:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Azərbaycan bu problemin öhdəsindən gələ bilmir”

Font

"Xaricdən gətirilən məhsulların üzərindəki məlumatların Azərbaycan dilinə tərcümə edilməməsi ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) kifayət qədər şikayətlər daxil olur”.

Bu barədə Modern.az saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Ekspert bildirib ki, bu gün Azərbaycanda satılan istehlak məhsullarının 60 faizinin üzərində Azərbaycan dilində heç bir məlumat yoxdur:

"Bizim təşkilat öz hesabına təmənnasız olaraq körpə qidalarının üzərindəki məlumatları tərcümə edərək, onları hətta firmalara da verib. Onların rənglənmiş elektron variantlarını da vermişik.

Azərbaycanda "Dövlət dili haqqında”, "İstehlakçıların hüquqları haqqında” qanunlarda, Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, Azərbaycana xaricdən gətirilən və satılan bütün mallar haqqında məlumatlar xarici dillə yanaşı, Azərbaycan dilində də olmalıdır. Bu qanun bütün növ məhsullara aiddir.

Amma idaxl malarının 60 faizinin üzərində tərcümə olunmuş yazılar yoxdur. Bu məsələ istehlakçı hüquqlarının çox kobud şəkildə və açıq-aşkar pozulması deməkdir. Çünki xarici dilləri bilməyən istehlakçılar məhsulun tərkibi, istifadə müddəti və qaydaları, keyfiyyəti haqqında heç nə əldə edə bilmir”.

Eyyub Hüseynov xarici məhsullar haqqında olan məlumatların tərcümə olunmasında Azərbaycanın qonşu dövlətlərdən geri qaldığını söyləyib.

AİB sədri sahibkarlara bu sahədə təmənnasız tərcümə işində kömək etməyə hazır olduqlarını deyib:

"Zəif Ermənistan və Gürcüstanda bu məsələ çoxdan öz həllini tapıb. Lakin Azərbaycan bu problemin öhdəsindən hələ də gələ bilmir.

Biz Azad İstehlakçılar Birliyi olaraq öz gücümüzə, təmənnasız olaraq ərzaq və digər növ məhsullarla bağlı məlumatların tərcüməsinə kömək edə bilərik.  Yetər ki, sahibkarlar bunda maraqlı olsunlar və istəsinlər. Biz bu işdə məhsulların standart məsələsini və digər tərcümə işlərinin məsuliyyətini üzərimizə götürməyə hazırıq.

Hökumətin biznes qurumlarına, sahibkarlara olan qayğısından onlar su-istifadə etməyə başlayıblar. Ona görə də İqtisadiyyat Nazirliyi bu məsələlərdə sahibkarların üzərinə çox gedə bilmir.

Sahibkarlarda belə bir düşüncə yaranıb: "Mənim VÖEN-im məni qoruyur. VÖEN-im varsa, mən istədiymi edə bilərəm”. Biznes sahibləri hesab edirlər ki, vergi ödəyirlərsə, istehlakçı hüquqlarını da poza bilərlər”.