:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Birinci sinifdə oxuyanda çoban qızına vurulmuşdum" - Kartof satan məşhur şair

Font

"ONA GÖRƏ RAMİZ RÖVŞƏNƏ, SEYRAN SAXAVƏTƏ AYDA 5000 PUL VERİRLƏR...”

"ÖZ İMİCİMİ KASIBÇILIĞIN DAŞLARINDAN QORUYA BİLMƏDİM”

Tanınmış şair Yafəs Türksəsin AzNews.az-a müsahibəsi:

Yafəs bəy, sizi şəhərdə tez-tez görürəm: Bulvarda çay içirsiniz - tək, kafedə çörək yeyirsiniz - tək, tədbirlərə gəlirsiniz, yenə tək... Bu təkliyin səbəbi nədir? 

– Mən tək olanda darıxmıram. Gəzə-gəzə beynimdə bir şeir yazıram, sonra içimdə o şeirin müzakirəsini aparıram. Yaxud təkcə "Tarqovı”da gedirəm, gözəl qızlar keçir, baxıram, adamların əynində paltara, son dəbə fikir verirəm. Maraqlanıram, görüm camaat necə geyinir. Parkda bir çiçəyə baxıram. Görürəm, təzə abidə qoyublar, heykəl qoyublar və ya binanı təmir eləyiblər, heç birinin yanından diqqətsiz keçmirəm. Bu şeylər məni darıxmağa qoymur. 

Qələm dostlarınızla niyə görüşmürsünüz? 

– Hərdən görüşürəm, xüsusən qadınla gəzməkdən xoşum gəlir. Kişi dostlarla oturanda səs-küy düşür, biri ordan qışqırır, biri burdan bağırır, biri yaxşı deyir, biri pis deyir, əsəbiləşirsən, baş-beynin gedir, düzdürmü? Məclisdir, baxırsan ki, biri özünü idarə eləyə bilmir, qanını qaraldır. Şərif Ağayar kimi adamların danışıqlarına qulaq asmaqdansa, kobud sözlərini eşitməkdənsə, kobud hərəkətlərinə dözməkdənsə, tək oturmaq, tək gəzmək, bulvarda çay içə-içə qızlara baxmaq daha gözəldir.

Sizə belə bir irad bildirən olubmu ki, 63 yaşınız var, bulvarda qızlara baxan yaşınız deyil... 

– Bunun iki səbəbi var. Birincisi, genetikamla bağlıdır, yəni yaşımın neçə olmasına baxmayaraq, həmişə özümü cavan hiss eləmişəm, çünki ruhən gəncəm. Rəhmətlik anam deyirdi ki, Horadizdə bir aşıq Ceyran vardı, sənə boylu olanda o aşıqdan tam alıb yemişəm. Sən aşıq Ceyranın tamındansan, ona görə başdan ayağa sevgisən. 

İkincisi, mən cavanlıq arzularımı o qədər yerinə yetirməmişəm ki, inan, dənizin qırağında cavan qızla oğlan qol-qola gedəndə özümü onlar kimi hiss eləyirəm. İstəyirəm, mənim də sevgilim olsun, görüşüm, öpüşüm, qucaqlaşım, sevişim. Cavanlığım kənd yerində keçib, kasıb olmuşam, başım kasıbçılığa qarışıb, sonra ailə, uşaq, iş-güc, çörəkpulu arxasınca qaçmaq... Gənclik romantikasını yaşamamışam. 

Tələbə olmuşam, istədiyim qızlar olub, amma onlarla görüşməyə pulum olmayıb, ayaqqabım cırıq olub. Pulum olmayıb ki, qızlarla görüşə gedəm, dondurma yeyəm, oturub bir yerdə çay içəm... Ona görə də kim nə deyir desin, kim necə baxır baxsın, gec də olsa ötüb keçən gəncliyimi yaşamaq istəyirəm.





– Maraqlıdır, sevgi macəralarınız nə vaxtdan başlayıb ki?

