:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Telekanallar sənətçiləri pulla efirə çıxarır” - İlham Əsgəroğlu

Font

"Türk dünyasının dərvişi” adına layiq görülmüş, müğənni İlham Əsgəroğlu musavat.com saytının suallarına cavab verib. Ötən il Azərbaycanı "O səs Türkiyə”də təmsil edən sənətçi ilə söhbətə onun müsabiqədəki çıxışından başladıq:

- Bir çox önəmli festival və tədbirlərdə iştirak etmişiniz. Hətta sizə "Türk dünyasının dərvişi” adını veriblər. Bəs necə oldu ki, yolunuz "O səs Türkiyə”dən düşdü?

- Doğrudur, mənə Atatürk Mərkəzi tərəfindən "Türk dünyasının dərvişi” adı verilib, uzun müddət Ankarada Türk Dünyası Musiqi Toplumunun solisti olaraq çalışmışam. TRT-də yayımlanan bir çox proqramlarda qonaq olmuşam. Qazaxıstan, Qırğızıstan kimi dövlətlərdə çıxışlar etmişəm. "O səs Türkiyə”yə qatılmağım təsadüfi oldu, dostlarım istədi ki, özümü o müsabiqədə sınayım. İlk çıxış etdiyim gün yorğun idim, mahnını istədiyim kimi ifa edə bilmədim. İfama yalnız Hakan və Gökhan qardaşları döndü. Bilirsiniz ki, bu dəfə müsabiqədə qaydalar dəyişildi. Bu, xoş hal deyildi. Bizi tamaşaçı qarşısına çıxarmadan müsabiqədən uzaqlaşdırdılar. Bunlara baxmayaraq mənim orada çıxış etməyim bir növ reklam oldu, Türk dünyasında daha çox tanındım. 

- Qaydaların dəyişdirilməsini iştirakçılara qarşı haqsızlıq olduğunu düşünmürsünüz?

- "Survivor”a görə "O səs Türkiyə”ni tez bitirdilər. Mən istəmirəm ki, insanların hissləri ilə oynasınlar. Mən Türk dünyasında tanınıram, mənə başqa türkdilli ölkələr səs verəcəkdi, bu şansım əlimdən alındı. Yenə də müsabiqədə iştirak etmək uğurdur, avantajdır, hər adam bir neçə turdan keçib, münsif qarşısına çıxa bilmir. Mənim müəllimlərim SSRİ xalq artisti Lütfiyar İmanov, Mobil Əhmədov, Məlik Dadaşov, Şəfiqə Məmmədova, Mikayıl Mirzəyev olub. O cümlədən Gürcüstanda təhsil almışam. Peşəkar ifaçıyam. İllər öncə yolum Türkiyəyə düşdü, orada çalışmağımı istədilər, mən də razılaşdım. Hazırda da Türkiyə universitet və televiziyalarından iş təklifi olunub. Təklif barədə düşünürəm.

- Azərbaycanda niyə efirə gec-gec çıxırsınız. Dəvət etmirlər, yoxsa siz efirə çıxmaqdan imtina edirsiniz?

- Türkiyədə də mənə sual verdilər. Mən Azərbaycanı dünyada yüksək səviyyədə təbliğ edirəm, dövlətçiliyi zirvədə tuturam, ömrümün sonuna kimi də belə qalacağam. Dövlətimiz, dövlətçiliyimiz gözəldir, bizim həll olunmalı Qarabağ məsələmiz var. Sənətçilərimiz də hər zaman örnək olmalıdır. Amma bir çox jurnalistlər, aparıcılar və ya redaktorlar çalışdıqları televiziyaya kiminsə adamı olaraq təyin olunublar və o sahəyə yaddırlar. Televiziya sistemində dəyişiklik edilməli, media işçiləri istedadlı insanları özləri kəşf etməli, onları proqramlara dəvət etməlidir. Dövlət televiziyasında bu cür mənfi hallar yoxdur. Eşitdiyimə görə, bəzi özəl televiziyalarımız bir çox sənətçilərdən pul alaraq onları efirə çıxarır. Əgər dərdləri puldursa, açıq-açıq desinlər ki, filan qədər ver, səni efirə çıxaraq. Bizdə müğənniyə prodüserlik, menecerlik edəcək prodakşınlar yoxdur. Kaset daşıyana prodüser deyilməz. Türkiyədə konsert biznesi var, bizdə isə o biznes yoxdur. Bizdə toy biznesi var, müğənnilər toyda qazandığı pulu kiminsə vasitəsilə televiziyada çalışanlara verib efirə çıxırlar və ya qapıdan qovulanda pəncərədən girirlər. Əsl sənətçi sənətinə inanır. Onlara dəyər verilməyəndə qınına çəkilərək küsürlər. Bu da sənətçiyə ziyan edir. Mən "O səs Türkiyə”yə qatılanda düşündüm ki, bizi yerli telekanallar proqrama dəvət edərək ölkəmizi təmsil etdiyimiz üçün təşəkkür edəcəklər. Bir çox məmurlar prezidentə hər şeyi yanlış çatdırır, çox şeyin üzərini pərdələyib göstərirlər, çatışmazlıqları ört-basdır edirlər. Dövlətçiliyimiz gözəldir, inkişaf edirik. Lakin ölkədə bəzi sənətçilərə qarşı ögey münasibət var, bu da mənə xoş deyil.

