)

Fotolar: Bəhruz ƏLİZADƏ
İnstaqram: @maqazin_klubu
Nizami Kino Mərkəzində yerləşən "Nizami Restaurant and Lounge"a təşəkkürlər.