– Vallah, mənim uşaqlıqdan qəribə ruhum olub. Varlı bir çoban vardı, sürüsünün ucu-bucağı görünmürdü. Çobanın qəşəng bir qızı vardı, məktəbə gəlirdi, özü kimi geyimi də qəşəng idi. Birinci sinifdə oxuyanda ilk dəfə o qıza vurulmuşdum. Başqa sevdiklərim də olub. Mənim üçün fərqi yoxdu, qız bildi, yaxud bilmədi, mən öz sevgimi içimdə çəkirdim, içimdə yaşayırdım...

– O vaxtlar şeir yazırdınız? 

– Orta məktəbdə çox yaxşı oxumuşam. Fizika müəllimim elə bilirdi mən fizika alimi olacağam, kimya müəllimim elə bilirdi kimyaçı olacağam, riyaziyyat müəllimim elə bilirdi riyaziyyatçı olacağam, ədəbiyyat müəllimim isə elə bilirdi ədəbiyyatçı olacağam. Lenin kimi oxuyurdum. Bütün sahələri yaxşı bilirdim. Elə o vaxtdan da məhəllə uşaqları ilə qafiyəbazlıq edirdim, meyxana tipli şeirlər quraşdırırdım. Amma heç vaxt düşünmürdüm ki, mən şair olacağam, nə vaxtsa ciddi şeir yazacağam. 

– Bəs peşəkar şeiri nə vaxtdan yazmağa başladınız? 

– Təxminən, 30 yaşımdan sonra ailədə, sevgi həyatımda ciddi sarsıntılar keçirdim. Atamın ölümündən sonra gözləyirdik ki, qardaşım institutu qurtarıb bizə atalıq edəcək, o da üçüncü kursda çimib özünü soyuğa verdi, 15 günün içində sətəlcəm olub öldü. Bir qardaşım da ruhi xəstə idi, o, lap gəncliyində dünyasını dəyişmişdi. Bacım da ağır xəstə idi. Hərdən fikirləşirəm ki, bəlkə də, bu sarsıntılar olmasaydı, mən şeir yazmayacaqdım.

– Yafəs bəy, sizcə, müasir şeir necə olmalıdır, bu günün şeirini necə görmək istəyirsiniz?

– Müasir şeirdə klassik Şərq ənənəsini görmək istəmirəm. Ay bir qadın gəldi, getdi, bədbəxt oldum, dünya qurtardı, həyat söndü... Məsələn, Şəhriyar del Geraninin bir şeiri var, deyir, bir ömür darıxdım. Qardaş, cavan oğlansan, niyə darıxırsan? Yer üzündə 4.5 milyard qadın var. Axı ola bilməz ki, sənin sevdiyin bunların hamısından üstündür. Sevgi nədən yaranır? Ünsiyyətdən, elə deyilmi? Beş metr qabağa getsən, görərsən ki, sevdiyindən də gözəl bir qız qarşına çıxdı. 

Bizim şairlər tələm-tələsik gedib bir arvad alır, özlərini bədbəxt eləyir, sonra da ömür boyu sevgidən şeir yazırlar. Elə bilirlər ki, onların itirdiyindən başqa dünyada qadın yoxdu - boşluğa düşürlər. Ömür boyu bunları atıb gedən axmaq bir qızın dalınca şeir yazır, sonra da deyirlər ki, Azərbaycan poeziyasını mən yaradıram.

– Bəs şeir nədən yazılmalıdır? 

– Şairlər insana yaşamağın və xoşbəxt olmağın yolunu öyrətməlidir. Nə vaxta kimi hicranı, dərdi bəzəməliyik? Dərd qədərin işidir, insan isə optimist olmalıdır. 

– Sizcə, xoşbəxt olmaq üçün nə etmək lazımdır?