- Ögey münasibət bu sənətə gəldiyiniz üçün sizi peşman etməyib?

- Yox, peşman deyiləm. Mən bu sahədə qazandığım uğurlara olan gözəl münasibəti Türkiyədə keçirilən konsertlərimdə gördüm. İnsan hər yerdə insandır, deməli, ögey münasibət olan yerdə mənim dəyərim yoxdur. Türkiyədə çox televiziyalarda efirə çıxdım, saatlarla konsert verdim, Polşada, Ukraynada səhnəyə çıxdım. Sibirdə keçirilən şamanların festivalında juridə oturdum. Mən 10 dildə mahnılar bilirəm, onları insanlara çatdırdım. Aşıq musiqimizi də orada təmsil etdim. 

- Aşıq Namiq Fərhadoğlunun sazla oriyental musiqi ifa etməsi və rəqqasə Aytənin rəqs etməsi uzun müddət müzakirə olundu. Sizin bu məsələyə münasibətiniz necədir?

- Sazımızı şou xətrinə ucuzlaşdırmaq doğru deyil. Sazın tarixi çox qədimdir. Düzdür, insanın içindən vəhy gəlir, o da çalıb oxuyur. Amma bunu təbliğ etmək doğru deyil. Aşıqlığın tam forması, qarşı-qarşıya deyişmə hazırda yoxdur. Əvvəllər aşıqlar qıfılbənd, dodaqdəyməz, təcnis deyirdi, indi onlar yoxdur. Bunları bərpa etmək lazımdır. 



- Ölkəmizdə də "Səs Azərbaycan”,  "Azərbaycanın  səsi” kimi musiqi yarışmaları keçirilir. İzləmisinizsə, müsabiqələri necə dəyərləndirirsiniz?

- İzləmişəm, amma qatılmağı düşünmürəm. Onlar mənim tərzimə uzaq müsabiqələrdir. Mən Bülbül ilə Rəşad Behbudovun yolunu üstün tutmuşam. Bu proqramlar bayağı deyil, amma onlar şou təqdim etmir. Türkiyədə hər şey təbiidir, "O səs Türkiyə”də münsiflər zarafatlaşır, haşiyə çıxır, iştirakçı ilə səmimi söhbət edirlər. Bu amillər olanda proqram maraqlı olur. Proqramın reytinqi olmalıdır, reytinqli olmayan layihə uzunömürlü olmur, sponsorların diqqətini çəkmir. 

- Özünüz musiqi ilə bağlı layihə hazırlamaq istəyirsinizmi?

- Türk dünyası ilə bağlı layihə hazırlamaq istəyirəm, gələcəyimiz üçün gənc istedadları üzə çıxarmaq arzusundayam. "Show” televiziyasının Türk dünyası ilə bağlı layihəsi var, məni də dəvət etdilər. Amma mən TRT-yə üstünlük verdim, çünki dövlət telekanalıdır. Mən çox istəyirəm ki, türk dövlətlərinin birgə layihəsi olsun, aparıcılığını da özüm edim. Dünyaya Türk dünyasının zəngin musiqiyə malik olduğunu göstərək. Bizim çox istedadlı insanlarımız var, onları təmənnasız xalqa göstərmək lazımdır. Biz nə zamansa, dünyadan köçəcəyik, dünyaya qazandırdıqlarımız qalacaq. 