– Gözəl dostlar tapmaq lazımdır, yeni münasibətlər qurmaq lazımdır, ünsiyyətcil olmaq lazımdır, tez-tez özünə yeni sevgili tapmaq lazımdır. Lap ailənə sadiq olsan da, fərqi yoxdur, kənarda sevgi macəralarını yaşamaq lazımdır. Bədbinlikdən xilas olmaq üçün yollar çoxdur. Bizim şairlər isə oxucuları çaşdırır. Cəlil Cavanşir yazır ki, özümü asmaq istəyirəm, Şəhriyar yazır ki, bir ömür darıxıram... 

– Axı sizin şeirlərinizdə də kədər notları var. Məsələn, "Anamdan xatirələr” şeirinizi yadınıza salın.

– "Anamdan xatirələr” şeirimdə mən keçdiyim əzabları yazmışam, daha o iztirabların içində qalmamışam. O şeirdən sonra isə atamın, anamın səhvlərini eləməməyə çalışıram. Bilmirəm buna nail oluram, ya olmuram, əsas odur ki, çalışıram, heç olmasa axtarışdayam. 




– Bir şeiriniz də var: "Sevdiyim qız taksi sürücüsündən doqquz uşaq doğdu...”

– Hə... Evlənmək üçün 7 qız sevmişəm, amma kasıb olduğuma görə heç biri məni bəyənməyib, başqasına gediblər. Bu qızların hərəsinə bir şeir yazmışam, sonra unutmuşam gedib. Təzə sevgi axtarışında olmuşam, köhnə sevgi mövzularını isə yaradıcılığımda uzatmamışam. 

– Evlənmək üçün 7 qız sevdiniz, 8-ci ilə ailə qura bildinizmi?

– Mən pis bir ailə qurmamışam. 4 övlad yiyəsiyəm. Yoldaşım ailəcanlı bir qadındır, məni çox sevir, mən onu sevməsəm də, hər halda hörmətim var. Əsl klassik Azərbaycan xanımıdır. Uşaqları, nəvələri çörək yeməyincə ağzına bir tikə qoymur. Zəhmətkeşdir. 

– Bu yaşa kimi sevmədiyiniz qadınla yaşamaq sizə çətin gəlməyib? 

– Mənim bir ərköyün bacım var. 25 yaşım olardı, onlara qonaq getmişdim, içmişdim, kefim yaxşı idi. Dedi, qonşuda bir qız var, gəl səni evləndirim, mən də içkili olmuşam, nə olmuşam, bilmirəm, bacıma demişəm ki, hə, razıyam. Bir də gördüm ki, qızı "Jiquli”yə qoyub evə gətirib. Mənim isə başqa bir sevdiyim vardı, savadlı qız idi, tez-tez məktublaşırdım. 

Hə, baxdım ki, gətirib evə, yetimin biridir, amma görünüşü-zadı pis deyildi. Məndə mərhəmət hissi çox yüksəkdi. Bu qızın qardaşsız, atasız olması məni kövrəltdi. Bacımı da çox istəyirdim. Fikirləşdim ki, bunu qaytaracağam, bacımın qonşusudur, düşmən olacaqlar. Axırı saxladım. Sonra yavaş-yavaş gördüm ki, pis insan deyil, normal bir qadındır, nə çox çirkin, nə də çox gözəldir. O vaxtdan bu günə kimi bir yerdə yaşayırıq.

Konkret sualına gəlincə, bəli, məndə həyat yoldaşıma qarşı heç vaxt sevgi hissi olmayıb. Həmişə sevgisiz yaşamağımın əzabını çəkmişəm. Bəlkə də, 200 il yaşayardım, məni sevgisizlik qocaltdı. 

– Özünüzün dediyiniz kimi, heç olmasa, sevginizi kənarda da tapa bilməmisiniz?

– Kənd yerində kənarda necə qadın tapa bilərdim? Qaçqınlıqdan sonra şəhərə gəldim, bundan sonra sevdiyim qadınlar oldu. Bu mənada qaçqınlıq işimə yaradı, işğal mənə düşdü. (gülür) Həyat yoldaşımın özünə də demişəm ki, səni sevmirəm, amma böyük hörmətim var, evimin xanımısan.

– Bəs o, nə deyir? 

– Etiraz eləmir. Etiraz eləsə də gücü çatmır. Çünki hər tərəfdən məndən asılı bir adamdır. Başqa qadınla gəzdiyimi də bilir. Deyirəm, hara getsəm də, kimlə gəzsəm də, axşam sənin yanına gəlirəm. 

– Yafəs bəy, hansı rayondansınız?

– Cəbrayıldan. 

– Müharibə vaxtı vuruşmusunuz?

– Mən özünümüdafiədə, könüllülərdə olmuşam. Kəndimizi, qonşu kəndi qoruyurduq. Növbə ilə posta gedirdim. 

– Ümumiyyətlə, o vaxtlar cəbrayıllıların döyüş ruhu necə idi? Yoxsa orada şairlər çox olur? 

– Cəbrayıldan kim şair olub ki? Bir Aşıq Pəri, Qurbani, bir də Vaqif Bayatlı. 

– Cəbrayılda kürd kəndi var?

– Bizdə kürd kəndi yoxdu, bircə Tofiq Hacıyevin kəndi var – Soltanlı, orda bir məhəllə var, Dəvəkəsən məhəlləsi deyirlər, oradakılar kürdlərdən düşmədi. Amma ümumilikdə bizim zonaya kürd zonası deyirlər. Tutaq ki, Talış zonası da var, amma Lənkəranın, Masallının 60-70 faizi azərbaycanlıdır. Biz tərəflər də belədir. Qubadlıda bircə dənə Zilan kəndi kürdlərdir, qalan hamısı Azərbaycan kəndləridir. Laçında səkkiz kürd kəndi var, Kəlbəcərdə deyəsən, 10-12 kənd kürdlərdir. Zəngilanda ümumiyyətlə, kürd kəndi yoxdur. 

– Sizcə, regionların, harada doğulub-doğulmamağın istedada təsiri varmı?

– Regionun yox, amma regionun təbiəti istər-istəməz təsir edir. Məsələn, dağ yerinin adamlarında şairlik daha çox olur, nəinki aran yerində. Düzdür, istedadı daha çox üzə çıxaran sarsıntıdır, amma min illərin sınağından çıxan bir fikir var ki, doğrudan da, otun, suyun insanların xarakterinə təsiri böyükdür. 

Faiz etibarı ilə hər yerin yaxşısı da var, pisi də. Məsələn, Laçın, Qubadlı, Cəbrayıllılar mərd adam olurlar, Zəngilanlılar, Kəlbəcərlilər isə "atanşik” olurlar. Təbii ki, bunu rayon camaatının hamısına aid etmirəm, faiz etibarilə danışıram. Füzulililərdə yaltaqlıq, saxtakarlıq cəbrayıllılara nisbətən daha çoxdur.

– Torpaq, yurd sevgisi adi adamlarla müqayisədə şairlərdə daha çox olur, yoxsa necə? 

– Mən neçə-neçə adi adamlar tanıyıram ki, işğaldan sonra Bakıya gəldi, dözə bilmədi, torpaq, yurd həsrətindən ürəyi partladı. Şairlər isə bu hissini ifadə edə bilir deyə daha dözümlü olurlar. Şairlər adi adamlarla müqayisədə universitet görürlər, mühit görürlər, kitab-zad oxuyub saxtalaşırlar deyə dözürlər. Amma adi adamların hissləri daha natural olur, saf olur, ona görə də ürəkləri parlayıb ölürlər, dözə bilmirlər. 

– Dediniz, 4 övladınız var... 

– Hə, iki qızım, iki oğlum var. 

– Bəs nəvə? 

– 8 də nəvəm var. 



Nəvələriniz şeir yazdığınızı bilir?