Xudu Məmmədovun gözəl bir şeiri var:

Bu qala bizim qala
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikmişəm izim qala.

İz qalırsa, incəsənətimiz də, müğənnilərimiz də Azərbaycana qazandırılır. Istedadlılara laqeyd münasibət bəslənəndə isə o, yanlış yola gedir. Bu gün biz gənclərə yol göstərməliyik. Sənətçi heç bir partiyanın üzvü olmamalıdır, çünki o dövlətçiliyi, xalqını təmsil edən millətinin elçisidir. İstedad milli sərvətdir, müğənni də onu qorumalıdır. Qorumayanların qanından şübhələnmək lazımdır.

- Müğənnilərdən kimləri dinləyirsiniz?

- Flora Kərimova, Azər Zeynalov, Brilliant Dadaşova, Nüşabə Ələsgərli, Səyyad Əlizadəni dinləyirəm. Mən üç tenorun bir layihədə iştirak edib, səsin mükəmməlliyini xalqa çatdırmaq istəyirəm. İndi bəziləri toyda, proqramda fonoqram oxuyur, canlı ifa istəyəndə isə səsinin yerində olmadığını bəhanə gətirir. Sənətçinin səsi hər zaman yerində olmalıdır, içkidən, siqaretdən imtina etməlidir.

- El şənliklərinə gedirsinizmi?

- Əlbəttə gedirəm, toydan toya fərq var. Musiqiçilər peşəkar olmalıdır, insanlara canlı, gözəl musiqi təqdim etməlidir. Yoxsa, bizim toylarda ağız deyəni qulaq eşitmir, mən bunu qəbul etmirəm. Mənim səhnəyə çıxdığım toylarda insanlar mənə qulaq asmalıdır. Mən məclisə lirik mahnı ilə başlayıram, insanlar yemək yeyən kimi rəqs etməməlidir. Müğənnilərin toy repertuarı olmalıdır. Yalnız onu bilirəm ki, Azərbaycanda prodakşınlar açılmasa, toy biznesi inkişaf etməyəcək.

- Uzun müddətdir ki, Türkiyədə fəaliyyət göstərirsiniz. Türkiyə şou-biznesinə qatılan müğənnilərimizin orada uğur qazanmamasının səbəbi nədir?

- Bizim sənətçilər türk sənətçilərdən səs baxımından üstündür. Lakin Türkiyə cəmiyyətinə xitab edən mahnılar oxumurlar. Bizim muğamımız, sazımız dünyada məşhurdur, buna baxmayaraq bilməliyik ki, onları hər mühitdə sevdirə bilmərik. Mənim repertuarımda bir neçə janrda türk mahnıları var. Konsert zamanı öz mahnılarımızla yanaşı, Türkiyənin məşhur müğənnilərinin də bəstələrini səsləndirirəm. Hər çıxışımı "Çırpınırdı Qara dəniz” mahnısı ilə bitirirəm. Bir dəfə konsertdən öncə mənə vəzifəli şəxs dedi ki, "Çırpınırdı Qara dəniz” mahnısını oxuma, o milliyyətçilərin musiqisidir. O şəxsə söylədim ki, qardaşım, sənin milli duyğun olmasa, vətənini sevə bilməzsən. O da mənimlə razılaşdı və konsertdə mahnını ifa etdim.

- Müsahibədən öncə bildirdiniz ki, Türkiyəyə köçmək istəyirsiniz. Gedişinizin səbəbi nədir?

- Türkiyə universitetlərindən və televiziyasından dəvət var. Bu haqda düşünürəm, təklifi dəyərləndirirəm. Yaradıcılıq işlərimə Azərbaycanda davam etmək arzum idi, amma burada alınmır. Bizdə prodakşın, sponsorlar yoxdur. Bizdə vokal məktəbləri yoxdur. İstedadlı insanlara dəyər verilməlidir, onlar  pərdəarxasında qalmamalıdır. Düşündüm ki, uzun müddət Türkiyədə fəaliyyət göstərmişəm, oradan gələn yaxşı təklifləri dəyərləndirməliyəm. Hazırda bu haqda düşünürəm.

Musavat.com