– 6 yaşında bir nəvəm var, məni lağa qoyur. Deyir, Yafəs Türksəsin nəvəsiyəm, mən də böyüyəndə yazıçı olacağam. (gülür) 

Kəramət, sevgisizlik böyük dərddir. Amma bir şey var ki, lap sevdiyin qadınla evlənsən də, sevgi çox getmir. Alimlər hesablayıb ki, ən güclü sevginin ömrü 7 ildir. Sevgi məişət problemlərinə xərclənir, ailə sevgisi, uşaq sevgisi, dostluq sevgisi və s. Axırda sönür, arada elə-belə xətir-hörmət qalır. Sevdiyin qadınla evlənəndən illər sonra sevgi sönüb getsə də, heç olmasa, ortada xətir-hörmət qalır. Amma sevmədiyin qadınla evlənəndə yerdə uşaqlardan başqa heç nə qalmır.

Bəs niyə ayrılmırsınız?

– Yox, ayrılmaq mümkün deyil. Hətta fantaziyamın da gücü çatmır ki, ondan ayrılmağı təsəvvür eləyə bilim. Yaxşı qadındır, fədakardır, səxavətlidir, bayaq dediyim kimi, son tikəsini də mənə yedirdər. Hər cəhəti yaxşıdır, xoşuma gəlir, bircə ürəyim onu sevmir. 

Yafəs bəy, söhbəti sizin ailə həyatınız üzərində qurmaq istəməzdim. Sadəcə, fikriniz maraqlıdır. Deyirsiniz ki, sevgi tükənir, kişinin qadınla yaşaması getdikcə əzaba çevrilir. Kişilərə təklif edirsiniz ki, kənarda ayrı qadınla yaşasınlar, həyatlarını maraqlı etməyə çalışsınlar. Əgər sevginin tükənməsi təbii bir prosesdirsə, deməli, eyni hal qadınlarda da baş verir. Onlar da kişidən bezə bilərlər, yorula bilərlər, elə deyilmi? Bəs qadınların çıxış yolunu nədə görürsünüz? 

– Ümumiyyətlə, insanlığın ailə modeli çox primitiv bir şeydir. Yəqin ki, dayaz adamlar məni başa düşməz! Amma dərindən götürəndə doğrudan da, 60, 70 il bir qadına, yaxud bir kişiyə bağlanıb qalmaq çox mənasız bir şeydir. Təsəvvür elə, sevdin, sevmədin hər axşam evə gəlməyə məcbursan. Qadın da, kişi də məcbur olub belə bir yükü bir ömür çiyinlərində daşıyır. Bizim ailə modelimiz insan xoşbəxtliyinə mane olur. 

Axı ailə tarixin dərinliyindən gələn bir şeydir, ilahi nizamdır, cəmiyyəti yaşatmaq üçün vacib şərtdir...

– Orası elədir, amma fikir verirsinizmi dünyada, elə Azərbaycanın özündə də ailə modeli get-gedə dağılmağa doğru gedir. Məsələn, Fransada qızların 50-60 faizi ailə qurmur. Çünki ailənin primitiv bir şey olduğunu başa düşürlər. Azərbaycanda da son zamanlar vətəndaş nikahı ilə yaşayanlar əmələ gəlir. Amma bu proses bizdə yeni başladığından istər-istəməz komplekslərimiz də var. Məsələn, mən başqa qadınla gəzirəm, amma yoldaşım başqa bir kişi ilə gəzsə, onu bağışlamaram. 

İkinci bir məsələ isə odur ki, qadınla kişi eyni deyil. Bunu "Quran” da deyir, başqa kitablar da təsdiqləyir ki, kişi qadından daha üstün bir varlıqdır. Qadın kişiyə məhkum olmalıdır, tabe olmalıdır, vəssalam! Qadın əgər azadlıq istəyirsə, boşansın, gedib ürəyi istədiyi kimi yaşasın. Yox, ailə qurubsa kişi qarşısında məhkumluğu qəbul etməlidir. Kişi daha güclüdür, bunu kim inkar edə bilər? Heç kim! Qadının gücü varsa kişiyə meydan oxusun. Boşansın, getsin ürəyi kimlə istəyir yaşasın.

Deyim ki, boşanmamış ərinə meydan oxuyan qadınlar var. Mən Azərbaycanda şəxsən qadınlar tanıyıram ki, əri ola-ola pul, karyera xətrinə 5-6 kişi ilə gəzir. Demirəm bu şeyləri müsbət qarşılayıram. Sadəcə, gördüyüm, bildiyim faktı deyirəm. 

Yafəs bəy, istedadınızı heç kim inkar etmir. Bəs niyə sizdən qat-qat istedadsız adamlar cəmiyyətdə hörmət, mövqe, nüfuz sahibidir, siz isə 63 yaşında hələ də ciddi qəbul olunmursunuz? Nədir sizin probleminiz? 

– Qəşəng və ağrılı sualdır. Çünki Azərbaycan insanı səmimiliyi xoşlamır. O gün Kənan Hacı mənə deyir ki, adını çəkmək istəmədiyim məmurlardan biri Ramiz Rövşənə beş min pul verdi. Halbuki, mən o adamın yanına getsəm, cibimə 100 manatdan qartıq pul qoymaz! Aqil Abbas cibimə 100 manat qoyan kimi gəlib dostlarıma deyirəm ki, filankəsdən pul almışam, yığışın sizə qonaqlıq verim. Ramiz isə demir. Ona görə də Ramiz ciddi adam hesab olunur, Yafəs Türksəsi isə lağlağıya qoyurlar.

Səmimiliyim və kasıbçılığım mənə pis imic yaradıb. Düzdü, çox adam kasıbdır, amma təəssüf ki, mən öz imicimi kasıbçılığın daşlarından qoruya bilmədim. Adamlar mənim istedadlı, yeni düşüncə sahibi, yeni ədəbiyyat yaradan şair olduğumu bilir və görür, amma qəbul eləmir. 

Etiraf edirəm, özümün də çox günahım var. Özümü mütaliə edən adam kimi göstərməmişəm, geyim-keçimimə fikir verməmişəm, köhnə, nimdaş paltarla cəmiyyət içinə çıxmışam və s. Bütün bunlara baxmayaraq, Murad Köhnəqala, Şəhriyar del Gerani bilir ki, mən yaxşı şairəm, başqaları isə fikirləşir ki, Yafəsdi də! Adımı kartof satan qoyublar. 

– Doğrudan kartof satmısınız?

– Bəli, mən 5 il bazarda kartof satmışam. Və bunu da hamıya demişəm. Amma adamlar gedib tualet təmizləsələr də, heç yerdə dillərinə alımırlar. Qardaş, kartof satmışam da, pis iş görməmişəm ki... Bunu adamlara danışıb, o hirsimi, hikkəmi içimdən çıxardıram, onlar isə məni lağa qoyur. Qaçqın düşmüşəm, əlimdə mayam olmayıb ki, dükan açım, pulum olmayıb ki, verib vəzifəyə düzəlim. Kimdənsə 10 şirvan alıb gedib kartof alveri eləmişəm ki, balalarım ac qalmasın.
O vaxt Rasim Qaraca məni oturduğu stola qoymurdu ki, üst-başım köhnə, köynəyim qırışıq, ayaqqabım cırıqdır. Ona görə Rasimdən zəhləm gedir. Rasimin mənə dediyi bu sözə görə AYO-dan çıxdım. 






Deyirsiniz ki, Ramiz Rövşənə beş min verirlər, heç kimə demir, mənə 100 manat verən olanda aləmə səs salıram. Maraqlıdır, aləmə saldığınız bu səsi səmimiyyət hesab edirsiniz?

– Bir az səmimiyyət, bir az da axmaqlıq! Amma söhbət təkcə Ramiz Rövşəndən getmir. Bəs Seyran Səxavət nə ilə dolanır? Ona da ayda beş min, üç min verən adamlar var. Seyran 80-ci ildən bekardır, heç yerdə işləmir, amma villada yaşayır, altında maşını var, ən bahalı siqaretlərdən çəkir. Hardan alır? 

Məsələn, Zakir Fəxriyə də xüsusi pul verən adamlar var. Zakir Fəxrinin qardaşını 1 nömrəli "notarius”a qoyublar, günə iki min manat qazanır. Zakir nə yazır? Mənasız, primitiv şeylər yazır. Amma imicini ciddi yaradıb. Özünü gizlətməyi bacardığına görə Zakir Fəxriyə hər ay pul verirlər. Zakir kostyumu geyinib, qalstuku vurub, çıxır televizora yekə-yekə danışır ki, xəyanəti heç vaxt bağışlamaq olmaz, nə bilim nə! Amma Yafəsin düşüncəsinə görə nəinki xəyanəti, hətta oğlunu öldürən adamı da bağışlamaq olar. Bu fikirlərimi deyəndə mən oluram qeyri-ciddi adam, Zakir isə ciddi, əsl şəxsiyyət. Çünki bu cəmiyyət Zakir Fəxrinin cəmiyyətidir.

Yafəs bəy, maraqlıdır, şəxsiyyət deyəndə gözünüzün qabağına nə gəlir? 

– Aydındır ki, ciddi, qalstuklu, hərtərəfli, ideal adamlar Azərbaycan cəmiyyətində şəxsiyyət kimi qəbul olunur. Amma belə adamlar mənim üçün maraqsızdır. Məsələn, Ramiz Rövşən. Özünü qurudub elə oturur ki, guya, bundan böyük adam yoxdur. Halbuki, ictimai həyatdan bir məqaləsi yox, cəmiyyətdə gedən proseslər haqqında bir fikri yox, hamıdan qaçır, hamıdan gizlənir, stol boyda kitab buraxır.

Mənim üçün isə istedadlı, maraqlı, səmimi, proseslərin içində olan, vicdanlı adamlar əsl şəxsiyyətlərdi. Məsələn, Murad Köhnəqala, Şəhriyar del Gerani, Cəlil Cavanşir, müəyyən mənada haqqı dediyinə görə Şərif Ağayar... Bu adamların yazılarında o qədər səhvlər olur, çünki özlərini gizləmirlər, səmimidirlər. 

Məsələn, mən özümü şəxsiyyət hesab edirəm, nəinki Zakir Fəxrini. Amma Zakir gələn kimi bəzi adamlar ayağa qalxır, məni görəndə isə fikirləşir ki, Yafəsdi də!

Maraqlıdır, sizin üçün dəyər nədir?

– Dəyərlər dəyişir. Məsələn, əvvəl tacirlər bir-birlərinə kişi kimi söz verirdi ki, mənə bu qədər pul ver, bir ildən sonra qaytaracağam. Vaxtında da gətirib verirdi. İndi 10 adamın yanında birinə pul verirsən, sabah boynuna qoya bilmirsən. Yaxud, "Bank of Baku”ya 50 dənə sənəd təqdim edirsən, inanıb sənə 1000 manat pul vermir. Ona görə də dəyər çox ümumi sözdür, konkret bir şeyin adını çəksən, fikir bildirərəm.

Məsələn, sizin üçün namus nədir?

– Namus hər nədirsə, mən ona çox möhtəşəm bir şey kimi baxmıram. Adamlar var ki, hər cür əclaflığı, oğraşlığı edir, bircə paçanın arasında möhkəm dayanıb. Kişiyəm, ola bilər ki, ayağı sürüşkənlik edərəm, kənarda ayrı qadınlarla gəzib-dolaşaram, amma elə ciddi bir məsələdə namuslu hərəkət edərəm ki, hamı məətəl qalar. Tutalım, mənə bir "meşok” pul ver, hansısa yüksək vəzifəli bir adama yaltaqlanmaram, bir "meşok” pul ver, hansısa haqsız partiyaya üzv olmaram, yaxud haqsız bir şeyi müdafiə etmərəm. Mənə bir "meşok” pul verələr, heç vaxt demərəm ki, Rasim Qaracanın ədəbi mövqeyi haqsızdır, amma Anar haqlıdır. 

Kəramət Böyükçöl